Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7280/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələdddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(009)-1283/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3696 manat əsas borc, 500 manat hüquqi yardım xərci və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxsdir. Cavabdeh 27.04.2014-cü ildə Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti, 38 ünvanında tikiləcək yaşayış binasında mənzil almaq üçün Kooperativin üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında 151 saylı mənzilin alqı-satqısına dair müqavilə bağlanmış və Bakı şəhəri Xətai prospekti, 38 ünvanındakı binada yerləşən 151 saylı mənzil həmin tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi ilə "xxxx" MMC arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər, o cümlədən giriş-çıxışa və əraziyə nəzarətin həyata keçirilməsi, ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi, liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması, məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması, cari təmir işlərinin həyata keçirilməsi, suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi, blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri "xxxx" MMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kv.m. üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Lakin Cavabdeh həmin mənzilə görə 01.08.2014-cü ildən 01.04.2021-ci il tarixədək mövcud olan kommunal borcunu ödəməmişdir. Belə ki, Cavabdeh 151 saylı mənzil üçün kommunal borcu 3696 manat təşkil edir. Borcun ödənilməsi üçün cavabdehə şifahi və yazılı formada müraciətlər olunsa da, cavabdeh borcu ödəməkdən imtina etmiş və bu günədək olan kommunal borcunu ödəməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(009)-1283/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, mənzil MTK-nın binası hesab olunur və sakin Kooperativin üzvüdür. O, mənzili alan andan onun kommunal xidmət haqqı ödənişi etmək öhdəliyi yaranır. Çünki Cavabdeh "xxxx" MMC-nin ona göstərilən kommunal xidmətlərindən istifadə edərək (lift, təmizlik, işıqlandırma və s.) evini təmir etdirmişdir. Həmin təmirin müddəti 3 aydan artıq bir vaxtı əhatə edir. "xxxx" MMC-nin yeganə gəlir mənbəyi kommunal ödənişlərdir. Məhkəmə tərəflər arasında yazılı müqavilənin olmamasını əsas gətirərək iddianı təmin etməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Qaçay Şahbazov izahatında göstərdi ki, "xxxx" MMC-nin xidmət göstərdiyi binanın sakini olan Cavabdeh faktiki olaraq MMC-nin göstərdiyi xidmətlərdən istifadə etmiş, lakin heç bir xidmət haqqı ödəməmişdir. Halbuki, yaşayış sahəsi ona verildiyi andan o, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi daşıyır. Cavabdeh həmin mənzili təmir etdirmişdir. Cavabdehin yaşayış sahəsindən istifadə etməməsi və MMC ilə müvafiq müqavilə bağlamaması yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsindən azad etmir. Binanın digər sakinləri "xxxx" MMC ilə müvafiq müqavilələr bağlayaraq vaxtlı-vaxtında çoxmənzilli binanın saxlama xərclərini ödəyirlər. Cavabdeh tərəfindən çoxmənzilli binanın saxlama xərclərinin ödənilməməsi bina sakinlərinin haqlı narazılığına səbəb olmaqla Cəmiyyətin maliyyə vəziyyətinə də mənfi təsir göstərir. Buna görə də qətnamənin ləğv edilib iddianın təmin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi Kənan Cabbarlı izahatında apellyasiya şikayətinin əsassız olduğunu, tərəflər arasında çoxmənzilli binanın saxlama xərclərinin ödənilməsi barədə yazılı müqavilə bağlanmadığını, təmsil etdiyi cavabdeh mənzili təmir etdirsə də, faktiki olaraq orada yaşamadığını, bununla belə, cavabdehin müəyyən qədər xidmət haqqı ödəməklə iddiaçı MMC ilə razılığa gəlmək niyyətində olsa da, MMC-nin daha çox xidmət haqqı tələb edərək barışığa gəlməkdən boyun qaçırdığını bildirdi və şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(009)-1283/2021 saylı qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MTK-nın üzvlərinin (müvəkkillərinin) 28.04.2008-ci il tarixli ümumi yığıncağının protokolunun surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti, 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə mənzil-kommunal xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərən təşkilatla müqavilə bağlanmasının təmin edilməsi, bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər kv.m. üçün 0,30-0,50 manatın yığılması nəzərdə tutulmuşdur. İş materiallarında olan “Sifarişçi” qismində “Hüquq MTK ilə “İcraçı” qismində "xxxx" MMC arasında bağlanmış 01.05.2017-ci il tarixli müqavilədən görünür ki, “Sifarişçi” "xxxx" MTK sifariş verir, “İcraçı” "xxxx" MMC isə əlavə muzd almadan “Sifarişçi”yə məxsus olan Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti, 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu və “Sifarişçi”nin adından onu məhkəmələrdə və dövlət orqanlarında təmsil etmək, onun adından məktublar yazmaq və müraciətlər etmək, qəbul etmək və göndərmək hüququnu “İcraçı”ya vermiş, “İcraçı” isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş haqq-hesab cədvəlinə əsasən 151 saylı mənzilin sahibi Cavabdeh 2014-cü ilin avqust ayından 2021-ci ilin aprel ayına qədər kommunal xidmət haqları üzrə 3696 manat borcu vardır. İş üzrə "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunun kserosurətindən görünür ki, Cavabdeh 01.03.2021-ci il tarixə kommunal xidmətlərə görə 3649,80 manat borcu var. Borcu vaxtında ödəmədiyinə görə cəmiyyətin idarə olunmasında problemlər, o cümlədən vergi, sosial, işıq, su, qaz və əmək haqqı ödənişlərində fasilələr və narazılıqlar yaranmışdır. Ona görə də MMC 5 gün müddətində borcun tam ödənilməsini xahiş edir, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqdan və kommunal xidmətlərə görə haqdan ibarətdir. Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mənzil Məcəlləsinin 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. Həmin Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.7-ci maddəsinə görə bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. Yenə həmin Məcəllənin 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, əgər çoxmənzilli bina bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunsaydı, bu halda yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyərdilər. Lakin Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti, 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli yaşayış binası "xxxx" MTK tərəfindən idarə olunur. "xxxx" MTKnın idarəetmə orqanı ümumi yığıncaqdır. Buna görə də "xxxx" MTK-nın ümumi yığıncağı Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti, 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə mənzil kommunal xidmətlərinin göstərilməsi üçün "xxxx" MMC ilə müqavilə bağlamışdır. İşin faktiki hallarından görünür ki, Cavabdeh çoxmənzilli binanın saxlanması xərcləri ilə bağlı "xxxx" MMC ilə yazılı müqavilə bağlamasa da, faktiki olaraq MMC-nin göstərdiyi xidmətlərdən istifadə etmişdir. Cavabdeh də müəyyən məbləğdə kommunal xidmət haqqı ödəməklə iddiaçı MMC ilə barışıq əldə etməyə cəhd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh "xxxx" MMC ilə yazılı müqavilə bağlamaması və ya yaşayış sahəsindən istifadə etməməsi çoxmənzilli binanın saxlanması xərclərini ödəmək vəzifəsindən azad etmir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" MMC 01 avqust 2014-cü ildən 01 aprel 2021-ci il tarixədək dövr üçün çoxmənzilli binanın saxlama xərclərini Cavabdeh tələb etməkdə haqlı olmamışdır. Belə ki, "xxxx" MMC yalnız 01 may 2017-ci il tarixdən Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti, 38 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsini üzərinə götürmüşdür. Bundan əlavə, "xxxx" MMC yalnız son 3 ilin xidmət haqqını cavabdehdən tələb edə bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, çoxmənzilli binada Cavabdeh məxsus 151 saylı mənzilin aylıq saxlama xərci 46,2 manatdır. (i.v.6) Buna görə də 15 aprel 2018-ci il tarixdən iddia qaldırıldığı 15 aprel 2021-ci il tarixinədək olan 3 il üçün (36 ay x46,2 manat=1663,2 manat) xidmət haqqı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. İddia tələbinin 500 manat məbləğində hüquqi yardım xərcinin tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı "xxxx" MMC-yə hazırkı işlə bağlı hüquqi yardım göstərilməsi və hüquqi yardıma görə pul ödənilməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Bundan əlavə, iş materiallarından görünür ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində iddiaçı MMC-ni həmin Cəmiyyətin direktoru X3 təmsil etmişdir. Buna görə də həmin hissədə iddianı təmin etməyə əsas yoxdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən, yəni məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın qismən təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Azərbaycan Respublikası MPM-in 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunduğundan və iddia qismən təmin olunduğundan, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 12 manat hissəsi və apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun 6 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(009)-1283/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 1663,20 manat məbləğində pul tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 12 manat hissəsi və apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun 6 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7280/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7280/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver