Məhkəmə qərarları › İş №2(103)-727/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-727/2024

19.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-727/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Azəriqaz" İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-909/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı adına olan abonent saldosundan (abonent kodu **********08460) görünür ki, 2018-ci ilin mart ayında 1.548,20 manat, 2022-ci ilin noyabr ayında 4.406,40 manat, dekabr ayında 734,40 manat, 2023-cü ilin yanvar ayında 734,40 manat, fevral ayında 749,64 manat və mart ayında 734,40 manat borc yazılmışdır. Bununla da, abonent saldosuna əsasən iddiaçıya aktlar əsasında yazılmış borc məbləği 8.907,44 manat təşkil edir.

2. xx.xx.2018-ci il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarın surətlərindən görünür ki, həmin tarixdə abonent X2 tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında 5728 m3 həcmində itirilmiş təbii qaz hesablanmışdır.

3. xx.xx.2018-ci il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarın surətlərindən görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında 7741 m3 həcmində (1.548,2 manat dəyərində (7741 m3 x 0.2 manat)) itirilmiş təbii qazın dəyəri hesablanmışdır.

4. Qeyd olunan hər iki akta eyni fotoşəkil əlavə edilmişdir.

5. xx.xx.2022-ci il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarın surətlərindən görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında PQ-4, QSSQ, dəmir soba və iran soba cihazları nəzərə alınmaqla 36720 m3 həcmində (4.406,40 manat dəyərində (36720 m3 x 0.12 manat)) itirilmiş təbii qazın dəyəri hesablanmışdır.

6. xx.xx.2022-ci il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarın surətlərindən görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında PQ-4, QSSQ, dəmir soba və iran soba cihazları nəzərə alınmaqla 6120 m3 həcmində (734,40 manat dəyərində (6120 m3 x 0.12 manat)) itirilmiş təbii qazın dəyəri hesablanmışdır.

7. xx.xx.2023-cü il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarın surətlərindən görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında PQ-4, QSSQ, dəmir soba və iran soba cihazları nəzərə alınmaqla 6120 m3 həcmində (734,40 manat dəyərində (6120 m3 x 0.12 manat)) itirilmiş təbii qazın dəyəri hesablanmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Zəfəran sovxozu ərazisində yerləşən yaşayış evinə əsassız olaraq hesablanmış 5.954,60 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zəfəran Sovxozu ərazisində yerləşən, ona məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Həmin ünvanda Cavabdeh İB-də istehlakçı kimi o, qeydiyyata alınmış və onların ünvana **********08460 saylı abonent kodu verilərək qaz sayğacı quraşdırılmışdır. O, daimi həmin sayğac vasitəsilə təbii qazdan istifadə etmiş və tərəfindən vaxtı-vaxtında ödənişlər aparılmışdır. Lakin son zamanlar etdiyi ödənişlərdən tutulmalar aparıldığını görmüşdür. Bununla bağlı “ASAN kommunal” xidmətə getdikdə ona bildirmişlər ki, guya o qanunsuz olaraq sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə etdiyinə görə xx.xx.2018-ci il tarixli akta əsasən xx.xx.2018-ci il tarixində 1.548,20 manat, xx.xx.2022-ci il tarixli akta əsasən isə 4.406,40 manat cərimə hesablanmışdır. O, buna etiraz edərək təbii qazdan qanunsuz istifadə etmədiyini bildirsə də heç bir nəticəsi olmamışdır. Ona yalnız xx.xx.2018-ci il tarixli aktı, həmin akta əsasən cərimə hesablanması barədə qərarın surətini və akta əlavə edilmiş şəkili təqdim etmişlər. xx.xx.2022-ci il tarixli aktın surətinin sistemə yüklənmədiyini demişlər. Sonradan bir neçə dəfə də şifahi şəkildə Cavabdeh İByə müraciət etsə də, yenə də müxtəlif bəhanələrlə xx.xx.2022-ci il tarixli aktın surətini ona təqdim etməmişlər. Yalnız sistemdə akt barədə göstərilmiş məlumatların şəkilini çəkməyinə icazə verməmişlər (şəkil ərizəyə əlavə olunur). Bildirmək istəyir ki, “ASAN kommunal”da və Cavabdeh İB-də ona bildirilənlər tamamilə əsassızdır. Belə ki, “ASAN kommunal”da ona təqdim olunan şəkillə bağlı araşdırma aparılan zaman ona məlum olmuşdur ki, onun qonşuluğunda yaşayan qardaşı tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə olunduğu üçün bu halı Cavabdeh İB-nin əməkdaşları aşkar etmiş və 2018-ci ilin mart ayında qardaşı barəsində akt tərtib edərək ona da 1548,20 manat cərimə hesabmışdır. Həmin cərimə məbləği də qardaşı tərəfindən ödənilmişdir. Lakin Cavabdeh İB-nin əməkdaşları eyni halla bağlı xx.xx.2018-ci il tarixində onun, barəsində akt tərtib etmiş və cərimə hesablamışlar. Bu isə tamamilə qanunsuzdur. Çünki o, təbii qazdan qanunsuz istifadə etməmişdir. Hətta xx.xx.2018-ci il tarixli akta diqqətlə nəzər yetirildiyi zaman da həmir aktın saxta olması aydın şəkildə nəzərə çarpır. Belə ki, aktda qeyd olunmuşdur ki, xx.xx.2018-ci il tarixində guya ona məxsus ünvana baxış keçirilmiş, lakin nədənsə aktın özü baxış keçiriləndən 7 gün sonra — xx.xx.2018-ci il tarixində tərtib olunmuşdur. Sual yaranır ki, əgər həqiqətən də xx.xx.2018-ci il tarixində onun təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdirsə onda niyə həmin vaxt yox, 7 gün sonra akt tərtib edilmişdir. Bu da Cavabdeh İB-nin əməkdaşlarının ümumiyyətlə ona məxsus ünvana gəlmədiyini, həmin aktı idarədə yazdıqlarını təsdiq edir. Digər tərəfdən aktda qeyd olunmuşdur ki, guya o imza etməkdən imtina etmişdir. Halbuki ümumiyyətlə onun həmin aktdan heç bir məlumatı olmamışdır. Hətta onun bərəsində tərtib olunmuş akta əlavə edilmiş şəkil də qardaşının ünvanında çəkilmiş şəkildir. Digər tərəfdən qərarda 121 gün müddətində cərimə hesablandığı göstərilmişdir. Hər ay Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaz sayğaclarına baxış keçirilir, əgər tərəfindən qazdan qanunsuz istifadə olunsaydı bu barədə dərhal xəbərləri olardı. Belə olan halda hansı əsasla 121 gün müddətinə cərimə hesabladıqları ona məlum deyil. Buna görə də hesab edir ki, cərimə olunmağı heç bir məntiqə, qanuna, hüquqi akta əsaslanmadan həyata keçirilmişdir. Abonent saldosundan da göründüyü kimi o, hər ay istehlak etdiyi qazın dəyərini ödəmişdir. xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktın surəti isə ona təqdim edilmədiyi üçün həmin aktı hansı əsasla tərtib etdikləri, cəriməni necə hesabladıqları ona məlum deyil. Fərdi yaşayış evinə 4406,40 manat məbləğində cərimə hesablanması həmin aktın da tamamilə saxta olduğunu sübut edir. Çünki fərdi yaşayış evi üçün hesablanan məbləğ bir istixananın mövsümlük sərfiyyatından da çoxdur.

10. İşin baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcmini artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu Zəfəran sovxozu ərazisində yerləşən fərdi yaşayış evinə əsassız olaraq hesablanmış cəmi 8.907,44 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən təqdim edilmiş abonent saldosunun “qalıq və aktlar” hissəsindən də göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edəndən sonra da cavabdeh qanunsuz olaraq 2022-ci ilin dekabr ayında 734,40 manat, 2023-cü ilin yanvar ayında 734,40 manat, fevral ayında 749,64 manat və mart ayında 734,40 manat olmaqla əlavə 2952,84 manat məbləğində də cərimə yazılmışdır. Ona məxsus fərdi yaşayış evində əvvəllər mexaniki qaz sayğacı quraşdırılmışdır. Lakin xx.xx.2022-ci il tarixdə həmin sayğac yeni ZENNER G4T Smart tipli **********212 saylı sayğacla əvəz edilmişdir. Bundan sonra o yeni smart tipli sayğacın ödəniş kartını (smart kart) almaq üçün ASAN Kommunal mərkəzinə müraciət edən zaman bildirilmişdir ki, ona sayğacdan kənar qeyri-qanuni birləşmə ilə qazdan istifadə edilməsi əsası ilə xx.xx.2018-ci il tarixli akta əsasən 1.548,20 manat məbləğində cərimə yazılmış və o həmin yazılmış cəriməni ödəməsə ona yeni quraşdırılmış sayğaca görə ödəniş kartı (smart kart) verilməyəcəkdir. O, həmin cərimədən xəbərsiz olduğunu, təbii qazdan heç vaxt qanunsuz istifadə etmədiyini və cərimənin qanunsuz yazıldığını bildirsə də heç bir nəticə əldə etmək mümkün olmamışdır. Bu səbəbdən də hazırki günə qədər ona yeni smart tipli sayğacın ödəniş kartı (smart kart) verilməmiş və bu yolla (sayğaca ödəniş etmək mümkün olmadığı üçün təbii qazdan istifadə edə bilmirəm) onun fərdi yaşayış evinə təbii qazın verilməsi Cavabdeh İB tərəfindən qanunsuz olaraq dayandırılmışdır. Bu səbəbdən də havalar soyuyandan sonra ailədə körpə uşaq olduğu üçün onlar məcbur olub noyabr ayının ortalarından etibarən sayğacdan kənar birləşmə ilə qaz xəttinə qoşularaq təbii qazdan istifadə etmişlər. Bir daha məhkəmənin nəzərinə çatdırmışdır ki, onlar Cavabdeh İB-nin qanunsuz hərəkətləri (yeni quraşdırılmış SMART sayğacın ödəniş kartı verilmədiyi üçün bu yolla qaz təchizatlarını dayandırılmışdır) nəticəsində 2022-ci ilin noyabr ayının ortalarından etibarən təbii qazdan qanunsuz istifadə etməyə məcbur olmuşlar. Lakin göründüyü kimi Cavabdeh İB göstərilən dövrə görə həddindən artıq şişirdilmiş məbləğ hesablamışdır. Hətta xx.xx.2022-ci il tarixli akta əsasən tərtib edilmiş tələbnamədə ona məxsus fərdi yaşayış evində mövcud olmayan cihazlar göstərilmiş, hesabat dövrü (guya təbii qazdan qanunsuz istifadə etdikləri müddət) 180 gün və orta günlük iş rejimi 24 saat kimi nəzərə alınmış və həmin günlərin sayına uyğun cərimə (4.406,40 manat) hesablanmışdır. Halbuki xx.xx.2022-ci il tarixinə qədər istifadələrində olmuş qaz sayğacı mexaniki qaz sayğacı olmuş və qanunvericiliyin tələblərinə əsasən Birliyin əməkdaşları ən azı ayda bir dəfə sayğaca baxış keçirərək aylıq qaz sərfiyyatını müəyyən edir və bu barədə istehlakçıya bildiriş verir. Abonent saldosuna da nəzər yetirdikdə təsdiq olunur ki, Birliyin əməkdaşları hər ay ona məxsus sayğaca baxış keçirmiş və sayğacın son göstəricisini götürərək hər ay abonent saldosuna daxil etmişlər. Bu hallar isə onu sübut edir ki, əgər o, daha əvvəllər də təbii qazdan qanunsuz istifadə etmiş olsa idi bu halı Cavabdeh İB-nin əməkdaşları sayğacın göstəricisini götürəndə dərhal müəyyən edərdilər. Digər tərəfdən istifadələrində olmuş qaz sayğacı xx.xx.2022-ci il tarixində Cavabdeh İBnin əməkdaşları tərəfindən dəyişdirilmişdir. Cərimə aktının tərtib edildiyi xx.xx.2022-ci il tarixindən sayğacın dəyişdirildiyi tarixə qədər də çox az müddət keçmişdir. Bütün bu hallar isə Birliyin əməkdaşları tərəfindən həddindən artıq şişirdilmiş (istifadə günləri və saatlıq iş rejimi şişirdilməklə) cərimə hesablandığını sübut edir. Digər tərəfdən xx.xx.2022-ci il tarixli akta əlavə edilmiş fotoşəkilin üzərindəki tarixdən məlum olur ki, birliyin əməkdaşları həmin faktı xx.xx.2022-ci il tarixdə aşkar etmiş və şəkilini çəkmişlər. Ancaq hesabat dövrünü uzatmaq məqsədilə cərimə aktını fakt aşkar olunan tarixdə deyil, xx.xx.2022-ci il tarixində tərtib etmiş və bu halda da saxtakarlığa yol vermişlər. xx.xx.2022-ci il tarixində tərtib edilmiş akta əsasən də hesablanmış cərimə məbləği həddən artıq şişirdilmiş, tərtib edilmiş aktda və tələbnamədə evində mövcud olmayan cihazlar qeyd olunmuş, iş rejimi yenə də şişirdilərək 24 saat kimi nəzərə alınmışdır. Akta əlavə edilmiş fotoşəkilin üzərindəki tarixdən məlum olur ki, Birliyin əməkdaşları həmin faktı xx.xx.2022-ci il tarixdə aşkar etmiş və şəkilini çəkmişlər. Ancaq yenə də hesabat dövrünü uzatmaq məqsədilə cərimə aktını fakt aşkar olunan tarixdə deyil, 17 gün sonra yəni xx.xx.2022-ci il tarixində tərtib etmiş və həmin 17 günə görə də cərimə hesablamışlar. xx.xx.2023-cü il tarixində tərtib edilmiş akta əsasən də hesablanmış cərimə məbləği həddən artıq şişirdilmiş, tərtib edilmiş aktda və tələbnamədə evində mövcud olmayan cihazlar qeyd olunmuş, iş rejimi yenə də şişirdilərək 24 saat kimi nəzərə alınmışdır. Akta əlavə edilmiş fotoşəkilin üzərindəki tarixdən məlum olur ki, Birliyin əməkdaşları həmin faktı xx.xx.2023-cü il tarixdə aşkar etmiş və şəkilini çəkmişlər. Ancaq yenə də hesabat dövrünü uzatmaq məqsədilə cərimə aktını fakt aşkar olunan tarixdə deyil, 18 gün sonra yəni xx.xx.2023-cü il tarixində tərtib etmiş və həmin 18 günə görə də cərimə hesablamışlar. Bundan əlavə 2023-cü ilin fevral və mart aylarına görə tərtib olunmuş aktların surəti ona təqdim edilmədiyi üçün həmin aktları hansı əsasla tərtib etdikləri, cəriməni necə hesabladıqları ona məlum deyil. Lakin fərdi yaşayış evinə bir ay üçün 734 manat məbləğində cərimə hesablanması həmin aktların da tamamilə saxta olduğunu sübut edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qanunvericiliyin qeyd olunan normasını anologiya ilə tətbiq edilməli olsa, o, 2022-ci ilin noyabr ayının ortalarından etibarən mart ayının sonuna qədər qısa müddətlərlə istifadə etdiyi təbii qaza görə sayğac əvəzlənən tarixdən əvvəlki ayın və ya əvvəlki illərin müvafiq ayları üzrə sayğac göstəricisi əsasında aparılmış hesabata uyğun ödənişləri etməyə hazırdır. Ancaq Birliyin əməkdaşları heç bir normativ akta istinad etmədən qanunsuz hesablama aparmış və həddindən artıq şişirdilmiş cərimə hesablamışlar. Odur ki, hazırda cavabdeh tərəfindən ona yuxarıda qeyd olunan saxta aktlara əsasən qanunsuz olaraq cəmi 8907,44 manat məbləğində cərimə hesablanmışdır. Qeyd edilənləri nəzərə alaraq ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Zəfəran Sovxozu ərazisində yerləşən fərdi yaşayış evinə (kod: **********08460) Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış cəmi 8907,44 manat məbləğində cərimə borcunun silinməsinə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixində iş üzrə iddiaçının ünvanı yerində müayinə olunmuş və yerində müayinə zamanı qeyri-qanuni xəttin çəkildiyi yaşayış evinin iki mərtəbəli evdən ibarət olması, evin və torpaq sahəsinin iki hissəyə bölünməsi, yəni ayrı-ayrı ünvanlardan ibarət olması, digər ünvanda başqa şəxslərin yaşaması, hər iki ünvanın ayrıcı giriş-çıxış üçün darvazalarının olması və hər ünvana ayrıca sayğaclar quraşdırıldığı müəyyən edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı qeyri-qanuni xəttlər aşkar edildiyi ünvanda (evdə) qaz avadanlıqlarından kombi aparatı və birinci mərtəbə olan mətbəxdə PQ-4 (dördgöz qaz sobası) sobası, kombi aparatının radiatorlarının bir ədədi mətbəxdə, 3 ədədi ikinci mərtəbədə olan zalda, bir ədədinin isə ikinci mərtəbə olan otaqda quraşdırılmış, iş materiallarında olan xx.xx.2018-ci il tarixdə tərtib edilmiş akta əlavə edilmiş fotoşəkildə əks olunmuş qeyri-qanuni xəttin isə digər qonşu ünvanda olduğu müəyyən olunmuşdur. Yerində müayinə zamanı dindirilmiş Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti Qazın balansı və satış şöbəsinin mühəndisi X5 bildirmişdir ki, ünvanda dəfələrlə qeyri-qanuni xətdən istifadə edilmişdir. Xətt aşkar olunduğundan sonra ləğv edilmiş, lakin yenidən qoşulmuşdur. Evdə heç kim olmadığından evdə yaşayan şəxslərin iştirakı olmadan aşkar edilmiş xətt ləğv olunmuş və aktlar tərtib edilmişdir.

13. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

14. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 909/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur.

15. Məhkəmə Ekspertiza Mərkəzinin 10/4335-9/4462 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Zəfəran Şovxozu ərazisində yerləşən fərdi yaşayış evində istifadə edilən PQ-4 tipli qaz plitəsinin qərardadda göstərilən xx.xx.2022-ci il tarixdən 2023-cü ilin mart ayının 31-dək qaz sərfiyyatının 709.2 m3 təşkil etdiyi müəyyən edilir. Həmin ünvanda istifadə edilən Kombi tipli qaz cihazının saatlıq qaz sərfinin 1.706 m3 təşkil etdiyi müəyyən edilir. Lakin vəsatətə cavab mətkubunda fərdi yaşayış evində kombi tipli qaz cihazından konkret olaraq hansı tarixdən istifadə edilməsi və gündəlik işləmə rejimi göstərilməmişdir. Bununla da, kombi cihazının hansı tarixdən işə qoşularaq istifadə edilməsi və gündəlik işləmə rejimi müəyyən edildikdən sonra, konkret olaraq qərardadda sadalanan aylarda fərdi yaşayış evində rəyin tədqiqat hissəşində göstərilən riyazi hesablamalarla kombi qaz cihazı üçün istifadə edilmiş təbii qazın sərfiyyatı müəyyən edilə bilər. PQ-4 tipli qaz plitəsinin gündəlik olaraq qaz sərfiyyatının 709.2 m3 təşkil etdiyi müəyyən edilmişdir. 709.2 m3 qaz sərfiyatının dəyərinin 85,1 manat təşkil etdiyi müəyyən edilmişdir.

16. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 909/2023 nömrəli qətnaməsi ilə (hakim İ.N.Cəfərzadə) iddia qismən təmin edilmiş, İddiaçı adına olan **********08460 nömrəli abonent hesabından 7.867,7 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

17. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya aid ünvanda 2022-ci ilin noyabr ayının ortalarından 2023-cü ilin mart ayının sonunadək təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə olunmuşdur. Ünvanda olan cihazlar isə PQ-4 sobadan və kombidən ibarətdir. Bu halları məhkəməyə təqdim olunmuş iddia tələbinin həcminin artırılmasına dair ərizədən, iş üzrə üçüncü şəxs X1 izahatından və məhkəmə tərəfindən ünvanın yerində müayinəsindən əldə edilmiş sübutlar təsdiq edir.

18. İşin hallarından görünür ki, iddiaçının adına olan abonent hesabına xx.xx.2018-ci il tarixli, AKT ******* saylı akt əsasında 1.548,2 manat dəymiş zərər hesablanmışdır. Məhkəmə hesab edir ki, həmin akt cavabdeh tərəfindən tərtib edilmiş akt olduğundan həmin aktın tərtib edilməsinə əsas olmuş halların mövcudluğunu sübut etmək yükü cavabdehin üzərinə düşür. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən həmin aktın əsaslığına dair hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. İş materiallarından isə görünür ki, həmin akt tərtib edildiyi tarixdə qonşuluqda yaşayan şəxs barəsində də eyni hal ilə bağlı akt tərtib edilmiş, həmin aktlara əlavə edilmiş fotoşəkillərdən isə görünür ki, həmin şəkillərdə eyni qeyri-qanuni xətt əks olunmuşdur. İddiaçının ünvanının yerində müayinəsi zamanı isə xx.xx.2018-ci il tarixdə tərtib edilmiş həmin akta əlavə edilmiş fotoşəkildə əks olunmuş qeyri-qanuni xəttin qonşu ünvanda olduğu müəyyən olunmuşdur. Bu hallar isə xx.xx.2018-ci il tarixli, AKT ******* saylı akt əsassız olduğuna dəlalət edir. Odur ki, məhkəmə hesab etmişdir ki, həmin akt əsasında iddiaçının abonent hesabına zərərin hesablanması əsassız olmuşdur.

19. Bundan başqa məhkəmə iş üzrə müəyyən olunmuş halları nəzərə alaraq hesab etmişdir ki, aktlar əsasında 2022-ci ilin noyabr ayında 4.406,40 manat, dekabr ayında 734,40 manat, 2023-cü ilin yanvar ayında 734,40 manat, fevral ayında 749,64 manat və mart ayında 734,40 manat borcun iddiaçının abonent hesabına hesablanması əsassız olmuşdur. Belə ki, həmin aktlardan görünür ki, təbii qazdan qeyri-qanuni xəttdən istifadə edilməsi nəticəsində PQ-4 sobası, QSSQ, dəmir soba və iran sobası nəzərə alınmaqla dəymiş zərər hesablanmışdır. Eyni zamanda, xx.xx.2022-ci il tarixli, AKT ******* saylı aktdan görünür ki, həmin akt əsasında 180 gün müddəti üçün dəymiş zərər hesablanmışdır. Bu hallar isə cavabdeh tərəfindən sübut edilməməklə işin məhkəmə araşdırılması zamanı da müəyyən edilməmişdir.

20. Məhkəmə, iş üzrə müəyyən olunmuş halları, yəni xx.xx.2022-ci il tarixdən 2023-cü ilin mart ayının 31-dək iddiaçının yaşadığı ünvanda qeyri-qanuni xətt vasitəsilə təbii qazdan PQ-4 və kombi cihazları ilə istifadə edilməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qismən əsaslı hesab edilməklə iddiaçının abonent hesabından 7.867,7 manat məbləğində borc silinməlidir.

21. Belə ki, məhkəmə iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyini, həmin rəy ilə müəyyən olunmuş cihazların qaz sərfiyyatını nəzərə alaraq hesab etmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçının yaşadığı ünvanda PQ-4 sobası üçün 489,6 m3 həcmində, 58,8 manat məbləğində təbii qazdan istifadə edilmişdir.

22. Məhkəmə kombi cihazının ekspert rəyi ilə saatlıq qaz sərfinin 1.706 m3 təşkil etməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının yaşadığı ünvanda 2022-ci ilin noyabr ayının 15-dən 30-dək 614,16 m3 (15 gün x 24 saat x 1.706 m3= 614,16 m3 ), 2022-ci ilin dekabr ayının 1-dən 31-dək 1269,3 m3 (31 gün x 24 x 1.706 m3 =1269,3 m3 ), 2023-cü ilin yanvar ayının 1-dən mart ayının 31-dək isə 3684.96 m3 (90 gün x 24 saat x 1.706m3=3684.96 m3 ) həcmində qazdan istifadə edilmişdir.

23. Azərbaycan Respublikasının Tarif Şurasının müvafiq qərarın əsasən əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminə görə 1200 m3 -dək bir kubmetrə görə 12 qəpik, 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, 2500 m3 -dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik müəyyən edilməsini nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, 2022-ci il üçün iddiaçı cəmi 1883,46 m3 (614,16 m3 + 1269,3 m3 ) həcmində təbii qazdan istifadə edilməklə həmin istehlak həcmin 1200 m3 hissəsi 12 qəpiklə hesablanmaqla 144 manat, 683,46 m3 hissəsi isə 20 qəpiklə hesablanmaqla 136,7 manat, cəmi 280,7 manat dəyərində qazdan istifadə etmiş, 2023-cü il üçün iddiaçı cəmi 3684.96 m3 həcmində təbii qazdan istifadə edilməklə həmin istehlak həcmin 1200 m3 hissəsi 12 qəpiklə hesablanmaqla 144 manat, 1300 m3 hissəsi 20 qəpiklə hesablanmaqla 260 manat, 1184,96 m3 hissəsi 25 qəpiklə hesablanmaqla 296,24 manat, cəmi 980,94 manat dəyərində iddiaçının yaşadığı ünvanda təbii qazdan istifadə edilmişdir.

24. Qeyd olunanlarla yanaşı məhkəmə bildirmişdir ki, iddiaçının nümayəndəsi kombi cihazından gün ərzində 12-14 saat ərzində istifadə edildiyini bildirsə də, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.

25. Beləliklə, iş üzrə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdən 2023-cü ilin mart ayının 31-dək iddiaçının yaşadığı ünvanda qeyri-qanuni xətt vasitəsilə PQ-4 və kombi cihazları ilə ümumilikdə 1.039,74 manat (980,94 manat+ 58,8 manat) məbləğində təbii qazdan istifadə edilmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən əsaslıdır və iddiaçının abonent hesabına aktlar əsasında hesablanmış 8.907,44 manat məbləğində borcdan 7.867,7 manat (8.907,44 manat- 1.039,74 manat ) hissəsi silinməlidir.

26. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 20, 21.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5, 6.5-4, 6.7-ci bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77, 124.1, 217.4, 218.3-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.5-ci maddəsin istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

27. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Həmin aktın bir nüsxəsi abonent evdə olmadığından təqdim edilməmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə bildirilir ki, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Cavabdeh tərəfindən təqdim olunmuş sübutlara – yəni, aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim edilən sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də, ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki, bu deyilən meyarlar araşdırılsa, abonentin Cavabdeh İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Bir sözlə desək, iddiaçı sayğacdan kənar qazdan istifadə etdiyinə görə nə hər hansı ödəniş, nə də sərfiyyat qeydə alınmışdır. Məhkəmə isə bu hallara yox, sübutsuz mülki iş üzə baxaraq iddiaçının ifadəsi ilə mülahizələri ilə qətnamə qəbul etmişdir. Məhkəmə təqdim edilmiş saldoya diqqət etsə idi, təbii qazdan qeyri-qanuni istifadə halı üçün istehlak edilmiş qazın həcminə və ödənişlərə nəzər salaraq iddia tələbini təmin etməyə bilərdi. Məhkəməyə təqdim edilmiş akt, foto, saldodan da aydın olur ki, iddiaçı tərəfindən təbii qaz talanmışdır. Bu halları müəyyən etmək üçün isə məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının ünvanında yerli baxış təyin etmiş və təbii qazın aşkar surətdə talanmasını müəyyən etsə də, iddia tələbinin çox qismini təmin etmişdir Təqdim olunmuş fotolardan görünür ki, iddiaçı aşkar surətdə təbii qazdan qeyri-qanuni istifadə etməkdədir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı olan bacısı onun evində yaşamışdır. Qardaşına cərimə yazılmışdır, qeyriqanuni olaraq 2018-ci ildə ona da cərimə yazılmışdır. Cavabdehdən cərimənin silinməsini tələb etdikdə ona bildirmişlər ki, qardaşına cərimə yazılan vaxtda onun evində də qaza qeyri-qanuni qoşulma aşkar edilib. Sonra həmin qaydada qazı işlətmişlər. Sonuncu beş ayda qeyri-qanuni qoşulma olub. Sonra cavabdehin nümayəndələri qazı kəsdilər, qazın bərpa olunması üçün müraciət etmiş, lakin ona kart verilməmişdir.

31. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 21. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

33. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”: Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası üçüncü şəxsi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi hesablanmış 7867,7 manat məbləğində borcun silinməsi hissəsində dəyişdirilməli, həmin məbləğ 7.603,84 manat məbləğində müəyyən edilməlidir.

39. İşdən görünür ki, birinci instansiya məhkəməsi sübutların yerində müayinə edilməsini həyata keçirmiş, həmçinin, iddiaçıya məxsus evdə yerləşən qaz plitəsi və kombinin qaz sərfiyyatının xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək müəyyən edilməsi ilə bağlı mühəndis-texniki ekspertizanın təyin edilməsi barədə qərardad qəbul etmiş, qərardad icra olunaraq ekspert rəyi təqdim edilmişdir.

40. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının barəsində xx.xx.2018-ci il tarixdə tərtib edilmiş akta əlavə edilmiş fotoşəkildə əks olunmuş qeyri-qanuni xətt qonşu ünvana aiddir. Həmin ünvan isə hazırki iş üzrə üçüncü şəxs – iddiaçının qardaşına məxsusdur və onun da barəsində cavabdeh tərəfindən eyni tarixli akt tərtib edilmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, həmin aktın əsassız olduğuna dair birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün olmuşdur.

42. Birinci instansiya məhkəməsi tərəfindnə həmçinin müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək iddiaçının yaşadığı ünvanda qeyriqanuni xətt vasitəsilə təbii qazdan PQ-4 və kombi cihazları istifadə edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həmin dövr üçün iddiaçı tərəfindən istehlak edilmiş qaz sərfiyyatını ekspert rəyinə və Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2021-ci il tarixli 13 nömrəli qərarına əsasən hesablanmalı olduğu barədə düzgün qənaətə gəlsə də, hesablama apararkən səhvə yol vermişdir.

44. Belə ki, qeyd olunan qərara əsasən ölkədə əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satış tarifi illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün bir kubmetrə görə 25 qəpik müəyyən edilmişdir.

45. Birinci instansiya məhkəməsi hesablama apararkən nəzərə almamışdır ki, iddiaçının saldosuna əsasən 2023-cü ilin sentyabr ayına qazdan 1867 m3 istifadə etmiş, yəni 1200 m3 limiti keçmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2022-cü il tarixdən xx.xx.2022-ci il tarixinədək qaz plitəsinin sərfiyyatı – 165,6 m3, kombinin sərfiyyatı (1.706 x 24 saat x 47 gün) 1924,3 m3 təşkil edir. Deməli, 2022-nin sonuna kimi iki cihazın birlikdə sərfiyyatı 2089,9 m3 təşkil edir ki, bunun 633 m3 0,20 manatdan, 1456,9 m3 isə 0,25 manatdan hesablanmalıdır (158,2+364,2=522,4 manat). 2023-cü il üçün yanvar ayının 1-dən mart ayının 31-dək hesablama isə qaz plitəsi üçün sərfiyyat 324 m3, kombi üçün isə (1.706 x 24 saat x 90 gün) 3684,9 m3 nəzərə alınsa, cəmi 4.008,9 m3 təşkil edir ki, həmin sərfiyyatın 1200 m3 hissəsi 0,12 manatdan hesablandığı təqdirdə 144 manat, 1300 m3 0,2 manatdan hesablandığı təqdirdə 260 manat, 1508,9 m3 isə 0,25 manatdan hesablandığı təqdirdə 377,2 manat, cəmi 781,2 manat təşkil edir.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının yuxarıda qeyd olunan dövr üzrə qazdan sərfiyyatı 1.039,74 manat məbləğində deyil, 1.303,6 manat məbləğində olduğu nəzərə alınmalı, nəticədə 7.867,7 manat deyil, 7.603,84 manat məbləğində borc iddiaçının hesabından silinməlidir (8907,44 - 1.303,6).

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-909/2023 nömrəli qətnaməsi dəyişdirilsin. İddiaçı adına olan **********08460 nömrəli abonent hesabından 7.603,84 manat məbləğində borc Cavabdeh İB tərəfindən silinsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar