Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7187/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-7187/2025 (Açar sözlər: borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4020/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 04 fevral 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiаçı İddiaçı (bundan sonra – "xxxx" MMC) ilə Cavabdeh arasında xx.xx.2024cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqavilələri bağlanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiаçı İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Apple Macbook AİR 13 kompüter üçün 3638.05 manat ödənilməmiş hissə, 363.81 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Apple İMAC monitor üçün 1895.04 manat ödənilməmiş hissə, 189.50 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Apple Macbook AİR 13 kompüter üçün 1666.1 manat ödənilməmiş hissə, 166.61 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Playstation 5 üçün 1075 manat ödənilməmiş hissə, 107.5 manat cərimə olmaqla, ümumilikdə 9101.61 manat borc və 101.02 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, Apple Macbook AİR 13 kompüter, Apple İMAC monitor, Apple Macbook AİR 13 kompüter, Playstation 5 almış və nəticədə 9101.61 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 4233.06 manat olan Apple Macbook AİR 13 kompüter üçün ümumilikdə 4001.86 manat olmaqla, ondan 3638.05 manat ödənilməmiş hissə, güzəşt olunaraq 363.81 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 3260.04 manat olan Apple İMAC monitor üçün ümumilikdə 2084.54 manat olmaqla, ondan 1895.04 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 189.50 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2100 manat olan Apple Macbook AİR 13 kompüter üçün ümumilikdə 1832.71 manat olmaqla, ondan 1666.1 manat ödənilməmiş hissə, 166.61 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1500 manat olan Playstation 5 üçün ümumilikdə 1182.50 manat olmaqla, ondan 1075 manat ödənilməmiş hissə, 107.5 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2818.91 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll edilməsi, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4020/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2024-cü il tarixli, 03937157 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 3638.05 manat əsas və 20 manat cərimə, xx.xx.2024-cü il tarixli, 03928594 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 1895.04 manat əsas və 20 manat cərimə, xx.xx.2024-cü il tarixli, 03468681 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 1666.1 manat əsas və 20 manat cərimə, xx.xx.2024-cü il tarixli, 11227254 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 1075 manat əsas və 20 manat cərimə olmaqla, ümumilikdə 8354.19 manat məbləğində məbləğində borcun və 103.54 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 462, 467, 567,597, 600.4, 601.1 və 601.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 8, 107, 119.1, 185, 217 və 222.2-ci maddələsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı ilə onun arasında hər hansı müqavilə bağlanmamışdır. Bildirir ki, xx.xx.2024-cü il tarixli, 03937157 nömrəli nisyə alğısatqı müqaviləsinin varlığından ümumiyyətlə xəbəri olmamışdır. İş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə baxdıqda aydın görünür ki, həmən müqavilədə qeyd olunmuş imza ona məxsus deyil. Həmin imzanin ona məxsus olub-olmamasını müəyyən edlməsi məqsədi ilə ekspertiza təyin olunmasını məhkəmədən xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
10. İşə baxılmanın vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Kollegiya təəfindən işin halları, şikayətə işdə olan sübutlar əsasında baxılmasının mümkünlüyü nəzərə alınaraq MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
16. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
17. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər.
18. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
19. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Hazırki işdə iddia qismən təmin edilmiş və qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti vermişdir. Bu səbəbdən qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Qeyd edilməlidir ki, kollegiya tərəfindən ilk öncə cavabdehin məhkəmə tərəfindən ekspertiza keçirilməsinə dair dəlilləri araşdırılmış və hazırda buna zərurətin olmadığı qənaətinə gəlinmişdir. Belə ki, cavabdehin apellyasiya şikayətindən aydın olur ki, o, iş üzrə ekspertizanın təyin edilməsini sözügedən müqavilələrdəki imzanın onun tərəfindən icra olunmaması, bununla da aralarında hər hansı müqavilə münasibətinin yaranmaması barədə olan dəlillərinin təsdiqini tapması üçün xahiş etmişdir. Lakin kollegiya tərəfindən işin hərtərəfli araşdırılması nəticəsində cavabdehin həmin dəlillərinin əsassız olduğu müəyyən edilmişdir.
30. Belə ki, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli iclasının videoaudio yazısından müəyyən edilir ki, cavabdehin həmin iclasda iddia tələbi ilə bağlı izahatı dinlənilmiş və o, yalnız tələbdə göstərilən məbləğlə razı olmadığını bildirmiş, məhkəmədən iş üzrə ekspertiza keçirilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdeh həmin izahatında müqavilələrin etibarsızlığına dair hər hansı arqument irəli sürməmiş, ekspertizanın təyin ediməsini isə borcun düzgün hesablanıb-hesablanmadığının müəyyən edilməsi məqsədilə xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin bundan sonrakı məhkəmə iclaslarında üzrsüz səbəblərdən iştirak etməmiş, barəsində olan məhkəmə işindən xəbərdar olduğu halda, iddia ərizəsinə dair mövcud dəlillərini irəli sürmək imkanlarından istifadə etməmişdir. Bundan əlavə işdə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh mübahisəli müqavilələrin hər biri üzrə ödənişlər etmişdir ki, bu da sonuncunun MMC ilə bağladığı müqavilələrin hüquqi qüvvəsini tanıdığını deməyə əsas verir. Cavabdehin apellyasiya şikayətinin məzmununa da diqqət yetirdikdə, onun iddia tələbi ilə bağlı konkret mövqeyinin olmadığı, bir-birilə tutarsız dəlilləri nəzərə çarpır. Belə ki, o, şikayətində əvvəlcə iddiaçı ilə hər hansı müqavilə bağlamadığını, daha sonra isə xx.xx.2024-cü il tarixli müqavilədən məlumatının olmadığını qeyd esə də, işdən görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə tərəfindən 595,01 manat pul ödənilmişdir. Cavabdeh kollegiyanın iclası barədə lazımi qaydada məlumatlandırılmış, buna baxmayaraq üzrlü səbəblər olmadan iclasda iştirak etməmiş və şikayətindəki dəlillərin əsaslı olduğunu təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir.
31. Qeyd edilən hallar, o cümlədən cavabdehin aşağı instansiya məhkəməsindəki izahatı və iş materiallarına istinad edilməsini istisna edən hər hansı tutarlı dəlilin olmadığını nəzərə alaraq kollegiya hesab edir ki, məhkəmə tərəfindən ekspertizanın keçirilməsinə zərurət qalmamışdır.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, məhkəmənin iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddiasının qismən təmin edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
34. İşin faktiki hallarından aydın olur ki, Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
35. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrdən və xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilələr İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır və həmin nisyə alğı-satqı müqavilələri üzrə borcundan cəmi 2818.91 manat ödəmiş, 8274.19 manat əsas borca dair ödənilməmiş məbləğ, 827.42 manat cərimə borcu olmaqla, ümumilikdə 9101.61 manat məbləğində borcu qalmışdır.
36. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır.
37. Qeyd olunanlardan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
38. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
39. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4020/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev