Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7269/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və qeyrilərinə qarşı hərracın yekunları barədə protokolun, müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(003)-1534/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 sifarişi əsasında İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, 438a saylı fərdi yaşayış evinin "xxxx" MMC tərəfindən keçirilmiş hərracda Cavabdeh3 BOKT ASC-yə satılmasına dair 05.03.2020-ci il tarixli hərracın nəticələri haqqında Y-37 nömrəli protokol və 05.03.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh3 BOKT ASC-yə verilmiş 28.10.2020-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli 2(003)- 1534/2021 saylı qərardadına əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərinə görə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardadın ləğv edilərək işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə 20.04.2021-ci il tarixinə təyin edilmiş məhkəmə iclası günü, yəni 20.04.2021-ci il tarixdə vəkillə müqavilə bağlandığı üçün gecikib iştirak edə bilməmiş, buna görə işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilmişdir. Göstərilən səbəblərin üzrlü hesab edilməsi və işin baxılmamış saxlanılması haqqında qərardadın ləğv edilərək işin icraatının təzələnməsini xahiş edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(003)- 1534/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(003)- 1534/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına heç bir üzrlü səbəb olmadan gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(003)- 1534/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. İş materiallarından görünür ki, 20.04.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Bundan başqa iddiaçının hüquqi xidmət göstərilməsi ilə bağlı vəkillə müqavilə bağlaması onu prosessual vəzifələrinin icrasından azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. İş materiallarından görünür ki, İddiaçı lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmənin 11 mart 2021-ci il tarixli hazırlıq və 5 aprel 2021-ci il tarixli baxış iclaslarına da gəlməmiş, məhkəmə haqlı olaraq iddia ərizəsini baxılmamış saxlamış və iş üzrə icraatın təzələnməsi barədə ərizəni təmin etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 259-260, 263-264, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(003)- 1534/2021 saylı qərardadından İddiaçı şikayəti təmin edilməsin, qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7269/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7269/2021
13.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver