Məhkəmə qərarları › İş №2(103)-7235/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7235/2021

11.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7235/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08 noyabr 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə X3 verilmiş reyestr 2V_204 nömrəli (vərəsəlik iş nömrəsi_205) və 02.05.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestri xidmətində Bakı şəhəri Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 19 saylı evin 148 saylı mənzilinin qeydiyyatının ləğv edilməsi və X1 mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilə birinci növbə vərəsə kimi İddiaçı2, İddiaçı1 və X3 1/3 hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra, iddiaçılar iddia ərizəsinə əlavə verərək 08 noyabr 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə X3 verilmiş reyestr 2V_204 nömrəli (vərəsəlik iş nömrəsi_205) və 02.05.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestri xidmətində Bakı şəhəri Y/Günəşli qəsəbəsi, V y/s, 19 saylı evin 148 saylı mənzilinin qeydiyyatının ləğv edilməsi, Bakı şəhəri 37 saylı DNK-nın 4Ə-204, 4Ə-203 reyestr nömrəli 18 oktyabr 2018-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və X1 mülkiyyətində olan ünvan 2 ünvanındakı mənzilə birinci növbə vərəsə kimi İddiaçı2, İddiaçı1 və X3 1/3 hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova, iş № 2(010)-645/21) iddia təmin olunmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. İşin halları: İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, qanun üzrə vərəsəsi olduqları 21.04.2013-cü il tarixdə vəfat etmiş anaları X1 mülkiyyətində olan ünvan 2 ünvanındakı mənzilə birinci növbə vərəsə olmalarına baxmayaraq, 08.11.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qardaşları X4 miras əmlakdan tam pay almışdır. 16.10.2015-ci il tarixində X4 vəfat etdikdən sonra, onun mülkiyyətində olmuş Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 19 ünvanda yerləşən 148 mənzil Əhmədov Valeh Əşrəf oğlunun, Cavabdeh2, X2 və Cavabdeh1, yəni 4 nəfər vərəsənin arasında bərabər qaydada bölünmüşdür. 02.05.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə həmin mənzil ¼ hissə olmaqla Əhmədov Valeh Əşrəf oğlunun, ¼ hissə isə Cavabdeh2, qalan 2/4 hissə isə hər birinə bir pay olmaqla mərhumun yetkinlik yaşına çatmamış uşaqları Cavabdeh1 və X2 mülkiyyətinə verilmişdir. Həmin mənzil üzərində ½ hissə üzrə mülkiyyət hüququ qeydiyyata alınmış Əhmədov Valeh Əşrəf oğluna daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair 01.06.2016-cı il tarixli, seriya RX ******* saylı çıxarış verilmişdir. Qanun üzrə vərəsə olmalarına baxmayaraq onların hüquqları pozulmuşdur. Ona görə də 21.04.2013-cü il tarixdə vəfat etmiş anaları X1 mülkiyyətində olan Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 19 ünvanda yerləşən 148 mənzilə 1/3 hissədə qanun üzrə vərəsə kimi payları olması tanınmalıdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını düzgün müəyyən etməmiş, ədalətli araşdırma aparmamış, onların vərəsəlik hüquqlarını və ədalətli araşdırmaya olan hüquqlarını pozmuşdur. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair sədrlik edənin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçıların tələbi 08 noyabr 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə X3 verilmiş reyestr 2V_204 nömrəli (vərəsəlik iş nömrəsi_205) və 02.05.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestri xidmətində Bakı şəhəri Y/Günəşli qəsəbəsi, V y/s, 19 saylı evin 148 saylı mənzilinin qeydiyyatının ləğv edilməsi, Bakı şəhəri 37 saylı DNK-nın 4Ə-204, 4Ə-203 reyestr nömrəli 18 oktyabr 2018-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və X1 mülkiyyətində olan ünvan 2 ünvanındakı mənzilə birinci növbə vərəsə kimi İddiaçı2, İddiaçı1 və X3 1/3 hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinə dair qətnamə çıxarılması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və qeyd etmişdir ki, iddiaçılar tərəfindən hələ bu işdən əvvəl verilmiş “qanun üzrə vərəsə olmaq hüququnun tanınması və miras əmlakda payların bərabər müəyyən edilməsi və vərəsəlik şəhadətnamələri əsasında verilmiş çıxarışların ləğvi” tələbi üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan və iş üzrə müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində mübahisələndirilmədiyindən, eləcə də iddiaçı tərəfindən iş üzrə başqa mötəbər sübutlar təqdim olunmadığından iddiaçıların hazırkı tələbi, yəni «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mənzilə dair qeydiyyatın ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası təmin oluna bilməz. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1146, 1159, 1243, 1255-ci maddələri ilə yanaşı Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə də istinad etmişdir. Həmin maddəyə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27.10.2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Bakı şəhəri 2 saylı Bakı “ASAN xidmət mərkəzi”nin notariusuna, Bakı şəhəri 5 saylı Bakı“ASAN xidmət mərkəzi”nin notariusuna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh2 və Əhmədov Valeh Əşrəf oğluna qarşı “qanun üzrə vərəsə olmaq hüququnun tanınması və miras əmlakda payların bərabər müəyyən edilməsi və verilmiş vərəsəlik şəhadətnamələri əsasında verilmiş çıxarışların ləğvinə dair” iddia tələbi rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, iddiaçılar mərhum Səlimə Əhmədova 21 aprel 2013-cü il tarixdə vəfat etdikdən sonra mirasın qəbulu və vərəsəlik şəhadətnaməsi verilməsi barədə qanunla nəzərdə tutulmuş müddətdə mirasın açıldığı yer üzrə notariat kontoruna rəsmi müraciət etməmiş, mübahisəli əmlaka sahiblik etmələri və ya əmlakı idarə etməyə faktiki başlamaları və bununla da mirasi qəbul etdiklərinə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişlər. Göründüyü kimi, iddiaçılar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinin tələbinə zidd olaraq qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etməmişlər. Bakı Apelyasiya Məhkəməsinin 13.02.2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 verdikləri şikayət təmin edilməmiş və Suraxanı rayon Məhkəməsinin 27.10.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.08.2017-ci il tarixli qərarı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayəti təmin olunmamış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə alaraq iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını düzgün müəyyən etmiş və işin müəyyən edilən hallarına qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar hazırkı tələblərin əsaslı olduğunu sübut etmək etmək üçün ilk növbədə mirası faktiki, yaxud rəsmi qəbul etdiklərini sübut etməlidirlər. Lakin yuxarıda qeyd olunduğu kimi, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onların mirası nə rəsmi, nə də faktiki qəbul etmədikləri müəyyən olunmuşdur və belə olan vəziyyətdə onların hazırkı tələbləri əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçılar öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar