Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7231/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1216/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 15.12.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 13.06.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung” markalı soyuducunun dəyərindən ödənilməmiş qalan 1.050 manat əsas borc və hesablanmış 297 manat dəbbə pulu; 14.06.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “Kenwood” markalı mikser, “Panasonic” markalı ətçəkənin dəyərindən ödənilməmiş qalan 186 manat əsas borc və hesablanmış 56 manat dəbbə pulu; 04.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “Hoffmann” markalı qabyuyanın dəyərindən ödənilməmiş qalan 610 manat əsas borc və hesablanmış 174 manat dəbbə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.403 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 13.06.2019-cu il tarixli müqaviləyə əsasən “Samsung” markalı soyuducu; 14.06.2019-cu il tarixli müqaviləyə əsasən “Kenwood” markalı mikser, “Panasonic” markalı ətçəkən; 04.09.2019cu il tarixli müqaviləyə əsasən “Hoffmann” markalı qabyuyan məişət cihazlarını "xxxx" MMC Cavabdeh nisyə satmışdır. Cavabdeh cihazların ümumi dəyərindən 1.059 manat ödəmiş, müqavilələr üzrə ümumi 1.846 manat əsas borcu qalmış və ümumilikdə müqavilələr üzrə 527 manat cərimə hesablanmışdır. Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 13.06.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung” markalı soyuducunun dəyərindən ödənilməmiş qalan 1.050 manat əsas borc və hesablanmış 50 manat dəbbə pulu; 14.06.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “Kenwood” markalı mikser, “Panasonic” markalı ətçəkənin dəyərindən ödənilməmiş qalan 186 manat əsas borc və hesablanmış 20 manat dəbbə pulu, 04.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “Hoffmann” markalı qabyuyanın dəyərindən ödənilməmiş qalan 610 manat əsas borc və hesablanmış 40 manat dəbbə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.986 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın qismən – yalnız əsas borc hissəsində təmin edilməsini xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasında iştirakının təmin edilməməsi, əsassız olaraq cərimə borcu hesablaması və dövlət rüsumunun ondan tutulması arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, hazırda pandemiya dövrü olduğu üçün iş tapmaqda çətinlik çəkir və ona hesablanmış faizəri ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında cavabdehin ödənişlərində çoxlu sayda gecikmələr olduğu üçün ona güzəşt edilməsinin mümkünsüz olduğunu bildirdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdehdən cərimə borcunun və dövlət rüsumunun tutulması hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 13.06.2019-cu il tarixli müqaviləyə əsasən “Samsung” markalı soyuducu; 14.06.2019-cu il tarixli müqaviləyə əsasən “Kenwood” markalı mikser, “Panasonic” markalı ətçəkən; 04.09.2019-cu il tarixli müqaviləyə əsasən “Hoffmann” markalı qabyuyan məişət cihazlarını "xxxx" MMC Cavabdeh nisyə satmışdır. Cavabdeh cihazların ümumi dəyərindən 1.059 manat ödəmiş, müqavilələr üzrə ümumi 1.846 manat əsas borcu qalmış və ümumilikdə müqavilələr üzrə 527 manat cərimə hesablanmışdır. Birinci instansiya məhkəməsi cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilmiş, buna görə də tərəflər arasında bağlanmış müqaviləyə əsasən ödənilməli olan məbləği qismən cavabdehdən tutmuşdur. Kollegiya mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apellyatorun cərimə borcu tələbinin təmin edilməməli olması ilə bağlı dəlilini isə kollegiya əsassız hesab edir; çünki tərəflər cərimənin ödənilməli olduğunu müqavilədə nəzərdə tutmuşlar və iddiaçının tələb etdiyi cərimənin düzgün hesablanmadığına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya qeyd edir ki, borclunun maddi vəziyyətinin pisləşmiş olması iddiaçı qarşısında yaranmış öhdəliklərindən onu azad etmir. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırıldığı, lakin məhkəmə iclaslarına gəlmədiyi aydın olur - məlumatlı olduğu məhkəmə iclaslarına getməməsinin məsuliyyətini isə cavabdeh daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Kollegiya hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən birinci instansiya məhkəməsi dövlət rüsumunun məblğinidə cavabdehə aid etməkdə haqlı olmuşdur. Belə ki, Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlmiş, qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1216/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh X2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7231/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7231/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver