Məhkəmə qərarları › İş №2(103)-7230/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7230/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7230/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, e- 2(006)-1617/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra, cavabdeh) qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 15 noyabr 2021-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş ziyana görə 5380 manat, dəymiş ziyanın gecikdirildiyi üçün ödənilməmiş 350 manat dəbbə pulu olmaqla, cəmi 5708,18 manat pulun və ödənilmiş 73,23 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 15 noyabr 2021 ci il tarixdə X2 məxsus “PEUGEOT 207” markalı, M347XH29 dövlət qeydiyyat nişanlı avtomobil ilə yolnəqliyyat hadisəsi törədərək ona məxsus “Toyota Rav 4” markalı ** FJ *** qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. X2 məxsus “PEUGEOT 207” markalı, M347XH29 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə “Toyota Bakı Mərkəzi" MMC tərəfindən tərtib edilmiş qüsur aktında avtomobilə dəymiş zərərin 5380 manat qiymətləndirilməsinə baxmayaraq, "xxxx" ASC tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli, AS-21/1466 saylı məktubda dəymiş ziyanın əvəzi olaraq 960 manat təklif edilmişdir. Tərəflərindən xx.xx.2021-ci il tarixində "xxxx" ASC-yə 5380 manat pulun ödənilməsi üçün müraciət olunmuş, lakin həmin məbləğin ödənilməsi sığorta tərəfindən imtina olunmuşdur. Göründüyü kimi, yol-nəqliyyat hadisəsinin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, "xxxx" ASC tərəfindən sığorta ödənişi həyata keçirilməmişdir. Məlumat üçün bildirir ki, maşının təzə olduğu (2021-ci il buraxılışlı) və zəmanətli olması nəzərə alınsa, müqaviləyə əsasən servisdən kənar yerdə maşının təmir olunması zəmanətin qüvvədən düşməsinə səbəb olacaq. Bu səbəbdən avtomobilin “Toyota Bakı Mərkəzi MMC”-də düzəldilməsi məqsədəuyğundur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, e-2(006)- 1617/2022 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia tələbi qismən təmin edilmiş, 4470 manat sığorta ödənişi, sığorta ödənişinin gecikdirildiyi günlərin sayına görə 272,67 manat dəbbə pulu və ödənilmiş 73,23 manat dövlət rüsumunnu cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulması, 100 manat ekspertiza xərcinin cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın qismən, yəni 960 manat hissədə təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, cavabdehin mütəxəssisləri tərəifndən zərər dəymiş əmlaka baxış keçirilməsi, dəymiş ziyanın 960 manat həddində müəyyən olunması, iddiaçının həmçinin mənəvi ziyan tələb etməsinin əsassız olması kimi əsaslandırılmış, məhkəmə kollegiyasından şikayətin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, 15 noyabr 2021-ci il tarixdə digər şəxsin təqsirli hərəkəti nəticəsində yol-nəqliyyat hadisəsinin (sığorta hadisəsinin) baş verməsi, nəticədə iddiaçıya məxsus “Toyota Rav 4” markalı, ** FJ *** qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi, bununla da cavabdehin dəymiş ziyana görə icbari sığorta müqaviləsinə əsasən (cavabdeh digər nəqlyyat vasitəsinin icbari sığortasını həyata keçirmişdir) sığorta haqqını ödəmək öhdəliyinin yaranması işin mübahisə olunmayan hallarıdır. İddiaçı dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə şirkətinə müraciət etmiş, "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən - iddiaçının avtomobilinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün ehtiyyat hissələrinin alınmasına və təmir olunmasına cəmi 5380 manat pul vəsaiti lazım olduğu qeyd edilmişdir. İddiaçı ona vurulmuş maddi ziyanın ödənilməsi üçün "xxxx" ASC-yə müraciət etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixdə iddiaçıya məktub ünvanlayaraq, dəymiş maddi ziyanı 960 manat həddində dəyərləndirmişdir. Beləliklə, cavabdeh iddiaçıya dəymiş zərərin məbləğini 960 manat həddində qiymətləndirmiş, iddiaçı isə zərərin 5380 manat olmasını iddia etmişdir. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edərkən işdə olan sübutlara, işin mübahisəsiz hallarına, həmçinin ekspertiza rəyinə əsaslanmışdır. Cavabdeh etirazının və apellyasiya şikayətinin əsası kimi qətnamədən yalnız zərərin məbləği hissədə narazı qaldığını göstərmiş, iddiaçıya dəymiş zərərin 960 manat həddində müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini ilə razılaşmayaq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. MM-in 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. MM-in 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. MM-in 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. «İcbari Sığortalar haqqında» Qanunun 19-cu maddəsinə əsasən sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs onun sağlamlığma dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: - zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; - zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; - zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; - sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. İşin faktiki hallarından və qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, cavabdeh icbari sığortanı həyata keçirərkən sığorta hadisəsi baş verdikdən sonra zərərin obyektiv qiymətləndirilməsi istiqamətində zəruri addımlar atmalıdır. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə isə zərərin miqdarının qiymətləndirilməsini tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. İşdən göründüyü kimi, tərəflər arasında zərərin qiymətləndirilməsi cavabdehin özü (mütəxəssisləri) tərəfindən hesablama aktına əsasən aparılmış, iddiaçı bununla razılaşmamış, buna baxmayaraq tərəflərin qarşılıqlı razılığı ilə müstəqil ekspert təyin olunmamış, bu istiqamətdə ümumiyyətlə hər hansı addım atılmamışdır. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda isə cavabdehin etirazının (həmçinin apellyasiya şikayətinin) əsası kimi, yəni zərərin məbləğinin 960 manat təşkil etməsi barədə istinad etdiyi hesablama aktı qanuni və əsaslı sayıla bilməz. Məhz bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, «İcbari Sığortalar haqqında» Qanunun 22.1.7-ci maddəsinə əsasən sığortaçının sığorta ödənişindən imtina barədə qərarından və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək sığortalının hüququdur. Birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2022-ci il tarixli, 9/2557 №-li rəyindən görünür ki, 15 noyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2020-cu il buraxılışlı “Toyota Rav 4” markalı, 10FJ 004 qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 4470 manat müəyyən edilmişdir (ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir). Göründüyü kimi, birinci instansiya məhkəməsi ekspertiza təyin etməklə zərərin məbləğini dəqiqləşdirmiş, cavabdeh isə ekspertiza rəyinin əsassızlığı ilə bağlı məhkəməyə hər hansı əks sübut təqdim edə bilməmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh etirazının və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsi (sığorta hadisəsi) nəticəsində əmlaka dəymiş zərərin əvəzinin ödənilməsi istiqamətində hərəkətləri qanuni zidd olmuş, nəticədə iddiaçının hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı olmaqla, qanunvericiliyin tələblərinə uyğun qəbul edilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, e- 2(006)-1617/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, e- 2(006)-1617/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar