Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-72/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(002)-59/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, ünvan 1 ünvanından keçən İddiaçınə məxsus diametri 325 mm-lik orta təzyiqli əhali qaz kəmərinin mühafizə zonasında inşa olunmuş fərdi yaşayış evinin cavabdehin hesabına (əvəzi ödənilmədən) sökülərək kəmərin mühafizə zonasından çıxarılması və 20 manat dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları»nın tələbləri pozularaq İddiaçı balansında və istismarında olan Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 16-cı məhəllə, ev 22 A ünvanından keçən 325 mm diametrlik orta təzyiqli əhali qaz kəmərinin 0.5 metr məsafədə, yəni mühafizə zonasında Cavabdeh tərəfindən fərdi yaşayış evi inşa olunmuşdur. Cavabdeh tərəfindən inşa olunmuş həmin ev orta təzyiqli qaz kəmərinin təhlükəsizlik zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyi olduğundan idarə tərəfindən cavabdehə yazılı və şifahi xəbərdarlıq edilmişdir. Lakin, dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, Cavabdeh həmin qeyri-qanuni tikilinin sökülməsi üçün heç bir tədbir görməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(002)- 59/2019 saylı qətnaməsi ilə (hakim Rufan Mürsəlov) iddia tələbi təmin olunmuş, ünvan 2 ünvanından keçən, İddiaçı İB-nə məxsus diametri 325 mm-lik orta təzyiqli əhali qaz kəmərlərinin mühafizə zonasında inşa olunmuş fərdi yaşayış evinin Cavabdeh öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması qət edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, məhkəmə tərəfindən təqdim edilmiş sübutlara düzgün qiymət verilməməsi, mübahisə predmeti evin qanunsuz tikili olmaması, bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ona müvafiq Çıxarış verilməsi, mübahisə predmeti torpaq sahəsinin Bakı şəhəri Qaradağ rayonu İHB-nın 05 fevral 1999-cu il tarixli sərəncamı ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılması, bu səbəbdən də, Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı qərarının ona tətbiq edilməli olmaması s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia rədd edilməlidir. Belə ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən (Seriya MH, № 0101384, qeydiyyat tarixi 29.01.2008, qeydiyyat nömrəsi **********) görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində mülkiyyətində olan 0,05199 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 63,3 kv.m yaşayış, 28 kv.m köməkçi sahədən ibarət 22A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 7377 nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən belə qənaətə gəlmişdir ki, Cavabdeh “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın tələblərini pozaraq Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 16-cı məhəllə, ev 22 A ünvanından keçən, İddiaçıİB-nə məxsus diametri 325 mm-lik orta təzyiqli əhali qaz kəmərlərinin mühafizə zonasında olan torpaq sahəsini qanunsuz olaraq zəbt edərək həmin ərazidə heç bir sənədləri olmayan fərdi yaşayış evi inşa etmişdir. Odur ki, fərdi yaşayış evi qanunsuz hesab edilməklə cavabdehin hesabına sökülməlidir. Məhkəmə kollegiyası iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mübahisə predmeti torpaq sahəsinə özbaşına yiyələnməmiş, səlahiyyətli inzibati orqanlar tərəfindən verilmiş inzibati aktlar (Bakı şəhəri Qaradağ rayonu İHB-nın 05 fevral 1999-cu il tarixli sərəncamı və s.) əsasında özünə fərdi yaşayış evi inşa etmiş, istər torpaq sahəsi, istərsə də fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Həmin hüquq məyyənedici sənədlər isə qüvvədə olmaqla, mübahisələndirilməmişdir. Cavabdeh ona ayrılmış torpaq sahəsində mübahisəli fərdi yaşayış evini inşa etmiş, keçən uzun müddət ərzində oradan yaşayış sahəsi kimi istifadə etmişdir (eyni zamanda, keçən müddət ərzində cavabdehin yaşadığı ev kommunal xidmətlərlə təmin edilmişdir). Xüsusilə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini pozaraq, cavabdehə mülkiyyət hüququ əsasında məxsus olan fərdi yaşayış evini özbaşına tikili kimi, mülkiyyətdə olan torpaq sahəsini isə özbaşına yiyələnmə kimi xarakterizə etmiş bununla əlaqədar olaraq həmin fərdi yaşayış evinin cavabdehin öz hesabına sökülməsi qənaətinə gəlmişdir (eyni zamanda istər iddiaçı iddia ərizəsində, istərsə də birinci instansiya məhkəməsi cavabdehə məxsus daşınmaz əmlakın ünvanını düzgün müəyyən etməmişdir). Məhkəmə kollegiyası iş üzrə tam və hərtərəfli araşdırma aparılması və şikayətin dəlillərinə təqdim olunmuş sübutlara birlikdə düzgün hüquqi qiymət verilməsi məqsədilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspert qarşısında aşağıdakı sualları qoymuşdur: - ünvan 3 ünvanda yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (Seriya MH № 0101384, reyestr № **********97-10301, qeydiyyat № **********, qeydiyyat tarixi 29.01.2008) və 23 yanvar 2008-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən daşınmaz əmlaklar (torpaq sahəsi və fərdi yaşayış evi), həmçinin həmin ünvandan keçən iddiaçının iddia etdiyi diametri 325 mm-lik orta təzyiqli əhali qaz kəməri yerində müəyyən edilsin. - Qeyd edilən ünvanda çıxarışda göstərilən daşınmaz əmlakdan kənar əlavə (özbaşına) tikililər vardırmı, vardırsa tərtib olunmuş sxemdə yeri dəqiq göstərilsin. - Qeyd edilən ünvanda İddiaçı İB-nin qaz kəmərinin (diametri 325 mm-lik orta təzyiqli qaz kəməri) mühafizə zonasında cavabdehə məxsus hər hansı tikili yerləşirmi, yerləşirsə həmin tikili daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (Seriya MH № 0101384, reyestr № **********97-10301, qeydiyyat № **********, qeydiyyat tarixi 29.01.2008) və 23 yanvar 2008-ci il tarixdə tərtib edilmiş texniki pasportda öz əksini tapmışdırmı? İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2021-ci il tarixli ekspert rəyindən görünür ki, həmin suallara aşağıdakı kimi cavab verilmişdir: - İddiaçı İB-nə məxsus diametri 325 mm-lik orta təzyiqli qaz xəttindən ünvan 3 ünvanında Cavabdeh istifadəsində və iş materiallarında olan çıxarış və texniki pasportda qeyd edilməyən 4.5X29.0 metr ölçüdə olan tikili ilə İddiaçı İB-yə məxsus diametri 325 mmlik yerüstü orta təzyiqli qaz xətti arasındakı məsafənin 0,5 metr olduğunu və “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı qərarının 5 nömrəli əlavəsinə əsasən orta təzyiqi (0,05-dən 3-ə qədər (kqq/sm)) yerüstü qaz kəmərində yaşayış və ictimai binalara qədər olan məsafənin 5 metr təşkil etdiyini nəzərə aldıqda, Cavabdeh istifadəsində olan4.5X29 metr ölçüdə olan tikilinin İddiaçı İB-yə məxsus diametri 325 mm-lik yerüstü orta təzyiqli qaz xəttinin mühafizə zonasına düşdüyü müəyyən edilir. Göründüyü kimi, ekspert rəyinə əsasən qaz xəttinin mühafizə zonasına iddia ərizəsində nəzərdə tutulan fərdi yaşayış evi deyil, həmin evin yerləşdiyi və cavabdehə mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsində inşa edilmiş digər tikili düşür. İddia tələbi isə həmin tikili ilə əlaqədar deyil, məhz fərdi yaşayış evinin sökülməsi ilə bağlı olmuşdur. İddiaçının iddia ərizəsinə əlavə etdiyi 10 iyul 2017-ci il tarixli aktda da məhz fərdi yaşayış evinin mühafizə zonasına düşdüyü qeyd edilmişdir. Həmçinin qeyd edilməlidir ki, qeyd edilən tikililər mühafizə zonasına düşdüyü təqdirdə belə həmin torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olduğundan onların ədalətli əvəzi ödənilmədən, iddiaçının öz vəsaiti hesabına sökülməsi barədə tələbin qanuni və faktiki əsası mövcud deyildir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd edilməlidir ki, Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi kifayət deyildir. Məsələn, «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işində Məhkəmə müdaxiləyə haqq qazandırılmasının aşağıdakı mühüm prinsipini ifadə etmişdir: - «… Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi… Bü cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Yordanov və qeyrilərinin Bolqarıstana qarşı» iş üzrə 24 aprel 2012-ci il tarixli qərarında Məhkəmə hesab etmişdir ki, Yordanovun və başqalarının Sofiya şəhərində yaşadıqları icazəsiz tikilmiş müvəqqəti tikilidən çıxarılmaları demokratik cəmiyyətdə zərurilik prinsipinə uyğun deyil və insanların şəxsi və ailə həyatına hüququnu müəyyən edən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir. Həmin qərarda insanların illər ərzində yaşadıqları evlərdən çıxarılması onların həyat tərzinə, ev, şəxsi həyat və ailə həyatına hörmət hüquqlarına müdaxilə kimi qiymətləndirilmişdir. Göründüyü kimi iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almamış, iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. Bu hal isə MPM-nin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğv edilməsi üçün tam əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin olunmamaldır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı 100 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(002)-59/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(002)-59/2019 saylı qətnaməsi ləğv edilsin, iddia təmin olunmasın. Məhkəmə xərci iddiaçıya aid edilsin. İddiaçıdan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-72/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-72/2021
09.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver