Məhkəmə qərarları › İş №2(103)-7202/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7202/2025

12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7202/2025 12.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi və zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4213/2025 nömrəli 28 noyabr 2025-ci il tarixli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh X3 qarşı “müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi və zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış, ünvan 1 ünvanında yerləşən 35.2 kv.m qeyri-yaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli, 843 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 8896 manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4213/2025 nömrəli 28 noyabr 2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçıların verdiyi şikayət məhkəmənin 11 dekabr 2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia predmeti olan qeyri-yaşayış sahəsi ünvan 1 ünvanında yerləşir. Yuxarıda qeyd olunan səbəblərdən iddia predmeti olan dövlət əmlakı cavabdehin qanunsuz sahibliyində qaldığından, Xidmət pozulmuş mülkiyyət hüquqlarının bərpası məqsədilə əmlakın geri qaytarılmasını tələb edir. Bu səbəbdən hazırkı iddia tələbi müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində sadalanan konkret tələblərə aid olduğundan, qeyd olunan maddənin imperativ tələbinə uyğun olaraq hazırkı mübahisəyə daşınmaz əşyanın olduğu yer üzrə Nizami Rayon Məhkəməsində baxılmalıdır (analoji məhkəmə qərarları əlavə olunur). Göründüyü kimi, Bakı şəhəri Nizami Rayon Məhkəməsi Mülki Prosessual Məcəllənin tələblərini pozmaqla əsassız qərardad qəbul etmişdir. Qeyd edilənlərə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-4213/2025 nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsində cavabdeh X2 ünvanı ünvan 2 Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh X2 rəsmi qeydə alındığı yer Laçın şəhəri, H.Aslanov küçəsi, ev 42 ünvanıdır. Beləliklə, hazırki tələbə ərazi aidiyyətinə görə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində deyil, Laçın Rayon Məhkəməsində baxılmalıdır. İddia ərizəsinə əlavə edilmiş 28 sentyabr 2023-cü il tarixli 843 nömrəli Daşınmaz əmlakın alqı-satqı satqı müqaviləsindən görünür ki, cavabdehin iddiaçı ilə bağladığı 17 iyul 2019-cu il tarixli 11217 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü və bu müqavilə ilə satın aldığı 35,2 kv.m qeyri-yaşayış sahəsi ünvan 4 ünvanında yerləşir. Hazırda iddiaçı həmin müqavilənin ləğv edilməklə, qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsini xahiş edir. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə görə isə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Kollegiya hesab edir ki, cavabdehin qeydiyyat ünvanı Laçın rayonu rayonu olsa da, müstəsna aidiyyət qaydalarına müvafiq olaraq mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin yerləşdiyi əraziyə görə işin müstəsna aidiyyəti Bakı şəhəri Nizami rayonu ərazisinə aiddir və hazırki mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, mübahisənin predmetini təşkil edən hallardan biri də daşınmaz əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi təşkil edir. Odur ki, məhkəmənin iddia ərizəsini geri qaytarması qanuni və əsaslı olmamışdır. Ona görə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4213/2025 nömrəli 28 noyabr 2025-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4213/2025 nömrəli 28 noyabr 2025-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar