Məhkəmə qərarları › İş №2(103)-7283/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7283/2023

23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7283/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və Elchieva Durdananın Cavabdeh MMC-nə qarşı, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Cavabdeh MMC-nə qarşı iddia tələblərinə dair iş üzrə (Açar söz: apellyasiyanın qeyri-mümkün sayılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı1 və Elchieva Durdananın Cavabdeh MMC-nə qarşı “daşınmaz əmlakın alqısatqı müqaviləsinin və daxili lizinq müqaviləsinin etibarsız hesab edilməsi”, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Cavabdeh MMC-nə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab olunması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli qərardadından iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndələri (vəkilləri), həmçinin cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətlər üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 239, M3, m.6) saylı mənzili Cavabdeh (MMC) tərəfindən 08 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında lizinqə verilmək məqsədilə satın alınmışdır.

2. MMC ilə İddiaçı1 arasında 08 noyabr 2019-cu il tarixdə bağlanmış D050 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 239, M3, m.6) saylı mənzili lizinq məbləği 130 000 (yüz otuz min) manat, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 27 faiz olmaq şərtilə İddiaçı1 lizinqə verilmişdir.

3. MMC ilə X5 arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli D050 saylı zaminlik müqaviləsinə görə, X5 MMC və İddiaçı1 arasında bağlanmış D050 saylı “Daxili lizinq müqaviləsi” üzrə lizinq alan İddiaçı1 öhdəliklərinin icrasına zamin durmuşdur.

4. Cavabdeh İddiaçı1 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC və İddiaçı1 arasında bağlanmış 08 noyabr 2018-ci il tarixli D050 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv olunması, mənzildən istifadə etdiyi müddət ərzində hesablanmış 63 696 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun İddiaçı1 tutularaq "Faktor Lizinq” MMC-nə ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 saylı mənzilinə (yeni qaydalarla AZ1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 239, M3, m.6) olan istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılaraq MMC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunması qət edilmişdir.

5. Həmin qətnamədən İddiaçı1 nümayəndəsinin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərardadı ilə qismən təmin olunmuş, qətnamə ləğv edilərək iş ərazi aidiyyəti üzrə baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir.

6. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC və İddiaçı1 arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli D050 nömrəli daxili lizinq müqaviləsinin ləğv edilməsi, İddiaçı1 və X2 63 696 (altmış üç min altı yüz doxsan altı) manatın və 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla AZ1118 Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 239 M3 mənzil ) saylı mənzilinə İddiaçı1 istifadə hüququnun itirilməsi və mənzilin boşaldılaraq "Faktor Lizinq” MMC-yə təhvil verilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktları

7. İddiaçı1 və Elchieva Durdana Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Elchieva Durdana ilə Cavabdeh MMC arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli D050 nömrəli daxili lizinq müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

8. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinin etbarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin 23 may 2023-cü il tarixli qərardadı ilə işin icraatının, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılıb yekunlaşanadək dayandırılması qərara alınmışdır.

10. Məhkəmə hesab etmişdir ki, Biləsuvar Rayon Məhkəməsində baxılan iş həll edilməyincə, İddiaçı1 və Elchieva Durdananın Cavabdeh MMC-nə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və daxili lizinq müqaviləsinin etibarsız hesab edilməsi”, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Cavabdeh MMC-nə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab olunması” tələblərinə dair işə mahiyyəti üzrə baxmaq və yekun qərar qəbul etmək mümkün deyildir.

11. Qərardaddan iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndələri (vəkilləri) şikayət verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iki işin arasındakı bağlılığın mahiyyətini düzgün qiymətləndirməmiş, müqavilələrin etibarsızlığı ilə bağlı işə daha əvvəl baxılmalı olduğunu, bu səbəblə əslində Biləsuvar Rayon Məhkəməsində baxılan işin icraatının dayandırılmasının zəruriliyini nəzərə almayaraq əsassız qərar qəbul etmişdir.

12. Məhkəmənin 13 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, 23 may 2023-cü il tarixli qərardad ləğv olunaraq mülki iş, icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

14. Məhkəmənin 15 sentyabr 2023-cü il tarixli qərardadı ilə “daxili lizinq müqaviləsinin və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində iddia tələbləri baxılmamış saxlanılmışdır.

15. Həmin qərardaddan iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndələri (vəkilləri), həmçinin cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətlərlər məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır.

17. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir.

18. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.

19. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.

20. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

21. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

22. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.

Məhkəmə kollegiyasının mövqeyi

23. Kollegiya hesab edir ki, apellyasiya qeyri-mümkün hesab olunaraq iş, aşağıda göstərilən çatışmazlıqların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

24. İlk növbədə qeyd olunmalıdır ki, iş materiallarında, şikayət olunan xx.xx.2023-cü il tarixli qərardad və həmin qərardadın qəbul ediliyi məhkəmə iclasının protokolu mövcud deyildir; iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilən hazırlıq iclasında yalnız işə baxılması müddətinin uzadılması məsələsi həll olunmuş və işə əlavə edilən eyni tarixli qərardad da bununla bağlı olmuşdur.

25. Halbuki elektron sistemə yerləşdirilmiş xx.xx.2015-ci il tarixli digər qərardaddan (şikayət olunan qərardad) aydın olur ki, həmin qərardad da məhkəmə iclasında çıxarılmışdır.

26. Digər tərəfdən işdən görünür ki, məhkəmə xx.xx.2023-cü il tarixdə 2 (iki) qərardad çıxarmış, onlardan biri xx.xx.2023-cü il tarixli qərardaddan iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndələri (vəkilləri) tərəfindən verilən şikayət üzrə müddətin bərpası və həmin şikayətlərin təmin olunmayaraq apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, digər isə yenə də xx.xx.2023-cü il tarixli qərardaddan iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndələri (vəkilləri), habelə Cavabdeh MMC tərəfindən verilən şikayətlərin təmin olunmayaraq apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə olmuşdur.

27. Başqa sözlə, məhkəmənin Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən çıxardığı qərardad kimi həmin qərardadlardan hansının qəbul edilməli olduğu ümumiyyətlə anlaşılan deyildir.

28. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə, sənədlərin işə əlavə olunmasının (tikilməsinin) ardıcıllığını da pozmuş (işin 131-ci səhifəsinə bir vərəqədən ibarət yarımçıq protokol tikilmiş, xx.xx.2023-cü il tarixli qərardaddan 18-19 noyabr 2023-cü il tarixlərində verilən şikayətlər xx.xx.2023-cü il tarixli qərardaddan sonraya tikilmiş, işin 227-ci səhifəsinə xx.xx.2023-cü il tarixindən sonraya aid olması mümkün olmayan qəbz tikilmiş və s.), bununla da iş materialının normal şəkildə öyrənilməsini çətinləşdirmişdir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2152/2023 saylı iş üzrə 15 sentyabr 2023-cü il tarixli qərardadından iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndələri (vəkilləri), həmçinin cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətlər üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilən çatışmazlıqların aradan qaldırılması, daha sonra apellyasiya instansiyası məhkəməsinə qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar