Məhkəmə qərarları › İş №2(103)-725/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-725/2022

01.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-725/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılması barədə” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-772/2019 saylı, 01.02.2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şirkəti Cavabdeh qarşı Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılması barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Şirkətinin Saziş ərazisinin hüdudları, 1 saylı mədənin 5-ci sahəsində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı Şirkətinin Saziş üzrə istifadəsinə verilmiş Kontakt sahəsi daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi mane yaratdığından, İddiaçı Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. 29 sentyabr 2004-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X4 Bi.Vi. və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasın Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən Saziş qüvvədə olduğu müddət ərzində bu sazişə, hökümət təminatına və əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, sərəncamlarının, fərmanlarının müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004- cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-772/2019 saylı, 01.02.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh İddiaçı Şirkətinin Saziş ərazisinin hüdudları, 1 saylı mədənin 5-ci sahəsində inşa edilmiş özbaşına tikilidən çıxarılması, həmin tikili Cavabdeh hesabına sökülməsi və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-772/2019 saylı, 01.02.2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia ərizəsinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20.05.2021-ci il tarixli, 2(103)-84/2021 saylı qətnaməsi ilə apelyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-772/2019 saylı, 01.02.2019-cu il tarixli qətnaməsinin ləğv olunması, iddianın rədd olunması qət edilmişdir. Qətnamədən İddiaçı Şirkəti kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14.09.2021-ci il tarixli 2(102)-4868/2021 saylı qərarı ilə İddiaçı Şirkətinin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.05.2021-ci il tarixli, 2(103)-84/2021 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul olunduğundan, habelə məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlmədiyindən, qətnamə Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsinə əsasən apellyasiya qaydasında ləğv olunmalı, iş üzrə iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmalıdır. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən, habelə məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qətnamə Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsasən apellyasiya qaydasında ləğv olunmalıdır. Bundan başqa, cavabdeh göstərmişdir ki, sökülməsi tələb olunan ev onun evi deyildir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etdiyindən apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbləri rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 29 sentyabr 2004-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X4 Bi.Vi. və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Həmin Qanunun 5-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir. Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. İddiaçının saziş əsasında ayrılmış ərazisi hüdudları daxilində, yəni 1 saylı Mədənin 5-ci sahəsində özbaşına inşa edilmişdir. İddiaçının həmin özbaşına tikilinin Cavabdeh tərəfindən inşa edildiyini inşa etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdeh tərəfindən tikili inşa edilmiş torpaq sahəsi dövlət mülkiyyətində saxlanılan ərazidə yerləşməklə, sənaye təyinatlı torpaqlara aiddir. İnşa olunmuş tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində yerləşməklə, neft quyusunun mühafizə zolağı daxilində olduğu müəyyən edilir, tikili şəhərsalma norma və qaydalarına uyğun inşa olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə görə, “iş materiallarından göründüyü kimi hazırkı mübahisə iddiaçının istifadəsində olan torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi ilə bağlıdır. Bu mübahisənun düzgün həlli üçün məhkəmə tədqiqatının ardıcıllığı məhkəmədən tələb edirdi ki, ilk növbədə mübahisəli torpaq sahəsinin həqiqətən də iddiaçının istifadəsinə verilmiş sahə olub-olmamasını müəyyən etsin. Lakin məhkəmə bununla bağlı araşdırmanı sonadək aparmamışdır. Bundan başqa, cavabdeh göstərmişdir ki, sökülməsi tələb olunan ev onun evi deyildir. Bu halda həmin evin kimə məxsus olmasını müəyyən etmək məhkəmənin vəzifəsi deyildir. Buna görə də məhkəmə iddiaçıya binanın kimə məxsus olduğuna dair mötəbər sübut təqdim olunmasınə təklif etməli, nəticəsində asılı olaraq sonrakı prosessual hərəkətləri etməlidir.” Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı “cavabdehin inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması”nı tələb etsə də, bununla bağlı mötəbər sübutlar təqdim etməmiş, təqdim edilən sübutlar isə məhkəmələr tərəfindən MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirilməmişdir. İşin təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərinin yerinə yetirilməsi ilə əlaqədar, iddia tələblərinin əsasını təşkil edən mötəbər sübutların təqdim edilməsi (mübahisəli evin cavabdehə məxsus olmasına dair sübutlar) iddiaçının nümayəndəsinə təklif edilsə də, o, təqdim edilmiş sübutlardan başqa sübutlar təqdim edə bilməyəcəklərini bildirmişdir. Belə olan halda, kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi Cavabdeh münasibətdə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-772/2019 saylı, 01.02.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbləri rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar