Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7204/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “əsassız yazılmış pul məbləğinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-1133/2020 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC-nin Bakı şəhəri Yasamal rayonunda yerləşən İşıq İdarəsi tərəfindən borcu olmadığı halda istifadə etmədiyi elektrik enerjisinə görə qanuna zidd olaraq onun hesabına yazılmış 1.170,84 manat pul məbləğinin heç bir hüquqi əsası olmadığı üçün ləğv edilməsi və dayandırılmış elektrik enerjisinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, artıq 20 ildir ki, Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 59 saylı evin 59 saylı 2 otaqlı, 35 kv.m sahəsi olan mənzilində 2 nəfər ailə üzvü ilə birgə yaşayır. O, 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Hazırda İİ qrup Qarabağ müharibəsi əlili kimi 225 manat hərbi pensiya alır, əmək fəaliyyətsizdir. O, yaşadığı ünvanda işlətdiyi elektrik enerjisinin pulunu həmişə vaxtında ödəyir, bu günə onun işıq puluna görə borcu yoxdur. Sonuncu ödəniş onun tərəfindən xx xxxxxx 2019-cu il tarixdə 9,17 manat olmuş, borcunun olmamasına baxmayaraq, xx xxxxxx 2019-cu il tarixdən mənzilin işığı yanmamış, sayğac da işləməmişdir. O, təmir bürosuna dəfələrlə zəng vursa da, heç kim gəlib işığı və sayğacı düzəltməmişdir. xx xxxxxx 2019-cu il tarixdə ASC-nin Yasamal rayon şöbəsinə rəsmi ərizə ilə müraciət etmiş, lakin yenə də gəlib işığı və sayğacı düzəldən olmamışdır. Onun xx xxxxxx 2019-cu il tarixdə Yasamal işıq idarəsinə yazdığı ərizədəki 13 tarixini işıq idarəsinin əməkdaşları düzəliş edərək 15 rəqəmi yazmışlar. Ona görə ki, işıq idarəsinin sənədləşməsi ayın 14-ü tərtib olunduğundan, onun ərizəsini saxtalaşdırıb, guya ki, idarənin sənədləşməsindən sonra müraciət etməsi kimi fikir yaratmaq istəmişlər. 16 noyabrda ASC-nin 199 qaynar xəttinə zəng vurandan sonra gəlib onun işığını və sayğacını bərpa etmişlər. Amma bu, çox çəkməmiş, 4 gün sonra, 20 noyabrda Yasamal işıq idarəsinin əməkdaşları onun işıq hesabına qanunsuz olaraq 1.170,84 manat borc yazaraq, mənzilə gələn bütün işıq xətlərini kəsərək elektrik naqillərini də özləri ilə aparmışlar. Hal-hazırda mənzildə işıq yanmır, sayğac işləmir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə verərək, iddia ərizəsində göstərilənləri qeyd etmiş, həmçinin əlavə olaraq göstərmişdir ki, xx xxxxxx 2010-cu il tarixdə evə gələrkən mənzilin qarşısında onların əraziyə yeni, özünün dediyinə görə 2 ay əvvəl təyin olunmuş ASC-nin Yasamal idarəsinin əməkdaşı Elvin Ələkbərovla rastlaşmış, sonuncu özünü təqdim edərək bildirmişdir ki, Yasamal işıq idarəsinin əməkdaşıdır. O isə bildirmişdir ki, artıq 3 gündür ki, mənzilin işığı yanmır, sayğac işləmir, istifadə etdiyi elektrik enerjisinə görə də heç bir borcu yoxdur. Elvin Ələkbərov ona mənzilin işləməyən sayğacını göstərib təklif etmişdir ki, o, həmin sayğacı aparıb ASC-nin laboratoriyasında 3 gün müddətində elə düzəltdirəcək ki, mənzildə nə qədər elektrik enerjisi işlənsə də, ayda cəmi 5 manat pul yazacaq və bunun müqabilində sonuncu ondan 300 manat pul istəmişdir. O isə sonuncuya razılıq verməmiş və bildirmişdir ki, onların mənzilində onsuz da elektrik enerjisi az istifadə olunur, 82 yaşlı anası tək olduğundan anasına qulluq etmək üçün çox vaxt ata evində olurlar, saxtakarlıq etməyə ehtiyac yoxdur. Elvin Ələkbərov ona heç nə deməyərək getmiş və bildirmişdir ki, elektrik montyoru gəlib onların işığını düzəldəcək, işığı düzəltmək əvəzinə, 16 noyabrda qaynar xəttə zəng vurandan sonra mənzilə bərpa olunmuş elektrik enerjisini o, Yasamal işıq idarəsinə xx xxxxxx 2019-cu il tarixdə ərizə yazandan sonra 20 noyabrda Elvin Ələkbərov gəlib mənzilə gedən bütün elektrik naqillərini doğrayıb özü ilə aparmışdır. Onun 13 noyabrda yazdığı ərizədəki 13 tarixini işıq idarəsində düzəliş edərək 15 rəqəmi yazıblar. Əlbəttə ki, həmin rəqəmin saxtalaşdırıldığını və başqa qələmlə (başqa dəyircəkli qələmlə) saxtalaşdırıldığını xətşünaslıq eksperti müəyyən edə bilər. Ərizəyə əlavə etdiyi şəkildəki 100 yerdən calağı olan işıq xətti ancaq onun mənzilinə gedən xəttdir. O, hər ay elektrik montyoru çağırıb 20 manat verib işığı düzəltmək məcburiyyətində qalır. Saxtakarlıqla məşğul olan Yasamal rayon işıq idarəsinin əməkdaşı Elvin Ələkbərov barədə də xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-1133/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 59 saylı evin 59 saylı mənzilində yaşayan İddiaçı adına olan **********90059 saylı abunə koduna hesablanmış 1.170,84 manat elektrik enerjisi borcunun əsassız sayılaraq silinməsi qət edilmişdir. Qətnamədən “xxxxxxxx” ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə görə, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı etiraza uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına görə,abunəçi İddiaçı İİ qrup Qarabağ əlili olmaqla, müharibə veteranıdır. Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 59 saylı evin 59 saylı mənzilində yaşayır. Abunə haqqında məlumatdan görünür ki, Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 59 saylı evin 59 saylı mənzilində istifadə olunan elektrik enerjisinin hesabatını aparan sayğac abunəçi İddiaçı adına qeydiyyata alınmış və sərfiyyata görə ödənişlər İddiaçı tərəfindən həyata keçirilir. Abunə haqqında məlumatdan və xx.xx.2019cu il tarixli ödəmə barədə çıxarışdan görünür ki, İddiaçı mütəmadi olaraq sərf etdiyi elektrik enerjisinin dəyərini ödəyir, sonuncu ödəniş 7,49 manat həcmində həyata keçirilmişdir. İddiaçı tərəfindən ASC-nin Yasamal RET və Sİ-nin rəisi A.Quliyevə yazılmış ərizədən görünür ki, sərf etdiyi elektrik enerjisinə görə borcu olmadığı halda, xx xxxxxx 2019-cu il tarixdən elektrik enerjisinin olmadığını və sayğacın işləmədiyini bildirərək, müvafiq tədbir görülməsini xahiş etmişdir. xx xxxxxx 2019-cu il tarixli R seriyalı 150220 saylı aktda qeyd olunmuşdur ki, iddiaçının yaşadığı mənzildə istifadə olunan elektrik enerjisinin hesabatını aparan sayğac yoxlanılmışdır. Məlum olmuşdur ki, elektrik sayğacının faza xəttindən 16 amper yük axır, lakin sayğacın sıfır xəttindən 0 amper yük axır. Mənzil daxilindən kənar sıfır xətti verilərək sayğacın ekranı yandırılır və söndürülür. Reyd zamanı məlum olmuşdur ki, axşam vaxtı içəridən xüsusi açar vasitəsilə mənzildən sayğaca gələn sıfır xətti ayrılaraq sayğacın ekranı söndürülür. Bunun nəticəsində sayğac axan yükü hiss etmir. Axan yük – 16 amperdir. Tələb kimi “sayğacın alt qapağı açılaraq şəbəkədən giriş sıfır xətti bərpa olunsun” qeyd edilmişdir. Akt aktı tərtib etmiş şəxslər tərəfindən imzalanmış, hal şahidləri və abunəçi tərəfindən imzalanmamış, yoxlama zamanı hal şahidlərinin və abunəçinin iştirakı təmin edilməmişdir. Həmin akta əsasən xx.xx.2019-cu il tarixli icra vərəqəsi verilmiş, əlavə sərfiyyata görə 1.170,84 manat pul hesablanmışdır. «Elektroenergetika haqqında» xx xxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: - Məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; - Məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 8.33-cü bəndinə görə isə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi, “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbinə görə elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Lakin hazırki iş üzrə tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, aktın tərtib edilməsində hal şahidlərinin iştirakı təmin edilməmiş, akt yalnız cavabdeh təşkilatın əməkdaşları tərəfindən imzalanmış, hal şahidləri və abonent tərəfindən imzalanmamışdır. Bu isə həmin aktın mötəbərliyini şübhə altına alır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi akt tərtib olunarkən qanunvericiliyin tələblərinə riayət olunmaması və istehlakçının hüquqlarının pozulması barədə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 398 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1133/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-7204/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7204/2020
28.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver