Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7205/2025 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-7205/2025 (Açar sözlər: mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 2(003)-167/2025 nömrəli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 24 fevral 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 189 saylı, 04 mart 2016-cı il tarixli müqavilədən görünür ki, "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1(bir) saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 2 (iki) otaqlı 92 nömrəli mənzil alıcının mülkiyyətinə verilməsi barədə razılığa gəlmişdirlər.
2. 189 saylı, 04 mart 2016-cı il tarixli müqavilənin 2.2-ci maddəsindən görünür ki, alıcı yuxarıda göstərilən yaşayış binasının ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan, yaşayış sahəsinin hər kvadrat metri üçün 400 manat ödəməyi öz öhdəsinə götürür. Müqavilənin ümumi məbləği 36560 manat təşkil edir (2.1.1-ci bənd). Alıcı ümumi məbləğin 100 %-ni tam ödəyir (2.1.2-ci bənd).
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ilə cavabdeh "Meqa-Siti Holdinq” MMC arasında bağlanmış 189 saylı 04 mart 2016-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən 1 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 91.4 kv. metr olan, 2 (iki) otaqdan ibarət 92 №-li mənzilin iddiaçıya təhvil verilməsinə, onun mülkiyyətində olan həmin mənzilin istifadəsinə cavabdeh tərəfindən olunan əsassız maneələrə son qoyulmasını və idddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla cavabdeh "Meqa-Siti Holdinq” MMC 04 mart 2016-cı il tarixində Bakı şəhərində mənzil tikintisi haqqında 189 saylı müqaviləni bağlamışlar. Tərəflər arasında bağlanmış müqavilənin müddəalarına əsasən, satıcı yəni "xxxx" MMC Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən 1 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 91.4 kv. metr olan, 2 (iki) otaqdan ibarət 92 №-li mənzili “alıcı” yəni İddiaçı mülkiyyətinə verməyi, müqavilədə qeyd olunan tikintiquraşdırma işlərini layihə sənədlərinə müvafiq olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə “alıcıya” təhvil verməyi öz öhdəsinə götürür. "Alıcı" isə ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan yaşayış binasının hər kvadrat metri üçün 400 (dörd yüz) manat ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilədən aydın görünür ki, "xxxx" MMC-yə heç bir borcu yoxdur. İddiaçı tərəfindən mənzilin dəyəri olan 36560 (otuz altı min beş yüz altmış) manat məbləğində pul tam olaraq ödənilmişdir. Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən 1 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 91.4 kv. metr olan, 2 (iki) otaqdan ibarət 92 №-li mənzil cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsi və iddiaçının mülkiyyətində olan həmin mənzilin iddiaçıya təhvil verilməsi, mənzilin istifadəsinə cavabdehlər tərəfindən əsassız maneələrə son qoyulması və mənzilin iddiaçıya təhvil verilməsi mümkün olmadığı təqdirdə isə mənzilin bu günki bazar dəyərinə uyğun qiymətinin geri qaytarılması barədə cavabdehlərə pretenziya məktubu göndərilsə də, cavabdehlərdən mənfi və ya müsbət heç bir cavab gəlməmişdir. Bu səbəblə hazırki ərizə ilə məhkəməyə müraciət edir.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-167/2025 nömrəli 09 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddia təmin edilməsi, cavabdeh "Meqa-Siti Holdinq” MMC tərəfindən 189 saylı 04 mart 2016-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən 1 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 91.4 kv.m olan, 2 otaqdan ibarət 92 №-li mənzilin İddiaçı təhvil verilməsi, mənzildən istifadəsinə cavabdeh "Meqa-Siti Holdinq” MMC tərəfindən ediləcək maneələr aradan qaldırılması və cavabdeh "Meqa-Siti Holdinq” MMC-dən 100 manat miqdarında dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə iddianı təmin edərkən qeyd etmişdir ki, qeyd edilən müqavilə, yəni cavabdeh "xxxx" MMC 189 saylı, 04 mart 2016-cı il tarixli müqavilə İddiaçı qarşısında göstərilən müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməmiş, mənzil cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmiş, bununla da cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 129-cu maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 385.1, 386.1, 399.1, 407.2, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 107, 119.2, 216- 220, 222 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Maraqlı şəxs arasında bağlanmış 09 yanvar 2008-ci il tarixli, 47№-li müqavilə əsasında “Meqa- SitiHoldinq”tərəfindən inşa edilən, Bakı şəhəri, YeniYasamal yaşayış massivi ünvanında yerləşən 1 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumisahəsi 91.4 kv. metr olan, 2 (iki) otaqdan ibarət 92 №-li mənzili, bir kvadrat metri 514 manat olmaqla, 47.000 manata Maraqlı şəxs satılmışdır. Müqavilə bağlanılan zaman mənzili dəyəri alıcı kimi Maraqlı şəxs tərəfindən "xxxx" MMC-yə tam olaraq ödənilmiş və bu barədə Maraqlı şəxs “Maliyyə arayışı” verilmişdir. 2010-cu ildən qeyd edilən mənzil təmir olunaraq yaşayış üçün hazır vəziyyətə gətirilmiş və Maraqlı şəxs bu günədək mənzilə sahiblik etməklə mənzildə yaşayır. Məhkəmə qeyd edilən mənzilin iş üzrə iddiaçıya verilməsi barədə qətnamə qəbul etməklə Maraqlı şəxs Konstitusiya ilə qorunan hüquqlarını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən apellyatorun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsini xahiş etdi.
12. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən, kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13.Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
14. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
15. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
16. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
17. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
25. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 189 saylı, 04 mart 2016-cı il tarixli müqaviləyə əsasən MMC İddiaçı qarşısında göstərilən müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməmiş, mənzil cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmiş, bununla da cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir.
26. Lakin hazırda apellyatorun qətnamədən verdiyi apellyasiya şikayətinə əlavə edilmiş müqavilədən görünür ki, 09 yanvar 2008-ci il tarixli 47 nömrəli müqaviləyə əsasən, mübahisəli mənzil həmin tarixdə hər kv.m üçün 514 manat olmaqla cəmi 47000 manata Maraqlı şəxs satılmışdır.
27. 09 yanvar 2008-ci il tarixli 49 nömrəli Maliyyə arayışına əsasən Maraqlı şəxs qeyd edilən mənzilin dəyərini tam ödədiyindən MMC-yə heç bir borcu yoxdur.
28. Apellyasiya icraatı zamanı apellyatorun nümayəndəsi-vəkilinin təqdim etdiyi “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 06 yanvar 2009cu il tarixli aktdan görünür ki, mübahisəli mənzilə həmin tarixdə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən qaz sayğacı ilə təmin edilmişdir. Aktda abonent kimi isə Maraqlı şəxs göstərilmişdir.
29. Şahid qismində ifadə verən X2 bildirmişdir ki, o, 2009-cu ildən sözügedən binanın komendantı vəzifəsində işləyir. Mübahisəli mənzil MMC tərəfindən Maraqlı şəxs satılmış, o da öz növbəsində mənzili təmir etdirərək həmin mənzilə köçmüşdür və hazırki vaxtadək orada yaşayır. Kommunal xidmət müqavilələri Maraqlı şəxs ilə bağlanmışdır. İddiaçı faktiki olaraq mənzil satılmamış, ona yalnız 20-ci mərtəbədə yerləşən 3 otaqlı mənzilə dair sənəd verilmişdir. Həmin vaxt MMC-nin direktoru olmuş şəxs bir mənzili bir neçə şəxsə satdığından cinayət məsuliyyətinə cəlb edilmişdir. Binaya dair Fövqəladə Hallar Nazirliyi tərəfindən istismara qəbul aktı verilmədiyindən mənzillərin çıxarışı yoxdur.
30. Qeyd edilən ziddiyətli hallara aydınlıq gətirilməsi məqsədi ilə kollegiya tərəfindən binaya baxış keçirilməklə yerində müayinə aparılmışdır.
31. Müayinə zamanı müyyən olundu ki, mübahisəli mənzil tam təmir olunmuşdur və mənzildə Maraqlı şəxs yaşayır.
32. Bundan əlavə kollegiya qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 2.1.2-ci bəndində görünür ki, alıcı ümumi məbləğin 100 % tam ödədiyi qeyd edilsə də, buna dair hər hansı maliyyə sənədi məhkəməyə təqdim edilməmişdir.
33. Hər bir halda iddiaçı etibarsızlığı və ya qüvvədən düşməsi müəyyən olunmayan əqdə əsaslanaraq hazırki iddianı qaldırmışdır və həmin əqdin (mənzilə dair müqavilənin) hansı şərtlərlə bağlanması hazırki mübahisənin premetini təşkil etmir və məhkəmə də bunu araşdırmaq məcburiyyətində deyil.
34. Odur ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olsa da, kollegiya hesab edir ki, iddiaçının tələbi hazırki vəziyyətdə təmin edilə bilməz. 35.Kollegiya qeyd edir ki, yeni inşa edilən çoxmənzilli binalarda mənzil almaq istəyən şəxslə həmin binanı inşa edən tikinti şirkəti (MMC və ya MTK adlanmasından asılı olmayaraq) arasında yaranan hüquq münasibətləri podrat münasibəti hesab olunur. Podrat müqaviləsinə görə isə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi (hazırki hada mənzili tikməyi), sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. 36.Bu münasibətlərə Mənzil və Mülki Məcəllələrinin tənzimlədiyi mənzil-tikinti kooperativlərindəki payın alınması ilə bağlı yaranmış münasibətləri (hüquq və vəzifələri) aid etmək olmaz. Çünki, mənzil-tikinti kooperativlərinin yaradılmasında əsas məqsəd onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması çıxış edir. 37.Payçı ilə MTK arasında bağlanan müqavilə heç bir halda podrat müqaviləsi hesab oluna bilməz. Belə müqavilə, bina inşa edildikdən sonra həmin binada mülkiyyətinə yaşayış sahəsi əldə etmək üçün pay haqqının ödənilməsi şərtlərini müəyyən edən pay yığımı müqaviləsidir. Müqavilənin məqsədi yaşayış binasının inşasıdır, payçı pay haqqını ödəyərək, nəticədə bina inşa edildikdən sonra həmin binada pay əldə edir. Məhz buna görədir ki, mənzil-tikinti kooperativləri istehlak kooperativləri hesab olunurlar. 38.Podrat müqaviləsi isə müəyyən işləri görməyə və sifarişçiyə təhvil verməyə podratçını məcbur edən müqavilədir. Podrat müqaviləsi sifarişçi ilə podratçı arasında bağlanır, sifarişçi konkret iş sifariş edir, podratçı isə həmin işi görüb onun nəticəsini təhvil verir (bu, yaşayış evinin tikintisi, təmir və s. ola bilər.) 39.MTK-da müqavilənin xarakteri gələcəkdə yaşayış sahəsi əldə etmək üçün yaşayış binasının inşası məqsədilə səy və maliyyələşmənin birləşdirilməsindən ibarət olduğu halda, podratda sifarçi müəyyən haqq müqabilində konkret işin görülməsi üçün podratçı seçir. 40.Beləliklə, hər iki müqavilə üzrə tərəflərin öhdəlikləri fərqli xarakter daşıdığından, onları eyniləşdirmək yolverilməzdir. 41.Hazırki işdə istər iddiaçı, istərsə də Maraqlı şəxs cavabdeh MMC ilə məhz podrat müqaviləsi bağlamışdır. Mülki Məcəllənin 762.1-ci maddəsinin tələbinə görə isə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Lakin cavabdeh MMC eyni mənzil barəsində iki şəxlə podrat müqaviləsi bağlamışdır. 42.Araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil daha əvvəl Maraqlı şəxs satılmış və təhvil verilmişdir, o, mənzili təmir edərək orada yaşamağa başlamışdır və hazirda da yaşayır. Bu hal iş materialları ilə öz təsdiqini tapır, belə ki, müqavilə və maliyyə arayışından əlavə 2009-cu ilə aid qaz sayğacının quraşdırılması barədə aktla da bu hallar təsdiq olunur. 43.İddiaçı ilə MMC arasında isə müqavilə 2016-cı ildə bağlanmışdır. Nəzərə almaq lazımdır ki, nə iddiaçının, nə də Maraqlı şəxs hüquqlarının dövlət reyestrində qeydiyyatı aparılmamışdır. Maraqlı şəxs ilə cavabdeh arasında müqavilə öhdəliyinin icra edilməsi ilə bağlı hər hansı mübahisə yoxdur. 44.Belə vəziyyətdə mübahisə Mülki Məcəllənin 452-ci maddəsinin şərtləri daxilində həll olunmalıdır. Həmin normaya görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 45.İstinad olunan normanın təhlilindən belə aydın olur ki, iddiaçı mənzilin cavabdeh MMC-nın əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Lakin həmin mənzil MMC tərəfindən xeyli əvvəldən Maraqlı şəxs təhvil verildiyindən, bu hüquq aradan qalxmışdır. Bu səbəbdən, iddiaçı mənzilin ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin etibarlılıq məsələsi həmin işin halları çərçivəsində yoxlanıla bilər).
46. Beləliklə, 92 nömrəli mənzil daha əvvəl Maraqlı şəxs satıldığından, iddiaçı həmin mənzilin ona təhvil verilməsini MMC-dən tələb edə bilməz.
47. Qeyd edilənləri nəzərə alaraq, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbi təmin edilməməlidir.
48. Məhkəmə xərclərinə gəldikdə kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumları onu ödəyən tərəflərin özlərinə aid edilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-167/2025 nömrəli iş üzrə 09 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” iddiası rədd edilsin. Məhkəmə xərcləri onu ödəyən tərəflərə aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.