Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7275/2021 02.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Nadir oğlunun nümayəndələri və vəkilləri, X3, X4, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1149/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı Nadir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Nadir oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Nadir oğlu ilə Cavabdeh arasında imzalanan 25.08.2020-ci il tarixli bağışlanma müqaviləsi hədəqorxu nəticəsində bağlanması nəzərə alınaraq etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1149/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Nadir oğlunun Cavabdeh qarşı Bakı şəhəri 54 saylı notariat ofisində 25.08.2020-ci il tarixdə təsdiq edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2309 kv.m. olan əmlak kompleksi kimi müəssisənin (“Mayak” avtotexniki xidmət müəssisəsi) bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. İddiaçı Nadir oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 14 il ərzində mülkiyyətində olmuş əmlak, yuxarıda qeyd etdiyi kimi, tərəfindən sərbəst və könüllü iradə ifadə əsasında yox, uzun illər ərzində mühacirətdə yaşayan atası Nadir Ağayevin Azərbaycana qayıtmasından sonra bilavasitə onun (eləcə də həmin əmlakda marağı olan cavabdeh ögey bacısının və onun həyat yoldaşının) təsir, təzyiq, hədə və şantajlarına məruz qalmağı səbəbindən cavabdehə bağışlanmışdır. Hansı ki, onun həqiqətən belə bir fikri və həqiqi niyyəti olsa idi, o, həmin bağışlamanı atası Azərbaycana qayıtmazdan əvvəl həyata keçirərdi. Onun birdən-birə belə bir bağışlama əqdini bağlamağının həqiqi səbəbləri məhkəmə araşdırması zamanı birmənalı olaraq müəyyən edilsə də məhkəmə onun pozulmuş hüququnun bərpasını təmin etməmiş, iradəsinə uyğun olmadan bağlanmış bağışlama müqaviləsini tamamilə əsassız olaraq “iradəsinə uyğun olaraq bağlanmış” hesab etmişdir. Bir sözlə, məhkəmə, mövcud bazar qiyməti 2,5 milyon manat olan əmlak kompleksinin tərəfindən birdən-birə ögey bacısına bağışlamağının əsl səbəblərinə “göz yumaraq” həmin bağışlamanı könüllü və sərbəst iradə ifadəsi əsasında bağlandığı nəticəsinə gəlmiş və öz nəticəsini qarmaqarışıq dəlillərlə əsaslandırmışdır. Hansı ki, həmin bağışlama müqaviləsi bilavasitə atasının və cavabdehin iradəsinə uyğun olmaqla bağlanmışdır, yəni o, belə bir müqavilə bağlamaqla öz istəyini yox, atasının istəyini həyata keçirməyə məcbur olmuşdur. Göründüyü kimi, sözügedən bağışlama müqaviləsi onun həqiqi niyyəti, könüllülüyü və iradə ifadəsi olmadan bağlanmışdır ki, bu hallar həmin müqavilənin qanuni olmadığına və etibarsızlığına dəlalət edir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsinin mövcudluğu əqdin hüquqi əsasını təşkil etdiyinə görə bununla bağlı əhəmiyyətli müddəalar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında da öz əksini tapmışdır. Belə ki, “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fəqrləndirən əsas xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır.Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən ən əsası tərəflərin qarşılıqlı iradə ifadəsinin və həqiqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qərarlarında formalaşan hüquqi mövqeyə görə əqdi bağlayan şəxsin “iradə ifadəsi” və “iradə azadlığı” əqdin qanuniliyini təmin edən əsas amillərdəndir. Odur ki, əqdin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi, yəni onun yuxarıda göstərilən qərarda qeyd edildiyi kimi, “qüsurlu olması səbəbindən” əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyi aydınlaşdırılmalıdır. Lakin məhkəmə yüksək hüquqi qüvvəyə malik olan göstərilən normaları rəhbər tutmamış, mübahisəli bağışlama müqaviləsini bağlayarkən onun iradə ifadəsinin qüsurlu olmasını, yəni təsir, təzyiq, hədə və şantaj nəticəsində həyata keçirildiyinə qətiyyən əhəmiyyət verməmiş, əksinə iddia tələbinin təmin edilməli olmamasını onunla əsaslandırmışdır ki, o, könüllü olaraq notariat orqanına gəlmiş, əmlakın bağışlanması ilə bağlı iradə ifadəsini notariusa bildirmiş və əmlakla bağlı sənədləri notariat orqanına təqdim etmişdir. Hansı ki, onun notariat orqanına getməyi, sənədləri təqdim etməyi və müqaviləni imzalamağı ümumiyyətlə mübahisə predmeti olmamışdır! Eləcə də məhkəmə iddianı rədd edərkən, mübahisəyə Mülki Məcəllənin “Müqavilənin təfsiri”ndən bəhs edən 404-cü maddəsinə əsaslanmışdır, hansı ki, müqavilənin təfsiri ilə bağlı o, qətiyyən mübahisə açmamışdır. Habelə məhkəmə, iddianın təmin edilməməli olmasını əsaslandırarkən işlətdiyi “hədə” anlayışına yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin dispozisiyası baxımından qiymət verərək hesab etmişdir ki, “hədə” öz-özlüyndə cinayət əməli hesab edilir və şəxsin belə bir cinayət əməlini törətməsi yalnız qanuni qüvvəyə münmiş hökmlə təsdiq oluna bilər, lakin iddiaçı bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Lakin məhkəmə Mülki Məcəllənin 339.4-cü maddəsində nəzərdə tutulan “hədələmə” anlayışına isə ümumiyyətlə əhəmiyyət verməmişdir. Hansı ki, göstərilən maddəyə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə(zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Birmənalı olaraq hesab edir ki, tərəfindən yuxarıda göstərilən bağışlama müqaviləsi bağlanarkən onun sərbəst və könüllü iradə ifadəsi təzahür etməmişdir və bu səbəbdən həmin əqd etibarsız hesab edilməli olduğu halda məhkəmə tamamilə əsassız olaraq onu etibarlı hesab etmişdir. İş üzrə prosessual hüquq normalarının pozulması aşağıdakılardan ibarətdir: Birinci instansiya məhkəməsi mübahsiəni həll edərkən sübutalrı tam və hərtərəfli tədqiq etməyərək araşdırmamış, onları obyektiv qiymətləndirməmiş, bağışlama müqaviləsinin onun könüllü iradə ifadəsi əsasında bağlandığı nəticəsinə gəlmiş və öz nəticəsini qanuni sübutetmə vasitələri ilə deyil, subyektiv və formal mülahizələrlə əsaslandırmışdır. Hansı ki, mülki prosessual qanunvericiliyə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 77.1-ci maddələri). İşə baxan məhkəmə göstərilən normaların tələblərinə baxmayaraq tərəfindən təqdim edilmiş sübutlara, o cümlədən onun izahatına, şahid ifadələrinə, WhatsApp yazışmalarına əhəmiyyət verməmiş, atası X2 Özbəkistan Respublikasında uzun illər ərzində yaşadığı zaman vətəndaş nikahında olduğu arvadı X1 yazılı və video müraciətlərinə və s. sübutlara əhəmiyyət verməmişdir. Hansı ki, göstərilən sübutlar bağışlama müqaviləsinin onun sərbəst iradə ifadəsi və könüllülük əsasında bağlanmadığı ilə birbaşa əlaqəlidir. Ən azından onu qeyd etməlidir ki, onu bağışlama müqaviləsini bağlamağa məcbur etmək üçün mərhum atası Nadir Ağayev, ögey bacısı olan cavabdeh və onun həyat yoldaşı müxtəlif vasitələrlə onun şantaj etmiş, hətta ona WhatsApp vasitəsilə atasının adından Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikasının Daxili İşlər naziri, cənab Vilayət Eyvazova və qeyrilərinə barəsində ünvanlanmış şantaj xarakterli ərizənin fotoşəkli göndərilmişdir. Habelə cavabdehin həyat yoldaşı Rövşən Hüseynov da WhatsApp yazılarında şantaj edərək “vəkili tərəfindən istintaqa verilməsi üçün bütün sənədlərin yığıldığın ” bildirilmişdir ki, bütün göstərilənlərlə o, ən azından saxtakarlıqda, külli miqdar oğurluqda və mənimsəmədə ittiham edilir. Odur ki, ona qarşı edilən təzyiqlərdən, o cümlədən yuxarıda göstərilən ərizədə və WhatsApp yazılarında barəsində yazılan ittihamlardan ehtiyat edib çəkinmiş, ən azından həmin şantaj xarakterli şikayətdə göstərilən hər hansı bir cinayət xarakterli əməlin barəsində yayılacağından, bununla da həm qohumlar və tanışlar, həm də iş yerində nüfuzu, nəticə etibarilə isə işini itirəcəyindən qorxaraq mübahisəli bağışlama müqaviləsini bağlamağa məcbur olmuşdur. Belə ki, o, artıq 20 ildir ki, BİPİ EKSPLOREYŞN (KASPİAN Sİ) LTD şirkətində fasiləsiz olaraq çalışır və həmin şirkətdə etibar və nüfuz sahibidir, yəni həmin şirkətdə 20 il ərzində fasiləsiz olaraq bu günədək işləməyi faktının özü də iş yerində nüfuz və etibar sahibi olduğuna dəlalət edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək eyni məzmunlu izahat verdi, həmçinin bildirdi ki, iddiaçı bildirir ki, atası vəfat etməsəydi, qoxduğu üçün hazırki iddianı qaldırmazdı. Amma atasının vəfat etməsi artıq ona müstəqil iradəsini ortaya qoymağa imkan verib. İş materiallarına təqdim etdikləri sübutlarda da hədənin nələrdə ifadə olunduğu öz əksini tapıb. Hətta şahid ifadələrində bildirilir ki, mərhum Nadir ölümündən əvvəl Feliksə qarşı haqsızlıq etdiyini və Mədinəyə aldandığını bildirib. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X6 da apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, bağışlamadan qabaq tərəflər arasında yaxşı münasibətlər olmayıb. Münasibətləri pis olan birinə necə əmlak bağışlamaq olar. Məhkəmədən bu halların da nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, qarşı tərəfin istinad etdiyi şahid ifadələri üçüncü şəxslərdən eşidilmiş sözlərdən ibarətdir. Bağışlamanı həmin vaxt istəyib və həmin vaxt həyata keçiriblər. Hazırda obyekt Mədinənin adınadır və şirkətlər icarəyə götürüb anbar kimi istifadə edirlər. Apellyasiya şikayətini əsassız hesab edir.. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, mübahisəli Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2309 kv.m. olan “Mayak” avtotexniki xidmət müəssisəsi xüsusi mülkiyyət hüququ üzrə 2006-cı ildə İddiaçı Nadir oğlunun adına daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan “Mayak” avtotexniki xidmət müəssisəsini 25.08.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdeh (ögey bacısı) Cavabdeh bağışlamış və hal hazırda mübahisəli əmlak onun mülkiyyətindədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, mübahisəli əmlak kompleksini ögey bacısına hədə-qorxu və təzyiq nəticəsində bağışlamışdır. Mərhum atası sağlığında onu rüsvay etdirəcəyi, polis orqanlarına şikayət edib tutduracağı ilə hədələyərək mülkiyyətində olan əmlakı məcburi şəkildə bacısına bağışlatdırmışdır. Bu səbəbdən iddiaçı həmin bağışalma müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, bağışlama müqaviləsi ikitərəfli əqd olmaqla öz təbiətinə görə əvəzsiz müqavilədir və hər hansı cavab xidməti ilə şərtləndirilmir. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin bağışlama haqqında müddəalarından həmçinin görünür ki, bağışalma müqaviləsi hər hansı şərtlərdən və ya öhdəliklərdən asılı edilə bilər. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Mülki Məcəllənin qeyd edilən normasından göründüyü kimi, əqdin tərəfin və ya üçüncü şəxslərin təhdid və ya hədə-qorxusu altında bağlandıqda etibarlı sayıla bilməz. Belə ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Məcburetmə halında isə mülki hüquq subyektinin iradə sərbəstliyi pozularaq qorxunun təsiri ilə iradə ifadə edilmiş olur. Bu səbəbdən Mülki Məcəllənin 339.4-cü maddəsi iradə ifadəsi zədələnmiş tərəfə həmin əqdi mübahisələndirərək etibarsız hala gətirmək imkanını verir. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı bağışlama müqaviləsini bağlayarkən onun iradə ifadəsinin həqiqi məzmununun pozulduğunu iddia etsə də, onun bu dəlilləri hər hansı tutarlı dəlillə və ya sübuta əsaslanmamışdır. Digər tərəfdən onun bağışlama müqaviləsini bağlayarkən hüquqi niyyətinin olmaması halı da öz təsdiq olunmamışdır. Belə ki, iddiaçı qeyd etmişdir ki, atası və ögey bacısı onu oğurluqda ittiham edəcəkləri ilə hədə qorxu gəlmişlər və bu səbəbdən o, nüfuzuna ləkə düşməsin deyə əqdi bağlamışdır. Məhkəmə iddiaçının bu dəlilləri üzrə, həmçinin iddiaçının təşəbbüsü ilə dindirilmiş şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər də mübahisəli bağışlama müqaviləsinin etibarsız hesab olunması üçün əsas deyil. Göstərilən dəlillərin heç biri iddiaçının həqiqi iradəsinin formalaşmasına təsir edən hallar kimi qiymətləndirilə bilməz. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. İddiaçının hədə-qorxu altında mübahisəli bağışlama müqaviləsinin bağlanması ilə bağlı dəlilləri üzrə məhkəmə qeyd edir ki, bu halları da təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, hədə-qorxu ilə tələb etmə Cinayət Məcəlləsinin 182.1-ci maddəsində cinayət əməli kimi müəyyən edilmişdir. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayəti hesab olunur. Yəni hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədəqorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər.Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Göründüyü kimi hədə-qorxu ilə tələb etmə özü-özlüyündə cinayət əməli hesab edilir və şəxsin belə bir cinayət əməlini törətməsi yalnız qanuni qüvvəyə minmiş hökmlə təsdiq oluna bilər. Lakin iddiaçı ona qarşı cinayət xarakterli əməllərin edilməsini iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddiaçının həmin dəlilləri bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə dəvət olunmuş və dindirilmiş şahid ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri mötəbər sübut kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahid Aydın Ağayev bilavasitə iş üzrə maraqlı şəxs kimi özü digər əmlakla bağlı Cavabdeh qarşı məhkəmədə iddia qaldırmış, digər şahidlər isə bilavasitə işin faktiki hallarını məhz İddiaçı eşitdiklərini bildirmişlər. Yəni şahidlərin heç biri birlavasitə Nadir Ağayev və Cavabdeh tərəfindən əmlakın bağışlanması ilə bağlı Feliksə hədə qorxu edilməsinin şahidi olmamışlar. Məhkəmə qeyd edir ki, şahidlər tərəfindən verilən ifadələrin İddiaçı mübahisəli əmlakı bağışlayarkən iradə ifadəsinin zədələnməsi, yəni məcburi şəkildə həyata keçirilməsi kimi qəbul edilə bilməz. Əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı könüllü olaraq notariat orqanına gəlmiş, əmlakın bağışlanması ilə bağlı iradə ifadəsini notariusa bildirmiş və əmlakla bağlı sənədləri notariat orqanına təqdim etmişdir. Notariat orqanında yalnız Feliks və Mədinə olmuş və həmin əqd bağlanarkən onlardan başqa heç kim iştirak etməmişdir. Bütün bu hallar onu göstərir ki, İddiaçı əmlakın bağışlanması ilə bağlı iradə ifadəsinə hər hansı təsir olmamış və İddiaçı əmlakı könüllü iradə ifadəsi əsasında bağışlamışdır. Mübahisəli əmlakın Feliks tərəfindən atasının təkidi ilə cavabdehə bağışlanması ilə bağlı dəlillər üzrə məhkəmə qeyd edir ki, həmin təkid məcburetmə kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, mübahisəli bağışlama müqaviləsinin tərəflərin iradə ifadələrinə zidd olaraq bağlanması müəyyən edilmədiyindən, həmin əqd etibarlı əqd hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçının apellyasiya şikayətinin obyektini məhkəmənin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, bağışlanan əmlak kompleksinin 14 il, yaxud daha çox və ya qısa müddətdə mülkiyyətdə olmasının, həmçinin dəyərinin yüksək olmasının bağışlamaya heç bir təsiri yoxdur. Yetər ki, əmlak sərbəst və könüllü iradə ifadəsi əsasında bağışlanmış olsun. İddiaçı israr edir ki, bağışlama iradə ifadəsinə uyğun olmayıb, başqa sözlə iradə ifadəsi zədəli vəziyyətdə baş verib. Səbəb kimi, uzun illər mühacirətdə yaşamış və 2020-ci ilin iyul ayında Azərbaycana gəlmiş 80 yaşlı atası Nadir Ağayevin ona təsiri, təzyiqi, hədə və şantajlarına məruz qaldığı üçün məcburiyyət qarşısında bağışlamanı həyata keçirdiyini göstərir. Təsirin, təzyiqin, hədənin və şantajın xarakteri və konkret nədən ibarət olduğu işdən bəlli olur. Yəni, iddiaçı mərhum atası tərəfindən bu bağışlamanı reallaşdırmaq üçün ona hansı qaydada, formada və həcmdə təsir etdiyinə dair bildiyi bütün məlumatları məhkəməyə bildirmiş və sübut hesab etdiyi sənəd və məlumatları işə təqdim etmişdir. Buna görə də iddiaçı hesab edir ki, birdən-birə belə bir bağışlama əqdini bağlamağının həqiqi səbəbləri məhkəmə araşdırması zamanı birmənalı olaraq müəyyən edilsə də məhkəmə onun pozulmuş hüququnun bərpasını təmin etməmiş, iradəsinə uyğun olmadan bağlanmış bağışlama müqaviləsini tamamilə əsassız olaraq “iradəsinə uyğun olaraq bağlanmış” hesab etmişdir. İstisna etmək olmaz ki, mərhum Nadir Ağayev iddiaçını əmlakının oğurlanmasında və yaxud mənimsənilməsində ittiham edərək hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirsin. Yəni, iddiaçı həqiqətən də mərhum atasına məxsus hansısa əmlakı(pulu) gizli yaxud açıq ələ keçirməmişdirsə yaxud mənimsəsəmişsə və ya ona borcu qalmamışdırsa, onda niyə və nədən qorxmalı idi ki, bunun da nəticəsi olaraq məcburən bağışlamanı həyata keçirmiş olsun. Keçmişdə mühacirətdə olduğunu bildirdiyi, 80 yaşlı doğma atasının hansı hədələri (əslində əmlakı bağışlamasan səni tutduracam, cinayət məsuliyyətinə cəlb etdirəcəm. və.s kimi ifadələr həqiqi olsa belə bunlar real hədə kimi qiymətləndirilə bilməz və heç bir halda iradəni zədələyən faktlar kimi qəbul oluna bilməz ) iddiaçını qoxuda bilərdi? Bu ritorik sual olsa da iddiaçı hazırki iddianı irəli sürərkən buna məhkəmə tədqiqi zamanı cavab verməyə hazır olmalı idi. Ancaq iddiaçı nəinki buna hazır olmuş, əslində atasının hədəsi nəticəsində rüsvay olacağından qorxaraq bu əqdi bağlamağa məcbur olduğunu deməklə, iddiasının da real və tutarlı arqumentlərə söykənmədiyini biruzə vermiş olur. Ona görə də iddiaçının mərhum atasının bu cür sözləri istifadə etmiş olması belə onların hədə, təhdid, təzyiq olması və qorxu yaratması ağlabatan olmamaqla yanaşı, iddiaçının iradəsini zədələməsi də qətiyyən inandırıcı və ağlabatan deyildir. İkincisi, əslində iddiaçı həm mərhum atası, həm də cavabdeh olan bacısı ilə aralarında yaranmış hansı real münasibətlərin nəticəsi olaraq bu əqdi bağladığını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş yaxud da çatdırmaq istəmir. Belə ki, işdən, o cümlədən cinayət mühakimə icraatı zamanı aparılan araşdırma zamanı cavabdehin izahatından da bəlli olur ki, iddiaçıdan mərhum atası ona məxsus olan başqa obyektləri necə satıb pulunu götürübsə, elə də qaytarmasını tələb edərkən, həmin vaxt iddiaçı satıb pulunu götürdükləri obyektin onların payı olmasını, əmlak kompleksinin və MMC-nin isə cavabdehin payı olması ilə razılaşdığı üçün bağışlamanı həyata keçirməsinə könüllü razılaşmışdır. Buna görə də iddiaçının bu iradə ifadəsi və həqiqi niyyəti vahid və həqiqi olmuşdur. İddiaçının atası vəfat etdikdən 5-6 ay sonra bu əqdi mübahisələndirməsi də bağışlanan əmlakdan tələb etdiyi payı cavabdehin verməsindən imtina etdikdən sonra ortaya çıxması isə başadüşülən olsa da, bu cür iddianın təmin edilməsi əsas olmalıdır. Əks halda mülki dövriyyənin azad və sərbəst iştirakçıları kimi iradəsi zədələnmədən bağladıqları əqdləri sonradan mübahisələndirmə zamanı qanuni əsas olmadan etibarsız sayılması mülki dövriyyəni iflic vəziyyətə salar. Üçüncüsü, iddiaçı iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 339.4-cü maddəsini nəzərdə tuta bilər.Yəni, həmin maddəyə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə(zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Ancaq iddia tələbinin faktiki əsası(faktiki hallar) da həmin maddənin şərtlərinə uyğun olmalı, yəni dizpozisiya əlamətləri ilə uzlaşmalıdır. Ancaq hazırki iddia üzrə iddia tələbinin faktiki əsası qanuni əsasının şərtlərinə uyğun gəlmir, başqa sözlə mübahisələndirilən əqd hədələmə nəticəsində bağlanmamışdır. İstər bağışlama, istərsə də özgəninkiləşdirmə ilə bağlı digər əqd bağlanarkən bir insanı hiss olaraq insan buna heyfislənə bilər, lakin bu cür hiss onun sərbəst və könüllü iradə ifadəsinin təzahür etməməsi kimi qiymətləndirilə bilməz və bu səbəbdən həmin əqdin sonradan etibarsız hesab edilməsini tələb etmək üçün də əsas ola bilməz. Dördüncüsü, məhkəmə tərəfindən prosessual hüquq normalarının pozulmasına da yol verilməmişdir. Əlbətdə, iddiaçı hesab edə bilər ki, birinci instansiya məhkəməsi mübahsiəni həll edərkən sübutalrı tam və hərtərəfli tədqiq etməyərək araşdırmamış, onları obyektiv qiymətləndirməmiş, bağışlama müqaviləsinin onun könüllü iradə ifadəsi əsasında bağlandığı nəticəsinə gəlməkdə səhvə yol vermiş və öz nəticəsini qanuni sübutetmə vasitələri ilə deyil, subyektiv və formal mülahizələrlə əsaslandırmışdır. Ancaq iddiaçı bu hissədə də haqlı olmamışdır. Belə ki, məhkəmə iddiaçının izahatına və şahid ifadələrinə hüquqi qiymət vermiş, onların mötəbər sübut növü kimi qiymətləndirməməsinin səbəblərini öz qənaətində göstərmişdir. WhatsApp yazışmaları və atası X2 Özbəkistan Respublikasında uzun illər ərzində yaşadığı zaman vətəndaş nikahında olduğu arvadı X1 yazılı və video müraciətinin hazırki iddianın əsaslılığına isə heç bir təsiri yoxdur. Çünki, həmin məlumatlar da yuxarıda qeyd olunan hallarla eyni olduğundan əqdin etibarsızlığı üçün mötəbər əsas sayıla bilməz. Bir daha vurğulanır ki, iddiaçı hər hansı bir formada cinayət xarakterli əməl töərətməmişdirsə, barəsində yazılan ittihamlardan ehtiyat edib çəkinməməli idi, şantaj xarakterli şikayətdə göstərilən hər hansı bir cinayət xarakterli əməlin barəsində yayılacağından qorxmamalı idi, bunları şantaj və hədə hesab edirdisə qohumlar və tanışlar yanında, həm də iş yerində nüfuzu, nəticə etibarilə isə işini itirəcəyindən qorxmamalı, nəticə etibarı ilə də mübahisəli bağışlama müqaviləsini bağlamağa məcbur olmamalıydı. Beşincisi, hazırki iş üzrə məhkəmənin iddianı rədd etməsi düzgün olmuşdur. Çünki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, mülki dövriyyənin iştirakçısı kimi aralarında bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddiaların rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları aralarında bu cür münasibətlər qurarkən hüququn prinsipləri və qanunvericiliyin tələbləri baxımından intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə suiistifadə etməsinlər. Hazırki iş üzrə də iddiaçı mübahisələndirdiyi bağışlama müqaviləsinin etibarsız olmasına ona görə nail olmaq istəyir ki, cavabdehlə hansısa hüquqdan və qanundan kənar aralarında yaranmış mübahisələri həll etmək üçün bu yolla ona təsir yaxud təzyiq göstərsin. Əlbətdə ki, bu hallar yolverilməzdir. Çünki, qanunvericiliyə uyğun bağlanmış və etibarsızlığı üçün hər hansı bir əsas olmayan müqavilənin etibarsızlığının tələb edilməsi özü hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iş üzrə İddiaçı Nadir oğlu tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı Nadir oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1149/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7275/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7275/2021
02.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver