Məhkəmə qərarları › İş №2(103)-7260/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7260/2020

16.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7260/2020 16.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının vəkili Yaqubova Könül Rafiq qızı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7540/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən istixanada quraşdırılmış qaz sayğacı (abonent kodu **********00080) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə ona hesablanmış 5843 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında öz ailə üzvləri ilə birlikdə yaşayır. Həmin ünvanda fərdi olaraq tərəvəzçiliklə məşğul olur. Bu ünvanda yerləşən istixana ona məxsusdur, quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. İstixanada quraşdırılmış qaz sayğacının düzgün işləmədiyini bilən kimi dərhal Sabunçu rayon X2 müraciət etmişdir. Cavabdeh İB-nin əməkdaşları həmin ünvana gəlmiş, ona aid qaz sayğacını yenisi ilə əvəz etmişlər. Daha sonra məlum olmuşdur ki, ona məxsus istixanada quraşdırılmış qaz sayğacının plastmas qapaq plomblar olan hissədə gövdədən aralı olması, plastmas qapağın yan tərəfində və kranşteynə birləşən qulaqcıqlarda cızıq izlərinin olmasını, xətaların normadan artıq olmasını əsas gətirərək akt tərtib olunmuş və itirilmiş qaz sərfıyyatının bərpa olunması üçün ona 5843 manat məbləğində borc yazılmışdır. Qaz sayğacı onun evindən kənarda, yol qırağında açıq ərazidə yerləşdiyi üçün həmin sayğacda yarana bilən problemlərdən ötrü heç bir halda o, cavabdehlik daşımamalıdır. Qaz sayğacına onun və ailə üzvləri tərəfindən heç bir əlavə müdaxilə olunmamışdır və həmin sayğacın düzgün işləməməsi sırf sayğacın nasazlığı ilə bağlı olmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7540/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7540/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus istixana üçün quraşdırılmış qaz sayğacı istixanadan kənar, yol qırağında, açıq ərazidə yerləşdiyi üçün o, həmin sayğacda yarana bilən problemlərə görə məsuliyyət daşımamalıdır. Belə ki, həmin sayğacı qorumaq, sayğacın keşiyini çəkmək praktik olaraq mümkün deyildir. Sayğacın kimin təqsiri ucbatından müdaxiləyə məruz qalması mülki işin materialları ilə müəyyən olunmur. Buna görə də həmin sayğacda yarana bilən problemləri heç bir əsas olmadan onun üzərinə yıxmaq heç bir halda nə qanuni, nə də ədalətli ola bilməz. İddiaçının məhkəməyə təqdim etdiyi Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktın surətindən görünür ki, akt onun iştirakı olmadan tərtib edilmiş, aktı yalnız Cavabdeh İB-nin əməkdaşları imza etmişdirlər. Bu bir daha aktın həqiqiliyini də şübhə altına alır. Hörmətli Məhkəmə Kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsində qeyd edilmişdir ki, Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Cavabdeh İB tərəfindən sayğacın kimin təqsiri ucbatından sıradan çıxmasını sübut edən, eyni zamanda ona 5760 manat borcun yüklənməsinə əsas verən heç bir dəlil məhkəməyə təqdim olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-455/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 455/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-455/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qtənaməsinin ləğv edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-4305/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı iləiddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-455/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10736/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-455/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, Cavabdehndən İddiaçı məxsus **********00080 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış 5843 manat borcun silinməsi, apellyasiya şikayəti verilərlən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-2968/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10736/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının vəkili K.Yaqubova apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instasniya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi Z.Qurbanov iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdıraraq iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və iddia tələbi təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarından görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən “plastmas qapağın plomblar olan hissədən gövdədən aralı olması, plastmas qapağın yan tərəfində və kraşteynə birləşən qulaqcıqlarda cızıq izlərinin olması, xətaların normaya uyğun olmaması” müəyyən edilmişdir. İşdə olan **********00080 kodlu abonentin saldosundan görünür ki, İddiaçı 2018-ci ilin iyul ayına Cavabdeh İB-yə olan borcu 5760 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ilkin iddianın təmin olunan hissəsində ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 9-cü bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6-cı bəndinə görə, qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqısatqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). İşin halları və tərəflərin izahatlarına əsasən müəyyən olunur ki, quraşdırılan sayğacın işləmədiyini müəyyən edən iddiaçı Cavabdehnə müraciət etmiş, cavabdeh isə həmin sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən ondan qaz sərfiyyatına görə dəyən zərəri tələb etmişdir. Belə ki, sayğaca müdaxilə olunması nəticəsində onun yararsız hala düşməsi işin mübahisələndirilməyən halını təşkil edir. Kollegiya qeyd edir ki, birinci instasniya məhkəməsi istehlakçının (iddiaçının) qazpaylayıcı olan istehsalçıya (cavabdehə) vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini qeyd etsə də, zərərin istehlakçı tərəfindən vurulmasını, yəni sayğaca müdaxilənin iddiaçı tərəfindən törədilməsini əsaslandırmamışdır. İşə baxan kassasiya instansiyası məhkəməi öz qərarında qeyd etmişdir ki, “...mübahisənin düzgün həlii üçün qaz sayğacına müdaxilənin kim tərəfindən edilməsinin aydınlaşdırılması mühüm əhəmiyyətə malikdir”. İşə yenidən apellyasiya qaydasında baxılarkən kasassiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq araşdırma zamanı tərəflərin izahatı və iş materialları əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəf sayğaca müdaxilənin kim tərəfindən edilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmir, iddiaçı isə sayğacın onun mənzilindən kənarda yerləşməsi səbəbindən ona hər an nəzarət etmə imkanı real deyil. Belə olan halda, sayğaca müdaxilənin məhz iddiaçı (istehlakçı) tərəfindən edilməsi sübut edilmədiyindən yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Nəticə: Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, sayğaca müdaxilənin iddiaçı tərəfindən edilməsi öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilərək, cavabdeh tərəfindən hesablanmış 5843 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7540/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus **********00080 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış 5843 manat borc silinsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar