Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-72/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X21 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının prosessual hüquqi varisi X4, cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Cavabdeh (üçüncü şəxslər Bakı şəhəri 50 saylı Notariat Kontoru, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi və X11) qarşı “mənzilə payların müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(007)-3779/2018 saylı qətnaməsindən Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh, 3-cü şəxslər X13, AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 50 saylı Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.10.2015-ci il tarixdə vəfat etmiş oğlu X2 miras qalmış əmlakların qəbul edilməsi faktının müəyyən edilməsi, cavabdehə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsi, bunların əsasında verilmiş Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 37 saylı evin 5 saylı mənzilinə və ünvan 1 ünvanda yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə dair Çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, 09.10.2015-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda vəfat etmiş oğlu X2 miras qalmış əmlakların qəbul edilməsi faktının müəyyən edilməsi, cavabdehə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsi, bunların əsasında verilmiş Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 37 saylı evin 5 saylı mənzilinə və ünvan 1 ünvanda yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə dair Çıxarışların ləğv edilməsi, miras əmlakların ½ hissəsinə payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(007)- 3779/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin qanuni nümayəndəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(007)-3779/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 27.08.2010-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 37 saylı evin 5 saylı mənzili X3 mülkiyyətindədir. Həmin əmlak X20 Soltanovun birgə nikahda olduqları zaman alınmışdır. O, hal-hazırda həmin mənzildə yaşayır və Kamranın qanuni nümayəndəsi şəxsində mirası faktiki olaraq qəbul etmişdir. İddiaçı mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti üzrsüz olaraq buraxmış və miras əmlakı faktiki olaraq qəbul etməmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27.02.2018-ci il tarixli, 2(004)- 1148/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 26 ünvanda yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsində 4/5 hissəsində X12, 1/5 hissədə isə Cavabdeh payı müəyyən edilmişdir. Lakin həmin mülki işə baxılan zaman cavabdeh olan X7 artıq 3 ildir ki, vəfat etmişdi. Məhkəmə bunu da nəzərə almamışdır. Eləcə də həmin qətnamədən narazı qalan üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(007)- 3779/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 26 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1148/2018 saylı, 27.02.2018-ci il tarixli icra vərəqəsinə və 03.08.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən paylı mülkiyyətdə olmaqla 1/5 hissəsi Cavabdeh adına, 4/5 hissəsi isə X12 adına 16.08.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hal-hazırda onların paylı mülkiyyətlərindədir. Bundan əlavə, ünvan 3 ünvanında yerləşən mənzilə dair Cavabdeh ilə X11 arasında 30 noyabr 2018-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi bağlanılmış və sözügedən mənzilə dair 05.12.2018-ci il tarixdə X8 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Belə ki, müvafiq mənzil və qeyri-yaşayış sahəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında qeydiyyatdan keçmişdir. Lakin müvafiq iş materialları birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmamış, yuxarıda qeyd olunan hallar məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə düzgün qətnamə qəbul edilməmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması üçün müvafiq mənzilin hazırkı mülkiyyətçisi X11 məhkəmə tərəfindən 3-cü şəxs qismində cəlb edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-5337/2019 saylı, 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsinin 09.10.2015-ci il tarixində vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə və Bakı şəhəri Yasamal rayonu, Z.Xəlilov küçəsi 26 saylı qeyri yaşayış sahəsinin 1/5 hissəsinə dair Cavabdeh adına verilmiş vərəsəlik haqqında şəhadətnamələr və onların əsasında verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarışların ləğv edilməsi, İddiaçı mərhumun qanun üzrə vərəsəsi kimi tanınmaqla onun payı Bakı şəhəri Yasamal rayonu, Z.Xəlilov küçəsi 26 saylı qeyri-yaşayış sahəsindən mərhumun 1/5 hissədə payının ½ hissəsinə tanınmaqla, həmin qeyri-yaşayış sahəsinin digər ½ hissədə payının isə Cavabdeh tərəfindən qəbul olunması üçün açıq saxlanılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(102)- 6868/2019 nömrəli qərarı ilə Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.06.2019-cu il tarixli 2(103)-5337/2019 nömrəli qətnaməsi qeyri-yaşayış sahəsinə payların müəyyən edilməsi hissəsində ləğv edilmiş, ünvan 4 ünvanında yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə X3 payı ½ hesab edilmiş və bu paya İddiaçı payı ½ hissə müəyyən edilmiş, Cavabdeh ünvan 4 ünvanında yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi üzrə ½ hissə payı isə qəbul olunmaq üçün açıq saxlanılmış, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.06.2019-cu il tarixli 2(103)- 5337/2019 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Eləcə də, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 24 iyun 2019-cu il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə payların müəyyən olunmasına dair hissədə mülki işin 2(103)-5337/2019 saylı mülki işdən ayrıca icraata ayrılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 02.03.2020-ci il tarixli 2(103)-2835/2020 saylı qərardadı ilə iddiaçı Soltanova Arifə Əbilqasım qızının cavabdehlər Cavabdeh, X11, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və Bakı şəhəri 52 saylı Notariat Kontoruna qarşı “ləyaqətsiz vərəsə hesab olunma, mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə yekun qərar çıxarılanadək hazırki iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 06.12.2021-ci il tarixli 2(103)-288/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “şəhadətnamənin, çıxarışın ləğvi, mirasın qəbul edilməsi faktının müəyyən olunması” tələblərinə dair mülki işin icraatı təzələnmişdir. Apellyasiya baxışı zamanı cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin nümayəndəsi X14 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının prosessual hüquqi varisi X10 apellyasiya şikayətlərinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş üzrə digər 3-cü şəxslər Bakı şəhəri 50 saylı Notariat Kontoru və X11 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq 3-cü şəxslər Bakı şəhəri 50 saylı Notariat Kontoru və X6 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin “Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə payların müəyyən olunması”na dair hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı miras əmlaka faktiki sahiblik və ondan istifadə etdiyi üçün, Cavabdeh isə notariat kontoruna müraciət etməklə vərəsəlik haqqında şəhadətnamələr aldığı üçün hər iki şəxs mərhum X3 birinci növbəli vərəsələri olmaqla mirasdan bərabər pay əldə etməlidirlər. Ona görə də Cavabdeh adına verilmiş vərəsəlik haqqında şəhadətnamə və onun əsasında verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarış ləğv edilməli İddiaçı mərhumun qanun üzrə vərəsəsi kimi tanınmaqla Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə ½ hissədə onun payı tanınmalı, digər ½ hissədə pay isə Cavabdeh tərəfindən qəbul olunmaq üçün açıq saxlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. Apellyasiya baxışı zamanı təqdim edilmiş məhkəmə qərarlarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh, X8 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 52 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi, vərəsəlik hüququndan məhrum edilməsi, ünvan 3 sayı mənzilinin cavabdehlər Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə ilə X11 arasında Bakı şəhəri 52 saylı Notariat Kontorunda bağlanmış 12 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, bu müqavilə əsasında hüquqların qeydiyyatı çıxarışının ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(007)- 79/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(103)-5768/2020 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 02.08.2021-ci il tarixli, 2(102)- 3245/2021 saylı qərarı ilə iddiaçının prosessual hüquqi varisi X5 verdiyi şikayətlər təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(007)- 79/2020 nömrəli qətnaməsi qüvvədə saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, Cavabdeh (onun adından qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən imza edilmişdir) ilə X11 mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlamışlar, X11 əmlakın dəyərini Cavabdeh (onun adından qanuni nümayəndəsi Qanuni nümayəndə) ödəməklə əmlakı qəbul etmiş, sonrakı hərəkətləri edərək mənzili mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata aldırmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, 5 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə 25 avqust 2017-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh həmin mənzili satarkən, mənzilin bölünməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olmamışdır. Belə ki, iddiaçının qeyd etdiyi məhkəmə qətnaməsi 12 noyabr 2018-ci il tarixdə qəbul edilsə də, Cavabdeh mübahisəli mənzili satanadək, yəni 30 noyabr 2018-ci il tarixədək öz qanuni qüvvəsini almamışdır. Həmçinin həmin işlə bağlı mübahisəli əmlakın özgəninkiləşdirilməsinin yol verilməməsinə dair iddianın təmin tədbiri və ya başqa məhdudiyyət mövcud olmamışdır. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, X11 vicdanlı əldə edən olduğuna görə də təmin oluna bilməz. Cavabdeh və X11 arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli əqdin həqiqi olmaması üçün Mülki Məcəllənin 140-cı maddəsində müəyyən edilən hallar mövcud deyildir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıbdaşımaması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası, Mülki Prosessual Məcəllənin qeyd olunan normasına və Konstitusiya Məhkəməsinin Plenum Qərarının tələblərinə istinad edib mülki iş materiallarına əlavə olunmuş və qanuni qüvvəsini almış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(007)- 79/2020 nömrəli qətnaməsinə istinad edərək qeyd edir ki, X4 anası İddiaçı mərhum oğlundan miras qalmış əmlaka ½ hissədə pay hüququ tanınsa da, A.İddiaçı hüquqi varisi X4 ½ hissədə pay hüququ olsa da, Qanuni nümayəndə X4 mərhum anasının ½ hissədə pay hüququnun tanınmasına dair çıxarılmış məhkəmə qətnaməsi qanuni qüvvəsini almamış həmin daşınmaz əmlakı alqı-satqı müqaviləsi əsasında X1, sonuncu şəxsin həmin əmlaka münasibətdə vicdanlı alıcı hesab edilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi çıxarılmışdır. Odur ki, iddia tələbi “Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə payların müəyyən olunması”na dair hissədə rədd olunmalıdır. Bununla yanaşı, kollegiya qeyd edir ki, Mülki Məcələnin 1292.1-ci maddəsinə əsasən hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. Həmin Məcəllənin 1293-cü maddəsinə əsasən pay miras şərikinə verildikdən sonra satın almaqda üstünlük hüququna xitam verilir. Həmin Məcəllənin 1294-cü maddəsinə əsasən payın özgəninkiləşdirildiyi halda kreditorun tələbini təmin etmək vəzifəsi payı əldə edənə həmin payın miqdarına uyğun olaraq keçir. İddiaçının prosessual hüquqi varisi X4 mərhum anasından qalmış miras əmlakına münasibətdə ½ hissədə pay hüququnun məhkəmə qaydasında təsdiq olunması, lakin həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsi səbəbindən onun satışından əldə olunmuş pul məbləğinə münasibətdə ½ hissədə pay hüququ yaranır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak etmiş iddiaçının prosessual hüquqi varisi X10 izahatında bildirmişdir ki, mənzilin satılması ilə əlaqədar dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişlər. Abşeron Rayon Məhkəməsinin 2(012)-494/2022 saylı, 17.01.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 37 saylı evin 5 saylı mənzilinin satışından əldə olunmuş pul vəsaitinə ½ hissədə münasibətdə, yəni 26500 (iyirmi altı min beş yüz) manat pul vəsaitinin və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumunun cavabdeh Qanuni nümayəndə iddiaçı X4 xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə X4 anası İddiaçı mərhum oğlundan miras qalmış əmlaka ½ hissədə pay hüququ olsa da, Cavabdeh əvəzinə Qanuni nümayəndə ilə alıcı X11 arasında bağlanmış alqı-satqı müqaviləsinə sonuncu şəxsin həmin əmlaka münasibətdə vicdanlı alıcı hesab edilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi çıxarıldığından, həmin mənzilə payların müəyyən edilməsi hissəsində iddia tələbi rədd edilməlidir. Hazırkı halda, iddiaçının prosessual hüquqi varisi X10 yalnız mübahisəli mənzilin satılması ilə əlaqədar malik olduğu payın miqdarına uyğun dəymiş ziyanın əvəzini tələb edə bilər ki, sonuncu da məhz dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə payların müəyyən olunması”na dair hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(007)- 3779/2018 saylı qətnaməsi – “Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə payların müəyyən olunması”na dair hissədə ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2(103)-72/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-72/2022
18.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver