Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7248/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlunda ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 07 aprel 2021-ci il tarixli qətnamədən cavabdeh Birliyin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndəsi (əri) X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh Birlik tərəfindən əlavə sərfiyyat kimi ona əsassız olaraq hesablanmış 486 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və iddiaçının ailə üzvləri Nəsimi rayonu, Nizami küçəsi, bina № 77/9-da yerləşən 14 “B” saylı mənzildə yaşayırlar. İddiaçıya məxsus həmin yaşayış sahəsi cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı olaraq yaşayış sahəsindən kənarda qaz sayğacı quraşdırılmışdır. 30.07.2019-cu il tarixdə Birliyin əməkdaşları əvvəlki sayğacı yenisi ilə əvəz etmiş və yoxlanılması üçün əvvəlki sayğacı müvafiq laboratoriyaya göndərmişlər. Bir müddətdən sonra isə cavabdeh Birliyin əməkdaşları iddiaçıya bildirmişlər ki, əvvəlki sayğaca müdaxilə olunduğu üçün ona əlavə sərfiyyata görə 486 manat məbləğində borc hesablanmışdır. İddiaçı cavabdeh Birliyin əməkdaşlarının bu hərəkətlərini əsassız hesab edir. Çünki o, özü və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 07.04.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə natamam və birtərəfli araşdırma aparmış, nəticədə isə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, istehlakçıların yaşadıqları ünvanlarda quraşdırılmış qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına Birlik deyil istehlakçılar özləri nəzarət etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” da, bu halı istisna etmir. Qaz sayğacına bilərəkdən müdaxilə olunduğu öz təsdiqini tapmışdır. Müdaxilə nəticəsində istehlakçı tərəfindən dəyəri ödənilmədən təbii qazdan istifadə olunur. Bu səbəbdən də akt tərtib olunaraq itirilmiş qazın və əvvəlki sayğacın dəyəri müəyyən olunmuş və borc olaraq istehlakçının qaz hesabına yüklənmişdir. Hesablanmış borc əsaslı olsa da, işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Cavabdeh Birlik işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Birliyin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçının nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçıya məxsus yaşayış sahəsi cavabdeh Birlik tərəfindən təbii qaz ilə təchiz edilir. İstifadə olunmuş təbii qazın həcmi Birlik tərəfindən həmin ünvanda quraşdırılmış qaz sayğacı vasitəsi ilə hesablanır. Sayğac yaşayış sahəsindən kənarda quraşdırılmışdır. Cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan” görünür ki, iddiaçıya məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, bina № 77/9-da yerləşən 14 “B” saylı yaşayış sahəsində quraşdırılmış qaz sayğacı, ona müdaxilə edilməsi səbəbindən çıxarılmış və yerinə digər sayğac quraşdırılmışdır. Əvvəlki sayğac yoxlanılması üçün laboratoriyaya göndərilməsi məqsədi ilə götürülmüşdür. Birliyin ******* nömrəli, 30.07.2019-cu il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, iddiaçıya məxsus həmin ünvanda quraşdırılmış sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmiş, bunun nəticəsində təbii qazın itkisi yaranmışdır. Birlik tərəfindən qəbul edilmiş 30.07.2019-cu il tarixli qərardan və digər sənədlərdən görünür ki, aşkar edilmiş və yuxarıda qeyd edilmiş aktda əks olunmuş fakta görə iddiaçıya əlavə sərfiyyat olaraq 486 manat məbləğində borc hesablanmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8.). Fıziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə görə, qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə, fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə görə, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fıziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun cavabdeh Birlik tərəfindən məhkəmələrə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirlməsini qeyri-mümkün edir. Belə ki, MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 aprel 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7248/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7248/2021
06.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver