Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-72/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Cavabdeh qarşı iş üzrə ( Açar sözlər: özbaşına tikilinin sökülməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), İx oğlu və Sx oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı Şirkətinin nümayəndəsi X5, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Şirkətinin Cavabdeh qarşı cavabdehin 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması tələbinə dair iddiası üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-6864/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri İcra hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən X3 və istismarı birliyi (Birlik) ilə Cavabdeh (İcarədar) arasında bağlanmış xx.xx.1999-cu il tarixli, 22/92 nömrəli müqaviləyə əsasən Sulutəpə qəsəbəsində 0,10 hektarlıq 51a/151a nömrəli bağ sahəsi 20 illik müddətə birlik tərəfindən icarədara icarəyə verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Şirkətin Saziş ərazisi hüdudları və 3 saylı mədənin 6-cı sahəsi daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh şirkətin saziş ərazi hüdudları daxilində lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına tikinti inşa etmişdir. Həmin torpaq sahəsinin yerləşdiyi tikili coğrafi koordinatlar 901-İİQD saylı 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 296 saylı xx.xx.2004-cü il tarixli Sərəncamında göstərilən Saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir və həmin torpaq sahəsindən İddiaçı şirkətinin müstəsna istifadə hüququ vardır. Həmin tikinti şirkətin qanunla qorunan hüquqlarını pozur.
4. Cavabdeh iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, bağ sahəsi uzun illərdir ki, onun istifadəsindədir və daş hasara alınmışdır. Hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Bundan başqa, icarə müqaviləsi mübahisələndirilməmiş və öz qüvvəsini saxlayır. İddia ərizəsində iddiaçı formal mülahisələrə əsaslanmış və iddiası əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir.
5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 6864/2018 nömrəli qətnaməsi ilə (hakim A.Ə.Rzayev) iddia təmin edilərək, Cavabdeh Şirkətin saziş ərazisi hüdudları, 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh İddiaçı şirkətinin qanuni sahibliyində olan kontrakt sahəsinin hüdudları daxilində tikinti aparmışdır. Hal-hazıradək nə torpaq sahəsi, nə də ki, onun üzərində tikilmiş tikiliyə dair cavabdehin hüquqlarının dövlət reyestrində qeydə alınması məhkəmədə müəyyən edilmədi. Torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir. Bu istifadə hüququ qanunla qorunur. Lakin həmin torpaq sahəsi cavabdehin qanunsuz istifadəsindədir.
7. Məhkəmə həmçinin hesab etmişdir ki, hazırki iddianın təmin edilməsini istisna edən yeganə hal tikilinin və ya torpaq sahəsinin cavabdehin qanuni mülkiyyətində olması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsidir. Hazırki vəziyyətdə məhkəmədə belə bir sübutlar müəyyən edilmir. Əksinə sübut edilir ki, torpaq cavabdehin mülkiyyətində deyil.
8. Bundan əlavə, hazırki vəziyyətdə tikiliyə onu aparmış şəxsin mülkiyyət hüququ da tanına bilmir. Belə ki, tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxlərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3, 157.8, 158.1.2, 158.4, 180-cı maddələrinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 218.3 və 218.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, məhkəmə prosesində onun iştirakı təmin edilməmişdir. xx.xx.1999-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağ massivində yerləşən 51a/151a saylı bağ sahəsi onun icarəsinə verilmişdir. Bağ sahəsi uzun illərdir ki, iddiaçının istifadəsindədir və daş hasara alınmışdır. O, dəfələrlə bu sahənin özəlləşdirilməsi məqsədilə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə sonuncu dəfə xx.xx.2016-cı il tarixdə müraciət etmiş, lakin xx.xx.2016-cı il tarixli məktubla ərizənin icrasından imtina edilmişdir. İmtina məktubunda idarənin elektron baza məlumatlarına əsasən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu, bağ sahəsinin 500 kv.m. hissəsinin bağçılıq yoldaşlığın ayrıc aktından kənara düşdüyü qeyd edilmişdir. İmtina məktubu tərəfindən mübahisələndirilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış və iddiası təmin olunmuşdur. ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən apelyasiya şikayəti verildiyindən hal-hazırda iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək şikayətin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılmasını xahiş etmişdir.
13. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur, şikayət formal xarakter daşımaqla heç bir sübuta və dəlilə əsaslanmadan, yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin icrasının gecikdirilməsi məqsədi ilə verilmişdir. Cavabdeh xx.xx.1999-cu il tarixli icarə müqaviləsi əsasında istifadə etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağ massivində yerləşən 51a/151a saylı bağ sahəsinin özəlləşdirilməsi ilə əlaqədar dəfələrlə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə rəsmi müraciət etmiş, lakin nəticədə həmin idarədən imtina cavabı almışdır. İmtina məktubundan da göründüyü kimi, DƏDRX qeyd olunan torpaq sahəsi ARDNŞ-nə (hazırda Saziş əsasında İddiaçı şirkətinə) məxsus olduğu üçün bu torpaq sahəsinin cavabdehin adına rəsmiləşdirilməsinə razılıq verməmişdir. Cavabdeh isə həmin torpaq sahəsini zəbt edərək özü üçün yaşayış evi inşa etmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. İşə apellyasiya qaydasında baxılarkən xx.xx.2018-ci il tarixdə xx.xx.1999-cu il tarixdə bağlanmış 22192 saylı müqavilə əsasında Cavabdeh icarəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağ massivində yerləşən 51a/151a saylı bağ sahəsinin «Birlik» X3 və İstismarı Birliyinin istifadəsinə verilmiş ərazilərə aid olub-olmadığının müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 15265 saylı ekspert rəyinə əsasən naturada iddia olunan torpaq sahəsi (koordinatları müəyyən edilmiş torpaq sahəsi) üzərində fərdi yaşayış evi olmaqla 1035 m2 təşkil edir və elektron baza məlumatlarına əsasən tam olaraq İddiaçı Şirkətinin kontrakt sahəsinin hüdudları daxilində yerləşir. xx.xx.1999-cu il tarixdə bağlanmış 22192 saylı müqavilə əsasında Cavabdeh icarəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağ massivində yerləşən 51a/151a saylı bağ sahəsinin koordinatları, miqyası və yaxud hər hansı istinad nöqtəsindən məsafə və ölçüləri göstərilməklə yerləşmə cizgisi, eyni zamanda «Birlik» X3 və İstismarı Birliyinin istifadəsinə verilmiş ərazinin ayrıc aktının olmaması səbəbindən müvafiq araşdırma və ekspertiza qarşısında qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır.
16. Bu səbəbdən xx.xx.2020-ci il tarixli qərardadla iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi "xxxx" MMC-nin mütəxəssisləri cəlb edilməklə X1 ekspertlərinə tapşırılmışdır.
17. X1 xx.xx.2020-ci il tarixli, 289 saylı ekspert rəyinə əsasən X6 ayrılmış və onun faktiki istifadəsində olan torpaq sahəsinin 587 kv.metri “Birlik” X3 və İstismarı Birliyinin istifadəsinə verilmiş ərazilərin hüdudlarından kənarda, faktiki olaraq İddiaçı Şirkətinə təhvil verilmiş ərazi hüdudları daxilindədir. X8 tərəfindən inşa edilmiş tikilinin 152 kv.m-lik hissəsi «Birlik» X3 və İstismarı Birliyinin hüdudları daxilində, 43 kv.m-lik hissəsi isə xx.xx.2004-cü il tarixdə «Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X17 Bi.Vi və ARDNŞ-nin Ortaq Şirkəti arasında bağlanmış Sazişə əsasən İddiaçı Şirkətinə təhvil verilmiş əraziyə düşür.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-50/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.A.Cəmilova (sədrlik edən və məruzəçi), V.M.Məmmədov və N.Ş.Cəfərov) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6864/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi qismən - Cavabdeh şirkətin Saziş ərazisi hüdudları, 3 saylı mədənin 6-cı sahəsində və şirkətin Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilinin 992 kv.metr hissəsindən çıxarılması, həmin hissədə tikilinin cavabdehin hesabına sökülməsi və 413 kv.metr torpaq sahəsinin boşaldılaraq İddiaçı şirkətinin qanuni istifadəsinə verilməsi hissəsində ləğv edilib həmin hissədə iddianın rədd edilməsi, Cavabdeh inşa etdiyi özbaşına tikilinin 43 kv.metr hissəsindən çıxarılması, həmin hissədə tikilinin cavabdehin hesabına sökülməsi və 587 kv.metr torpaq sahəsinin İddiaçı şirkətinin qanuni istifadəsinə verilməsi hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq öz mövqeyini onunla əsaslandırmışdır ki, ekspert rəyinə əsasən X6 ayrılmış və onun faktiki istifadəsində olan torpaq sahəsinin 587 kv.metri “Birlik” X3 və İstismarı Birliyinin istifadəsinə verilmiş ərazilərin hüdudlarından kənarda, faktiki olaraq İddiaçı Şirkətinə təhvil verilmiş ərazi hüdudları daxilindədir. X8 tərəfindən inşa edilmiş tikilinin 152 kv.m-lik hissəsi «Birlik» X3 və İstismarı Birliyinin hüdudları daxilində, 43 kv.m-lik hissəsi isə xx.xx.2004-cü il tarixdə «Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X17 Bi.Vi və ARDNŞ-nin Ortaq Şirkəti arasında bağlanmış Sazişə əsasən İddiaçı Şirkətinə təhvil verilmiş əraziyə düşür.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, X1 289 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsaslanaraq həmin rəydə müəyyən edilmiş hallarla bağlı qismən, Cavabdeh Şirkətin saziş ərazisi hüdudları, 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilinin 992 kv.m. (1035 kv.m.- 43 kv.m. = 992 kv.m.) hissəsindən çıxarılması, həmin hissədə tikilinin cavabdehin hesabına sökülməsi və 413 kv.m. (1000 kv.m.- 587 kv.m. = 413 kv.m.) torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə verilməsi hissələrində ləğv edilərək iddia tələbləri həmin hissələrdə rədd edilməli, qətnamə qalan-cavabdehin özbaşına tikilinin 43 kv.m. hissəsindən çıxarılması, həmin hissədə tikilinin cavabdehin hesabına sökülməsi və 587 kv.m. torpaq sahəsinin iddiaçının qanuni istifadəsinə verilməsi hissələrində dəyişdirilmədən saxlanılmalı, bununla da apellyasiya şikayəti qismən təmin olunmalıdır.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180, Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
22. İddiaçı şirkəti kassasiya şikayəti verərək cavabdehin istifadəsində olan ərazinin “Azneft” İstehsalat Birliyinin daimi istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşməsini və bunun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin işdə olan xx.xx.2016-cı il tarixli məktubu, Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə təsdiq olunmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsinin hər hansı bir zərurət olmadan təyin etdiyi ekspertiza əsasında “X4” MMC tərəfindən verilmiş xx.xx.2020ci il tarixli ekspert rəyinə əsaslanaraq ərazinin bir hissəsinin “Birlik” BTİİB-nin istifadəsinə verilmiş əraziyə, bir hissəsinin isə şirkətin ərazisinə düşməsi barədə nəticəyə gəlməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən və qanunun tələblərinə uyğun əsaslandırılmadan çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3994/2021 nömrəli qərarı ilə (hakimlər İ.R.Xələfov (sədrlik edən və məruzəçi), G.A.Quliyev və Z.Ə.Əliyevdən ibarət tərkibdə) İddiaçı Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-50/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
24. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan məhkəmə instansiyaları tərəfindən mübahisəli torpaq sahəsinin şirkətə və yaxud Bağlar Birliyinə məxsus olmasına aydınlıq gətirilməsi məqsədi ilə müəyyən araşdırmalar aparılmağa cəhd göstərilsə də, son nəticədə tam və hərtərəfli aparılmış ekspertiza tədqiqatına əsaslanan etibarlı mütəxəssis rəyinin alınması təmin olunmamış və belə bir qeyri-müəyyən vəziyyətdə qətnamə qəbul edilmişdir.
25. Məhkəmə iş materiallarında olan mütəxəssis rəylərini təhlil edib onlara qiymət vermədən, həmin rəyləri təkzib etmədən X1 rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi sonuncu rəyi mübahisəsiz sübut kimi qəbul edərkən həmin rəyin mötəbərliyinə qiymət verməmişdir.
27. Rəydən görünür ki, ekspert qarşısında qoyulmuş sualda yalnız 51a/151a saylı bağ sahəsi ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi tələb olunmuş və ekspertiza tədqiqatı da yalnız o istiqamətdə aparılmışdır.
28. Rəyə görə ekspert yalnız X3 və İstismarı Birliyinin sxematik planına əsasən tədqiqat aparmışdır. Həmin sxematik planın kim tərəfindən təqdim olunması, əvvəllər nəyə görə təqdim olunmaması, planın nədən ibarət olması rəydən görünmür.
29. Həmin rəy, onun məzmunundan göründüyü kimi əraziyə baxış keçirilmədən iddiaçının, cavabdehin və Reyestr Xidmətinin nümayəndəsinin iştirakı təmin edilmədən verilmişdir. Mübahisəli torpaq sahəsinin hər iki əraziyə düşməsinin necə müəyyən olunması rəydə şərh edilməmiş, rəy hərtərəfli və tam aparılmamış ekspertiza tədqiqatına əsaslanmışdır.
30. Məhkəmə kollegiyası evin 43 kv.metr hissəsinin şirkətin ərazisinə düşməsinə əsaslanıb evin həmin hissədə sökülməsini qət edərkən bunun nə dərəcədə evin dayanıqlığına və möhkəmliyinə təsir edəcəyini və həmin hissənin sökülməsinin texniki norma və inşaat qaydalarına nə dərəcədə uyğun olmasını və bunun mümkünlüyünü yoxlamamış və bununla əlaqədar mütəxəssis rəyinin alınmasını təmin etməmişdir.
31. Göstərilən ziddiyyətli və qeyri-müəyyən vəziyyətdə işdə olan mütəxəssis rəyləri konkret nəticəyə gəlmək üçün əsas vermədiyindən, kollegiya hesab etmişdir ki, Dövlət Reyestr Xidmətinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndələrinin və tərəflərin iştirakı təmin edilməklə ekspertiza keçirilməli və mübahisəli hüquq münasibətinə aydınlıq gətirilməlidir.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat
Proses iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, işdə olan sxematik xəritə və digər sənədlərin surətləri hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında dayandırılmış olan iş materiallarından götürülərək hazırki işə əlavə edilmişdir.
33. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, neft əməliyyatları yalnız hazırkı dövrü əhatə etmir. Belə ki, bir müddət sonra geoloqlar tərəfindən oraya gedib, neft quyusu qazıla bilər.
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 13. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5 Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
36. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Maddə 46. Dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
37. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
38.İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malik dir.Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsip ləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz.
39. “X2 Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı.
40. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı.
41. “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı.
42. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı.
43. “Yordanov və başqaları Bolqarıstana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.
47. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir.
49. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.
50. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir.
51. Belə ki, məhkəmə kollegiyası tərəfindən kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən iş üzrə xx.xx.2021-ci il tarixli qərardadla əlavə tikinti-texniki ekspertizası təyin edilmişdir.
52. xx.xx.2023-cü il tarixli, 10/8406 nömrəli ekspert rəyində göstərilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsin 1 saylı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, **********70 nömrəli mütəxəssis rəyinə əsasən, göstərilən torpaq sahəsinin faktiki olaraq hasar daxili 0,1034 ha təşkil etdiyi, torpaq sahəsinin üzərində bir hissəsi sökülmüş fərdi yaşayış evinin mövcud olduğu, sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşdiyi və sahənin dövlət reyestrində qeydiyyata alınmadığı müəyyən olundu. Sözügedən torpaq sahəsinin və üzərində mövcud olan bir hissəsi sökülmüş fərdi yaşayış evinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hüdudları daxilində yerləşdiyi müəyyən edildi.
53. Bununla belə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki ekspert rəyi “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsin 1 saylı Ərazi idarəsinin mütəxəssis rəyinə əsaslansa da, həmin idarə tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2016-cı il tarixli **********92 nömrəli məktubda torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu, sözügedən bağ sahəsinin 500 kv.m hissəsinin bağçılıq yoldaşlığın ayrıc aktından kənara düşdüyü göstərilmişdir.
54. Göründüyü kimi, eyni idarənin verdiyi məlumatlar bir-biri ilə ziddiyət təşkil edir və məhkəmə kollegiyası hesab edir ki, bu ziddiyət cavabdehin ziyanına şərh edilə bilməz.
55. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisəli 0,10 ha torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğu qənaətinə gəlmişdir.
56. Lakin işdən görünür ki, həmin torpaq sahəsi cavabdehə Dövlət orqanı tərəfindən xx.xx.1999-cu il tarixdə icarəyə verilmişdir.
57. Həmin müqavilə öz hüquqi qüvvəsini itirməmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi cavabdehin qanunsuz istifadəsində olmamışdır.
58. Qeyd olunan torpaq sahəsi cavabdehə icarəyə verildikdən məhz bir neçə il sonra torpaq sahəsinin yerləşdiyi ərazi Dövlət tərəfindən iddiaçının istifadəsinə verilmişdir.
59. Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarından göründüyü kimi, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır.
60. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin(o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu iddia edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər.
61. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır.
62. Göründüyü kimi, Dövlət tərəfindən öz mülkiyyətində olan və cavabdehə icarəyə verilmiş torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmək hüququ cavabdehə verilmiş və cavabdeh bu hüququnu reallaşdırmaq üçün müvafiq Dövlət orqanına müraciət etmiş, lakin imtina aldığına görə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və artıq həmin məhkəmə tərəfindən onun xeyrinə qərar qəbul edilmişdir.
63. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.
64. 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın.
65. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə 24 aprel 2012-ci il tarixli qərarında hesab etmişdir ki, Yordanovun və başqalarının Sofiya şəhərində yaşadıqları icazəsiz tikilmiş müvəqqəti tikilidən çıxarılmaları demokratik cəmiyyətdə zərurilik prinsipinə uyğun deyil və insanların şəxsi və ailə həyatına hüququnu müəyyən edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir. Həmin qərarda insanların illər ərzində yaşadıqları evlərdən çıxarılması onların həyat tərzinə, ev, şəxsi həyat və ailə həyatına hörmət hüquqlarına müdaxilə kimi qiymətləndirilmişdir.
66. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, dövlət orqanları qanunsuz olaraq zəbt edilmiş torpağı geri almaq hüququna malik olsa da, qanunsuz yerləşməyə on illərlə göz yummuş və bununla ərizəçilərə qonşuluqda güclü əlaqələr yaratmaq və sosial həyat qurmasına imkan vermişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qaraçı icmasına daxil olan insanların yaşadıqları evlərdən çıxarılmasını qanunsuz hesab edərkən onlara alternativ yaşayış sahəsinin təklif olunmamasını və onların evsiz qalmaq riskinin nəzərə alınmamasını da əsas kimi göstərmişdir. İnsanların uzun illər ərzində özlərinin yaşayış yeri kimi istifadə etdikləri qanunsuz tikiliyə təxminən eyni münasibət İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X10rşı” qərarında da öz əksini tapmışdır.
67. Məhkəmə kollegiyası qeyd edir ki, oxşar iş üzrə “X2 Azərbaycana qarşı” şikayəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarında qeyd etmişdir ki, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə Azneft yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişlər (Yordanova § 127 və yuxarıda adı çəkilən digərləri).”
68. İşdə olan fotoşəkillərdən və xəritələrdən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında fərdi yaşayış evləri inşa edilmiş, küçələr salınmış, nizamnamə kapitalları Dövlətə məxsus təşkilatlar tərəfindən kommunal xidmətlərin göstərilməsi üçün xəttlər çəkilmişdir.
69. İşdən o da görünür ki, həmin ərazidə, cavabdehin icarəsinə verilmiş 51a/151a saylı bağ sahəsinin qonşuluğunda yerləşən 50b/150b saylı bağlı sahəsinə mülkiyyət hüququ digər şəxsin adına xx.xx.2015-ci il tarixdə Dövlət reyestrində qeydiyyata alınmışdır.
70. Belə olan vəziyyətdə iddiaçının həmin ərazinin, xüsusilə də cavabdehin qanuni istifadəsində olan 0,10 ha topraq sahəsinin neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğu da ağlabatan deyil.
71. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsindən cavabdehin çıxarılması, onun üzərində inşa edilmiş tikilinin sökülməsi yalnız ona kompensasiya ödənilməklə həyata keçirilə bilər.
72. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olduğu müəyyən edildiyindən, həmin torpaq sahəsinə cavabdehin “qanuni gözlənti”si olduğundan, onun üzərində inşa edilmiş tikilinin sökülməsini, həmin evdən çıxarılmasını tələb etməyə iddiaçının subyektiv hüququ yoxdur.
73. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tədbiqində səhvə yol vermiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamış, iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 6864/2018 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Şirkətinin Cavabdeh qarşı cavabdehin 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması tələbinə dair iddiası rədd edilsin. İddiaçı Şirkətindən 300 manat tutularaq X1 hesabına, 100 manat isə Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.