Məhkəmə qərarları › İş №2(103)-7180/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7180/2021

15.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7180/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Ərizəçi “şəxsin öhdədə olma faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 2008-ci ilin may ayından BP şirkətinin Azərbaycan Nümayəndəliyində “neft-qaz quyularının qazılması üzrə mühəndis” vəzifəsində işlədiyini, ailəsini həmin işdə işləməklə dolandırdığını, son vaxtlar neftin qiymətinin düşməsi və son bir il ərzində pandemiya şəraiti olması ilə bağlı şirkətin işçiləri ixtisar etməyə başladığını, bununla bağlı ona da şifahi məlumat verildiyini və e-mail ünvanına bildiriş göndərildiyini, şirkətin səlahiyyətli şəxslərinə öhdəsində 1-ci qrup əlil şəxs olması və bu səbəblə də ştatların ixtisarı ilə əmək müqaviləsinə xitam verilə bilinməyəcəyi barədə məlumat verdiyini, lakin onların, öhdəsində 1-ci dərəcə əlil ailə üzvünün olmasına dair hər hansı sənəd təqdim etməsini tələb etdiklərini, bununla bağlı yerli icra hakimiyyəti orqanına, ƏƏSMN-nin yerli şöbəsinə müraciət etsə də, onların bu barədə hər hansı sənəd təqdim etmək səlahiyyətinə malik olmadıqlarını bildirdiklərini göstərmiş, buna görə də 1-ci dərəcə əlil anası X1 onun öhdəsində olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 27 aprel 2021-cu il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmiş, 19 may 2021-cu il tarixdə məhkəmə iclası keçirildikdən sonra eyni tarixli qərardadla işin icraatına xitam verilmişdir. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin 307.2.2-ci maddəsində şəxsin öhdədə olması faktının müəyyən edilməsi dedikdə digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktı nəzərdə tutulmur və ərizəçinin xahişinə mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Ərizəçinin həmin qərardaddan verdiyi şikayət məhkəmənin 14 iyun 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş ərizəçi, habelə maraqlı şəxsin (Bakı şəhəri Nəsimi Rayon İcra Hakimyyəti) nümayəndəsi məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə görə, məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarının 3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir”. Göründüyü kimi ərizəçinin əldə etmək istədiyi nəticənin hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması instututu çərçivəsində əldə edilməsi mümkün deyildir; ərizəçi 1ci dərəcə əlil anasının onun öhdəsində olması faktının təsdiq edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, həmin orqan bundan imtina etdikdə isə onun hərəkətindən (qərarından) inzibati məhkəməyə şikayət etməlidir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “iş məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş ərizə müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin ərizə (iddia) Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməklə və iddiaçıya aidiyyatı üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququnu izah etməklə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3703/2021 saylı iş üzrə 19 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar