Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7191/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışinski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 iyul 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Birliyə qarşı birgə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birliyin əməkdaşlarının İddiaçı2 barəsində tərtib etdikləri xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın etibarsız hesab edilməsi, həmin akt əsasında İddiaçı1 hesablanmış 1.555,20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Yusif-zadə küçəsi, bina 10-da yerləşən ev İddiaçı1 məxsusdur. İddiaçıların hər ikisi həmin ünvanda yaşayırlar. Həmin ünvan cavabdeh Birlik tərəfindən təbii qazla təchiz olunur və bununla bağlı yaşayış sahəsindən kənarda qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********00202). İddiaçı1 səhhətində müəyyən problemlər olduğundan sayğac İddiaçı1 dayısıoğlu olan İddiaçı2 adına rəsmiləşdirilmişdir. İddiaçılar, istehlak etdikləri təbii qazın dəyərini sayğaca uyğun olaraq ödəmiş, Birliyə borcları olmamışdır. Bu yaxınlarda iddiaçılara məlum olmuşdur ki, cavabdeh Birlik tərəfindən onların ünvanına əlavə sərfiyyat kimi 1.555,20 manat məbləğində borc hesablanmışdır. Borcun yaranma əsası ilə bağlı cavabdeh Birliyə müraciət etdikdə, Birliyin əməkdaşları İddiaçı2 bildirmişlər ki, həmin ünvana aid qaz sayğacı nasazlıqlar səbəbindən yenisi ilə əvəz edilmiş, əvvəlki qaz sayğacına baxış keçirilərkən müəyyən edilmişdir ki, sayğaca müdaxilə olunmuş və bununla əlaqədar olaraq həmin borc hesablanmışdır. İddiaçılar hesab edirlər ki, Birliyin əməkdaşlarının İddiaçı2 barəsində tərtib etdikləri xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı əsassız olduğundan etibarsız hesab edilməli, həmin akt əsasında İddiaçı1 hesablanmış 1.555,20 manat məbləğində borc isə silinməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə, borcun silinməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, cavabdeh Birlik iddiaçının ünvanında təbii qazdan qanunsuz istifadə edilməsini bildirsə də, təbii qazın talanmasında iddiaçının təqsirli olmasını təsdiq edə biləcək müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarını məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, iddia tələbi əsaslı edilməli, itirilmiş qazın bərpası ilə əlaqədar iddiaçıya hesablanmış borc silinməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçılar tərəfindən özlərinə sərf etdiyi tərzdə təbii qazdan istifadə etmələri, yəni təbii qazı talamaları faktı aşkar olunmuş, aşkar olunmuş fakt Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktla rəsmiləşdirilmişdir. Nəticədə müəyyən olunmuşdur ki, iddiaçıların təqsirli hərəkətləri nəticəsində Birliyə 1.555,20 manat məbləğində maddi ziyan dəymişdir. Həmin borcun silinməsi üçün əsas yoxdur. Lakin işə baxmış Rayon Məhkəməsi bu halları nəzərə almamış, təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barə məlumat
7. Cavabdeh Birliyin nümayəndəsi və iddiaçılar işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) işdə olan sənədlər barədə məlumat
8. Birliyin əməkdaşlarının İddiaçı2 adına tərtib etdikləri “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* №-li aktdan görünür ki, İddiaçı2 yaşadığı, lakin İddiaçı1 məxsus ünvana aid qaz sayğacında və sayğacın üzərindəki qoruyucu plombların üzərində cızıqlar var; sayğaca müdaxilə edilmişdir.
9. Birlik tərəfindən tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-ci il tarixli tələbnamədən görünür ki, İddiaçı2 adına tərtib edilmiş yuxarıda qeyd edilən akta əsasən aparılmış hesabat nəticəsində müəyyən edilmişdir ki, itirilmiş təbii qazın həcmi 12.960 kub metr təşkil edir.
10. İddiaçı1 adına tərtib edilmiş “Abonentin saldosundan” və işdə olan digər sənədlərdən görünür ki, yuxarıda qeyd edilənlərə əsasən İddiaçı1 əlavə sərfiyyat kimi 1.555,20 manat məbləğində borc hesablanmışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Göstərilənləri, nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.).
12. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 11.6.). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir (maddə 13.8.). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (maddə 13-8-1.).
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.5.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (bənd 4.7.). Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (bənd 4.9.).
14. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri və yuxarıda qeyd edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda sayğaca müdaxilə edilməsi qeyd edildiyindən, Birlik, yuxarıda qeyd edilən maddi hüquq normaların tələblərinə əsasən, istehlakçının (hazırki halda – iddiaçının) təbii qazın talanmasında təqsirli olmasını müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarının mövcudluğu ilə sübuta yetiriməli və ona (Birliyə) dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməlidir. Lakin Birlik iddiaçıların təbii qazdan qeyri-qanunu istifadə etmələrini, yəni təbii qazın talamalarını sübuta yetirilmədən yuxarıda qeyd edilən məbləğində zərərin ödənilməsini iddiaçılardan tələb etmişdir.
16. Nəzərə alınsa ki, iddiaçının təbii qazdan qeyri-qanunu istifadə etməsini təsdiq edən hər hansı sübut cavabdeh Birlik tərəfindən məhkəmələrə təqdim edilməmişdir, o zaman müəyyən edilir ki, Rayon Məhkəməsi iddiaçılara hesablanmış borcun silinməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal xarakter daşıyır.
17. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 402ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 iyul 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.