Məhkəmə qərarları › İş №2(103)-7207/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7207/2021

28.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7207/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı, onun vəkili X1, Cavabdeh «Azəriqaz» İB-nin Təmir-Tikinti İdarəsinin nümayəndələri X2, eyni zamanda vəkili X3 iştirakları ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-nin Təmir-Tikinti İdarəsinə qarşı «işə bərpa və təzminatın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2791/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh «Azəriqaz» İB-nin Təmir-Tikinti İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun «Azəriqaz» İB-nin Təmir-Tikinti İdarəsinə işə qaytarılması və əlavə olaraq 9.500 manat məbləğində təzminatın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 14.05.2013-cü il tarixdən «Azəriqaz» İB-nin Təmir-Tikinti İdarəsinə texniki təchizat şöbəsinə 9-cu dərəcəli mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. 04.09.2019-cu il tarixdə əmək kitabçasında qeyd olunduğu kimi, öz ərizəsi ilə əmək müqaviləsi ləğv edilərək, işdən azad olunmuşdur. Səhəri gün 05.09.2019cu il tarixdə idarənin rəisi V.Həsənova işdən çıxma ərizəsini geri götürməsi ilə bağlı teleqram ünvanlamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndində deyilir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Maddədə göstərildiyi kimi, yerinə işçi götürülməsi barədə ona heç bir rəsmi xəbərdarlıq olunmamışdır. Bundan başqa, rəsmiyyətdə öz xahişi ilə ərizə verməsi görünsə də, əslində belə deyil. Onu ərizə yazmağa məcbur etmişlər. Ərizəni təzyiq altında yazmışdır. Teleqramdan sonra 10.09.2019-cu il və 12.09.2019-cu il tarixli müraciətlərinə də idarənin rəhbərliyi imtina cavabı yazmışdır ki, əmr ləğv edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin «q» bəndində deyilir ki, işçi əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və müdafiə olunmaq hüququna malikdir. İşdən azad olunduğuna görə o, maddi zərərə düşmüşdür. Ailəlidir, 2 azyaşlı övladı var, üstəlik banka kredit borcu vardır. O, işinə bərpa olunmaq və mənəvi təzminat almaq istəyir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2791/2019 saylı, 10.12.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı 14.05.2013-cü il tarixdən "Azəriqaz" İB Təmir-Tikinti idarəsinə texniki təchizat şöbəsinə 9-cu dərəcəli mühəndis vəzifəsinə qəbul olmuşdur. 04.09.2019-cu il tarixdə əmək kitabçasında qeyd olunduğu kimi, öz ərizəsi ilə əmək müqaviləsi ləğv edilərək, işdən azad olunmuşdur. Səhəri gün 05.09.2019-cu il tarixdə idarənin rəisi cənab Vidadi Həsənova işdən çıxma ərizəsini geriyə götürməyi ilə bağlı teleqram ünvanlamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndində deyilir ki, "Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarhq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur." Maddədə göstərildiyi kimi, yerinə işçi götürülməsi barədə iddiaçıya heç bir rəsmi xəbərdarlıq olunmamışdır. Bundan başqa rəsmiyyətdə öz xahişi ilə ərizə verməsi görünsə də əslində belə deyil. İddiaçını ərizə yazmağa məcbur ediblər. Ərizəni təzyiq altında yazmışdır. ƏM-nin 69-cu maddəsinin 7-ci bəndində deyilir ki, "İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır." Teleqramdan sonra 10 və 12.09.2019-cu il tarixli müraciətlərə də idarənin rəhbərliyi imtina cavabı yazmışdır ki, əmr ləğv edilə bilməz. ƏM-nin 9-cu maddəsinin "9" bəndində deyilir ki, işçi əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və müdafiə olunmaq hüququna malikdir. İddiaçı işdən azad olunduğuna görə maddi zərərə düşmüşdür. Ailəlidir, 2 azyaşlı övladı var, üstəlik banka kredit borcu vardır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2020-ci il tarixli 2(103)-2958/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2791/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək İddiaçı Əli oğluna məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə, onun əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanmasına dair yeni qətnamə qəbul olunmuşdur. Cavabdeh «Azəriqaz» İB-in Təmir-Tikinti İdarəsi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2020-ci il tarixli 2(103)- 2958/2020 nömrəli qətnaməsinin ləğv edilməsi ilə bağlı yeni qərar qəbul edilməsi və ya işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2342/2021 saylı, 16 may 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2958/2020 nömrəli iş üzrə 21 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apellyasiya baxışı İddiaçı və onun vəkili X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Təkrar apellyasiya baxışı cavabdeh «Azəriqaz» İB-nin Təmir-Tikinti İdarəsinin nümayəndələri X5, eyni zamanda vəkili X6 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəməsi isə işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin sözügedən vəzifəyə başqa işçini götürməsinə dair işçiyə rəsmi yazılı xəbərdalıq etməsi ilə bağlı hər hansı sənəd mövcud deyildir. İşin halları ilə müəyyən olunduğu kimi iddiaçı 02.09.2019-cu il tarixdə ərizə verərək, 04.09.2019-cu il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etmiş və məhz onun ərizəsi nəzərə alınaraq ərizəsində göstərdiyi tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. Qeyd edilməlidir ki, işçinin özünün müəyyən etdiyi xəbərdarlıq müddəti iki gün təşkil etmişdir. İlkin ərizəsinin etibarsız hesab edilməsinə dair təkrar ərizəsi isə məhz həmin müddət daxilində işəgötürənə təqdim edilə bilərdi. Lakin işin halları ilə müəyyən olunduğu kimi o, ərizəsi əsasında müəyyən etdiyi vaxtda tutduğu vəzifədən azad olunduqdan sonra, yəni 05.09.2019-cu il tarixdə əvvəlki ərizəsinin etibarsız hesab edilməsinə dair yeni ərizə vermişdir. İşəgötürənin həmin ərizəni nəzərə almaq imkanında olması artıq mümkünsüz olmuş, bununla bağlı əsasları olmamışdır. Bu halda ərizə müəyyən olunmuş müddətlər daxilində verilmədiyi üçün apellyasiya instansiya məhkəməsinin iddianı təmin edərkən istinad etdiyi əsasın (cavabdehin sözügedən vəzifəyə başqa işçini götürməsinə dair işçiyə rəsmi yazılı xəbərdalıq etməsi ilə bağlı hər hansı sənəd mövcud deyildir) əhəmiyyəti olmamışdır. Nəzərə alınmalı idi ki, məhkəmənin istinad etdiyi əsas məhz xəbərdarlıq müddəti üçün əhəmiyyətli olan haldır. Bu müddətin bitməsində və artıq işçi (ərizəsində göstərdiyi gün) tutduğu vəzifədən azad edildiyi halında həmin əsasın işçinin işə bərpa edilməsi əsaslardan biri kimi qəbul olunması yolverilməzdir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş müddəti gözləməklə əmək müqaviləsinin ləğvinə dair əmr qəbul etmiş və bu zaman əmək qanunvericiliyinin tələblərinin pozuntusuna yol verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən isə istinad olunan maddi hüquq normasının tələbini pozmuşdur”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materillarından görünür ki, tərəflər arasında bağlanmış 14.05.2013-cü il tarixli, 28k saylı əmək müqaviləsinə əsasən İddiaçı «Azəriqaz» İB-nin Təmir-Tikinti İdarəsinə texniki təchizat şöbəsinə 9-cu dərəcəli mühəndis vəzifəsinə işə qəbul olunmuş, 01.04.2016-cı il tarixdə iddiaçıya 10-cu dərəcə təyin edilmişdir. İddiaçı 02.09.2019-cu il tarixdə cavabdehə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. 04.09.2019-cu il tarixli, SOCAR19291 saylı əmrə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmiş, digər sözlə ifadə edildikdə, cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı 02.09.2019-cu il tarixdə ərizə verərək, 04.09.2019-cu il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Cavabdeh tərəfindən də iddiaçının ərizəsini əsas götürməklə iddiaçının ərizəsində göstərdiyi tarixdən onu tutduğu vəzifəsindən azad edilmişdir. İddiaçı iddia ərizəsində eləcə də apellyasiya şikayətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə istinad edərək qeyd edir ki, yerinə işçi götürülməsi barədə ona heç bir rəsmi xəbərdarlıq olunmamışdır. Bundan başqa, rəsmiyyətdə öz xahişi ilə ərizə verməsi görünsə də, əslində belə deyil. Onu ərizə yazmağa məcbur etmişlər. Ərizəni təzyiq altında yazmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndində deyilir ki, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinin tətbiq edilməsi yol verilməzdir. Belə ki, işçinin özünün müəyyən etdiyi xəbərdarlıq müddəti iki gün təşkil etmişdir. İlkin ərizəsinin etibarsız hesab edilməsinə dair təkrar ərizəsi isə məhz həmin müddət daxilində işəgötürənə təqdim edilə bilərdi. Lakin işin halları ilə müəyyən olunduğu kimi o, ərizəsi əsasında müəyyən etdiyi vaxtda tutduğu vəzifədən azad olunduqdan sonra, yəni 05.09.2019-cu il tarixdə əvvəlki ərizəsinin etibarsız hesab edilməsinə dair yeni ərizə vermişdir. Göründüyü kimi işəgötürənin həmin ərizəni nəzərə almaq imkanında olması artıq mümkünsüz olmuş, bununla bağlı əsasları olmamışdır və iddiaçının istinad etdiyi əsas məhz xəbərdarlıq müddəti üçün əhəmiyyətli olan haldır. Bu müddətin bitməsində və artıq işçi (ərizəsində göstərdiyi gün) tutduğu vəzifədən azad edildiyi halında həmin əsasın işçinin işə bərpa edilməsi əsaslardan biri kimi qəbul olunması yolverilməzdir. Digər tərəfdən iddiaçı iddia tələbini əsaslandırarkən, ona təzyiq olunduğunu bildirsə də, bu cür təzyiqin olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, təzyiqin nədə ifadə olunmasını iddia ərizəsində və izahatında göstərməmiş, iddianı qeyd olunan hissədə əsaslandırmamışdır. Həmçinin, iş materiallarından işəgötürənin bu cür davranış nümayiş etdirməsinə işarə edən, zənn etməyə imkan verən heç nə sezilmir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçının iddia müddəti ötürməməsi iş materiallarına əlavə edilmiş zərflə (i.v 27) müəyyən olunur. Belə ki, həmin zərfin üzərindəki möhürə əsasən, iddia ərizəsi 02.10.2019-cu il tarixində poçt xidmətinə təhvil verilmiş, 10.10.2019-cu il tarixində isə qəbul edilmişdir. Odur ki, iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddət Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinin tələblərinə əsasən ötürülməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı iddia müddətini ötürməsə belə, iddia tələbi əsassız olduğundan iddia tələbi təmin edilə bilməz. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas təşkil etmir. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: İddiaçı Əli oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2791/2019 saylı, 10 dekabr 2019-cu il tarixli dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar