Məhkəmə qərarları › İş №2(103)-723/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-723/2022

11.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-723/2022 11.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3096/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00000) cavabdeh tərəfindən tərtib edilmiş 19 ədəd akt əsasında hesablanmış 2947,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3096/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2630/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3096/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4841/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 aprel 2021-ci il tarixli, 2(103)-2630/2021 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilir ki, məhkəmə kollegiyası eyni zamanda işə yenidən baxan məhkəmənin diqqətinə aşağıdakı halları çatdırmağı zəruri sayır. İş materiallarından göründüyü kimi hazırkı mübahisə abonentin cavabdehə məxsus ümumi qazpaylayıcı qaz xəttinə ayrı-ayrı vaxtlarda küstar üsulla qanunsuz qoşulmaqla təbii qazdan sayğacdan kənar istifadə edib-etməməsinin müəyyən edilməsi ilə bağlıdır. Məhkəmə, təbii qazdan sayğacdan kənar istifadə olunmasına dair işin mübahisələndirilən halına müvafiq araşdırma aparmadan yalnız aşağıda göstərilən cümlə ilə qiymət verilmişdir: “İşin araşdırılmış halları ilə İddiaçı məxsus Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Cavabdehnə məxsus qaz xəttinə sayğacdan kənar əlavə qoşulma olduğu müəyyən edilməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin qoşulma vasitəsi ilə iddiaçının və ya başqa şəxslərin təbii qazdan qanunsuz istifadə etməsi araşdırılmadan itirilmiş qazın bərpa olunması məqsədi ilə qərarlar qəbul etməsi, həmçinin, həmin qərarlarda sərfiyyatın hansı qanunvericilik normalarına əsasən hesablanmasının müəyyən olunmaması, bununla da həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsinin bu aktı qəbul etmiş orqanın üzərinə düşməsinə baxmayaraq, sübuta yetirilməməsi təsbit edilmişdir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə görə məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddənin məzmunundan da göründüyü kimi ekspert rəyi sübut növlərindən biridir, məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən ekspert rəyinə, abonent saldosuna eləcə də işdə olan digər sübutlara düzgün qiymət verilməmişdir. Sübutun qiymətləndirilməsi, mövcud sübutların tutuşdurulmaqla işin digər halları ilə müqayisəli təhlilini ehtiva edir. Məhkəmənin qətnaməsində sübutların bu cür qiymətləndirilməsi görünmür. İş materiallarından görünür ki, iddiaçı son ödənişi 2015-ci ilin fevral ayında 10 manat etmişdir. İddiaçı 2018-ci ilin fevral və mart aylarında qazdan sayğacdan kənar istifadə edilməsi barədə tərtib olunmuş aktlara imza etmiş, bunlara dair hər hansı etiraz bildirməmişdir. Məhkəmələrin “qaz xəttindən qanunsuz qoşulmuş borunun iddiaçının həyətinə deyil cavabdeh tərəfindən həmin qoşulma vasitəsi ilə iddiaçının və ya başqa şəxslərin təbii qazdan qanunsuz istifadə etməsinin araşdırılmaması” barədə dəlili, yalnız iddiaçının qanunsuz qoşulan qazın onun evinə aid olmaması barədə izahatına əsaslanır. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bundan başqa, məhkəmələrin cavabdeh tərəfindən tərtib olunmuş qərarlarda sərfiyyatın hansı qanunvericilik normalarına əsasən hesablanmasının müəyyən olunmamasına istinad olunan əsaslandırması qüsurludur. Çünki, qaz sərfiyyatının hesablanmasında əsas götürülmüş qanun norması ilk dörd aktda qeyd olunmasa da, qalan aktlarda (və ya akta əsasən aparılmış hesabatlarda) əksini tapmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 ekspert rəyi ilə razı olmadıqlarını bildirdi və apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı ekspert rəyi ilə razı olduğunu bildirdi və apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Tətbiq edilməli hüquq. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu - Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. - Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. - Maddə 28. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə mühəndistexniki ekspertizasının 25 sentyabr 2020-ci il tarixli rəyinə əsasən, mülki iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlara əsasən Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsi Yeni yol küçəsində yerləşən 11 saylı fərdi yaşayış evini təbii qaz ilə təmin edən Cavabdehnə məxsus qaz xəttinə sayğacdan kənar əlavə qoşulma olmuşdur. Aktların mötəbərliliyinə məhkəmə tərəfindən hüquqi qiymət verilə bilər. 30 iyul 2020-ci il tarixli 10/1768 saylı vəsatət təmin edilmədiyinə görə Cavabdehnə vurulmuş ziyan müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparmaq mümkün deyildir. Qeyd olunan rəyin məzmunundan aydın olur ki, ekspert tərəfindən Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsi Yeni yol küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinə və həmin ərazidəki qaz xətlərinə baxış keçirilməmiş, rəy iş materiallarında olan cavabdeh qurumun əməkdaşları tərəfindən tərtib edilmiş aktlara əsasən verilmişdir. Lakin ekspert qeyd olunan ünvana və həmin ərazidəki qaz xətlərinə baxış keçirmədən hansı məntiqlə qaz sayğacından kənar əlavə qoşulma olması qənaətinə gəlməsi başadüşülən olmamışdır. Çünki, qeyd olunan aktları işdə hüquqi marağı olan cavabdehin əməkdaşları tərtib etmiş, sayğacdan kənar qoşulma olması barədə məlumatları da həmin aktlara onlar daxil etmişlər. Əgər məhkəmə qeyd olunan aktlardakı məlumatları həqiqət kimi qəbul edəcəydisə onda ekspertiza keçirilməsinə də zərurət olmazdı. Ekspertiza xüsusi bilik tələb olunan sualları izah etmək üçün təyin edilir. Qaz xəttinə sayğacdan kənar qoşulmanı iş materiallarına əsasən müəyyən etmək isə ümumiyyətlə mümkün olmayan bir haldır ki, nə qədər qəribə olsa da, ekspert bunu müəyyən etmişdir. Mülki iş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələbinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə qaz sayğacından kənar qaz xəttinə qanunsuz qoşulma olub-olmamasının; olmuşdursa, bunun nəticəsində Cavabdeh İB-yə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun hansı məbləğdə (bir ay üçün və ümumilikdə) zərər dəydiyinin müəyyən edilməsi üçün mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 10/28 saylı, 24.02.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki: baxış zamanı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Cavabdeh İB-yə məxsus 108 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə halları (əlavə qoşulmalar) müəyyən edilmədi. 108 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə halları (əlavə qoşulmalar) müəyyən edilmədiyinə görə Cavabdeh İB-yə vurulmuş ziyanın müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparılmadı. Göründüyü kimi, iddia ərizəsinin məzmunundan bəlli olur ki, iddiaçı cavabdehdən 2947,20 manat ona əsassız hesablanmış borcun silinməsini tələb edir. Maddi zərər vurulması üçün iddiaçı cavabdehə qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və cavabdeh bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçı 2018-ci ilin fevral və mart aylarında qazdan sayğacdan kənar istifadə edilməsi barədə tərtib olunmuş aktlara imza etməmiş və aktlardan məlumatlı olmadığı üçün onlara etiraz bildirməsi də mümkünsüzdür. Əksinə apellyasiya baxışı zamanı da evi söküldüyünə görə bir neçə ilə qazdan istifadə etmədiyini, sonradan bir otaqlı ev tikdiyini, heç vaxt qazdan qanunsuz istifadə etmədiyini, qanunsuz qoşulmanın onun evinə aid olmadığını bir daha istrarla təsdiq etmişdir. Buna görə də, iddiaçının hər hansı bir qanunsuz əməl nəticəsində cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətində silinməsi tələb edilən məbləğin iddiaçının təbii qazdan qeyriqanuni qoşulmalara dair akt tərtib edilərək itirilmiş qazın dəyərinə görə 2947,20 manat hesablanaraq abonentdən tələb edildiyini göstərsə də bu halı təsdiqləyən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Baxmayaraq ki, iddiaya etirazının əsası kimi istinad etdiyi bu halları sübut etmək yükü cavabdeh tərəfin üzərinə düşür. Şikayətində göstərdikləri isə sübuta yetirilmir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3096/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. qətnaməsi Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3096/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar