Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7274/2023 29.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (üçüncü şəxs X10) iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil3, Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 29 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Lux Residence” MMC (şirkət) ilə X10 (sakin) arasında bağlanmış xx.xx.2021ci il tarixli, 37 saylı müqaviləyə əsasən X10 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* saylı arayışına əsasən qeydiyyatda olmaqla, Kommunal xidmətlər Müəssisəsi MMC-nin 252036 saylı arayışına əsasən orada yaşamasını təsdiq etməklə istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 52,01 kv.m olan mənzilə (bundan sonra mübahisəli mənzil) dair bütün hüquqlarından Şirkətin xeyrinə imtina edir. Müqaviləyə əsasən mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəməyi, müqavilə təqdim olunduğu gündən 10 gün müddətində mənzili tam boşaldaraq (döşəmə, tavan, qapı, pəncərə saxlanılması şərti ilə) təhvil verməyi, Cavabdeh MMC isə həmin evi sökmək məqsədi ilə sakin X2 təhvil almağı və əvəzində müəyyən edilmiş qaydada sakin X5 ona məxsus "xxxx" ASC-də olan bank hesabına 130.000 manat pul verməyi öhdəsinə götürmüşdür.
2. Nazim Ağamalıyevin ailə üzvləri olan X11, X12 və X1 mübahisəli evin sökülməsinə, satılmasına razılıq vermiş və kompensasiyanın X10 tərəfindən alınmasına etiraz etməmişlər.
3. Cavabdeh MMC tərəfindən X4 həmin bankda olan hesabına 130.000 manat məbləğində pul köçürülmüşdür.
4. Mübahisəli ünvanda İddiaçı və onun övladları olan X13, X6 və X7 da qeydiyyatdadırlar. İddiaçı mübahisəli evin sökülməsinə, satılmasına razılıq ərizəsi alınmamışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh MMC-yə qarşı (üçüncü şəxs X10) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə X10 arasında bağlanmış 37 nömrəli, 10 noyabr 2021-ci il tarixli müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, həmin ünvanda doğulmuş, orada böyüyüb həddi buluğa çatmış, evləndikdən sonra da ailə üzvləri ilə (oğlu – X13, qızı - X6 və kiçik oğlu - X7, yoldaşı rəhmətə gedib) həmin ünvanda qeydiyyatda olmaqla, yaşamışlar. Qardaşı Nazim də onlarla bir həyətdə qonşu olsa da, evlərinin giriş-çıxışı ayrı olmuşdur. Onun evinin təmirə ehtiyacı olduğundan məcburən ailə üzvləri ilə birlikdə müvəqqəti olaraq köçüb başqa ünvanda kirayədə yaşamağa başlamışlar. Bu yaxınlarda ona məlum olmuşdur ki, onun xəbəri olmadan cavabdehin işçiləri qonşuluqda yaşayan, onunla heç bir münasibəti olmayan qardaşı X10 ilə razılığa gələrək, faktiki olaraq X4 evini aldıqdan sonra, Nazimin evi ilə onun evinin arasında olan arakəsməni sökərək, onun evinə müdaxilə etmişlər. Belə ki, o, qardaşı X10 ilə bir həyətdə, iki ayrı-ayrı çıxışları olan evlərdə yaşamışlar. X4 evinin onun, onun evinin isə X4 evinə heç bir aidiyyəti olmamışdır. Cavabdehlə X10 arasında 37 nömrəli, 10 noyabr 2021-ci il tarixli müqavilə ikinci tərəf birinci tərəfin xeyrinə ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 52,01 kv.m olan mənzilə dair bütün hüquqlardan imtina etmək niyyəti ilə bağlanmışdır. Bu səbəbdən də tərəflər arasında bağlanmış müqavilə onun maraqlarını, mülkiyyət hüquqlarını (istifadə, sahiblik və sərəncam) əhəmiyyətli dərəcədə pozmuşdur.
7. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3901/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia təmin edilmişdir.
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh X2 başqa iddiaçının da ailə üzvləri ilə orada qeydiyyatda olması barədə məlumatı olmuş, direktor müavini R.Mirzəyev bununla bağlı hətta 3-cü şəxslə də şifahi söhbət etməsini etiraf etmiş, sonuncunun qardaşı Fazilə torpaq sahəsi alaraq onun başqa yerdə yaşamasını onlara bildirsə də, buna dair sənədləri MMC-yə təqdim etməməsini də göstərmişdir. R.Mirzəyev bu iddiaçı ilə də bununla bağlı müəyyən söhbətlərinin olduğunu və evlə bağlı sənədləri gətirməsini ona təklif etməsini də etiraf etmişdir. Tərəflər hansı sənədlərin təqdim edliməsi barədə müəyyən anlaşmanın olmasını göstərsələr də, iddiaçı müəyyən sənədləri təqdim etməsini, cavabdeh tərəf isə iddiaçını bir neçə ay gözləmələrinə baxmayaraq heç bir sənəd təqdim etməməsini, buna görə də müqaviləni 3cü şəxslə bağlamağa üstünlük vermələrini göstərmişlər. Həmçinin, MMC-nin direktor müavini izahatında hansı meyarla 3-cü şəxsə sökülən evin dəyərinin 3 qatını verməsinin səbəblərini izah edə bilməmişdir. Cavabdeh tərəfin izahatına əsasən 3-cü şəxsə sökülən ev üzrə hər kv.m. üçün 2.500 manat olmaqla, 130.000 manat ödənilmişdir yalnız su sayğacı faktiki onun adına olması həmin ünvanda olan hər iki evin də ona aid olması anlamına gəlməyə əsas vermir. Digər kommunal xidmətlər isə onun adına olmasa da onun bu xidmətlərə görə ödəniş aparması da bu qənaətə gəlmək üçün kifayət olmamışdır. İddiaçının təqdim etdiyi sənədlər və mübahisəli ünvanla bağlı illər əvvəl ödənilən çoxsaylı ödəniş qəbzlərinin əslinin onda olması onun göstəricisidir ki, onun həqiqətən də sözügedən evlə birbaşa bağlılığı, aidiyyəti olmuş və sökülməsinə baxmayaraq, hüquq baxımından hazırda da vardır. 2016-2017-ci illərdən sonra iddiaçının mübahisəli ünvanda daimi yaşaması faktı olmaması onun həmin evlə bütün əlaqələrinin kəsilməsi kimi qiymətləndirilə bilməz. Göstərilənlərlə əsasən, məhkəmə mübahisələndirilən müqavilənin etibarsız olması və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması qənaətinə gəlmişdir
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12-ci, 13-cü, 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü, 6.3-cü, 16.1-ci, 152.6cı, 180-ci, 337-ci, 560-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü, 76- cı, 77-ci, 80-ci, 88-ci, 106-cı, 217-ci, 218-ci maddələrinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100.3-cü maddəsinə, “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarına, “İnsan hüquqlarının və X9 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X9 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində birinci icraat
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sözügedən hüququn olub-olmamasını araşdırmamış və yalnız iddiaçının mülahizəsinə əsaslanmışdır. Halbuki, iddiaçı özü etiraf etmişdir ki, həmin ünvanda 2016-cı ildən etibarən yaşamamış, hazırda başqa ünvanda yaşayır. Məhkəmə qətnamə qəbul edərkən yalnız ərizəçi tərəfin təqdim etdiyi əsassız sənədlərə əsaslanmış və maraqlı tərəf kimi 3-cü şəxsin məhkəmə baxışında iştirakını təmin etməmişdir. Bununla da birtərəfli qaydada obyektiv olmayan nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsində qanunvericiliyin mülkiyyət hüququ ilə bağlı normalarına əsaslanmışdır ki, halbuki hazırki iş üzrə məsələ istifadə hüququ ilə bağlı olmaqla yanaşı, iddiaçının istifadə hüququnun həmin mənzildən köçdüyü an bitməsinə əhəmiyyət verilməmişdir. Məhkəmə qətnaməsində müqavilənin etibarsız hesab edilməsinin təmin olunmasını qeyd edərək iddiaçının sahiblik və istifadə hüququ olmamasına diqqət yetirilməmişdir. Halbuki, əvvəlcə iddiaçının iddianı qaldırmaq üçün hüququnun olub-olmaması araşdırılmalı idi. Həmçinin, məhkəmə iddia predmetindən kənara çıxaraq iddia ərizəsində tələb edilməyən məbləğ məsələsini də həll etmişdir. Onlar tərəfindən sübutlar təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır.
1. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2344/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir.
2. Apellyasiya məhkəməsi mübahisəni mənzildən istifadə hüququ kontekstində qiymətləndirərək hesab etmişdir ki, iddiaçının belə bir hüququnun yarandığı qəbul olunsa belə, bu hüquq onun 2016-cı ildən başqa ünvana köçməsi səbəbilə itirilmişdir. Odur ki, iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququ yoxdur, müqavilənin aldatma səbəbilə etibarsız olması qənaətinə gəlmək də mümkün deyil.
Kassasiya instansiya məhkəməsində icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3769/2023 tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2344/2023 nömrəli, 04 may 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
13. Kassasiya məhkəməsinin qənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçının tələbi mübahisələndirilən müqavilənin aldatma səbəbilə bağılanmasına deyil, onun razılığı olmadan bağlanmış müqavilə ilə əmlak (mənzil) hüquqlarının pozulmasına söykənir. İşə baxan məhkəmə də iddia tələbinə bu konteksdə qiymət verməlidir. Apellyasiya instansiyası məhkəməsi mübahisəni Mülki Məcəllənin 337.1, 358-ci maddələri əsasında yoxlamalı və məsələyə bu aspektdə hüquqi qiymət verməlidir.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
16. İddiaçı və nümayəndəsi isə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. Onlar apellyasiya baxışı zamanı verdikləri izahatlarında göstərdilər ki, iddiaçı 2016-cı ilə qədər daimi olaraq mübahisəli ünvanda 29 kvm sahəsi olan mənzildə yaşamışdır. Ev atasının ölümündən sonra qardaşına və ona qalmış, 29 kvm sahədən ibarət ayrıca giriş-çıxışı olan hissədən iddiaçı, qalan hissədən isə qardaşı istifadə etmişdir. Arvadının ağır xəstəliyi və sonradan vəfat etməsi ilə əlaqədar olaraq iddiaçı üç uşağa baxmaq zərurətindən müvəqqəti olaraq qaynanasının mənzilində yaşamaq məcburiyyətində qalmışdır. Cavabdeh MMC 29 kvm sahəsi olan mənzilin iddiaçıya məxsus olduğunu əvvəlcədən bilirdi, bu barədə onunla danışıqlar aparılmışdır və bu səbəbdən iddiaçının razılığı olmadan bütün sahə üçün qardaşı ilə müqavilə bağlana bilməzdi. Qardaşının sahəsi ilə bağlı bağlanmış müqavilə iddiaçını maraqlandırmır. İddiaçı yalnız özünə aid 29 kvm sahəyə aid hissədə müqaviləni mübahisələndirir.
17. 3-cü şəxs Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
19. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
20. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
21. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
22. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
24. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
25. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
26. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
27. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
28. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
34. Məhkəmə Kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq və işin müəyyən edilən hallarına əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi əsası ilə ləğv olunmalı və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.
35. Kollegiya bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
36. Baxılan işdə İddiaçı üzərində onun da əmlak hüquqlarının olduğunu iddia etdiyi yaşayış sahəsinə sərəncam verilməsinə dair cavabdeh MMC ilə üçüncü şəxs arasında bağlanmış müqavilənin etibarsız sayılmasını tələb edir. Onun tələbi cavabdeh kimi MMC-yə və üçüncü şəxs kimi qardaşı Nazim Ağamalıyevə qarşı yönəlmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, Nazim Ağamalıyev müqavilə tərəfi olduğundan əslində tələbə cavab verməli olan şəxsdir və onun üçüncü şəxs kimi işdə iştirakı məsələnin mahiyyətini dəyişmir.
38. Cavabdeh MMC iddiaya etiraz edərək, iddiaçının zəruri sənədləri təqdim etmədiyi və tikilidə üçüncü şəxs yaşadığı üçün sonuncuya üstünlük verdiklərini, bu səbəbdən müqaviləni üçüncü şəxslə bağladıqlarını bildirmişdir.
39. Birinci instansiya məhkəməsi iddiaçının dəlillərini haqlı sayaraq, yaşayış sahəsinin faktiki olaraq iki ayrı evdən ibarət olmaqla, onlardan birinin iddiaçıya aid olduğuna, bu faktların, eləcə də iddiaçının üçüncü şəxslə münasibətlərinin yaxşı olmadığının cavabdehə əvvəlcədən bəlli olduğuna və tikilinin sökülməsi ilə bağlı iddiaçı ilə danışıqlar aparmasına baxmayaraq tikilinin tamamına dair üçüncü şəxslə müqavilə bağlamasının iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulmasına dəlalət etdiyi qənaətinə gəlmiş və iddianı təmin etmişdir. Məhkəmə müəyyən etmişdir ki, sözügedən yaşayış sahəsi daha əvvəl Fazil və Nazim Ağamalıyevlərin atası Yaşar Ağamalıyevə məxsus olmuş, sonuncunun sağlığında və hətta 2007-ci ildə ölümündən sonra iddiaçı ailəsi ilə birgə orada qeydiyyatda olmaqla yaşamışdır. Bir sözlə, mübahisəli ev üçüncü şəxsin öz vəsaiti ilə ərsəyə gətirdiyi bir iqtisadi dəyər olmamışdır.
40. Məhkəmə həmçinin müəyyən etmişdir ki, adları çəkilən qardaşlar orada yaşadıqları dövrdə ayrı girişləri ilə faktiki olaraq iki ev mövcud olmuş, iddiaçı evin müvafiq hissəsindən özünə məxsus ayrıca sahə kimi istifadə etmişdir. Cavabdehin nümayəndəsi də xx.xx.2022-ci il tarixli məhkəmə iclasında tikilinin 29 kv.m. hissəsinin iddiaçı tərəfin olduğunu bildirmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını düzgün müəyyən etmiş olsa da, həmin hallara uyğun gələn maddi hüquq normalarını mübahisəli hüquq münasibətinə düzgün tətbiq etməmişdir. Belə ki, iddia tələbinin əsası mübahisələndirilən müqavilənin iddiaçının razılığı və xəbəri olmadan bağlanmasına söykənir. Buna uyğun gələn maddi hüquq norması isə Mülki Məcəllənin 358-ci maddəsidir. Həmin maddəyə görə səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
42. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386).
43. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
44. Təcrübədən də bəlli olduğu kimi, ilkin sənədləri vəfat etmiş şəxsin adına olan yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirildikdə həmin sənədləşmədə potensial vərəsələrin əmlak hüquqları nəzərə alınır. Əgər bir şəxsin dövlət reyestrindən qeydiyyatdan keçəcək daşınmaz əşyaya gözlənilən mülkiyyət hüququ təsbit olunarsa, həmin əşyaya əvəzli şəkildə sərəncam verilməklə onun başqa bir əmlaka çevrilməsindən əldə olunan iqtisadi dəyərə də (məsələn, hazırkı işdə olduğu kimi evin sökülməsi müqabilində ödənilən pula) eyni hüququnun olduğu qəbul edilməlidir.
45. Belə bir hüquq təsbit olunduğu təqdirdə həmin hüquqa və ya əşyaya sərəncam vermək səlahiyyəti hüquq sahibinə məxsusdur, əgər söhbət iki və ya daha artıq şəxsin birgə hüquq sahibliyindən gedirsə sərəncam onların birgə razılığı ilə mümkündür. Qabaqcadan verilmiş razılıq və ya sonradan bəyənmə halları istisna olmaqla, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncamı etibarlı sayıla bilməz.
46. Kollegiya mübahisəli yaşayış sahəsi sökülərkən iddiaçının razılığının alınmadığını, cavabdeh tərəfindən iddiaçının sahiblik və istifadəsində olan fərdi yaşayış evinin söküntüyə məruz qalması və ona kompensasiya ödənilmədiyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının mülkiyyət hüquqları pozulmuşdur.
47. Mülki Məcəlləyə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (maddə 337.1). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5).
48. Cavabdeh tərəfin izahatına əsasən 3-cü şəxsə sökülən ev üçün hər kv.m.-ə görə 2.500 manat olmaqla, 130.000 manat ödənilmişdir. İş materiallarına əlavə olunmuş plan-sxemdən, həmçinin tərəflərin mübahisələndirmədiyi hallar əsasında müəyyən edilir ki, mübahisəli ünvanda 29 kv.m sahəyə malik fərdi yaşayış evi iddiaçının sahibliyində olmuşdur və iddiaçı da hazırda müqaviləni faktiki olaraq yalnız həmin sahəyə aid hissədə mübahisələndirir. Ona görə də mübahisələndirilən müqavilə yalnız həmin hissədə etibarsız sayılmalı və Mülki Məcəllənin 337.5-ci maddəsi tətbiq ounmaqla 29 kv.m sahənin dəyərini təşkil edən 72500 (yetmiş iki min beş yüz) manat üçüncü şəxs X2 alınıb Cavabdeh MMCyə qaytarılmalıdır.
49. Restitusiyaya görə Cavabdeh MMC də müqavilə üzrə aldıqlarını geri qaytarmalı olduğundan, lakin 29 kv.m sahə hazırda naturada mövcud olmadığından bu sahənin dəyəri kimi qəbul edilən 72500 (yetmiş iki min beş yüz) manat Cavabdeh MMCdən tutulub İddiaçı verilməlidir. İddiaçı tərəf ona aid sahənin bu şəkildə, yəni 1 kvm-nin təxminən 2500 manat olmaqla qiymətləndirilməsinə etiraz etmədiyini bildirdi.
50. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 6.10-cu bəndinə əsasən əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab olunduqda qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin olunsun. Cavabdeh MMC ilə X10 arasında bağlanmış 37 nömrəli, 10 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi İddiaçı məxsus 29 kv.m sahəyə aid hissədə etibarsız hesab edilsin. 29 kv.m sahənin dəyərini təşkil edən 72500 (yetmiş iki min beş yüz) manat üçüncü şəxs X2 alınıb Cavabdeh MMC-yə verilsin. 29 kv.m sahə naturada mövcud olmadığından bu sahənin dəyəri kimi qəbul edilən 72500 (yetmiş iki min beş yüz) manat Cavabdeh MMC-dən tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.