Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7196/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.09.2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, tərəflərin arasında bağlanmış 25.05.2018-ci il tarixli, 126 №-li müqavilə etibarsız hesab olunsun. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Qətnamədən hər 2 tərəf apellyasiya şikayəti verib. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi əsası ilə ləğv edilsin və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddiaçının apellyasiya şikayətinin əsassız olduğunu, cavabehin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həli ilə bağlı aşağıdakıları qeyd edir. 25.05.2018-ci il tarixli, 126 №-li müqaviləyə əsasən tərəflər qarşılıqlı olaraq öhdəliklər götürüblər. Cavabdeh öhdəsinə götürüb ki, istifadəsində olan, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev № 106-da yerləşən 3 №-li mənzili (faktiki sahəsi 50 kv.m) sökülmək üçün iddiaçıya təhvil verir və iddiaçı tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul edir. İddiaçı MMC isə öhdəsinə götürüb ki, mənzili sökəcək, söküləcək mənzilin sahəsinə (50 kv.m) 20 faiz əlavə edərək həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək binanın 10-cu blokunun 9-cu mərtəbəsində 60 kv.m təmirsiz mənzili cavabdehin mülkiyyətinə verəcək. İddiaçı müqavilənin etibarsız sayılması barədə tələbi onunla əsaslandırır ki, müqavilə aldatma nəticəsində bağlanıb. Aldatmanı isə belə izah edir ki, mənzilin mülkiyyətçisi başqa şəxs (Arif Mustafayev) olmuş, cavabdeh mənzilin mülkiyyətçisi barədə məlumatı gizlətmiş, nəticədə isə yanlışlıq üzündən iddiaçı cavabdehlə müqavilə bağlayaraq ona mənzil verməyi öhdəsinə götürmüşdür. Lakin müqavilənin məzmunundan görünür ki, cavabdeh özünü mülkiyyətçi kimi deyil, “yaşayış hüququ olan” kimi təqdim etmiş, iddiaçı isə bununla razılaşaraq müqavilə bağlamışdır. Cavabdeh iddiaçıya mənzilin mülkiyyətçisinin kim olması barədə məlumat vermək vəzifəsi daşımır, çünki qanunla və ya müqavilə ilə onun üzərinə belə vəzifə qoyulmayıb. Göründüyü ki, müqavilənin aldatma nəticəsində bağlandığı sübut olunmur. Aldatma mövcud olmadığına görə iddiaçı bu əsasla müqavilənin etibarsız sayılmasını tələb etmək hüququna malik deyil. Hüquq mövcud olmadığına görə onun həyata keçirilməsi müddəti, yəni Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddət tətbiq edilə bilməz. Beləliklə, məhkəmə Mülki Məcəllənin 339.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 16.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7196/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7196/2021
03.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver