Məhkəmə qərarları › İş №2(103)-728/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-728/2022

10.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-728/2022 10.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Socar-ın “Neft Kəmərləri” İdarəsinin Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-24/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Socar-ın “Neft Kəmərləri” İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Socar-ın “Neft Kəmərləri” İdarəsinin balansında olan Binəqədi-Bakı Dş-200 magistral neft kəmərinin 4.5-ci km-də mühafizə zonasında kəmərdən 24 metr aralıda Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində Cavabdeh məxsus tikintini cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 magistral neft kəmərinin 4.5-ci km-də, kəmərdən 24 metr aralı məsafədə, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində Cavabdeh tərəfindən kəmərin mühafizə zonasında qanunsuz tikinti inşa edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. SOCARın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş200 magistral neft kəmərinin 4.5-ci km-də, kəmərdən 24 metr aralı məsafədə, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində Cavabdeh məxsus tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-24/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (Sədrlik edən: İlkin Əliyev). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsaslandırmağa çalışmışdır ki, iddiaçı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüquqa malik olmadığından, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qətnaməsinin əsaslandırdığı hal kimi sözügedən qanunsuz tikilinin sökülməsinə dair iddiaçının subyektiv hüququnun olmaması qeyd edilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsini, “Azərbaycan Respublikasının Şəhərsalma və tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” AR 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanunun tətbiqi barədə” AR prezidentinin xx.xx.2012-ci il tarixli 695 nömrəli Fərmanın normalarına istinad edərək Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin tikilinin sökülməsinə dair məhkəmədə iddia qaldırmaq hüququ verilmədiyini göstərmişdir. Binəqədi rayon Məhkəməsənin xx.xx.2021-ci il tarixli 2(001)-24/2021 nömrəli qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İddianın rədd edilməsinə əsas olmuş yuxarıda qeyd edilən hala məhkəmə qiymət verərkən tətbiq etedilməli olan qanunu tətbiq etməmişdir. Belə ki, məhkəmə subyektiv hüquq məsələsinə toxunarkən AR MM-nin 180.4-cü maddəsini tətbiq etməli idi. Həmin maddəyə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İddia tələbinin əsası kimi mübahisəli tikilinin “Neft Kəmərləri˝ İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-li yerüstü neft kəmərinin 4.5-cı km, həmin kəmərdən 24 metr aralı məsafədə kəmərin mühafizə zonasında yerləşməsi iş üzrə keçirilmiş ekspertiza rəyi və alınmış mütəxəssis rəyləri ilə təsdiq edilmişdir. Bundan başqa, SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin subyektiv hüququnun olmasına “iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) “Neft Kəmərləri” İdarəsinin cavabdeh M.İsgəndərova qarşı iş üzrə” Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(102)-1401/2021 nömrəli qərarında münasibət bildirmişdir. Həmin qərarın “Kassasiya instansiyası məhkəməsinin mövqeyi” bölməsində aşağıdakılar qeyd edilir: 43. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması nəticəsinə gələrkən maddi hüquq normalarının tələblərini pozmuş və nəticə də düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olacaq prosessual pozuntuya yol verilmişdir.

44. Belə ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi 95-ci maddəsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə˝ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, № 695 nömrəli Fərmanına, eyni zamanda subyektiv hüquqla bağlı nuvorığaB.M˝ şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2008-ci il tarixli Qərarına isitinad edərək iddiaçı təşkilatın hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququn olmamasını qeyd etmişdir. 45. Lakin məhkəmələr bu nəticəyə gələrkən Mülki Məcəllənin 180.4-cü maddəsinin tələblərini nəzərə almamış, həmin normanı hazırki işə tədbiq etməməklə maddi hüquq normasının tələblərini pozmuş, bu da öz növbəsində iddiaçının subyektiv hüququnun olmaması nəticəsinə gəlinməklə prosessual pozuntunun müşayiət olunması ilə nəticələnən qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. 46. Belə ki, Mülki Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 47.Birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüqunun pozulması barədə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi 95-ci maddəsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə˝ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, № 695 nömrəli Fərmanı istinad edərək hazırki tələblə məhkəməyə yalnız FHN-in iddia vermək hüququnun olmasını qeyd etmiş, lakin Mülki Məcəllənin 180.4cü maddəsinə əsasən özbaşına tikilnin müvafiq icra hakimiyyəti orqanları ilə yanaşı maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilmə imkanını nəzərə almamışdır. 51. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququnun olmaması barədə birinci instansiya məhkəməsinin və məhkəmənin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olmamış, sadalanan maddi hüquq normalarının tələbləri pozulmuş, məhkəmələr subyektiv hüquqla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2008-ci il tarixli Qərarına istina etsələr də həmin qərarın hüquqi mövqeyini hazırki işə düzgün tədbiq etməmiş, nəticədə iddiaçının subyektiv hüququnu olmaması ilə balı iddia tələbinin rədd edilməsi barədə prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Hüquqi dəyərləndirmə: Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək, bunu iddianın iddia qaldırmağa subyektiv hüququnun olmaması ilə izah etmiş və mövqeyini Mülki Məcəllənin 180.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə Mülki Məcəllənin 180.4-cü maddəsinə istinad etsə də, həmin normanı düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, “Məhkəmə iddiaçıdan müvafiq mühafizə zolağında tikinti işlərinin aparılması barədə razılığın tələb edilməli olması barədə mövqeyi ilə razılaşmasına baxmayaraq, hesab edir ki, iddiaçının artıq tikintisi başa çatmış evin sökülməsini Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tələb etməsi üçün subyektiv hüququ yoxdur, bu hüquq müvafiq icra hakimiyyəti orqanına məxsusdur.”. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüqunun pozulması barədə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi 95-ci maddəsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə˝ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, № 695 nömrəli Fərmanı istinad edərək hazırki tələblə məhkəməyə yalnız FHN-in iddia vermək hüququnun olmasını qeyd etmiş, lakin Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən özbaşına tikilnin müvafiq icra hakimiyyəti orqanları ilə yanaşı maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilmə imkanını nəzərə almamışdır. Halbuki, Mülki Məcəllənin 180.4-cü maddəsində özbaşına tikilnin müvafiq icra hakimiyyəti orqanları ilə yanaşı maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında da sökülə bilmə imkanını nəzərə tutulmuşdur. Sadalanan hallara əsasən kollegiya iddiaçı X3 İdarəsinin iddia qaldırmaq üçün sübyektiv hüququnun olmasını nəzərə alaraq qeyd edir ki, iş materiallarına əsasən, SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 magistral neft kəmərinin 4.5-ci km-də, kəmərdən 24 metr aralı məsafədə Cavabdeh tərəfindən tikili inşa edilmişdir. İddiaçı həmin tikilinin mühafizə zolağına düşdüyünə görə sökülməsini tələb etmişdir. Cavabdeh tərəfindən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində aparılan tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. Mübahisəli evi özbaşına tikilidir və eyni zamanda Binəqədi-Bakı DŞ-200 magistral neft kəmərinin mühafizə zonasında yerləşir. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında 1. Cavabdeh tərəfindən Socar-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 magistral neft kəmərinin 4.5-ci km.-də Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində inşa olunmuş tikili ilə Socar-ın “Neft Kəmərləri” İdarəsinin balansında olan ərazi arasında olan məsafə nə qədər təşkil edir? 2. Cavabdeh tərəfindən Socar-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 magistral neft kəmərinin 4.5-ci km.-də kəmərdən 24 metr aralıda, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində inşa olunmuş tikili bütövlükdə Socar-ın “Neft Kəmərləri” İdarəsinin mühafizə zonasına düşürmü? 3. Əgər bütövlükdə düşmürsə, hansı hissəsi mühafizə zonasına düşür? – sualları qoyulmuşdur. X1 10/2557 saylı rəyinə əsasən, “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 Mülki Məcəllə-lik magistral neft kəməri ilə Bakı şəhəri, Binqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində inşa olunmuş tikili bütövlikdə Socar-ın “Neft Kəmərləri” İdarəsinin mühafizə zonasına düşür. Ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal müəyyən edilmədiyindən, kollegiya qeyd edir ki, həmin ekspert rəyi digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməkdə hazırki mübahisənin həllində əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır və 158.4-cü maddəyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytanlmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, iddiaçının nümayəndəsi kollegiya iclasında verdiyi izahatında cavabdeh tərəfindən yalnız sonradan inşa edilmiş yeni tikilinin deyil, həmçinin daha əvvəl inşa edilmiş tikilinin də sökülməsinin iddia edildiyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə”mütənasib”olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia tələbi təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Sadalanan xüsusatlara və qeyd edilən hüquq normalarının tələblərinə əsasən kollegiya hesab edir ki, hazırda mübahisələndirilən torpaq sahəsi və tikiliyə dair hər hansı hüquq müəyyən edici sənəd (çıxarış, bələdiyyə qərarı, İcra Hakimiyyəti sərəncamı və s.) mövcud olmadığından və həmin sahənin iddiaçı Socar-ın “Neft Kəmərləri” İdarəsinin mühafizə zonasına düşməsi iş materialları və ekspert rəyi ilə öz təsdiqini tapdığından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, Socar-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 magistral neft kəmərinin 4.5-ci km.-də kəmərdən 24 metr aralıda, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində inşa olunmuş tikilinin Cavabdeh hesabına sökülərək ərazidən çıxmasına dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırda mübahisələndirilən torpaq sahəsi və tikiliyə dair hər hansı hüquq müəyyən edici sənəd (çıxarış, bələdiyyə qərarı, İcra Hakimiyyəti sərəncamı və s.) mövcud olmadığından və həmin sahənin iddiaçı Socar-ın “Neft Kəmərləri” İdarəsinin mühafizə zonasına düşməsi iş materialları və ekspert rəyi ilə öz təsdiqini tapdığından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, Socar-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 magistral neft kəmərinin 4.5-ci km.-də kəmərdən 24 metr aralıda, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində inşa olunmuş tikilinin Cavabdeh hesabına sökülərək ərazidən çıxmasına dair iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı Socar-ın “Neft Kəmərləri” İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-24/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Socar-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 magistral neft kəmərinin 4.5-ci km.-də kəmərdən 24 metr aralıda, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində inşa olunmuş tikili Cavabdeh hesabına sökülərək, Aslan Ərəfət oğlu həmin ərazidən çıxarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 102 (bir yüz iki) manat məbləğində pul Cavabdeh Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar