Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7271/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “hərracın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.04.2017-ci il tarixli icra vərəqəsi və Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin 23.11.2020-ci il tarixli 17/68-165110-21 nömrəli məktubu əsasında iddiaçıya məxsus olmuş ünvan 1nvanı üzrə Hərrac Mərkəzi ”Küİək” MMC-nin təşkil etdiyi hərracların etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova, iş №2(005)-1672/21) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.06.2018-ci il tarixli icra vərəqəsinə görə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, ev 51, mənzil 2 açıq hərracdan satılmalı və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh2 ASC-nin tələbi ödənilməli idi. 08.06.2018-ci il tarixdə verilmiş bu icra vərəqəsi üzrə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin rəis müavini Hərrac Mərkəzi "xxxx" MMC-yə 23.11.2020-ci il tarixdə 17/68-165110-21 nömrəli məktub ünvanlayaraq, ünvan 1nvanında yerləşən evin hərrac yolu ilə satışını xahiş etmişdir. Mənzil 155000 manata ilkin qiymətləndirilərək hərraca çıxarılmışdır. Hərrac qanunsuz keçirilmişdir və onun nəticələri etibarsız sayılmalıdır. Beləliklə, cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC əmtəə birjalarının nəzdində yaradılmış təşkilat olmadığından, o, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 08.06.2018-ci il tarixli icra vərəqəsində nəzərdə tutulmuş ipoteka predmetinin hərracda satışını təşkil edə bilməzdi. Başqa sözlə, cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC hərracın təşkilini qanunsuz həyata keçirmişdir. Beləliklə, baş tutmamış təkrar hərracdan sonra ipoteka saxlayanın ipoteka predmetini ala bilməsi üçün, təkrar hərracın baş tutmamış elan olunması lazımdır. Hərracın baş tutmamış elan olunmasının qaydası “İpoteka haqqında” Qanunun 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddənin tələbinə görə, hərracın təşkilatçısı hərracın baş tutmaması barədə elanı hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirir. Lakin cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC qanunun bu tələbini pozaraq, hərracın baş tutmamasını elan etməmişdir. Əmlakın baş tutmamış təkrar hərracdan sonra ipoteka saxlayana satılmış qiyməti də düzgün hesablanmamışdır. Elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka predmetinin təkrar hərracdakı ilkin satış qiyməti də 155.000 manat olmuşdur. Əmlakın təkrar hərracda ilkin satış qiymətindən 15 % - 23.250 manat aşağı qiymətə - 131.750 manata satışa çıxarılması, əmlakın ilkin satış qiymətini dəyişmir. Qanunun yuxarıda istinad etdiyim tələbinə görə, baş tutmayan təkrar hərracdan sonra, ipoteka saxlayan əmlakın ilkin satış qiymətindən, yəni 150.000 manatdan 25 % (37.500 manat) az olmayan qiymətə, yəni 117.500 manatdan az olmayan qiymətə ala bilərdi. Lakin qanunun tələbi pozularaq, əmlak ipoteka saxlayana ilkin satış qiymətindən deyil, təkrar hərracdakı satış qiymətindən hesablanmaqla 25 % az olmayan qiymətə satılmışdır. Qeyd etmək istərdi ki, ümumilikdə iddiaçının evinin qiyməti hərrac qiymətindən çox yuxarıdır. Müasir dövrdə şəhərin mərkəzində, ümumi sahəsi 110 kv.metr olan və bütün təmir işləri olunmuş evinin cəmi 155.000 manat məbləğində qiymətləndirilməsi qanunsuz və əsassızdır. Evinin yalnız təmirinə 90.000 manata yaxın xərci çıxmışdır. Mənim evinin ortalama 270.000 manat qiyməti vardır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil 155000 manata ilkin qiymətləndirilərək hərraca çıxarılmışdır. Onda olan məlumata görə hərrac iki dəfə keçirilmişdir. Cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC əmtəə birjalarının nəzdində yaradılmış təşkilat olmadığından, o, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 08.06.2018-ci il tarixli icra vərəqəsində nəzərdə tutulmuş ipoteka predmetinin hərracda satışını təşkil edə bilməzdi. Başqa sözlə "xxxx" MMC hərracın təşkilini qanunsuz həyata keçirmişdir. Eyni zamanda evin hansı əsasla qiymətləndirildiyi və qiymətləndiricilərin müvafiq icazələrinin və ya lisenziyalarının olubolmamasını araşdırmamışdır. Əmlakın baş tutmamış təkrar hərracdan sonra ipoteka saxlayana satılmış qiyməti isə tamamilə düzgün hesablanmamışdır və “İpoteka haqqında”Qanunun 43.5, 43.7-ci maddələrinin tələblərinə ziddir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh2 ASC-nin nümayəndəsi E.Səmədov apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 51, mənzil 72 barəsində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.06.2018-ci il tarixli icra vərəqəsinin, Binəqədi rayon icra və probasiya şöbəsinin 23.11.2020-ci il tarixli sifariş məktubuna əsasən hərracın keçirilməsi təşkil olunmuşdur. 12.01.2021-ci il tarixli təklifin surətindən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 51, mənzil 72-nin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 12.01.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir, “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 98812.50 (doxsan səkkiz min səkkiz yüz on iki manat əlli qəpik) manat olmaqla ipoteka saxlayana təklif edilmişdir. İddiaçı hərracın düzgün keçirilmədiyini mübahisələndirmiş və hazırkı iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi iddianı əsassız saymış və mövqeyini onunla əsaslandırmışdır ki, hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Nəticədə, ipoteka predmeti olan daşınmaz əmlak, yəni İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 51, mənzil 72 hərracda satılmamış və ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 98812.50 (doxsan səkkiz min səkkiz yüz on iki manat əlli qəp) manat olmaqla ipoteka saxlayana təklif edilmişdir. İpoteka predmeti “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarının tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuş, habelə iddiaçı istinad etdiyi hallara dair əsaslı sübutları təqdim etməmişdir. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53, 62-ci maddələri, eləcə də “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı və s. ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki,iddiaçı öz iddiasında və apellyasiya şikayətində göstərdiyi halları təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin əsas dəlilləri ipoteka predmetinin dəyərinin icra vərəqəsində göstərilən 155 000 manat xeyli çox, 270 000 manat olması, "xxxx" MMC-nin əmtəə birjasının nəzdində yaradılmış təşkilat olmadığı, əmlakı ilkin satış qiymətindən 25 faizdən aşağı qiymətə satması barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmun daşıyır və birinci instansiya məhkəməsi həmin hallara düzgün hüquqi qiymət vermişdir. Apellyasiya şikayətində əlavə heç bir dəlil göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həmin dəlilləri təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilmədiyindən onlar düzgün olaraq əsassız sayılmış və rədd edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir və daşınmaz əmlakın həqiqi dəyərinin həmin qiymətə uyğun olub-olmaması yalnız həmin icraatda yoxlanıla bilərdi. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi verilmiş və icra icraatı mərhələsində ipoteka predmeti qanunla müəyyən olunmuş qaydada hərraca çıxarılmışdır. Hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Təkrar hərracda ipoteka predmetinin ilkin satış qiymətinin 155 000 manat olması barədə dəlil də iş materialları ilə təkzib olunur. Məhkəmə kollegiyasının sorğusu əsasında Hərrac Mərkəzi "xxxx" MMC-dən daxil olmuş hərrac protokollarından və digər sənədlərdən görünür ki, təkrar hərracda ipoteka predmetinin satış qiyməti 155 000 yox, 131 750 manat olmuşdur. Təkrar hərrac baş tutmadığından ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 % aşağı qiymətlə - 98812.5 manata ipoteka saxlayana təklif olunmuş və sonuncu tərəfindən təklif qəbul edilmişdir. Apellyasiya şikayətinin başqa bir dəlili “İpoteka haqqında”Qanunun 43.5, 43.7-ci maddələrinin 28.12.2018-ci il tarixədək olan məzmununun tələblərinin pozulması barədədir. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və qeyd edir ki, iddiaçının mübahisələndirdiyi hərraclar 2018-ci ildə yox, 2020-ci ildə keçirilmişdir və bu zaman “İpoteka haqqında” Qanunun 43.5, 43.7-ci maddələri yeni məzmunda qüvvədə olmuşdur. Hərrac keçirilərkən də qüvvədə olan qanunlar rəhbər tutulmuş, hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən qanunun bu tələbinə əməl olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bu qənaətə gəlir ki, hazırkı işdə iddiaçı öz iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin bütün dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7271/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7271/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver