Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7234/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı Ali X5 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxxx” MMC-yə qarşı “işə bərpa və işləməkdən qanunsuz məhrum etmə nəticəsində vurulmuş bütün növ ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-3317/2020 saylı qərardadından iddiaçının şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ali X6 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunmasının qanunsuz hesab edilməsi, cavabdehlə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin müddətinin 6 ay 11 gün müddətinə uzaldılaraq MMC-də öncəki əmək haqqı ilə iş yeri - böyük mexanika-istismar texniki vəzifəsinə bərpa olunmasını, yekun məhkəmə aktı qəbul edilənədək xx xxxx 2020-ci il tarixdən buraxılmış məcburi iş buraxma müddəti üzürlü hesab edilərək xx xxxx 2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər, ona aylar və günlər üçün ödənilməyən əmək müqaviləsində qeyd edilən 6200 manat əmək haqqının kompensasiya şəklində, həmçinin pozulmuş hüquqların bərpa edilməsi üçün çəkilmiş məhkəmə xərci kimi vəkilə ödənilən vəsait 509 manat, etibarnamə və surətinin alınması üçün 16,50 manat, ümumilikdə 525 manat maddi ziyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri haqqında ərizə verərək, iddia tələbi üzrə yekun məhkəmə aktı qəbul olunanadək və gələcəkdə onun icrasını təmin etmək məqsədilə öhdəliyinin icrasından yayınmasının qarşısının alınması üçün cavabdehin “xxxxxxxxxxx” ASC-də olan cari hesablarına daxil olan və ya hesablarda olan ümümi 30.000 manat miqdarında vəsait ilə bağlı hər hansı hərəkətin edilməsinin qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)- 3317/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı tərəfin verdiyi şikayət məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə görə, məhkəmə tərəfindən qanunsuz və əsassız qərardad qəbul edilmişdir. Qərardadda iddiaçının konstitusiya ilə təmin edilmiş və qanunla qorunmaqda olan hüquqları pozulmuşdur. Belə ki, qərardadda qeyd olunmuşdur ki, müraciətin təmini üçün iddiaçı tərəfindən əsaslandırma təqdim olunmamışdır və əgər 30.000 manata həbs qoyularsa hüquqi şəxs sahibkar gələcəkdə dövlət və öhdəlik daşıdığı digər şəxslər qarşısında öz vəzifələrini yerinə yetirə, hesab üzrə digər əməliyyatlar həyata keçirə bilməz. Lakin müraciət qısa və dəqiq şəkildə əsaslandırılmış, bununla bağlı sübutlar məhkəməyə təqdim edilmişdir. Eyni zamanda həmin məbləğ şirkətin hər ay hesabına köçürülən vəsaitlərdən xeyli cuzidir. Həmin məbləğə həbs qoyulması cavabdehi hər hansı maliyyə sıxıntısına məruz qoymur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil Məzəddin qızı şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, onlarda olan qeyri-rəsmi məlumata görə Cavabdeh-nin ləğv olunması gözlənilir, ona görə də ərizənin təmin olunması müəssisənin ləğv olunması halında qətnamənin icrasına xidmət edəcəkdir. Cavabdehin nümayənədəsi-vəkili X2 şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Həmçinin qeyd etdi ki, hazırda Cavabdeh-nin ləğvindən söhbət belə getmir, digər tərəfdən isə hər hansı müəssisənin ləğvi tez bir zamanda baş vermir ki, iddiaçının narahatçılığna səbəb olsun. Həmin müəssisənin maliyyə dövriyyəsi yüksək olduğundan, iddia təmin olunacağı təqdirdə qətnamənin icrası üçün heç bir çətinlik olmayacaqdır. 30.000 manat vəsaitin dondurulması isə cavabdehin maliyyə dövriyyəsinə mənfi təsir edə bilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsini təmin etməməklə bağlı haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, “... İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. ... Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir." Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hüquqi şəxslər sahibkarlıq fəaliyyətini bank hesablarında olan pul vəsaitləri və mülkiyyətində olan əmlaklar vasitəsi ilə həyata keçirdiklərindən, kifayət qədər zəruriliyi müəyyən olunmadan hazırkı mərhələdə iddianın təmin tədbiri olaraq cavabdehin cari hesablarına daxil olan və ya hesablarda olan ümumi 30000 manat miqdarında vəsaitlə bağlı hər hansı hərəkətin edilməsinin qadağan olunması həmin hüquqi şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməyə manelər yarada, həmin hüquqi şəxsin və digər şəxslərin hüquqlarını və qanuni mənafelərini məhdudlaşdıra və mümkünsüz edə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Hazırki halda iddianın təmin tədbirinin təmin edilməsini zəruri edən hər hansı bir əsas yoxdur. Cavabdeh-nin ləğvi ilə bağlı iddiaçının nümayəndəsinin dəlilləri isə formal xarakter daşımaqla, ərizənin təmin olunması üçün müstəqil əsas hesab olunmur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)- 3317/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-7234/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7234/2020
21.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver