Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7184/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) Tofiq Seyidovun iştirakı ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh qarşı «orderin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-5764/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh qarşı «orderin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 101 saylı mənzilinə dair Cavabdeh qanunsuz olaraq əldə etdiyi xx xxxxxx 2001-ci il tarixli, 063 saylı orderin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən yataqxana binası 1968-ci ildə inşa edilmiş, daş karkas konstruksiyadan, beş mərtəbədən, iki girişdən ibarətdir. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu Müdafiə Sənayesi Nazirliyinin müvafiq qurumlarında çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşmışdır. Cavabdeh, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 101 saylı otağına adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Aparılan araşdırmalar zamanı əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 101 saylı otağında 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X5, arvadı X3, 2 oğlu Hüseyn və Fərhad Verdiyevlər məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Bundan istifadə edən Cavabdeh 101 saylı otağı əldə etmək məqsədilə qapısını bağlamışdır. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda «Üfüq» İstehsalat Birliyi «xxxx» İstehsalat Zavodunun xx xxxxxx 2001-ci il tarixli, 063 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə faktiki olaraq məcburi köçkün yaşadığı boş olmayan 101 saylı otaq onun istifadəsinə verilmişdir. Hal-hazırda Cavabdeh Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsi, ev 43 ünvanında qeydiyyatda olmaqla yaşayır. Qeyd edilən order isə «xxxx» İB-nin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməmiş, həmçinin mənzil sahəsinin verilməsi barədə adıçəkilən təşkilatın müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarı olmamışdır. Əldə olan protokolların surəti isə şablon xarakterli olmaqla həqiqəti əks etdirmir. Məcburi köçkün ailəsinin məskunlaşdığı boş olmayan 101 saylı otağa dair Cavabdeh verilmiş xx xxxxxx 2001-ci il tarixli, 063 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Belə ki, «Üfüq» İstehsalat Birliyi «xxxx» MMC tərəfindən Cavabdeh adına orderin verilməsi təsdiq olunmadığından, həmin order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)- 5764/2019 saylı qətnaməsi ilə (hakim Aygun Həsənova) iddia təmin olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işin tam və hərtərəfli araşdırılmaması, orderin qanuni əsaslarla verilməsi, orderin mübahisələndirilməsində tələb hüququnun onu vermiş «Üfüq» İstehsalat Birliyi «xxxx» İstehsalat Zavodunaaid olması, sonuncu tərəfindən isə belə bir tələbin rəli sürülməməsi, iddiaçı tərəfindən mübahisəli mənzilin yerləşdiyi yataqxananın xx xxxx 2013-cü ildə balansa qəbul edilməsi, 6 ildən sonra isə belə bir tələbin irəli sürülməsi, hazırki vaxtda qanunla nəzərdə tutulmuş 3 illik iddia müddətinin də keçməsi, iddianın əsassız olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyüasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin olunmamalıdır. Belə ki, işdə olan Cavabdeh tərəfindən Bakı şəhəri Mənzil Komunal Təsərüfatı Departamentinə verilmiş ərizənin məzmunundan görünür ki, o, uzun illər «xxxx» İB-də mənzil növbəsində olmuşdur. Lakin işlədiyi birlik sovet rejimi dağıldıqdan sonra onları mənzillə təmin edə bilmədikləri üçün yaşadıqları yataqxananın mənzilini növbəsində olduğu mənzil əvəzi olaraq order əsasında ona verilmişdir. Bakı «xxxx» İB-nin Həmkarlar İttifaqı Komitəsinin X7 və MMK-nın birgə iclasının xx xxxxxx 2006-cı il tarixli, 68 saylı iclasının qərarı ilə Birliyə məxsus olan Cavanşir küçəsi yataqxana ev 4, 101 saylı mənzilin Cavabdeh verilməsi qərara alınmışdır. Hal-hazırda sözügedən mənzil cavabdehin istifadəsindədir, o, həmin mənzildə yaşayır və kommunal xərclər də onun tərəfindən ödənilir. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana, ev 4, 101 saylı mənzilə dair Bakı şəhəri Mənzil X1 müqaviləsinin bağlanmasını xahiş etmişdir. İşdə olan xx xxxxxx 2001-ci il tarixli 063 saylı orderdən görünür ki, Cavabdeh Bakı «xxxx» İB-nin müdiriyyəti və HİK-in 48 saylı protokolu ilə rəsmiləşdirilmiş xx xxxxxx 2001-ci il tarixli birgə qərarına əsasən xx xxxxxx 2001-ci il tarixdə 063 saylı order verilmiş, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 4 saylı binada 1-ci giriş, 5-ci mərtəbəsindəki yaşayış sahəsi 18 kv.metr olan 1 otaqlı 101 nömrəli mənzil sahəsini tutmaq hüququ verilmişdir. İşdə olan Bakı «xxxx» İB-nin HİK-nin X4 Şurasının və MMK-nın birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli 41 saylı protokolundan çıxarışın surətindən görünür ki, Birlik «xxxx» İB-də işləyən fəhlə və qulluqçularına birliyin imkanları daxilində növbə əsasında mənzili təmin edə bilməməsini nəzərə alınıb, Birliyə məxsus S.Ə.ünvan 1A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda növbə əsasında uzun illərdi yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqların nömrələrinin ləğv olunması və həmin mənzillərə yeni nömrələrin verilməsi, yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə yeni mənzil nömrələrinə əsasən order verilməsi, Birlikdə hal-hazırda yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi köçkün ailələri tərəfindən zəbt olunmuş mənzillərə növbə əsasında order verilməsi, Birliyə məxsus yataqxanalarda S.Ə.ünvan 1A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında qaçqın və məcburi köçkün ailələri torpaqlar alınan zaman və ya ölkə Prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt yataqxanalarda boşalacaq mənzillər qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktının surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi ilə Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti arasında təhvil-qəbul aktı tərtib edilmişdir. İşdə olan əmək kitabçasının surətindən görünür ki, cavabdeh xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxx 1992-ci il tarixədək Bakı «xxxx» İB-də işləmişdir. İşdə olan 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanladığı 68/45-ç saylı xx xxx 2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 saylı binanın (keçmiş yataqxana) 101 saylı mənzili Cavabdeh tərəfindən zəbt edilmişdir. Hal-hazırda faktiki olaraq yuxarıda qeyd edilən ünvanda yaşamır. İşdə olan «Üfüq» İstehsalat Birliyi «xxxx» zavodu MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanlanan 02/47 saylı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, «xxxx» zavodu tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxana xx.xx.2007-ci il tarixindən Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisənin əmək münasibətlərindəolan işçilərindən heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxanada məskunlaşmaq üçün verilmiş orderlər işçilərin özlərinə verildiyindən və həmin dövrlərə aid protokollar tam olmadığından onlarla bağlı əlavə məlumat vermək mümkün deyil. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 294 saylı, xx.xx.2013-cü il tarixli sərəncamından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin «Sosial Xidmətlər İdarəsi» Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişətkommunal təyinatlı obyektlər onlara aid əmlakla birlikdə sərəncamın əlavəsində göstərilən siyahıya uyğun olaraq aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. Qeyd olunan sərəncamın icrası ilə bağlı təhvil-təslim işlərinin aparılması istiqamətində müvafiq təşkilati tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin «Sosial Xidmətlər İdarəsi» Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın Əlavəsində göstərilən siyahı üzrə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. İddiaçı hazırki iddia ərizəsində - cavabdehin adına verilmiş orderin etibarsız hesab edilməsini tələb edir, cavabdeh isə orderin qanunvericiliyə uyğun verildiyini, iddia müddətinin keçməsini, tələb hüququnun olmamasını və s. bildirirək iddiaya etiraz edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisələndirilən orderin qanunsuz verilməsinə əsaslanmış, lakin iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Qeyd edilməlidir ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər (maddə 33). Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər (maddə 48). Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir (107-ci maddəsinin ikinci bəndi). Göründüyü kimi, mənzil qanunvericiliyinə əsasən yataqxanada mənzil sahəsi verilməsinə əsas olan sənəd müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarıdır. Order isə, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında tərtib edilən, qərarın icrasını təmin etmək üçün verilən müvəqqəti (aralıq) sənəddir. Başqa sözlə order, özü-özlüyündə yaşayış sahəsinə hüquq yaratmayıb, şəxsə həmin sahəyə köçmək üçün verilir. Yaşayış sahəsindən istifadə hüququnu isə belə sahənin ayrılması haqqında qərar meydana gətirir. Ona görə də, həmin qərar etibarsız hesab edilmədikcə onun əsasında verilmiş order etibarsız sayıla və cavabdehin yaşayış sahəsinə hüququ itirilə bilməz. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı, mübahisəli otağa dair cavabdehə təqdim olunmuş orderin etibarsız sayılması tələbini irəli sürsə də, onun verilməsinə əsas olan Bakı «xxxx» İB-nin və HİK-in müdiriyyətinin X7 və MMK-nın birgə növbəti iclasının xx.xx.2006-cı il tarixli, 68 saylı qərarını mübahisələndirməmişdir. Belə olan halda, iddia tələbi özü-özlüyündə əsaslı sayıla və təmin edilə bilməz. Eyni zamanda, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs «Üfüq» İstehsalat Birliyi «xxxx» Zavodunun nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, iddiaçının məcburi köçkünlər məskunlaşdığından qüvvədən düşmüş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən boş olmayan sahəyə orderin verilə bilməməsi barədə dəlilini də əsaslı saymır. Ona görə ki, qeyd olunan normada «boş olan ayrıca yaşayış sahəsi» dedikdə, qanuni əsaslarla başqa şəxslərin hüquqları ilə yüklü olmayan sahə nəzərdə tutulur. Məcburi köçkünlər isə yaşayış sahəsində özbaşına olaraq məskunlaşdıqları üçün həmin sahə onların qanuni əsasla istifadə və ya sahibliyində sayılmır. Başqa sözlə, mənzilin məcburi köçkünlər tərəfindən zəbt olunması yaşayış sahəsinin hüquqi baxımdan yüklü olmasına dəlalət etmir. Məcburi köçkünlərin məskunlaşdıqları yaşayış sahələrindən çıxarılmaması barədə dövlətin sosial siyəsəti isə müvəqqəti tədbir olmaqla, belə mənzilə dair orderin verilməsini deyil, onun icrasını (məcburi köçkünə müvafiq yaşayış sahəsi verilmədən çıxarılmasını və order sahibinin mənzilə köçməsini) istisna edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilətəsdiq edilmiş «Məcburi köçkünlərin məskunlaşdırılmasını tənzimləyən bəzi qaydaların təsdiq edilməsi haqqında» Qərarının 4-cü bəndinə əsasən, «Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq, məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır. «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Həmçinin, işdə olan «Üfüq» İstehsalat Birliyi «xxxx» zavodu MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanlanan 02/47 saylı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, «xxxx» zavodu tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxana xx.xx.2007-ci il tarixindən Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisənin əmək münasibətlərində olan işçilərindən heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxanada məskunlaşmaq üçün verilmiş orderlər işçilərin özlərinə verildiyindən və həmin dövrlərə aid protokollar tam olmadığından onlarla bağlı əlavə məlumat vermək mümkün deyildir. Göründüyü kimi, məktubda xx.xx.2007-ci il tarixindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxanada olan otaqlara orderlərin verilməsi dayandırılmışdır. İddiaçıya isə müvafiq order həmin tarixdən əvvəl verilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, MPM-nin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddiaçı tərəfindən mübahisələndirilən order Bakı «xxxx» İB tərəfindən verilmiş, lakin həmin orqana qarşı iddia irəli sürülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri həm də o əsasla rədd edilməlidir ki, orderin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş üç illik iddia müddəti ötürülmüşdür və cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Belə ki, pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda bir sıra məqsəd və funksiyalara xidmət edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüquqən qounmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx xxxx 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Kollegiya hesab edir ki, cavabdehə orderin verilməsi ilə bağlı münasibətlər 2001-ci illərdə yarandığı üçün mübahisəyə həmin dövrdə qüvvədə olan qanunvericilik normaları tətbiq edilməlidir. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci və 375.2-ci maddələrinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsinə görə, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisə predmeti olan orderin verilməsindən keçən üç il ərzində həmin orderin etibarsız sayılması tələbi irəli sürülməmişdir. Başqa sözlə, mübahisəli otağın yerləşdiyi bina Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə verildiyi 2013-cü ildək həmin yataqxananı balansında saxlayan qurum bu belə bir iddia qaldırmamaqla qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Bu hüquqi vəziyyət, binanı iddia müddəti keçdikdən bir neçə il sonra balansına qəbul etmiş Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə də şamil olunur və onun üçün də eyni vəziyyəti yaradır. Bununla yanaşı, iddiaçı 2013-cü ildən sonra da qanunla müəyyən olunmuş 3 il müddət ərzində müvafiq tələblə məhkəməyə müraciət etməmişdir (hazırki iddia ərizəsi xx.xx.2019-cu il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur). Göründüyü kimi, birinci instansiya məhkəməsi isə mübahisəyə iddia müddətinin tətbiq olunmaması barədə mövqeyi əsassız olmaqla, qanunvericiliyin qeyd edilən normalarının tələbləri ilə uzlaşmır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən halların iddianın rədd olunması üçün kifayət etdiyini və prosessual qənaət prinsipini nəzərə alaraq, tələbin əsasında duran faktiki hallar üzrə əlavə araşdırma aparmağa və onlara hüquqi qiymət verməyə zərurət görmür. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, iddiaçının tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını tam və hərtərəfli araşdırmamış, iddianı təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə olan halda isə, qətnamə qanuni və əsaslı sayıla bilməz. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün tam əsasdır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası iddianın rədd olunması nəticəsinə gəldiyindən hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsümü onun özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh qarşı «orderin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-5764/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)- 5764/2019 saylı qətnaməsi ləğv olunsun, iddia təmin olunmasın. Məhkəmə xərci (ödənilmiş dövlət rüsumu) iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7184/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7184/2020
10.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver