Məhkəmə qərarları › İş №2(103)-7207/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7207/2022

02.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7207/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5204/2022 saylı 19 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 02 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə istehlakçı Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə paylayıcının müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçı müəssisəyə G400 markalı, 81009652 nömrəli, turbin tipli “Elster” qaz sayğacı quraşdırılmışdır. 23 aprel 2021-ci il tarixdə həmin sayğac çıxarılaraq dövlət yoxlanılmasının aparılması məqsədilə Metrologiya Departamentinə göndərilmişdir. 01 iyul 2021-ci il tarixdə qaz sayğacının daxili və xarici müayinəsi keçirilmiş və bununla bağlı akt tərtib edilmişdir. Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında 09 iyul 2021-ci il tarixli akta əsasən, qaz sayğacının müayinəsi zamanı sayğacın daxilinin çirkli olduğu, korrektorun söndüyü, sönmə tarixinin 01 iyul 2019-cu il olduğu, korrektorun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən keçən 269 822 kub metr qazın həcminin elektron hissədə qeyd edilmədiyi aşkar olunmuşdur.

3. 30 iyul 2021-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir.

4. İş materiallarında olan abonent saldosundan görünür ki, abonent 2019-cu il ərzində 40.777 manat, 2020-ci il ərzində 36.842,77 manat, 2021-ci il ərzində 55.424,23 manat məbləğində vəsaitlər ödəmişdir. Abonentin 2021-ci ilə 62.753,75 manat borcu mövcuddur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-pirşağı yolu, 1-ci km 33 ünvanında quraşdırılan Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi publik hüquqi şəxsə əsassız hesablanmış 62.753,75 manat borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-pirşağı yolu, 1-ci km 33 ünvanında yerləşən Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi publik hüquqi şəxsə Cavabdeh İB-nin əməkdaşları tərəfindən 30 iyul 2021ci il tarixdə cərimə hesablanaraq akt tərtib edilmişdir. Həmin aktda qeyd olunan rəyə əsasən qaz sayğacının daxili çirkli olduğundan korrektor sönmüş, batareya gərginliyi 0V-a düşdüyündən arxivlər pozulmuş və nəticədə 251015 kub metr qaz həcminin uçotu aparılmamışdır. Uçota aparılmamış qazın dəyəri 62753.75 manat hesablanmışdır. Sayğac qapalı məkanda və qoruyucu vasitədən istifadə olunaraq mühafizə olunur. Mütəmadi olaraq hər ay Cavabdeh İB-nin əməkdaşları tərəfindən yoxlanılan qaz sayğacında akt tərtib olunan tarixədək hər hansı nasazlıq və çirkliliklə bağlı fakt aşkarlanmamışdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 avqust 2022-ci il tarixli 2(011)-5204/2022 saylı qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia təmin edilmiş, Cavabdeh İB tərəfindən iddiaçı Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin **********00064 saylı abunə koduna hesablanmış 62.753,75 manat məbləğində borcun silinməsi, Cavabdeh İB-dən 278.26 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə göstərmişdir ki, 2019-cu ildən 2021-ci ilin aprel ayınadək olan müddət ərzində sayğacın elektron göstəricisində nasazlıq olduğundan sərf edilmiş qazın həcmi düzgün qeyd edilməmişdir. Hazırkı halı əsas gətirərək cavabdeh iddiaçıdan 62.753,75 manat pul tələb etmişdir. İstehlakçı olan iddiaçının sayğacın işlək vəziyyətdə olmadığını müəyyən etmək imkanı olmamışdır. Belə ki, iddiaçı texniki cəhətdən bu sahə üzrə mütəxəssis deyildir və iddiaçı tərəfindən aparılmış ödənişlər də belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Bunun əksinə istehsalat birliyinin nümayəndələri qanunvericiliyin tələbinə əsasən ildə bir dəfə sayğacı yoxlanışdan keçirmiş olsaydılar, sayğacda olan nasazlıq daha tez aşkarlanmış ola bilərdi. Beləliklə, sayğacın elektron göstəricisinin sərfiyyatı düzgün hesablamaması və bu səbəbdən istehlakçıya borc yazılmasında istehlakçının hər hansı təqsiri müəyyən edilməmişdir. Bunun üçün də istehlakçının hesabına yazılmış 62.753,75 manat borc onun hesabından silinməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 560.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki Prosessual Məcəllənin 119.1, 124.1, 88, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apelyasiya şikayətində göstərilmişdir ki, akt iddiaçının qanunazidd hərəkətləri nəticəsində tərtib edilmiş, daha sonra həmin akt əsasında tələbnamə təsdiq edilmişdir.

b)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

14. İddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

15. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

16. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2.1-ci bəndinə görə, qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir.

18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısmın vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

28. Beləliklə müəyyən edilmişdir ki, 2019-cu ildən 2021-ci ilin aprel ayınadək olan müddət ərzində sayğacın elektron göstəricisində nasazlıq olduğundan sərf edilmiş qazın həcmi düzgün qeyd edilməmişdir.

29. İş materiallarından müəyyən edilir ki, iddiaçı 2019, 2020 və 2021-ci il ərzində ödənişlərini etmişdir, bununla da iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmişdir.

30. Belə olan halda məhkəmə haqlı olaraq göstərmişdir ki, sayğacın elektron göstəricisinin sərfiyyatı düzgün hesablamaması və bu səbəbdən istehlakçıya borc yazılmasında istehlakçının hər hansı təqsiri müəyyən edilməmişdir.

31. Kollegiya onu da qeyd edir ki, iddiaçının adına olan saldodan müəyyən edildiyi kimi, iddiaçı tərəfindən 2017-ci ildən 2022-ci ilin iyul ayınadək (saldo ilə əhatə olunan dövr) eyni aylarda təqribən eyni həcmdə təbii qaz istehlak olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, sayğacda hər hansı nasazlığın baş verməsi həmin dövr üçün (xx.xx.2019-xx.xx.2021) qazdan istifadənin həcminə heç bir təsir göstərməmişdir.

32. İddiaçının hazırki tələbi haqlı olduğundan, məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qanuni və əsaslı nəticəyə gəlmişdir.

33. Apelyasiya şikayəti əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin dəyişdirilməsi və ləğvi üçün əsas vermir.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5204/2022 saylı iş üzrə 19 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar