Məhkəmə qərarları › İş №2(103)-718/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-718/2022

10.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-718/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı X17in cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı (X3 və X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qeydiyyat vəsiqəsinin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli 2(006)-2887/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı X17 cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 13 saylı Notariat Kontorunda X2 adına verilmiş 25.08.1993-cü il tarixli İOİ/93 saylı D-İO/2952 reyestr nömrəli Qanuni vərəsəlik haqqında şəhadətnamənin, onun əsasında X2 adına Bakı şəhəri, Azadlıq prospekti, ev 70, 49 saylı mənzilə dair verilmiş seriya MH nömrəli 071942 17.09.1993-cü il tarixli qeydiyyat vəsiqəsinin, 14 saylı Notariat Ofisinin verdiyi 30.04.2021ci il tarixli V-43/2020 saylı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş mülkiyyət hüquqlarına dair çıxarışın etibarsız hesab edilməsi, onun mərhum X12 vərəsəsi kimi tanınması və Bakı şəhəri, Azadlıq prospekti, ev 70, 49 saylı mənzilə dair vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Türkmənistan SSR-də anadan olmuş, uzun müddət orada yaşadıqdan sonra valideynləri ilə birlikdə Bakı şəhərinə köçərək məskunlaşmışlar. Həmin vaxt atası Bakı şəhəri, Azadlıq prospekti, ev 70, 49 saylı mənzilin bir hissəsini əldə etmişdir və onun adına icarə müqaviləsi bağlanmışdır. O, atası və anası həmin evdə ailə üzvləri kimi qeyd edilmişdir. Daha sonra atası vəfat etmiş və o, öz ailəsi ilə birlikdə qeyd edilən mənzildə yaşamağa davam etmişdir. Anası isə bir müddət sonra bacılarının yanına Türkmənistana getmiş və bir daha geri qayıtmamışdır. Sovet dövləti dağıldıqdan sonra Türkmənistana getmək üçün xüsusi icazə tələb edildiyindən heç atasının qəbrini belə ziyarət edə bilməmişdir. Anası Azərbaycanı tərk etdikdən sonra bacıları onunla əlaqə yaratmasına imkan verməmişlər, anası isə özü barədə xəbər verməmişdir. Bundan bir müddət əvvəl məlum olmuşdur ki, anası vəfat etmişdir. Bacıları isə guya ona məxsus olan mənzildən vərəsəliklə bağlı pay almaq üçün Bakıya gəlmişlər. COVİD-19 pandemiyası ilə bağlı olaraq Rusiyadan Bakıya gələ bilmədiyindən notariat kontoruna gələrək əslində anasına heç bir mənzilin məxsus olmamasını bildirə bilməmişdir. Belə ki, atası vəfat etdikdən sonra ünvan 1 ünvanında o, yaşamışdır və evin sənədləri atasının adına rəsmiləşdirilmişdir. Həmin evlə bağlı tərəfindən hər hansı bir formada əməliyyat aparılması və ya özəlləşdirilməsi ilə bağlı heç yerə müraciət etməmişdir. Belə olan halda anasının 1993-cü ildə mənzili özəlləşdirməsi və bu barədə mənzildə qeydiyyatda olan və ailə üzvü kimi razılığının alınmaması tamamilə qanunsuzdur. 14 saylı Notariat Ofisinə müraciət edərək vərəsəlik işinin nə ilə bağlı açılmasını öyrəndikdə ona məlum olmuşdur ki, 1993-cü ildə anasının adına qeydiyyat vəsiqəsi verilmişdir. Halbuki həmin dövrdə mənzilin özəlləşdirilməsinə dair heç bir razılıq verməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli 2(006)- 2887/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, miras 14.11.1992-ci ildə açılmışdır. Həmin tarixdə o, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşamış və bu günə qədər də yaşayır. Belə olan halda məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsi qanunsuzdur. İddia müddətinin tətbiqindən söhbət gedə bilməz, çünki şəxs mirası qəbul etmişdir. İddiaçının birinci instansiya məhkəməsində vəkili və nümayəndəsi olmuş Nümayəndə ərizə göndərərək, hazırda səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirakının qeyri-mümkün olduğunu bildirib, iclasın təxirə salınmasını xahiş etmiş, lakin xəstəliyinə dair sübut, eləcə də iddiaçıya hazırki mərhələdə hüquqi xidmət göstərməsinə səlahiyyətli olması barədə orderin surətini əlavə etməmişdir. Cavabdehlər (nümayəndələri) və üçüncü şəxslər isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Odur ki, Kollegiya işə tərəflərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan qeydiyyat kartasından görünür ki, X15 və X16 19.04.1991-ci il tarixli dəyişdirmə orderinə əsasən mübahisəli mənzilə köçmüşlər, 21.02.1992-ci il tarixli Sərəncama əsasən Bakı şəhəri, Azadlıq prospekti, 70 nömrəli binada yerləşən 49 nömrəli mənzil X12 əvəzsiz mülkiyyətinə verilmişdir. Sərəncamla müəyyən edilir ki, arvadı X4 da razılığı alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər 13 saylı notariat ofisi tərəfindən verilmiş D-İO/2931;2952 saylı vərəsəlik işindən görünür ki, 07.03.1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Lenin (indiki Azadlıq) prospektində yerləşən 70 saylı evin 49 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X10 mülkiyyətində olmuşdur. Aşqabad şəhəri, Proletar rayon VVAQ şöbəsi tərəfindən verilmiş 20.11.1992-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X20 14.11.1992-ci ildə ölmüşdür. 25.08.1993-cü il tarixli D-10/2952 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 14.11.1992-ci ildə vəfat etmiş X12 vərəsəsi həyat yoldaşı X5 və o, miras əmlaka irs almalıdır. Miras əmlak mərhuma məxsus Bakı şəhəri, Azadlıq prospekti, 70 nömrəli binada yerləşən 49 nömrəli mənzildən ibarətdir. İş materiallarında olan Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən verilmiş 2V-83 saylı notarial işindən görünür ki, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 17.09.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Azadlıq prospektində yerləşən 70 saylı evin 49 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X6 mülkiyyətində olmuşdur. Qeydiyyat kartasından müəyyən edilir ki, iddiaçı X17 04.10.1994-cü il tarixdə Aşqabaddan gəlmiş və həmin mənzilə 20.10.1994-cü il tarixdə qeydiyyata alınmışdır. Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən X18 ünvanlanmış 19.09.2017-ci il tarixli məktubun surətindən görünür ki, anası 10.10.1931-ci il təvəllüdlü X19 17.02.2008-ci il tarixdə Bakı Dəniz Limanı vasitəsilə Türkmənistan Respublikasına getmişdir. Bakı şəhər 14 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş və X13 tərəfindən tərtib edilmiş 07.06.2007-ci il tarixli vəsiyyətnaməyə əsasən ona məxsus olan Bakı şəhəri, Azadlıq prospektində yerləşən 60 saylı evin 49 nömrəli 2 otaqlı mənzili qızları X11 və X1 vəsiyyət etmişdir. 5 saylı Bakı «ASAN xidmət» mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.03.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X13 09.09.2019-cu ildə Türkiyə Respublikası Ankara şəhərində ölmüşdür. 30.04.2021-ci il tarixli 2V-83 saylı reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 09.09.2019-cu ildə ölmüş X2 vərəsəsi Nargiz Qurbanova və X7 və onlar miras əmlakdan bərabər payda 5/6 hissədə irs almalıdırlar. Miras əmlak X8 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 70 nömrəli evin, ümumi sahəsi 32,6 kv.m. olan 49 nömrəli mənzilini (torpaq sahələrindən başqa) ibarətdir. Göstərilən miras əmlakın məcburi pay hüququ üzrə 1/6 hissəsi açıq saxlanılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 06.05.2020-ci il tarixli Çıxarışın kserosurətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 70 saylı evin 49 nömrəli mənzili paylı mülkiyyət hüququ üzrə 5/12 hissə Nargiz Qurbanovanın, 5/12 hissə X9, açıq saxlanılmış 1/6 hissə X2 mülkiyyətindədir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına əsaslanaraq, iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, müraciət edərkən iddiaçı müddətin ötürülməsinin üzrlü səbəbləri kimi vərəsəlik hüququnun rəsmiləşdirilməsi zamanı gedən proseslərdən xəbərinin olmamasını göstərmişdir. Halbuki, atasının vəfat etməsindən və ondan sonra miras əmlakın qalmasından xəbəri olmuşdur. İddiaçının anası X4 atasından miras qalmış əmlakı qanunda nəzərdə tutulmuş müddət ərzində qəbul etdiyindən 27 ildən artıq müddət keçməsinə baxmayaraq, məhkəmə iddiaçının bundan yeni məlumatlı olmasını inandırıcı hesab etmir. İddiaçı həqiqətən də miras açıldığı vaxtdan vərəsəlik hüququnun qeydə alınması üçün gedən proseslərdən 27 il keçməsinə baxmayaraq, xəbərsiz olduğunu sübuta yetirə bilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti doğrudur. Məhkəmə haqlı olaraq, mövcud iddia tələbini Azərbaycan Respublikasının 2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydalarına uyğun olaraq həll etmişdir. 11 sentyabr 1964-cü ildə qəbul edilmiş və 01 mart 1965-ci ildən qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün hesab olunur. Həmin Məcəllə ilə istər vəsiyyət üzrə, istərsə qanun üzrə mirasın qəbulu üçün də 6 aylıq müddət müəyyən olunmuşdur. Göründüyü kimi X12 14.11.1992-ci ildə ölməsi ilə mübahisəli mənzil üzrə miras açılmış, 25.08.1993-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən isə onun vərəsəsi arvadı X13 hesab edilərək, miras əmlaka irs almışdır. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 17.09.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Azadlıq prospektində yerləşən 70 saylı evin 49 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X6 mülkiyyətində olmuşdur. İddiaçı X17 həmin mənzilə 20.10.1994-cü il tarixdə qeydiyyata alındığı zaman ona məlum olmuşdur ki, mənzil anasının adına qeydiyyata alınmışdır, yəni, ən azı iddiaçı mübahisəli mənzilə qeydiyyata düşərkən mənzilin mülkiyyətçisi kimi mərhum anasının razılığı alınmalı idi ki, mənzilə qeydiyyata alınmaqda maraqlı olan iddiaçının da bundan xəbərsiz olması inandırıcı görünmür. Eləcə də uzun illər mənzillə bağlı kommunal ödənişlər aparmış idddiaçının mənzilin anasının adına qeydə alınmasından məlumatsız olmasını da istisna edilir (iddiaçı bildirir ki, mənzildə yalnız ailəsi ilə özü yaşamışdır). Odur ki, iddiaçı tərəfindən hazırki iddia tələbi iddia müddəti ötürülməklə verilmişdir. İddia müddətinin üzrlü səbəblərdən ötürülməsi halları isə müəyyən edilməmişdir. Belə ki, həmin dövrdə qüvvədə olan 1964-cü il tarixli Mülki Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Məcəllənin 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir (maddə 78). İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır (maddə 82). Göründüyü kimi münasibətlərin yarandığı vaxt qüvvədə olan qanunvericiliyə əsasən 3 illik ümumi iddia müddəti nəzərdə tutulmuşdur. İddia hüququ isə şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir. Beləliklə, Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır və hazırki iddia tələbi rədd edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının 14 saylı notariat ofisi tərəfindən verilmiş 30.03.2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhalətnamənin və onun əsasında verilmiş mülkiyyət hüquqlarına dair çıxarışın etibarsız hesab edilməsi, atasının vərəsəsi kimi tanınması və vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı tələbi X4 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbi ilə birbaşa əlaqəli olduğundan və həmin tələblər təmin edilmədiyindən, prosesual qənaət prinsipi baxımından iddia bu hissələrdə də təmin edilməməlidir. Belə olan halda, Kollegiya iddiaçı tərəfin apelyasiya şikayətinin əsası kimi istinad etdiyi hallara qiymət verərək onları əsassız sayır. Apelyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2887/2021 saylı iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar