Məhkəmə qərarları › İş №2(103)-7204/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7204/2022

27.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7204/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə İddiaçı Bakı şəhəri 40 saylı notariat kontoruna qarşı “miras əmlaka dair açılmış vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadatnamə verilməsi vəzifəsinin cavabdehin üzrərinə qoyulması” tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri 40 saylı notariat kontoruna qarşı “miras əmlaka dair açılmış vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadatnamə verilməsi vəzifəsinin cavabdehin üzrərinə qoyulması” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmış, qərardad belə əsaslandırılmışdır ki, iddia ərizəsində iddiaçının qeydiyyat ünvanı göstərilməmiş, beləliklə də iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə, iddia ərizəsinin elektron qaydada təqdim olunduğunu və elektron məhkəmə sistemi vasitəsilə ərizə verildiyi zaman proses iştirakçıları (iddiaçı, cavabdeh, vəkil və s.) barədə şəxsiyyət vəsiqəsi məlumatları (ad, soyad, seriya/nömrə) doldurulduqdan sonra elektron sistemin avtomatik olaraq şəxs haqqında məlumatları əks etdirdiyini nəzərə almamış, iddiaçının məhkəməyə müraciət etmək hüququnu kobud şəkildə pozmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək qərardad ləğv edilməli və iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 149.2-ci maddəsinə görə iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məcəllənin 152.1.1-ci maddəsinə görə isə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi geri qaytarılır. Kollegiya hesab edir ki, iddiaçının nümayəndəsi (vəkili) həm iddia ərizəsinin formasına, həm də məzmununa əməl etmiş, birinci instansiya məhkəməsi isə əsassız nəticəyə gələrək iddiaçının məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olan qanunsuz qərar çıxarmışdır. Nəzərə alınmalıdır ki, iddia ərizəsində iddiaçının ünvanının göstərilməli olması ilə bağlı tələb onun məhkəmə icraatı barədə lazımi qaydada məlumatlandırılması məqsədinə xidmət edir və əgər nümayəndəsinin ünvanı iddia ərizəsində əks olunmuşdursa, həmin məqsədə çatılması mümkün olacaqdır. Digır tərəfdən işin materiallarından aydın olur ki, iddiaçının nümayəndəsi (vəkili) özünün ünvanını göstərdiyi iddia ərizəsini elektron qaydada təqdim etmişdir - elektron məhkəmə sistemi vasitəsilə ərizə verildiyi zaman isə proses iştirakçıları barədə şəxsiyyət vəsiqəsi məlumatları doldurulduqdan sonra elektron sistem avtomatik olaraq şəxs haqqında məlumatları əks etdirir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6344/2022 saylı iş üzrə 23 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin və iş, iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin həlli üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar