Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7228/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil Kazım oğlunun Xəlil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-106/2023 saylı, 11 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 1754 saylı nisyə alqısatqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, iddiaçıya məxsus sedan tipli ağ rəngli “Hyundai Elantra” minik markalı 90PS436 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aylıq 36 ay müddətinə aylıq 786 manat olmaqla, 29292,69 manat ödəmək şərti ilə nisyə olaraq sonuncuya satılmışdır, müqaviləyə əsasən, alıcı avtomobilə görə aylıq ödənişi gecikdirdiyi halda satıcıya avtomobilin ödəniş qrafiki üzrə borcu bağladığı günə qədər gecikdirdiyi hər gün üçün aylıq ödənişinin 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür, iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək avtomobili Cavabdeh təhvil vermiş, lakin Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə - aylıq ödənişləri yerinə yetirməməklə - müqavilənin şərtlərini pozmuşdur. Hazırda iddiaçı həmin müqavilənin ləğv edilməsini, avtomobilin geri verilməsini, əks halda dəymiş ziyanın ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1754 saylı müqavilənin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə dəymiş zərərin əvəzi kimi 12.572,69 (on iki min beş yüz yetmiş iki manat altmış doqquz qəpik) manat əsas borc pulun, 6830 (altı min səkkiz yüz otuz) manat məbləğində cərimə pulunun, 43.450 (qırx üç min dörd yüz əlli) manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 278,56 (iki yüz yetmiş səkkiz manat əlli altı qəpik) manat pulun Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin mülkiyyətində olan “Hyundai Elantra” minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1754 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 1000 manat, 36 ay müddətinə, hər ay üzrə 786 manat ödəniş etməklə, 29.292,69 manata satılmışdır, lakin cavabdeh avtomobil üçün, 1000 manat, 20 ay müddətinə hər ay 786 manat, cəmi 16.720 manat ödəniş etmiş, xx.xx.2020-ci il tarixdən sonra İddiaçı MMC-yə heç bir ödəniş etməmiş və bu səbəbdən 12.572,69 manat məbləğində əsas borcu qalmışdır, cavabdeh avtomobilin ödənişini xx.xx.2020-ci il tarixdən iddia verildiyi günədək, 786 gün istifadə edərək təhvil vermədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün 50 manat məbləğində icarə haqqı hesablanmaqla 43.450 manat məbləğində icarə pulu hesablanmışdır, cavabdeh avtomobilin ödənişini xx.xx.2020-ci il tarixdən iddia verildiyi günədək, 869 gün istifadə edərək ödəniş etmədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün ödəməli olduğu aylıq ödənişin 1%-i məbləğində cərimə hesablanılmaqla 6830 manat məbləğində cərimə pulu hesablanmışdır, müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icrasını təmin etmək məqsədi ilə cavadeh Cavabdeh dəfələrlə şifahi və sonda yazılı xəbərdar edilsə də o, kredit borcunu ödəməkdən yayınmışdır, bu səbəbdən avtomobilin tutularaq duracağa yerləşdirilməsi məqsədi ilə DİN Bakı şəhəri BPİ DYPİ-nə müraciət edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-106/2023 saylı, 11 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 12572,69 manat əsas, 3772,80 manat cərimə olmaqla, cəmi 16345 (on altı min üç yüz qırx beş) manat 49 (qırx doqquz) qəpik və dövlət rüsumu qismində ödənilmiş 139 (yüz otuz doqquz) manat pulun alınaraq İddiaçı Məhdud Məsliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumunun qalan hissədə iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pulun Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 462.1, 467, 600.1, 600.4-cü maddələri və Konstitusiya Məhkəməsinin Plenum qərarına istinad edərək onunla əsaslandırmışdır ki, cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Məhkəmə, ekspert rəyini digər sübutlarla birgə qiymətləndirərək sübut kimi qəbul etmiş və ekspertin həmin rəy üzrə əsas və cərimə borcu barədə gəldiyi nəticə ilə razılaşmış, əsas borcun məbləğini ekspert rəyinə uyğun olaraq 12572,69 manat həddində, cərimə borcunun məbləğini isə 3772,80 manat həddində müəyyən etmişdir. Məhkəmə, iddia tələbinin “43.450 manat məbləğində icarə haqqının ödənilməsi” hissəsinə münasibətdə hesab etmişdir ki, tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsində icarə haqqının ödənilməsi barədə razılaşma olmadığından və onlar arasında icarə münasibətləri yaranmadığından iddia qeyd edilən hissədə əsassızdır və ona görə də təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumu ödəməkdən azad olması halları müəyyən edilmədiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia tələbinin təmin edilmiş hissəsi, onun 1000 manatdan çox olması nəzərə alınmaqla, cavabdehdən dövlət rüsumu qismində ödənilmiş 139 manat alınaraq iddiaçıya, məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat alınaraq, "xxxx" MMC-yə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin qismən iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə də təmin edilməməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin əsasını iddiaçı ilə cavabdeh arasında "Hyundai Elantra" markalı avtomaşının satılmasına dair bağlanmış xx.xx.2019-cu il tarixli, 1754 saylı alqı-satqı müqaviləsi olmuşdur. Həmin müqavilənin şərtlərinə görə iddiaçı "xxxx" MMC mülkiyyətində olan həmin avtomaşını cavabdehə 29.292,69 manata satır, cavabdeh isə həmin məbləği hissə-hissə cədvəl üzrə ödəməlidir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə alğı-satqı müqaviləsidir və belə olan halda Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Cavabdeh (alıcı) əşyaya görə pul ödəməyi öhdəsinə götürsə də, iddiaçı (satıcı) əşyanı alıcının mülkiyyətinə verməmiş, həmin hüququ özündə saxlamışdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsindən irəli gələn yaranmış mülki münasibətlər lizinq münasibətlərinə aid olan mülki qanunvericiliklə tənzimlənməli və buradan belə nəticəyə gəlmək olur ki, tərəflər arasında mübahisə faktiki olaraq lizinq müqavilələrindən irəli gələn öhdəliklər əsasında həll olunmalıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilə "alğı-satqı" müqaviləsi adlandırılmasına baxmayaraq həmin müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz lizinq müqaviləsinin bağlanmasına istiqamətlənmişdir. Əşyanın dəyəri olan pul məbləğinin cavabdehdən tutulması qət edilsə də, həmin əşyanın hazırda kimdə olmasını, ondan kimin istifadə etdiyi aydınlaşdırılmamış, əşyanın faktiki olaraq iddiaçı təşkilatın mülkiyyətində qalması, həmin hüquqdan istifadə edən iddiaçı həm də avtomaşını ələ keçirməklə əsassız varlanmışdır. Lakin məhkəmə bu halların heç birini araşdırmamışdır, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Alğı-satqı müqaviləsi əşyanın alıcının mülkiyyətinə verilməsini nəzərdə tutur, nisyə alğı-satqı müqaviləsi isə o demək deyildir ki, satılan əşya alıcının istifadəsinə verilsin. Mülkiyyət hüququnun satıcıda saxlanmasını nizama salan Mülki Məcəllənin 603-cü maddəsi məcəllədən hələ 2005-ci ildə çıxarılmışdır. Yuxarıda qeyd etdiyi kimi, əşyanın alıcıya bu şəkildə (yəni istifadəsinə) verilməsi alğı-satqı deyil, lizinqə verilməsidir. Lakin məhkəmə işin faktiki hallarını araşdırmaq əvəzinə şübhəli əsaslara söykənərək qanunsuz qətnamə qəbul etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub olmadığının müəyyən olunmasıdır. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə və hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. İddiaçı hazırki iddia tələbini alğısatqı müqaviləsinə aid öhdəliklərə istinadən əsaslandırmışdır. İddaçı ilə cavabdeh arasında bağlanmış müqavilə isə nisyə alğı-satqı müqaviləsi adlandırılsa da, orada şərtləndirilən öhdəliklər faktiki olaraq lizinq münasibətləridir. Bundan başqa, adı çəkilən xx.xx.2019-cu il tarixli, 1754 saylı alqı-satqı müqaviləsində "əlavə xərclər üçün 3000 manat" qeyd olunmaqla həmin məbləğ cavabdehdən alınmışdır. Buna baxmayaraq "əlavə xərc" dedikdə nə başa düşüldüyü iddiaçı tərəfindən əsaslandırılmamış, məhkəmə isə bu məsələyə diqqət yetirməmiş, həmin məbləğin borcdan çıxılmasını təmin etməmişdir. Eyni zamanda, alqı-satqı predmeti olan avtomaşın bu günə kimi iddiaçının mülkiyyətində qalmasına baxmayaraq avtomaşının da dəyəri ümumi borcdan çıxılmamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirdi və təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvi nəzərdə tutulduğundan qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 39 saylı qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.9-cu bəndindən görünür ki, nəqliyyat vasitələrinə sahibliyi təsdiq edən sənədlərdən biri də nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X6-imtahan məntəqələrində təsdiq olunmuş alqı-satqı, yaxud dəyişmə müqaviləsidir.
Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləüv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzıün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi-vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 250106 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Elantra” minik markalı 90PS436 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı MMC-dir. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh arasında 09 fevral 2019-cu il tarixdə əşyanın nisyə alqı-satqısı haqqında bağlanmış 1754 №-li müqaviləyə əsasən, 2010 il “Hyundai Elantra” minik markalı avtomobili alıcıya nisyə olmaqla satır, alıcı isə minik avtomobilin dəyərini hissə-hissə olaraq satıcıya ödəyir, müqavilənin müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək, avtomobilin dəyəri 29292,69 manat məbləğində müəyyən edilir. Tərəflər arasında bağlanmış 09 fevral 2019-cu il tarixli 1754 saylı müqavilənin: - 3.1-ci bəndinə əsasən müqavilənin müddəti KMHDH41DBBU030449 şassi nömrəli 2010 “Hyundai Elantra” minik markalı avtomobil üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək müəyyən edilir. - 4.5-ci bəndinə əsasən alıcı avtomobilə görə aylıq ödənişləri gecikdirdiyi halda, satıcıya avtomobilin götürüldüyü və ya təhvil verildiyi günə qədər gecikdirdiyi hər gün üçün 50 manat cərimə ödəyir. - 4.6-cı bəndinə əsasən, alıcı avtomobilə görə aylıq ödənişi gecikdirdiyi halda satıcıya avtomobilin ödəniş qrafiki üzrə borcu bağladığı günə qədər gecikdirdiyi hər gün üçün aylıq ödənişinin 1%-i məbləğində cərimə ödəyir. Müqavilənin 4.7-ci maddəsinə əsasən bu müqavilə üzrə öhdəliklər tam icra edildiyindən sonra avtomobilin alıcının mülkiyyətinə keçməsi ilə bağlı xərclər alıcı tərəfindən ödənilir. İş materiallarında olan 1754 №-li müqavilə üzrə kredit ödəniş cədvəlinin surətindən görünür ki, müştərinin adı Cavabdeh, avadanlıq “Hyundai Elantra”, malın nisyə dəyəri 29292,69 manat, ilkin ödəniş 1000 manat, əlavə xərc 3000 manat, kreditin müddəti 36 ay, aylıq məbləğ 786 manatdır. İş materiallarında olan X3 və Cavabdeh tərəfindən imzalanmış “Təhvil təslim aktı”nın surətindən görünür ki, Cavabdeh sedan tipli ağ rəngli “Hyundai Elantra” minik markalı 90PS436 dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır, nəqliyyat vasitəsinin heç bir nasazlığı yoxdur. İş materiallarında olan İddiaçı MMC və X4 arasında bağlanmış 09 fevral 2019-cu il tarixli 1754 №-li zaminlik müqaviləsinin surətindən görünür ki, zamin satıcı ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2019-cu il tarixli 1754 №-li alqı-satqı müqaviləsi üzrə borc ödəyənlə birlikdə satıcı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 19 oktyabr 2022-ci il tarixli 151 №-li maliyyə arayışının surətinə əsasən, Cavabdeh avtomobil üçün ilkin ödəniş 1000 manat, əlavə xərclər üçün 3000 manat, 20 ay müddətinə hər ay 786 manat, cəmi 16720 manat ödəniş etmiş və xx.xx.2020-ci il tarixdən sonra İddiaçı MMC-yə heç bir ödəniş etməmişdir, onun xx.xx.2020-ci il tarixdən İddiaçı MMC-yə heç bir ödəniş etməyərək 12572,69 manat məbləğində ödənilməmiş əsas borcu qalmışdır. Birinci instansiya məhkəməsinin qərardadına əsasən verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "xxxx" MMC-nin 10 noyabr 2022-ci il tarixli 9/6675 №-li Ekspert rəyindən görünür ki, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1754 saylı əşyanın nisyə alqı-satqısı haqqında müqavilənin şərtlərinə əsasən, Cavabdeh İddiaçı MMC-yə olan borcu, xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 12572,69 manat, cərimə borcu üzrə 3772,80 manat həddində müəyyən edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, tərəflər arasında olan mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə tərəflər arasında hansı müqavilə münasibətlərinin yarandığı aydınlaşdırılmalıdır. İddiaçı tərəf iddia tələbində bu müqaviləni nisyə alqı-satqı müqaviləsi kimi adlandırmış və müqavilə bu ad altında bağlanmışdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC və Cavabdeh arasında 09 fevral 2019-cu il tarixdə sedan tipli ağ rəngli “Hyundai Elantra” minik markalı 90PS436 dövlət qeydiyyat nişanlı avtomobilə dair “dəyən zərərin ödənilməsi haqqında” müqavilə bağlanaraq, ilkin ödəniş 1000 manat, 36 ay müddətinə, hər ay üzrə 786 manat ödəniş etməklə, 29.292,69 manata satılmışdır. Cavabdeh avtomobil üçün 1000 manat, əlavə xərclərə görə 3000 manat, 20 ay müddətinə hər ay 786 manat, cəmi 19.720 manat ödəniş etmiş, xx.xx.2020-ci il tarixdən sonra İddiaçı MMC-yə heç bir ödəniş etməmiş və bu səbəbdən 12.572,69 manat məbləğində əsas borcu qalmışdır, İddiaçı cavabdehin avtomobilin ödənişini xx.xx.2020-ci il tarixdən iddia verildiyi günədək, 786 gün istifadə edərək təhvil vermədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün 50 manat məbləğində icarə haqqı hesablanmaqla 43.450 manat məbləğində icarə pulu hesablamış, cavabdeh avtomobilin ödənişini xx.xx.2020-ci il tarixdən iddia verildiyi günədək, 869 gün istifadə edərək ödəniş etmədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün ödəməli olduğu aylıq ödənişin 1%-i məbləğində cərimə hesablanılmaqla 6830 manat məbləğində cərimə pulu hesabla hazırki iddianı qaldırmışdır. Beləliklə, işin müəyən edilmiş hallarına görə, tərəflər arasında avtomobilə dair nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Avtomobil rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşya hesab olunur. Mülki qanunvericiliyin tələbinə görə isə belə əqdlər notariat qaydada təsdiq olunmalıdır. Lakin hazırki işdə tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmamışdır. Qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub olmadığının müəyyən olunmasıdır. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası MPM-nin 337-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, iddiaçının istinad etdiyi əqd (nisyə alğı-satqı müqaviləsi) əhəmiyyətsizdir, ona görə də həmin əqdə əsaslanaraq cavabdehə qarşı qaldırılmış hazırki iddia da əsaslı deyidir. Əqd etibarsız hesab olunduqa əgər bu məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (qarşılıqlı restitusiya). Məhkəmə İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1754 saylı nisyə alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd olması əsası ilə etibarsız sayıldığı üçün Azərbaycan Respublikasının MPM-nin 337.5-ci maddəsində və “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında göstərildiyi kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Buna görə də kollegiyanın qənaətinə görə “Hyundai Elantra” minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən "xxxx" MMC-yə qaytarılmalı, sonuncu tərəfindən avtomobil üçün ödənilmiş ilkin ödəniş kimi 1000 manat, əlavə xərclər kimi 3000 manat, 20 ay müddətinə hər ay 786 manat olmaqla 15720 manat, cəmi 19720 manat məbləğində pul Cavabdeh qaytarılmaqla, tərəflər əvvəlki vəziyyətə qaytarılmalı, qətnamə avtomaşının qaytarılması ilə ödənişin qaytarılması eyni vaxtda icra edilməlidir. Kollegiya həmçinin Cavabdeh sedan tipli ağ rəngli “Hyundai Elantra” minik markalı 90PS436 dövlət qeydiyyat nişanlı avtomobili təhvil almaqla onu "xxxx" MMC-yə qaytarılmalı vaxtadək istifadəsində olmasını nəzərə alaraq qeyd edir ki, bununla bağlı mötəbər sübutlar olduğu təqdirdə tərəflər bir-birinə qarşı maddi ziyanın vurulması ilə bağlı iddia qaldırmaq hüququna malikdirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Ekspert tədqiqatının aparılması üçün ödənilmiş 100 manat məbləğində pul iddiaçıdan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-106/2023 saylı, 11 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. “Hyundai Elantra” minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən "xxxx" MMC-yə qaytarılsın. "xxxx" MMC-i tərəfindən Cavabdeh tərəfindən həmin MMC-yə ödənilmiş 19.720 manat ödəniş qaytarılsın. Avtomaşının qaytarılması ilə ödənişin qaytarılması eyni vaxtda icra edilsin. Ödənilmiş dövlət rüsumı iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Ekspert tədqiqatının aparılması üçün ödənilmiş 100 manat məbləğində pul iddiaçıdan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə