Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-721/2024 04.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 MTK-ya qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı Cavabdeh2 MTK-ya qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(006)-3209/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilən apellyasiya şikayəti üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2018-ci il tarixli, 069 saylı müqaviləyə əsasən, İddiaçı xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsi ilə mülkiyyətində olan ünvan 1 evin faktiki sahəsi 25,79 kv.metr olan 46 saylı mənzilini sökülməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada sonuncu tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulan mənzili qəbul etməyi öhdəsinə götürür.
2. Müqavilənin 1.1.2-ci bəndinə görə, "xxxx" MMC-ti əmlak mülkiyyətçisi İddiaçı mənzil ilə təmin edən günədək komensasiya şəklində veriləcək kirayə haqqını və yeni mənzildə nəzərdə tutulan təmir xərcini 35.000 manat nağd pul şəklində sonuncuya ödəməyi öhdəsinə götürur.
3. Müqavilənin 1.2-ci bəndinə əsasən, "xxxx" MMC-ti əmlak mülkiyyətçisi İddiaçı mülkiyyətində olan ünvan 1 evin 46 saylı mənzilin sökülməsini və Sahib Zeynalov küçəsində yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada sahəsi 50,0 kv.metr olan təmirsiz mənzili əmlak mülkiyyətçisi İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür.
4. Müqavilənin 2.2.4-cü bəndinə əsasən, "xxxx" MMC-ti yeni tikilicək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzili əmlak mülkiyyətçisi İddiaçı təhvil verməyi, habedə çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında tikinti quraşdırma işləri yekunlaşdırıldıqdan sonra həmin binanı qanunamüvafiq qadada Dövlət Komissiyasından keçirərək istismara qəbul aktının rəsmiləşdirilməsini təmin etməyi öhdəsinə götürür.
5. xx.xx.2019-cu il tarixli müqaviləyə əlavəyə əsasən, İddiaçı 27.11. 2002-ci il tarixli qeydiyyat vəsiqəsi ilə mülkiyyətində olan ünvan 1 evin faktiki sahəsi 25,79 kv.metr olan 46 saylı mənzilini sökülməsi üçün "xxxx" MMC-nə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada sonuncu tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulan mənzili qəbul etməyi öhdəsinə götürür.
6. Müqavilənin 1.1.2-ci bəndinə görə, əmlak mülkiyyətçisi İddiaçı ilə xx.xx.2018-ci il tarixli, 069 saylı müqavilədə qeyd olunan 50,0 kv.metr təmirsiz mənzilə ödəniş cədvəlinə uyğun 37,4 kv.metr sahə əlavə olunaraq ümumi sahə 87,4 kv.metr təşkil edir.
7. Müqavilənin 1.1.3-cü bəndinə əsasən, əmlak mülkiyyətçi İddiaçı 37,4 kv.metr əlavə sahəyə ödəniləcək 52.500 manat məbləğdən 10.500 manat nağd ödəniş edərək, qalan 42.000 manat məbləği xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixədək ödəniş cədvəlinə uyğun "xxxx" MMC-nə ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 1.2-ci bəndinə görə, “Pilot-“ MMC-ti ünvan 1 evin 46 saylı ünvanında yerləşən əmlak mülkiyyətçisi İddiaçı mülkiyyətində olan mənzilin sökülməsini və Azadlıq prospektində yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada sahəsi 87,4 kv.metr olan təmirsiz mənzili əmlak mülkiyyətçisi İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür
İş üzə qəbul olunmuş məhkəmə aktı
9. İddiaçı (bundan slonra iddiaçı) cavabdeh "xxxx" MMC qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 69 saylı müqavilənin 1.1.2-ci bəndində “əgər bu müqavilənin bağlanmasından sonra 2 il müddət ərzində “Tikinti Şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə mənzil təhvil verilməzsə, onda hər əlavə ay üçün 800 manat kirayə haqqı “Tikinti Şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə ödəniləcəkdir. Həmçinin, əgər tərəflər arasında təhvil veriləcək mənzilin sahəsində artım olarsa, onda həmin mənzilin hər artıq 1 kv.metrinə görə 400 manat təmir xərci “Tikinti Şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə ödəniləcəkdir”. Onunla cavabdeh arasında bağlanmış xx.xx.2019- cu il tarixli müqaviləyə əlavənin 1.1.3-cü bəndinə görə “Əgər “Tikinti Şirkəti” bu mənzili xx.xx.2021-ci il tarixədək “Əmlak mülkiyyətçisi”nə təhvil verməzsə, onda bu mənzilin dəyərinin ödənişi ilə əlaqədar qalan məbləğlə əlaqədar yenidən 2 il müddətinə yeni ödəniş cədvəli tərtib edilərək, qalan məbləğ “Əmlak mülkiyyətçisi” tərəfindən həmin ödəniş cədvəlinə uyğun olaraq ödəniləcəkdir” sözlərinin əlavə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə müraciət edərək aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, 69 saylı müqavilənin 1.1.2-ci və xx.xx.2019-cu il tarixli müqaviləyə Əlavənin 1.1.3-cü bəndlərində dəyişikliklər edilməsini xahiş etmişdir. Lakin, iddiaçının xahişi nəzərə alınmamış və cavabdeh tərəfindən bu müqavilədə qarşılıqlı razılaşma ilə düzəlişin edilməsi mümkün olmamışdır. Halbuki, müqavilənin bu bəndi qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, bu bənddə iddiaçıya ödəniləcək kirayə haqqının və təmir xərclərinin məbləği ayrı-ayrılıqda göstərilməmişdir. Eyni zamanda bu müqaviləyə edilmiş xx.xx.2019-cu il tarixli əlavədən də görünür ki, həmin müqaviləyə görə iddiaçıya veriləcək mənzilin sahəsi 87.4 kv.metr göstərilmişdir. Yəni, birinci müqavilədə göstərilmiş mənzilin sahəsindən 37.4 kv.metr artıq sahə göstərilmişdir. Lakin, bu artıq sahənin təmir pulu da iddiaçıya ödənilməmişdir. Həmçinin, kirayə haqqı az hesablanmış və müqavilənin bağlanmasından 4 ilə yaxın vaxt keçməsinə və bu günədək mənzil iddiaçıya təhvil verilməməsinə baxmayaraq, əlavə qaldığı müddətə görə ona kirayə haqqı ödənilməmişdir. Ona görə də tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 1.1.2-ci bəndinə dəyişiklik edilərək ödənilmiş 35.000 manat məbləğində pul yalnız müqavilə bağlanıldıqdan sonra 2 il üçün nəzərdə tutulmalı və həmin müddət bitdikdən sonra hər ay üçün əlavə 800 manat məbləğində kirayə haqqı ödənilməlidir. Eyni zamanda əlavə müqavilə ilə aldığı mənzilin sahəsi 37.4 kv.metr artıq olduğu üçün həmin artıq sahənin təmirinə görə də 1 kv.metrə görə 400 manat ödəmək şərtilə 14.960 manat əlavə pul da ödənilməlidir. Həmçinin qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 69 saylı müqavilənin 2.2.4-cü bəndində göstərilmişdir ki, “yeni tikiləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzili əmlak mülkiyyətçisinə təhvil verməyi tikinti şirkəti üzərinə götürür”. Bu bənddə göstərilmiş “yaşayış binasının bünövrəsi qoyulduqdan sonra” cümləsi qeyri-dəqiq, mücərrəd bir vaxt anlayışı kimi qəbul edilir. Belə ki, yaşayış binasının bünövrəsinin qoyulmasının dəqiq vaxtı müqavilədə göstərilmədiyindən, bu cümlə Mülki Məcəllənin tələblərinə görə qanunaziddir. Belə ki, hər bir bağlanan müqavilədə müqavilə öhdəliklərinin icrası müddəti dəqiq göstərilməlidir. Ona görə də cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin icrası müddəti dəqiq göstərilmədiyindən və artıq aralarında bağlanmış birinci müqavilənin bağlandığı müddətdən 4 ildən artıq vaxt ötməyinə baxmayaraq, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklər icra olunmamışdır. Bu isə həm müqavilənin bir tərəfi kimi, həm də mülkiyyətçi kimi onun hüquqlarını pozur. Eyni zamanda əlavə maddi xərclər çəkməyə məcbur edir. Belə ki, tərəflər arasında bağlanmış razılaşmaya əsasən, sözügedən mənzil iddiaçıya 24 ay müddətinə tikilərək təhvil verilməli idi. Lakin, cavabdeh tərəfindən bu nəzərə alınmayaraq iddiaçıya 24 ay müddəti üçün kirayə haqqı ödənilmişdir. Yuxarıda qeyd edildiyi kimi, artıq həmin müqavilənin bağlanmasından 42 ay keçməsinə baxmayaraq, iddiaçı mənzillə təmin olunmamış və mülkiyyətində başqa mənzili lmadığı üçün o, kirayədə yaşamağa məcbur olmuşdur. Hazırda cavabdeh tərəfindən iddiaçıya 14 ay əlavə yaşadığı müddət üçün kirayə haqqı ödənilməmişdir. Ona görə də sözügedən müqavilədə olan bu qanunazidd hallar aradan qaldırılmalı və tərəflər arasında bağlanmış bu müqavilələrdə müvafiq dəyişikliklər edilməlidir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(006)- 3209/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında sözügedən müqavilələr üzrə öhdəlik hüquq münasibətləri əmələ gəlmişdir. Lakin həmin müqavilələrdə kirayə haqqı və təmir üçün ödənilməli olan pul məbləğləri ayrı-ayrılıqda qeyd edilməmişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixli müqaviləyə əlavədə mülkiyyətçilərə əlavə olaraq 37,4 kv.metr, ümumilikdə 87,4 kv.metr sahənini verilməsi göstərilmişdir. Lakin, cavabdeh tərəfindən əlavə sahəyə görə təmir haqqı da mülkiyyətçiyə ödənilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələblərini əsaslı sayaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən sözügedən müqavilələr mülki qanunverciliyin tələbləri pozularaq tərtib edilmiş və cavabdeh müqavilələr üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi həmçinin cavabdehin etirazının dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, hazırda iddiaçı sözügedən müqavilələrin bəndlərində müvafiq dəyişikliklərin edilməsini iddia edir. Cavabdeh həmin müqavilələr üzrə öhdəliklərini yerinə yetirməməklə bərabər, eyni zamanda həmin müqavilələri qanunverciliyin tələblərini pozaraq tərtib etmiş, həm kirayə haqqını iddiaçıya ödəməmiş, həm də müqavilələrdə şərtləşdirilmiş müddətdə mənzili iddiaçıya təhvil verməmişdir. Bu da alıcının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olmasını göstərir. Bu səbəbdən də məhkəmə iddia tələblərini əsaslı hesab edir və təmin olunması qənaətinə gəlir.
13. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2, 421.3, 423.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
14. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya baxışında cavabdeh "xxxx" MMC hüquqi varisi olan Cavabdeh2 MTK ilə əvəz edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(103)- 1728/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq, iddiaçının cavabdehə qarşı “müqavilələrdə dəyişiklik edilməsi” barədə iddiası rədd edilmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3030/2023 saylı, 18 oktyabr 2023cü il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(103)- 1728/2023 saylı qətnaməsi qismən - iddianın 01 noyabr 2018-ci il tarixli müqavilə üzrə mənzilin təhvil verilmədiyi müddət üçün kirayə haqqı ödənilməsinin rədd olunması hissəsində ləğv edillməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamənin qalan mübahisələndirilən hissədə İddiaçı Fəfail qızının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
18. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
19. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən elektron kabinetə əlavə edilmiş tərəflər arasında bağlanmış barışıq sazişinin məzmunu aşağıdakı kimi müəyyən edilmişdir:
20. Cavabdeh2 MTK İddiaçı Bakı şəhəri, Nəsimi rayonu,Azadlıq prospekti,Sahib Zeynalov küçəsi,26 ünvanında tikilmiş hündürmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən sahəsi 87.4 kv.m olan 29 saylı mənzili xx.xx.2024-cü il tarixində təhvil verməyi öhdəsinə götürür. 1.1.Həmçinin cavabdeh bu mənzili bütün ilkin tamamlama işləri görülmüş halda,təmir üçün yararlı vəziyyətdə,elektrik enerjisi,təbii qaz və təbii suyun mənzilə verilməsi ilə birlikdə iddiaçıya təhvil verməyi üzərinə götürür. 1.2.Cavabdeh həmçinin üzərinə götürür ki,30 mart 2024-cü il tarixinə kimi mənzili arakəsmələri hörülmüş şəkildə faktiki olaraq İddiaçı təhvil verir. 1.3.Eyni zamanda cavabdeh mənzilin dəyərinin ödənməsinə dair malıiyyə arayışını və digər müvafiq sənədləri iddiaçıya təqdim edir. 1.4.Həmçinin cavabdeh mənzilin giriş qapısının ən geci 30 mart 2024-cü il tarixinədək mənzilin giriş hissəsinə yerləşdirərək təhvil verilməsini öz üzərinə götürür.
2. İddiaçı bu mənzilə görə qalıq borcu olan 24900 manat məbləğində pulu xx.xx.2024-cü il tarixinədək ödəməyi öhdəsinə götürür.
Tətbiq edilən hüquq normaları:
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. (Maddə 881.3)
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər.
23. Həmin Məcəllənin 191.2.-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
24. Məcəllənin 261.0.5-ci maddəsində qeyd edilir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsində qeyd edilir ki, iş üzrə icraata xitam verilməsi barədə məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər
26. Məcəllənin 384.0.5-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
27. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(006)-3209/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh2 MTK-ya qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə tərəflərin məhkəməyə təqdim etdikləri aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh2 MTK İddiaçı Bakı şəhəri, Nəsimi rayonu,Azadlıq prospekti,Sahib Zeynalov küçəsi,26 ünvanında tikilmiş hündürmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən sahəsi 87.4 kv.m olan 29 saylı mənzili xx.xx.2024-cü il tarixində təhvil verməyi öhdəsinə götürür. 1.1.Həmçinin cavabdeh bu mənzili bütün ilkin tamamlama işləri görülmüş halda,təmir üçün yararlı vəziyyətdə,elektrik enerjisi,təbii qaz və təbii suyun mənzilə verilməsi ilə birlikdə iddiaçıya təhvil verməyi üzərinə götürür. 1.2.Cavabdeh həmçinin üzərinə götürür ki, 30 mart 2024-cü il tarixinə kimi mənzili arakəsmələri hörülmüş şəkildə faktiki olaraq İddiaçı təhvil verir. 1.3.Eyni zamanda cavabdeh mənzilin dəyərinin ödənməsinə dair malıiyyə arayışını və digər müvafiq sənədləri iddiaçıya təqdim edir. 1.4.Həmçinin cavabdeh mənzilin giriş qapısının ən geci 30 mart 2024-cü il tarixinədək mənzilin giriş hissəsinə yerləşdirərək təhvil verilməsini öz üzərinə götürür.
2. İddiaçı bu mənzilə görə qalıq borcu olan 24900 manat məbləğində pulu xx.xx.2024-cü il tarixinədək ödəməyi öhdəsinə götürür. İddiaçı Cavabdeh2 MTK-ya qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev