Məhkəmə qərarları › İş №2(103)-7229/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7229/2022

21.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7229/2022 21.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Meyxoş oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-7229/2022 (Açar sözlər: “əsassız hesablanmış borcun silinməsi”) Bakı şəhəri 21 noyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(003)- 2068/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş 04 may 2022-ci il tarixli, akt NDM № 028698 saylı aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə **********70012 abonent kodu ilə X2 adına qeydə alınmış Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Sovxoz sahəsi ünvanına yoxlama keçirilən zamanı məlum olmuşdur ki, EEİQ-na uyğun olaraq sayğaca baxış keçirən zaman məlum oldu ki, sayğacın qoşulma ardıcıllığı pozulmuşdur. Belə ki, sayğacın “O” yuvasına faza xətti verilmiş və kənar mənbədən “o” xətti götürməklə kənar xəttdən istifadə olunur.

2. "xxxx" ASC-nin nümayəndələri Kazımov H. və Hacıəhmədov A. İştirak etmişlər. Abonentin nümayəndəsi isə iştirak etməmişdir.

3. "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, İddiaçı Meyxoş oğluna məxsus ünvan 2 ünvana NDM028698 saylı akt əsasında cəmi 1814,39 manat məbləğində borc hesablanmışdır.

4. İş materiallarına olan əlavə edilmiş diskdə olan videoya baxış keçirilmiş, orada olan videogörüntüdə sayğaca baxış keçirilərək elektrik xəttindən axan yükün az hissəsinin sayğaca daxil olması qeyd olunmuşdur.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Meyxoş oğlu cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, NDM 028698 saylı aktın etibarsız sayılması, ona məxsus Bakı şəhəri, ünvan 3 ünvanı üzrə **********70012 saylı abonent hesabına əsassız olaraq hesablanmış 1800 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı Meyxoş oğlunun nümayəndəsi və vəkili Vəkil Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, ünvan 3 ünvanı üzrə **********70012 saylı abonent hesabına əsassız olaraq hesablanmış 1850 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verilmədiyi halda "xxxx" ASC tərəfindən onun yaşadığı ünvanda yerləşən **********70012 saylı abonent hesabına dair tərtib olunmuş xx.xx.2021-ci il tarixli, NDM 028698 saylı aktdan görünür ki, pozuntu EİQ-ya uyğun olaraq sayğaca baxış keçirilən zaan sayğacın qoşulma ardıcıllığı pozulmuş, fərdi evə kənar xəttdən istifadə olunur. Elektrik sayğacı və qutusu yenisi ilə əvəz olunmalıdır. Onun təqsirindən baş verdiyi müəyyən olunmadığı halda cavabdeh "xxxx" ASC tərəfindən abonent hesabına 1800 manat məbləğində borc hesablanmışdır. Sayğacda pozuntu halının məhz istehlakçıtərəfindən yarandığına dair hər hansı mötəbər sübut yoxdur. Fərdi yaşayış evi onun adına xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçmiş, müvafiq çıxarış əldə olunmuşdur. Bundan başqa, aktda adı çəkilən X7 ölmüşdür. Ölmüş şəxsin adına akt tərtib olunduğundan da həmçinin həmin akt etibarsız hesab olunmalıdır. Ona görə də aktda göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Evdən kənarda quraşdırılmış sayğacın qısaqapanma nəticəsində yanmasına görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərindədir.

8. İddiaçı Meyxoş oğlunun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

9. Əvvəlki məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus ünvana dair aktın tərtib olunması və həmin akt əsasında cərimənin hesablanması zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Buna görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, "xxxx" ASC-də mühəndis işləyir. Mübahisəli ünvanda sayğaca müdaxilə izi yox idi. Onlar yüklənmə aşkarlayıb şübhələnib yoxlama aparmışlar. Elektrik xəttindən axan yükün az hissəsi sayğaca daxil olurdu, xəttə müdaxilə olmuşdu. Xəttə elə bir faza verilib ki, ondan istifadə edəndə sayğac qeyd etmir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, "xxxx" ASC-də mühəndis işləyir. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir.

12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(003)- 2068/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 1814,39 (bir min səkkiz yüz on dörd manat, otuz doqquz qəpik) manat məbləğində cərimə İddiaçı Meyxoş oğlunun abunə hesabından (abunə kodu: **********70012 olan) silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçıya məxsus olan mənzilə dair cavabdeh təşkilatın əməkdaşları tərəfindən 1814,39 manat məbləğində cərimə hesablanmışdır. İddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış cərimə silinməlidir.

14. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır.

15. Məhkəmə hesab etmişdir ki, tərtib olunan akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmışdır. Habelə, onun tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

16. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, istehlakçı tərəfindən sayğaca və ya elektrik xəttinə hər-hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. İddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu (sayğacın qoşulma ardıcıllığının pozulması) və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Tərtib olunmuş aktda, həmçinin çəkilmiş videogörüntüdə əks olunan nasazlıq, yaxud pozuntunun abonentin təsqiri üzündən yaranması sübuta yetirilmir. Həmçinin, həmin video yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması müəyyən edilmir. İşin materiallarından da göründüyü kimi sayğac evdən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda və ona qoşulma sxemində müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. xx.xx.2022-ci tarixli akt qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış 1814,39 manat cərimə silinməlidir.

17. Bununla yanaşı, iddiaçı, xx.xx.2022-ci tarixli akt əsasında qanunsuz olaraq hesablanmış 1850 manat borcun silinməsini xahiş etsə də, həmin akt üzrə 1814.39 manat cərimə hesablandığı və həmin cərimənin silinməli olduğu müəyyən olunmuş, iddia tələbi qalan hissədə öz təsdiqini tapmamışdır.

18. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndi, həmin Qaydaların 10.18.9-1-ci bəndinə, 8.17-ci bəndinə, 8.17-2-ci bəndinə, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə, həmin Qanunun 17-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

19. Qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2068/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, 04 may 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı Meyxoş oğluna məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı sayğacın sıfır yuvasına faza xəttinin verilməsi və kənar mənbədən sıfır xətti götürülməklə kənar xətdən isitifadə olunması aşkar edilmişdir. Aşkar olunmuş faktla bağlı tərəflərindən NDM № 028698 saylı akt tərtib edilmiş və bu barədə abonentə məlumat verilməsinə baxmayaraq aktın tərtib edilməsində abonent və ya onun nümayəndəsi iştirak etməmişdir. Bu səbəbdən də EEİQ-nin tələblərinə uyğun olaraq aşkar edilmiş pozuntu faktının "xxxx" ASC-nin əməkdaşları tərəfindən videoçəkilişi aparılmaqla qeydə alınmışdır. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 15191 kvts. itirilmiş elektrik enerjisinin dəyəri 1814 manat məbləğində müəyyən edilməklə abonentin **********70012 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Hesab edirlər ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Akt tərtib olunarkən aşkar olunmuş kənar xəttin videogörüntülərini özündə əks etdirən disk sübut qismində tərəflərindən birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Lakin məhkəmə sayğaca müdaxilənin və kənar xətin çəkilməsini məhz iddiaçının təqsirinin olduğunu həmin videogörüntlərdə öz əksini tapmadığını qeyd etmişdir. Halbuki qeyd edilən kənar xətin çəkilməsi nəticəsində mənzilə keçən elektrik cərəyan yükünün sayğac tərəfindən tam qeyd alınmadığını və bu halın təkcə abonentin mənafeyinə uyğun olduğunu nəzərə alsaq qeyd edilən pozuntu faktında abonentin təqsiri aydın şəkildə öz təsdiqini tapmış olur. Lakin məhkəmə tərəfindən qeyd edilən hallar kifayət qədər ətraflı araşdırılmamış və qeyd edilən hallara düzgün hüquqi qiymət verilməmişdir.

b) Apellyasiya şikayətinə yazılı etiraz

21. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə iddiaçı tərəfindən etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»

24. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir.

25. 10.18.9-1-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur.

26. 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.

27. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunu:

28. 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

29. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

40. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

42. Belə ki, birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan mənzilə dair cavabdeh təşkilatın əməkdaşları tərəfindən 1814,39 manat məbləğində cərimə hesablanmışdır. İddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış cərimə silinməlidir.

43. İşdən görünür ki, iddiaçıya məxsus olan mənzilə dair cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli akt əsasında 1814,39 manat borc hesablanmışdır. Həmin akt istehlakçının təqsiri üzündən sayğacın qoşulma ardıcıllığının pozulması ilə əsaslandırılmışdır.

44. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır.

45. Kollegiya hesab edir ki, tərtib olunan akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmışdır. Habelə, onun tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

46. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, istehlakçı tərəfindən sayğaca və ya elektrik xəttinə hər-hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. İddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu (sayğacın qoşulma ardıcıllığının pozulması) və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Tərtib olunmuş aktda, həmçinin çəkilmiş videogörüntüdə əks olunan nasazlıq, yaxud pozuntunun abonentin təsqiri üzündən yaranması sübuta yetirilmir. Həmçinin, həmin video yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması müəyyən edilmir. İşin materiallarından da göründüyü kimi sayğac evdən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda və ona qoşulma sxemində müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. xx.xx.2022-ci tarixli akt qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış 1814,39 manat cərimə silinməlidir.

47. Bununla yanaşı, iddiaçı, xx.xx.2022-ci tarixli akt əsasında qanunsuz olaraq hesablanmış 1850 manat borcun silinməsini xahiş etsə də, həmin akt üzrə 1814.39 manat cərimə hesablandığı və həmin cərimənin silinməli olduğu müəyyən olunmuş, iddia tələbi qalan hissədə öz təsdiqini tapmamışdır.

48. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 1814,39 (bir min səkkiz yüz on dörd manat, otuz doqquz qəpik) manat məbləğində cərimə İddiaçı Meyxoş oğlunun abunə hesabından (abunə kodu: **********70012 olan) silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.

49. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

50. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(003)- 2068/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar