Məhkəmə qərarları › İş №2(103)-7201/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7201/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7201/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə” ilk iddiasına, cavabdeh MMC-nin iddiaçıya qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyul 2019-cu il tarixli qətnamədən cavabdeh MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh MMC-nin nümayəndəsi (qanunu təmsilçi, direktor) X1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 25.07.2019-cu il tarixli qətnamə (İş № 2(005)-2008/2019) ilə ilk iddianın təmin edilməsini, MMC tərəfindən ünvan 1 ünvanlarında inşa edilmiş çoxmənzilli yaşayış binasının “B” girişində, 9-cu mərtəbəsində yerləşən, sahəsi 83,26 kv.metr olan 2 otaqlı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin MMC-nin üzərinə qoyulmasını, MMC-nin iddiaçıya qarşı irəli sürülmüş “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” qarşılıqlı iddiasının təmin edilməməsini qət etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti əsasında mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 21.01.2020-ci il tarixli qətnamə ilə (İş № 2(103)- 1075/2020) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin cavabdeh MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən cavabdeh MMC-nin verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 12.08.2020-ci il tarixli qərar (İş № 2(102)-3057/2020) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Mülki işə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 03.11.2020-ci il tarixli qətnamə (İş № 2(103)-7623/2020) ilə cavabdeh MMCnin apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən cavabdeh MMC-nin verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 17.05.2021-ci il tarixli qərar (İş № 2(102)-2290/2021) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Odur ki, göstərilən səbəbdən Rayon Məhkəməsinin qətnaməsindən cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. Mülki işə yenidən baxan Məhkəmə bildirir ki, İddiaçı ilk iddiası və qarşılıqlı iddiaya etirazı onunla əsaslandırılmışdır ki, o, valideyni (iş üzrə üçüncü şəxs) Faviz İsayev ilə birgə uzun müddət ünvan 2 ünvanında yaşamışdır. 2017-ci ilin aprel ayında cavabdeh MMC onlara bildirmişdir ki, dövlət tərəfindən həmin ərazidə yeni bina tikintisi üçün həmin ərazi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə MMC-yə ayrılmışdır. Onlar qarşılıqlı razılığa gəlmişlər ki, onlar yaşadıqları mənzil MMC-yə təhvil verəcək, əvəzində isə, MMC, iddiaçıya və iddiaçının atası F.İsayev 2 ədəd mənzil verəcək. Bu zaman o, daha böyük mənzil istəmiş və cavabdeh MMC-nin nümayəndələri ona bildirmişlər ki, əgər o, aylıq kirayə haqqından imtina edər və əlavə ödəniş edərsə ona 2 otaqlı, sahəsi 83,26 kv.m. mənzilin verilməsi mümkündür. Beləliklə, 11.04.2017-ci il tarixdə bu şərtlər əsasında MMC ilə onların aralarında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı, 20 ay müddətində əlavə olaraq 10.000 manat MMC-yə ödəniş etməli idi. Bu barədə "xxxx" tərtib olunmuş və iddiaçı, MMC qarşısında üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmiş, MMCyə borcu qalmamışdır. Bu barədə ona 02.04.2018-ci il və 13.11.2018-ci il tarixli 2 ədəd "xxxx" verilmişdir. Lakin cavabdeh MMC heç bir əsas olmadan iddiaçıya 04.02.2019-cu il tarixli məktub göndərərək müqaviləni yerinə yetirməkdən imtina etmişdir. MMC-nin imtinasında göstərilən əsaslar ilə bağlı iddiaçı bildirir ki, atası F.İsayevin “razılıq verməsi barədə” barədə müqavilədə şərt yoxdur. Belə ki, iddiaçı ilə müqavilə bağlanan tarixdə F.İsayev ilə də ayrı müqavilə bağlanmışdır və F.İsayev ilə MMC arasında münasibətləri həmin müqavilə tənzimləyir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı, onunla cavabdeh MMC arasında bağlanmış müqavilənin şərtlərinə əməl etdiyindən iddiaçı ilə MMC arasında bağlanmış müqavilənin etibarsızlığı üçün heç bir əsas yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) olan MMC qarşılıqlı iddia üzrə iddia müddətini ötürmüşdür. İddiaçı “qarşılıqlı iddiaya iddia müddətinin tətbiq edilməsi barədə” ərizəni işə baxmış Rayon Məhkəməsinə təqdim etmişdir. İş üzrə cavabdeh MMC-nin ilk iddiaya etirazı və qarşılıqlı iddiası, habelə Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MMC ilə İddiaçı arasında 11.04.2017-ci il tarixdə 36 saylı müqavilə bağlanmışdır. “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər” barədə Azərbaycan Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı qərarına, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 01.12.2016-cı il tarixli, 412 saylı sərəncamına və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 01.12.2016-cı il tarixli, 02/05-İ764M rəyinə əsasən, ünvan 3 ünvanlarında yerləşən torpaq sahəsində mövcud yaşayış evlərinin sökülərək, yerində çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi üçün 0.535 ha torpaq sahəsi MMC-nin istifadəsinə verilmişdir. Yuxarıda göstərilən qərarın və sərəncamın icrası ilə əlaqədar olaraq Nərimanov rayonu, Möhsün Sənani küçəsi 17 və 19 ünvanlarında sakinlər MMC ilə müqavilə bağlayaraq ərazidən köçürülmüşlər və o cümlədən 12 saylı mənzilin mülkiyyətçisi olan F.İsayev də müqavilə bağlamaqla köçürülmüşdür. F.İsayev müqavilə bağlayan zaman bildirmişdir ki, ona məxsus mənzilin müəyyən bir hissəsini oğlunun – iddiaçının adına keçirəcək və ona görə də oğlunun adına müqavilə bağlamağı xahiş etmişdir. Bu səbəbdən MMC 11.04.2017-ci il tarixdə müqaviləni iddiaçı ilə bağlamışdır. Buna baxmayaraq F.İsayev müqavilənin bağlanmasına razılıq verməmişdir. Bu baxımdan hesab edilməlidir ki, MMC ilə iddiaçı arasında bağlanmış müqavilə etibarsızdır. İddiaçının F.İsayevə məxsus yaşayış sahəsində yaşaması və sahədən ona payın çatdırılması bilavasitə mülkiyyətçi F.İsayevə aid olan məsələdir. Yəni ilkin olaraq ataoğul münasibətləri və həmin evdə hansı hüququn əldə olunması onlara aid olduğundan MMC-yə aid deyil. MMC tərəfindən mənzilin əvəzində çatan nədir o da tərəflərə verilmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamış, ilk iddianı təmin, qarşılıqlı iddianı təmin etməmişdir. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğun gəlmir. İşə apellyasiya qaydasında baxılmanın iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə İddiaçı apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) MMC-nin nümayəndəsi (qanunu təmsilçi, direktor) A.Təhməzov apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətin dəlillərini müdafiə etdi və qarşılıqlı iddia ərizəsinin, habelə şikayətin məzmununa uyğun izahat verdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs F.İsayev apellyasiya şikayətin dəlilləri ilə razı olduğunu bildirdi və qarşılıqlı iddianın əsaslarına uyğun izahat verdi. O, bildirdi ki, iddiaçı onun övladı olsa da, bu mübahisədə haqlı deyil. Onlar ilə cavabdeh MMC arasında razılaşma qarşılıqlı iddiada qeyd edildiyi qaydada baş vermişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs X3 işə apellyasiya qaydasında baxılmanın iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bununla belə o, ərizə ilə Məhkəməyə müraciət edərək, mənzilin vicdanlı alıcısı olduğunu, həmin mənzili təmir etdiyini və MMC, İddiaçı, F.İsayev arasında olan mübahisədə onun heç bir təqsirinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, MPM-nin 376.2-ci maddəsinin tələbini nəzərə alaraq işə V.Zamanovun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ÖM seriyalı, 107648 nömrəli “Qeydiyyat vəsiqəsindən” görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi ünvanında yerləşən ümumi sahəsi 12 kv.m olan 1 otaqdan ibarət, 17 saylı mənzil (cavabdeh MMC tərəfindən sökülmüş və əvəzləşdirilmiş mənzil) tam mülkiyyət hüququ ilə (üçüncü şəxs) F.İsayevin mülkiyyətində olan əmlak kimi qeydiyyata alınmış və bu barədə 1229 saylı reyestr kitabının 184602 səhifəsində 24.07.2002-ci il tarixdə 30/184602 nömrəli qeyd aparılmışdır. F.İsayevin övladı – iş üzrə İddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 36 saylı, 11.04.2017-ci il tarixli müqavilədən görünür ki, MMC, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsinin 17 və 19 ünvanlarında yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitlə hormoniyasını itirmiş vəziyyətdə olan və F.İsayevə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, 12 kv.m olan ümumi sahəsinə 15-20% əlavə etməklə yeni binanın “B” blokunun 9-cu mərtəbəsində 2 otaqlı 83,26 kv.m ölçülü təmirsiz mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. İddiaçı 20 ay müddətində 10.000 manat MMC-yə ödəməlidir. İddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 36 saylı, 11.04.2017-ci il tarixli “Müqaviləyə əlavədən” (“Ödəniş cədvəlindən”) görünür ki, İddiaçı 20 ay müddətində, aylıq 500 manat olmaqla, cəmi 10.000 manat məbləğində pulu 01.08.2017-ci il tarixdən başlayaraq 01.03.2019-cu il tarixədək MMC-yə ödəməlidir. MMC-nin 36/01 saylı, 02.04.2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən MMC-yə 5.000 manat ödənilmişdir. MMC-nin 36/02 saylı, 13.11.2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən MMC-yə 5.000 manat ödənilmişdir. İddiaçı şirkətə borcu yoxdur. MMC tərəfindən iddiaçıya ünvanlanmış 1/25 saylı, 04.02.2019-cu il tarixli məktubdan görünür ki, MMC, iddiaçının atası F.İsayevə məxsus evin ümumi sahəsinə 15- 20% əlavə edilməklə “B” girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 83,26 kv.m olan, 2 otaqlı 1 mənzili mülkiyyətçiyə verməsini öhdəsinə götürmüş, göstərilən qeydiyyat vəsiqəsi üzrə mülkiyyətçi F.İsayevin 3 gün ərzində notarial qaydada razılığı olmalı, olmadığı təqdirdə tərəflər arasında bağlanmış 11.04.2017-ci il tarixli 36 saylı müqavilənin birtərəfli qaydada ləğv olunacağı bildirilmişdir. F.İsayevin MMC-yə ünvanladığı 29.01.2019-cu il və 15.02.2019-cu il tarixləri ərizələrindən görünür ki, o, MMC-yə müraciət edərək, ünvan 5 ünvanında yerləşən evə dair 11.04.2017-ci il tarixdə həmin MMC ilə bağlanmış müvafiq olaraq 37 və 36 saylı müqavilələrə xitam verilməsini xahiş etmiş, müqavilələrin istənilən şəxslə bağlanmasına etiraz etmədiyini bildirmişdir. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin bildirdiklərinə əsasən müəyyən edilir ki, 11.04.2017-ci il tarixli, 36 saylı müqavilə üzrə 80.000 manat məbləğində pul vəsaiti 15.02.2019-cu il tarixdə MMC tərəfindən F.İsayevə ödənilmişdir. İşdə olan sənədlərdən görünür ki, MMC ilə iş üzrə üçüncü şəxs V.Zamanov arasında bağlanmış 15.02.2019-cu il tarixli müqaviləyə əsasən, MMC, ümumi sahəsi 83,26 kv.m. olan 2 otaqlı, (mübahisəli) 118 nömrəli mənzil V.Zamanovun sahibliyinə verilmiş, sonuncunun həmin mənzil üzərində mülkiyyət hüququ 04.08.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göstərilənlərə və işdə olan digər sənədlərə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi ünvanında yerləşən ümumi sahəsi 12 kv.m olan 1 otaqdan ibarət, 17 saylı ev F.İsayevin mülkiyyətində olmuşdur. İddiaçı F.İsayevin övladıdır. O, həmin ünvanda qeydiyyatda olmaqla yaşamışdır. “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı qərarını rəhbər tutaraq Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 01.12.2016-cı il tarixli 412 saylı sərəncamına və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 01.12.2016-cı il tarixli 02/05-İ764M rəyinə əsasən, ünvan 7 ünvanlarında yerləşən torpaq sahəsində mövcud yaşayış evlərinin sökülərək, yerində çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi üçün 0,535 ha torpaq sahəsi cavabdeh MMC-nin istifadəsinə verilmişdir. MMC ilə iddiaçı arasında bağlanmış 11.04.2017-ci il tarixli, 36 saylı müqavilə ilə MMC, qeyd edilən ünvanda yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitlə harmoniyasını itirmiş vəziyyətdə olan və mülkiyyətçi F.İsayevə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş 12 kv.metr ümumi sahəsinə 15- 20% əlavə etməklə təmirsiz, 1 ədəd, 2 otaqlı, 83,26 kv.metr ölçülü mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi, mülkiyyətçi isə 20 ay müddətində 10.000 manat pulu MMC-yə ödəməsi öhdəliyini öz üzərilərinə götürmüşlər. İddiaçı tərəfindən 10.000 manat məbləğində pul MMC-yə ödənilmişdir. MMC tərəfindən İddiaçı 04.02.2019-cu il tarixdə məktub göndərərək, sökülməsi nəzərdə tutulan evin F.İsayevə məxsus olması qeyd edilməklə, 11.04.2017-ci il tarixli, 36 saylı müqaviləyə dair F.İsayevin notarial qaydada razılığının tələb olunması qeyd edilmiş, razılıq olmadığı təqdirdə tərəflər arasında bağlanmış həmin müqavilənin birtərəfli qaydada ləğv olunacağı barədə xəbərdar edilmişdir. F.İsayev 29.01.2019-cu il və 15.02.2019-cu il tarixlərdə ərizələrlə MMC-yə müraciət edərək, ünvan 5 ünvanında yerləşən evə dair 11.04.2017-ci il tarixdə həmin MMC ilə bağlanmış müvafiq olaraq 37 və 36 saylı müqavilələrə xitam verilməsini xahiş etmiş, müqavilələrin istənilən şəxslə bağlanmasına etiraz etmədiyini bildirmişdir. Qeyd edilən müqavilə üzrə 80.000 manat məbləğində pul vəsaiti 15.02.2019-cu il tarixdə MMC tərəfindən F.İsayevə ödənilmişdir. 15.02.2019-cu il tarixli müqavilə ilə MMC ümumi sahəsi 83,26 kv.m. olan 2 otaqlı, 118 nömrəli mənzil V.Zamanovun sahibliyinə verilmiş, sonuncunun həmin mənzil üzərində mülkiyyət hüququ 04.08.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, İddiaçı onunla cavabdeh MMC arasında bağlanmış müqavilə üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri qeyrişərtsiz yerinə yetirmiş, lakin MMC müqavilədə nəzərdə tutulmamış müddəanı əsas gətirərək, mənzilin təhvil verilməsi üçün mülkiyyətçi F.İsayevin notarial qaydada razılığının tələb olunduğunu əsas gətirərək mənzilin İddiaçı təhvil verilməsindən imtina etməklə müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Rayon Məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı hesab etmişdir ki, İddiaçı ilə MMC arasından bağlanmış müqavilədə mülkiyyətçi F.İsayevin razılığın tələb olunması müddəası mövcud deyil və MMC bu şərtin mövcud olmasını sübut edə bilməmişdir. Bundan başqa Rayon Məhkəməsi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı olan MMC tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, qarşılıqlı iddia üzrə iddia müddətinin axımı 11.04.2017-ci il tarixdən başlamış, lakin MMC qarşılıqlı iddianı 30.05.2019-cu il tarixdə Rayon Məhkəməsinə təqdim etmişdir. Rayon Məhkəməsi İddiaçı ilk iddiasına hüquqi qiymət verərək bildirmişdir ki, MMCnin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, MMC, onunla İddiaçı arasında bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Buna görə də MMC, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Göstərilənlərə əsasən işə baxmış Rayon Məhkəməsi ilk iddianın əsaslı, qarşılıqlı iddianın isə əsassız olması nəticəsinə gəlmişdir. Məhkəmə, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və bildirir ki, hazırki işin düzgün həlli üçün ilk növbədə iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddia üzrə Rayon Məhkəməsinin gəldiyi nəticənin düzgünlüyü araşdırılmalıdır. Rayon Məhkəməsi əqdin etibarsız hesab edilməsi üçün əsasların olmamasını, MMC tərəfindən iddiasının əsaslarını təsdiq edən mötəbər və təkzibolunmaz sübutların məhkəməyə təqdim edilməməsini, habelə MMC-nin müqavilənin bağlanmasına təsir edilmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin iddianı irəli sürməməsini qeyd etməklə qarşılıqlı iddianın əsassız olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hazırki iş üzrə qəbul etdiyi 17.05.2021-ci il tarixli qərarında (İş № 2(102)-2290/2021) qeyd etmişdir ki, təkrar apellyasiya baxışında apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərinə əməl etməmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 12.08.2020-ci il tarixli qərarında (İş № 2(102)-3057/2020) göstərişləri tam yerinə yetirilməmiş, işin göstərilən hallarına maddi hüquq normalarına uyğun hüquqi qiymət verilməmiş, formal olaraq müqavilənin məzmun və formasına görə etibarsızlığına əsas ola bilməməsinə və iddia müddətinin ötürülməsinə istinad edilərək, ilkin iddianın təmin olunmasına, qarşılıqlı iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası Məhkəməsi hesab etmişdir ki, iş üzrə mübahisələndirilən müqavilənin şərtlərinə 404.1 və 404.2-ci maddələrinin tələblərinə əsasən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, müqaviləyə qədərki danışıqlar və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla qiymətləndirilməli, mübahisələndirilən müqavilə ilə iddiaçının atasının mülkiyyətində olmuş mənzilə sərəncam verildiyi üçün ilk olaraq müqavilənin etibarlılığına Mülki Məcəllənin 358-ci maddəsinin müddəaları nöqteyi-nəzərdən iddiaçının həmin müqaviləni imzalamağa səlahiyyətli olub-olmaması, səlahiyyətsiz olduğu halda, üçüncü şəxsin onu sonradan bəyənib-bəyənməməsi, bunun nəticəsi olaraq müqavilənin faktiki tərəfinin hansı şəxsin olması, iddiaçının ödədiyi 10.000 manat məbləğində vəsaitin müstəqil müqavilə şərti (yəni ona hər hansı mənzilin verilməsi üçün əsas olması) olubolmaması, bu baxımdan iddiaçının göstərilən müqavilə münasibətlərinə hansı hüquq və vəzifələrinə malik olması məsələləri araşdırılmalı, bundan asılı olaraq MMC-nin sökdüyü yaşayış sahəsinin dəyərini tam olaraq mülkiyyətçiyə ödədiyi halda, iddiaçıya münasibətdə onun öhdəliklərinin qalmasına hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, MPM-nin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə qeyd edilən prosessual hüquq normasının tələbini və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd edilən qərarında təsbit edilmiş mövqeyi nəzərə alaraq bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1.). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2.). MMC ilə iddiaçı arasında bağlanmış müqavilə mahiyyət etibarı ilə əvəzli olsa da, iddiaçı alacağı mənzilin tam dəyərini MMC-yə ödəməmiş, həmin mənzilin əvəzinə atası F.İsayevin mülkiyyətində olan yaşayış sahəsini MMC-nin sərəncamına vermişdir. İddiaçının atası F.İsayev MMC ilə bağlanmış müqaviləni imzalamamışdır. Bu səbəbdən MMC tərəfindən 04.02.2019-cu il tarixdə İddiaçı məktub göndərilərək sökülməsi nəzərdə tutulan evin F.İsayevə məxsus olması qeyd edilməklə müqaviləyə dair F.İsayevin notarial qaydada təsdiq edilmiş “razılıq ərizəsinin” təqdim edilməsini tələb etmişdir. Buna baxmayaraq F.İsayev həmin müqavilə ilə razı olması barədə "xxxx" MMC-yə təqdim etməmişdir. Əksinə olaraq F.İsayev MMC-yə ünvanladığı 29.01.2019-cu il və 15.02.2019cu il tarixləri ərizələrində göstərmişdir ki, o, mülkiyyətində olan evə dair İddiaçı ilə MMC arasında bağlanmış 11.04.2017-ci il tarixli müqavilələrə xitam verilməsini xahiş edir və müqavilələrin istənilən şəxslə bağlanmasına etiraz etmir. Bundan başqa işdə olan sənədlərdən görünür ki, F.İsayev 11.04.2017-ci il tarixli, 36 saylı müqavilə üzrə 80.000 manat məbləğində pul vəsaiti 15.02.2019-cu il tarixdə MMC-dən qəbul etmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 360.1-ci maddəsinə görə, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Məcəllənin 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). Belə olan halda, müəyyən edilir ki, İddiaçı müqaviləni bağlayan zaman onu imzalamağa səlahiyyətsiz olmuş və səlahiyyətli şəxs olan atası F.İsayev isə İddiaçı ona məxsus əmlaka sərəncam verməsini bəyənməmişdir. Bu səbəbdən İddiaçı ilə MMC arasında bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Qarşılıqlı iddia əsaslıdır. Göründüyü kimi, Rayon Məhkəməsi qarşılıqlı iddianı əsassız hesab etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Bundan başqa, Məhkəmə bildirir ki, Rayon Məhkəməsi qarşılıqlı iddiaya iddia müddətini tətbiq etməklə də maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Mülki Məcəllənin 354-cü maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (maddə 354.1.). Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər (maddə 354.2.). Məhkəmə bildirir ki, mübahisələndirilən əqdlər üzrə müddətlər qanunvericilikdə müəyyən edilməsi baxımından iddia müddəti deyil, kəsici müddət hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. (“B.Mürsəlovun şikayəti üzrə” 12.03.2020-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli qərarlar). Sonuncu qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin izah etmişdir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirdikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Mübahisələndirmənin qaydasını izah edən Konstitusiya Məhkəməsi göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. F.İsayev MMC ilə iddiaçı arasında bağlanmış müqavilələrin xitam verilməsi ilə bağlı MMC-yə 2019-cu ilin yanvar-fevral aylarında müraciət etmişdir. MMC 04.02.2019-cu il tarixdə iddiaçıya məktub ünvanlayaraq, müqavilə üçün mülkiyyətçinin notarial qadada təsdiq olunmuş surətinin təqdim edilməsini xahiş etmişdir. Göründüyü kimi, müqavilə 11.04.2017-ci il tarixdə bağlansa da, onun mübahisələndirilməsi üçün əsas mülkiyyətçinin – F.İsayevin müraciətindən sonra yaranmışdır. Odur ki, Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən olunmuş müddətlər həmin tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd etməyi vacib hesab edir ki, “Müqavilənin” faktiki tərəfi olaraq iddiaçının ödədiyi 10.000 manat məbləğində vəsait əslində hüquqi baxımdan səlahiyyətli şəxsin adından ödənilə bilərdi. Bu vəsaitin ödənilməsi ilə səlahiyyətli şəxsə verilməli olan mənzilin sahəsinə əlavə edilməklə daha artıq sahə ilə verilməsi nəzərdə tutulmuşdu. Səlahiyyətli şəxs olan F.İsayev tərəfindən ona verilməsi nəzərdə tutulmuş mənzilin əvəzinə tələb edilən vəsait tam olaraq MMC tərəfindən F.İsayevə ödənildiyi üçün, həmin müqavilə şərtinin olması İddiaçı hər hansı mənzilin verilməsi üçün əsas təşkil edə bilməz. Bu baxımdan İddiaçı 10.000 manat məbləğində pulun ödənilməsi tələbi ilə MMCyə qarşı deyil, F.İsayevə qarşı tələb irəli sürə bilər. Çünki MMC sökdüyü yaşayış sahəsinin dəyərini tam olaraq mülkiyyətçiyə ödəmiş və iddiaçıya münasibətdə onun öhdəlikləri qalmamışdır. “Müqavilənin” etibarsızlığı ilə bağlı qarşılıqlı iddia 30.05.2019-cu il tarixdə Rayon Məhkəməsinə verilmişdir. Belə olan halda, “Müqavilənin” etibarsızlığı ilə bağlı tələb irəli sürülməsi üçün müəyyən edilmiş bir illik müddət ötürülməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslıdır, iş üzrə tərəflər arasında bağlanmış 36 saylı 11.04.2017-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Müqavilə etibarsız hesab edildiyindən, Məhkəmə, həmin müqavilənin şərtlərinin icrası ilə bağlı ilk iddia tələbinin dəlillərinə hüquqi qiymət verməyə lüzum görmədən ilk iddianı əsassız hesab edir. Beləliklə Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyul 2019-cu il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə” ilk iddiası təmin edilməsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” qarşılıqlı iddiası təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 36 saylı, 11 aprel 2017-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar