Məhkəmə qərarları › İş №2(103)-7195/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7195/2023

11.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7195/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3764/2023 saylı, 02 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı 961.20 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələbdə göstərilir ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Cavabdeh əməkdaşları həmins sayğaca müdaxilənin aşkar olunduğunu bildirmiş və abonentə 961.20 manat borc hesablanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3764/2023 saylı, 02 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia tələbinin təmin edilərək Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə abonent İddiaçı (abonent kodu: **********20000) hesablanmış 961.20 (doqquz yüz altmış bir manat, iyirmi qəpik) manat məbləğində borcun silinməsi; 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında, eləcə də elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində Cavabdeh nümayəndəsi Nümayəndə2 qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmiş və ərizəni bununla əsaslandırmışdır ki, iddia ərizəsində silinməsi tələb olunan borc məbləği 2018-ci ilin oktyabr (864 manat) və noyabr (97.20 manat) (cəmi 961.20 manat) ayında aktlar əsasında yaranmış borc məbləğidir. Bu borclar isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-3514/2019 saylı qətnamədə müzakirə edilərək qərar qəbul edilmişdir. Qətnamənin mövcud olması məhkəmə tərəfindən nəzərə alınmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıydı. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarındakı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3514/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi təmin edilərək ünvan 2 ünvanı (Abonent kodu: **********20000) üzrə İddiaçı hesablanmış 1630,70 (min altı yüz otuz manat yetmiş qəpik) manat məbləğində borcun silinməsi; 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi və 102 (yüz iki) manat məbləğində ekspertiza tədqiqatının dəyərinin Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının hazırda ayrıca icraatda mübahisələndirilən borc məbləğinin tutulması ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Ona görə də həmin iddia yenidən ayrıca iddianın yaxud icraatın predmeti ola bilməz. Çünki, nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı bir-birini təkzib edən müxtəlif məhkəmə aktları da ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3764/2023 saylı, 02 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.2, 384.0.5 -ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3764/2023 saylı, 02 avqust 2023-cü il tarixli ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar