Məhkəmə qərarları › İş №2(103)-7216/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7216/2021

23.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7216/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh, Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 ASC-nə, Cavabdeh2, 5 saylı Dövlət Notariat Kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-74/2021 saylı 01 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 ASC-nə, Cavabdeh2 və 5 saylı dövlət notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiаları təmin edilməmişdir. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 ASC-nə, Cavabdeh2 və 5 saylı dövlət notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC arasında bağlanmış 26.09.2011-ci il tarixli ipoteka müqaviləsinin etibarsız heasb edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Müslim oğlu onların atalarıdır. Cavabdeh2 hamısının paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin özünə aid hissəsini və ona məxsus ünvan 2 ünvanında yerləşən digər bir mənzili ‘‘Bank Avrasiya’ ASC-yə ipotekaya qoyub pul götürmək istədiyini bildirmişdir. Onlar ünvan 1 ünvanında yerləşən mənzildə cavabdehin payına dair hissədə ipotekaya qoyulmasına etiraz etməmişlər. Lakin sonradan onlara məlum olmuşdur ki, bank müqavilə tərtib edərkən ipotekaya həm ataları Cavabdeh2 dair hissəni, həm də onların payını da ipoteka predmeti etmişdir. Onların öz paylarını ipoteka ilə yüklü etmək istəyi, nə də ki razılığı olmamışdır. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişlər. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçılardan İddiaçı2 Yasamal rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh2 və 5 saylı Dövlət Notariat Kontorun səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətlə razılaşmayaraq rədd olunmaasını xahiş edən Cavabdeh1 ASC-nin səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Yasamal rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qətnaməsi İddiaçı2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan iş materiallarında olan Cavabdeh1 ASC ilə Cavabdeh2, Məmmədova (Quliyeva) Arzu Məmməd qızı, Məmmədzadə (Paşayeva) Aytən Məmməd qızı, İddiaçı3 və X2 adından etibarnamə ilə çıxış edən Cavabdeh2 arasında bağlanmış 26.09.2011-ci il tarixli, 846 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayan Cavabdeh1 ASC və borcalan Cavabdeh2 arasında bağlanmış 846 saylı 26.09.2011-ci il tarixli kredit müqaviləsinə müvafiq olaraq borcalan 24 ay müddətinə ödəmək şərtilə 450000 ABŞ dolları məbləğində kreditin qaytarılmasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə ipotekaqoyana məxsus olan ünvan 3 ünvanında yerləşən əmlakı ipotekaya qoymuşdur. Müqavilə bütün yuxarıda adları çəkilən şəxslər tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/811 saylı, 11 dekabr 2020-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş Cavabdeh1 ASC ilə Cavabdeh2, X4, X3, İddiaçı3 və X5 aralarında olan 26 sentyabr 2011-ci il tarixli № 846 nömrəli İpoteka müqaviləsində 2-ci “İmza” qrafasındakı imza və “A.Cavabdeh2” yazıları və 3M7-78 nömrəsi ilə qeydiyyatdan keçdiyi reyestr jurnalının 11-ci vərəqəsində “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza və “A.Cavabdeh2” yazıları - MƏMMƏDOVA (QULİYEVA) ARZU MƏMMƏD qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Cavabdeh1 ASC ilə Cavabdeh2, X4, X3, İddiaçı3 və X5 aralarında olan 26 sentyabr 2011-ci il tarixli № 846 nömrəli İpoteka müqaviləsində 3-cü “İmza” qrafasındakı imza və “Məmmədzadə” yazısı və 3M7-78 nömrəsi ilə qeydiyyatdan keçdiyi reyestr jurnalının 11-ci vərəqəsində “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza və “Məmmədzadə” yazısı - PAŞAYEVA (MƏMMƏZADƏ) AYTƏN MƏMMƏD qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Cavabdeh1 ASC ilə Cavabdeh2, X4, X3, İddiaçı3 və X5 aralarında olan 26 sentyabr 2011-ci il tarixli № 846 nömrəli İpoteka müqaviləsində 4-cü “İmza” qrafasındakı imza və “Məmmədli” yazısı və 3M7-78 nömrəsi ilə qeydiyyatdan keçdiyi reyestr jurnalının 11-ci vərəqəsində “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza və “Məmmədli” yazısı - İddiaçı3 tərəfindən icra olunmuşdur. Ekspertiza xərci 124 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, əhəmiyyətsiz əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən başlayır. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Lakin Mülki Məcəllənin 354.1-ci maddəsinin mənasına görə, bir il ərzində irəli sürülmədiyi halda əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia, o halda bu əsasla rədd oluna bilər ki, onun icrasına başlanıldığı gün maraqlı şəxsə məlum olsun. Göründüyü kimi qanunverici maraqlı şəxsin bir il ərzində əhəmiyyətsiz əqdi mübahisə edə bilməsini, onun həmin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Göründüyü kimi, Cavabdeh1 ASC ilə Cavabdeh2, X4, X3, İddiaçı3 və X5 arasında ipoteka müqavilələri 26 sentyabr 2011-ci il tarixdə bağlanmışdır. İddiaçılar bankın müqavilə tərtib edərkən ipotekaya həm ataları Cavabdeh2 dair hissəni, həm də onların payını da ipoteka predmeti etməsini sonradan bildiklərini desələr də, 26 sentyabr 2011-ci il tarixli ipoteka müqaviləsinin şərtləri açıq şəkildə bütün halları əks etdirmişdir. İddiaçılar 8 il ərzində sözügedən ipoteka müqaviləsinin bağlanması hallarını mübahisələndirməmişdir. Hazırda iddiaçılar ipoteka müqaviləsinin etibarsızlığı barədə iddianı qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti ötürməklə vermişlər. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların Cavabdeh1 ASC ilə bağladığı 26.09.2011-ci il tarixli, 846 saylı ipoteka müqaviləsinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 sözügedən ipoteka müqaviləsində olan imzaların onlar tərəfindən çəkilmədiyini bildirərək məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini tələb etsələr də, müvafiq ekspert rəyində iddiaçıların dediklərinin tam əksinə olaraq həmin imzaların iddiaçılar tərəfindən icra olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçıların hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qətnaməsi İddiaçı2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar