Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-718/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qəbul etdiyi 2(006)-4453/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» ASC tərəfindən ünvan 2 saylı ünvanda yerləşən mənzilə dair tərtib edilmiş aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış 3137.07 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 saylı ünvanda yerləşən mənzil İddiaçı məxsusdur və o, ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Həmin mənzilin elektrik enerjisi ilə təmin edilməsi üçün onunla «xxxx» ASC arasında müqavilə bağlanmış, elektrik enerjisindən istifadəçi kimi **********10000 abunə kodu ilə qeydə alınmış və cavabdeh təşkilat tərəfindən mənzildən kənar sayğac quraşdırılmışdır. O, mənzilində istifadə edilən elektrik enerjisinin dəyərini hər ay mütəmadi olaraq ödəmişdir. Bir müddət mənzilində yaşayış olmadığından elektrik enerjisindən ümumiyyətlə istifadə olunmamışdır. 2018-ci ilin fevral ayında «xxxx» ASC-nin əməkdaşları tərəfindən ona məxsus mənzili elektrik enerjisi ilə təmin edən sayğaca baxış keçirilmiş və baxış zamanı sayğacda qüsur aşkar olunduğu qeyd edilmişdir. Halbuki, həmin sayğaca nəzarəti birbaşa cavabdeh qurum həyata keçirmiş və kənar şəxsin sayğaca müdaxiləsi mümkün deyil. Onun barəsində «xxxx» ASCnin əməkdaşları tərəfindən qanunsuz akt tərtib edilmiş, həmin akt ona təqdim edilməmiş və akt tərtib edilərkən şahidlər iştirak etməmişlər. Bununla da “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Həmin qanunsuz akt əsasında ona qanunsuz olaraq 3137.07 manat borc hesablanmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4453/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək,«xxxx» ASC tərəfindən ünvan 2 saylı ünvanda yerləşən mənzilə dair tərtib edilmiş aktın etibarsız hesab edilməsi, akta əsasən hesablanmış 616.51 manat məbləğində borcun silinməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, cavabdeh orqan tərəfindən yazılan 3137.07 manat məbləğində borcun olması barədə bildiriş əsassızdır və akt etibarsız sayılmaqla həmin borc silinməlidir. Onun tərəfindən həmin sayğaca heç bir müdaxilə edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1069/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 4453/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilərək, akta əsasən hesablanmış borcun 2886.87 manat məbləğində müəyyən edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6542/19 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1069/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Hazırkı işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin Yasamal rayonu, Ağayev küçəsi ev 11 saylı ünvanda yerləşən mənzilə dair tərtib edilmiş aktın etibarsız hesab edilməsi zamanı hansı aktın ləğv edilməsinə qiymət verilməmiş, akta əsasən hesablanmış 616.51 manat məbləğində borcun silinməsinin meyarları göstərilməmiş, həmin aktın iş materiallarında olmamasına qiymət verilməmiş, mübahisəli borcun yaranma əsasının belə bir akt olub-olmaması araşdırılmamış, Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubun (rəyin) məzmununda göstərilənlərlə bağlı araşdırma aparılmamış, iddiaçının sayğacının başqa bir şəxsin adına olması, ödəmələrin həmin şəxsin adından olması barədə dəlillər araşdırılmayaraq qiymətləndirilməmişdir. Eyni zamanda qərarda apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında uyğunsuzluq olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan hazırki işə apellyasiya qaydasında yenidən baxılması təyin edilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh tərəfindən borc ona akt əsasında hesablanmış, halbuki həmin akt nə ona, nə də məhkəməyə təqdim olunmamış, buna baxmayaraq cavabdeh ondan həmin akta əsasən hesablanmış borcun ödənilməsini tələb etmiş, 2 dəfə olmaqla, cavabdeh orqana cəmi 1000 manat pul ödəmək məcburiyyətində qalmışdır. Hazırda hər ay mütəmadi olaraq istifadə etdiyi elektrik enerjisinə görə yaranmış borclarını vaxtı-vaxtında ödəyir, lakin köhnə borc qismində akta əsasən ona əsassız olaraq hesablanmış borc qalmaqdadır. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, hazırki iş üzrə həqiqətən də borcun yaranmasına əsas iddiaçı barəsində tərtib edilmiş akt olmuşdur, həmin aktı məhkəməyə təqdim edə bilmir. Hazırda iddiaçının cavabdeh orqana 2520,56 manat məbləğində borcu vardır. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işdə apellyasiya şikayəti iddiaçı tərəfindən verilsə də, məhkəmə kollegiyası mübahisə predmetinin bölünməz olduğuna istinad edərək, yəni iddiaçı tərəfindən silinməsi tələb olunan borc məbləğinin etibarsızlığı tələb edilmiş akt əsasında hesablandığını (bu halı tərəflər mübahisələndirməmişlər) nəzərə alaraq məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığını bütünlükdə yoxlayır. İş materiallarından görünür ki, ünvan 1 saylı ünvanda yerləşən mənzil “xxxx” ASC-nin elektron məlumat bazasında **********10000 saylı kod üzrə qeydiyyata alınmışdır. İddia ərizəsinə əsasən 2018-ci ilin fevral ayında “xxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzili elektrik enerjisi ilə təmin edən sayğaca baxış keçirilmiş və baxış zamanı sayğacda qüsur aşkar olunduğu qeyd edilmişdir. Halbuki həmin sayğaca nəzarəti birbaşa cavabdeh qurum həyata keçirmiş və kənar şəxsin sayğaca müdaxiləsi mümkün deyil. İddiaçı barəsində “xxxx” ASC-nin əməkdaşları tərəfindən qanunsuz akt tərtib edilmiş, həmin akt iddiaçıya təqdim olunmamış və akt tərtib edilərkən şahidlər iştirak etməmişlər. Bununla da “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Daha sonra isə həmin qanunsuz akt əsasında iddiaçıya qanunsuz olaraq 3137,07 manat məbləğində borc hesablanmışdır. İş materiallarından göründüyü kimi, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının “aktın etibarsız hesab edilməsi” barədə iddia tələbini təmin etsə də, sözügedən “NDM 010963 saylı akt işə əlavə olunmamış, digər tərəfdən borcun həmin akt əsasında yaranmasını nəzərə almadan “borcun silinməsi” tələbini qismən 616,51 manat hissədə təmin etmişdir ki, bu zaman da həmin aktın mövcud olmadığını nəzərə almamış, ümumiyyətlə, iddiaçıya cavabdeh orqan tərəfindən nə qədər borcun hesablanması məsələlərini də araşdırmamışdır. Hazırki işə apellyasiya qaydasında yenidən baxılarkən cavabdehin nümayəndəsinə iddiaçının mübahisələndirdiyi, həmçinin borcun onun əsasında hesablandığı NDM 010963 saylı aktın məhkəməyə tədqim edilməsi tələb edilsə də, nümayəndə tələb olunan aktın məhkəməyə təqdim edilməsini təmin etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının “aktın etibarsız hesab edilməsi” barədə tələbi sözügedən aktın cavabdeh tərəfindən təqdim olunmaması, işə əlavə olunmaması və ümumiyyətlə mövcud olması faktı sübuta yetirilmədiyindən rədd edilməlidir. İddiaçının “akta əsasən hesablanmış 3137,07 manat məbləğində borcun silinməsi” barədə tələbinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarından görünür ki, İddiaçı Əlibala oğlunun adına iki kod olmuş və o, abonent kimi cavabdehə müraciət edərək iki kodu birləşdirmək və bir kod altında hesablaşma aparılmasını xahiş etmişdir. Bunları nəzərə alaraq Yasamal RETSİ tərəfindən cavabdehin Satış Departamentinə xx.xx.2017-ci il tarixə məktubla bir kod üzrə olan borcun digər koda koda köçürülməsi və əvvəlki kodun passiv olunması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, xx.xx.2017-ci il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində "xxxx" ASC-nin Nəzarət Departamentinin əməkdaşları tərəfindən hesablaşma uçot cihazlarının vəziyyətinə baxış keçirilərkən hesablaşmaların aparılmadığı və abonent kodunun passiv olduğu aşkar edilərək NDM 010963 nömrəli akt tərtib edilmişdir. Yaşayış evində quraşdırılmış, "xxxx" ASCnin elektron məlumat bazasında Emin Ağayevə məxsus Yasamal rayonu, Ə.Əİəkbərov küçəsi, ev (bina) 32, mənzil 4 ünvanına aid olan hesablaşma elektrik sayğacı ("Makel" M5xx xxxxx 15591257 nömrəli, göstəricisi 36128) işlək vəziyyətdə olmasına baxmayaraq abonent kodunun passiv olması səbəbindən hesablaşmalarda sayğac göstəriciləri nəzərə alınmamışdır. Sonradan qeyd olunan sayğac sxemdən çıxarılmış və iddiaçının mənzilində yeni sayğac quraşdırılmışdır. Sxemdən çıxarılmış sayğacın qeyd etdiyi 26244 kVts elektrik enerjisi sərfiyyatı iddiaçının abonent hesabına əlavə edilmişdir. Təqdim olunan sənədlər araşdırılarkən və yerində baxış keçirilərkən həmin sayğacın iddiaçının mənzilinə hansı tarixdə quraşdırıldığını müəyyən etmək mümkün olmamışdır. "xxxx" ASC tərəfindən hesablaşma aparılarkən xx.xx.2017-ci il tarixdən qüvvədə olan elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 17 nömrəli Qərarına əsasən elektrik enerjisinin (əhali üçün aylıq istehlak həcmi 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi 0,07 manat, aylıq istehlak həcmi 300 kVts-dan çox olan hissəsi üçün 0,11 manat) tarifləri nəzərə alınmamışdır. Belə ki, 26244 kVts elektrik enerjisi sərfiyyatı bütövlükdə limitdən artıq hesab edilərək, dəyəri hər kVts üçün 0.11 manatdan hesablanaraq iddiaçının abonent hesabına 2886.87 manat əlavə edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının silinməsini tələb etdiyi borcun nəyin əsasında yaranması məsələsi araşdırılarkən iddiaçı və cavabdehin nümayəndəsinin verdikləri izahatlardan müəyyən olundu ki, borc məbləği iddiaçıya məhz etibarsızlığı tələb olunan akt əsasında hesablanmışdır. Hansı ki, həmin akt cavabdeh tərəfindən heç bir instansiya məhkəməsinə təqdim olunmamışdır. İddiaçı həmin borcun nəyin əsasında yaranması ilə bağlı cavabdeh orqana müraciət edərkən ona bunun müvafiq akt əsasında yarandığının bildirildiyi, cavabdehin nümayəndəsi isə apellyasiya baxışı zamanı hazırda iddiaçının 2520,56 manat borcunun olduğunu və həmin borcun həqiqətən də müvafiq akt əsasında yarandığını, lakin həmin aktı məhkəməyə təqdim etmək imkanının olmadığını bildirmişdir. Bu baxımdan məhkəmə kollegiyası həm tərəflərin “cavabdeh tərəfindən borcun müvafiq akt əsasında hesablanması” ilə bağlı verdikləri izahatlarına, həm də Azərbaycan Respublikasının Energetika Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubuna hüquqi qiymət verərək qeyd edir ki, əvvəla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Hazırki işdən müəyyən olunur ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçı müvafiq aktın etibrsızlığını tələb etsə də, belə bir akt nə cavabdeh tərəfindən təqdim olunmuş, nə iş materiallarına əlavə olunmuş, nə də ki, ümumiyyətlə belə bir aktın mövcudluğu onu qəbul edə biləcək cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən borcun mübahisələndirilən və mövcud olması sübuta yetirilməyən akt əsasında hesablandığı müəyyən olunduğu üçün, iddiaçı həmin borc məbləğinin silinməsini tələb etməkdə haqlı olmuşdur. O, ki qaldı iddiaçının silinməsini tələb etdiyi borc məbləğinin miqdarına, bu barədə qeyd olunmalıdır ki, iddia ərizəsinə əsasən iddiaçı ona hesablanmış 3137,07 manat borcun silinməsini tələb edir. İş materiallarına əlavə olunmuş (i.v. 33-36) abunə haqqında məlumatdan görünür ki, iddiaçıya akt əsasında 3145,87 manat məbləğində borc hesablanmış, lakin həmin borcun bir hissəsi ödənilmiş və nəticədə 2520,56 manat borcu qalmışdır ki, həmin borcun da hazırda mövcudluğu apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən də təsdiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “3137,07 manat borcun silinməsi” ilə bağlı iddia tələbi qismən təmin edilərək, iddiaçıya akt əsasında hesablanmış və hazırda mövcudluğu mübahisələndirilməyən 2520,56 manat məbləğində borc silinməli, 616,51 manat borcun silinməsi ilə bağlı iddia tələbi isə əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 14.2, 217.4 və 218.3). Həmin Məcəllənin tələbinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1, 385.1.2-ci maddələr) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4453/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “3137,07 manat borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı cavabdeh “xxxx” ASC tərəfindən akt əsasında hesablanmış 2520,56 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-718/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-718/2020
15.01.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver