Məhkəmə qərarları › İş №2(103)-7191/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7191/2025

17.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7191/2025 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 816,98 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən və iddiaçıya məxsus 201 saylı mənzilə cavabdeh Birlik tərəfindən qaz xətti çəkilmiş, qaz sayğacı quraşdırılmış və ünvana **********02010 saylı abonent kodu verilmişdir. Cavabdeh Birliyin əməkdaşları iddiaçıya məlumat vermədən, onun iştirakını təmin etmədən iddiaçıya məxsus ünvana aid olan qaz sayğacını 2019-cu ilin mart ayında dəyişdirmiş və bu zaman ünvanda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi faktını guya aşkar edərək ******* saylı akt tərtib etmiş və həmin akta əsasən iddiaçıya 816,98 manat məbləğində borc hesablanmışdır. Halbuki, iddiaçıya məxsus evdə qaz sayğacından kənar təbii qazdan heç vaxt istifadə edilməmişdir. Göstərilənlərə əsasən iddiaçı, cavabdeh Birlik tərəfindən ona hesablanmış borcu əsassız hesab edir və silinməsini xahiş edir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Cavabdeh Birliyin əməkdaşları tərəfindən iddiaçının barəsində xx.xx.2019-cu il tarixdə tərtib etdikləri “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda göstərilən halın həqiqətə uyğun olmasını təsdiq edə biləcək sübutlar cavabdeh Birlik tərəfindən məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçıya məxsus ünvanda qaz xəttinə qanunsuz qoşulma halının olub-olmamasını araşdırılması üçün iş üzrə təyin edilmiş məhkəmə-trasoloji ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirlinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, iddiaçıya məxsus ünvanda yerləşən qaz sayğacına və qaz xəttinə baxış keçirilmiş, lakin nə sayğacda nə də sayğaca bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir. Buna görə də iddia əsaslı hesab edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə əsassız olan iddia tələbinin təmin edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakları barədə məlumat

7. İddiaçı və cavabdeh Birliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

8. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) işdə olan sənədlər barədə məlumat

9. Cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda” qeyd edilir ki, iddiaçıya məxsus yaşayış sahəsinə aid qaz sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin ünvanda qaz sayğacından kənar çəkilmiş təbii qazdan qeyri-qanuni istifadə edilir.

10. Cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri xx.xx.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, iddiaçıya aid ünvanda qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub m/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 kub m/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 180 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 kub m/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın həcmi 8.532 kub metr hesablanmışdır.

11. Cavabdeh Birlik tərəfindən tərtib edilmiş “Abonentin saldosından” görünür ki, yuxarıda qeyd edilən akt və tələbnaməyə əsasən iddiaçıya əlavə sərfiyyat kimi cəmi 816,98 manat məbləğində borc hesablanmışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi və sayğacdan kənar qaz istifadəsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, cavabdeh Birliyə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.

13. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).

14. Birlik, yuxarıda qeyd edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta” əsaslanaraq, həmin aktda təsvir edilmiş qanunazidd hərəkətlərin məhz iddiaçı tərəfindən törədilməsini, bununla da iddiaçının ona münasibətdə delikt törətməsini bildirsə də, müəyyən edilir ki, həmin aktlar mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki cavabdeh Birlik həmin aktlarda qeyd edilən faktları təsdiq edə biləcək sübutları (məsələn: video yazısı, faktın aşkar edilməsini təsdiq edə biləcək şahidləri və sair) məhkəmələrə təqdim etməmişdir.

15. Bundan başqa nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirlinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3/721 saylı rəydən də görünür ki, iddiaçıya məxsus ünvanda yerləşən qaz sayğacına və qaz xəttinə baxış keçirilmiş, lakin nə sayğacda nə də sayğaca bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir.

16. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdeh Birliyə münasibətdə delikt törədərək Birliyə maddi zərər vurması sübuta yetmir. Bu hal sübuta yetmədiyindən də, iddiaçı, cavabdeh Birliyə vurmadığı zərərin əvəzini, yəni əlavə sərfiyyata görə ona hesablanmış borcu ödəməməlidir. Rayon Məhkəməsi bu nəticəyə gələrək, həmin borcu silməkdə haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi

17. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

18. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

19. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün Birlik tərəfindən ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

20. Məhkəmə həmçinin bildirir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

21. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar