Məhkəmə qərarları › İş №2(103)-729/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-729/2021

05.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-729/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Rzaxanova Maya Muradəli qızının və onun nümayəndəsi-vəkili Əliyev Mehman Əlizaman oğlunun iştirakı ilə, İddiaçı Abdullayeva Fəridə Faiq qızının cavabdeh 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin xüsusi notariusu Zərgərov Oqtay Əziz oğluna və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Rzaxanova Maya Muradəli qızına qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-611/2020 saylı 03 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Abdullayeva Fəridə Faiq qızı cavabdeh 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin xüsusi notariusu Zərgərov Oqtay Əziz oğluna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əliyev Fuad Faiq oğlunun adından tərtib edilən və 1 saylı Bakı “ASAN Xidmət” mərkəzənin notariat ofsinin xüsusi notariusu Zərgərov Oqtay Əziz oğlu tərəfindən təsdiq edilən 03 mart 2019-cu il tarixli vəsiyyətnamə imza və xəttin ona məxsus olmaması əsası ilə, həmçinin mərhumun öz hərəkətlərinin mənasını anlamaq, ölçüb biçmək və dərk etmək qabiliyyətində olmaması əsası ilə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Əliyev Fuad Faiq oğlu 09 yanvar 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Fuad Əliyev ilə onlar doğma bacı-qardaş olmuşlar. F.Əliyev ailəli olmamışdır və övladı olmamışdır. Son illər ağır onkoloji xəstə olmuşdur. Xəstəlik anbaan inkişaf edirdi və son bir ildə ağır ağrıkəsicilər qəbul edirdi. Bunun nəticəsində öz hərəkətlərini ölçüb biçmək iqtidarında olmurdu. Həmin xəstəlik nəticəsində qardaşı 27 oktyabr 2019-cu ildə Bakı şəhərində vəfat etmişdir. Qardaşı sağlığında yaşadığı evi və digər əmlakını onun oğluna vəsiyyət edəcəyini bildirirdi. O və həyat yolldaşı hamılıqla onun daimi qulluğunda durmuş, bütün həkimlərə məhz onlar aparmış, ona tam maddi və mənəvi dəstək olmuşlar. Qardaşı ilə birlikdə yaşayan qadın Rzaxanova Maya Muradəli qızı qardaşının yas yerində 03 mart 2019-cu il tarixli vəsiyyətnaməni onlara təqdim edərək tam hüquqlu vərəsə olduğunu bildirmişdir. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofsinin xüsusi notariusu Zərgərov Oqtay Əziz oğlu tərəfindən 03 mart 2019-cu il tarixidə təsdiq edilmiş həmin vəsiyyətnaməyə əsasən qardaşı bütün əmlakını, o cümlədən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 6 nömrəli evin 66 nömrəli mənzili və “xxxx” Açıq Səhmdar Cəmiyyətində olan seyfdəki pulunu Rzaxanova Maya Muradəli qızına vəsiyyət edir. Həmin vəsiyyətnaməyə baxanda xəttin və imzanın qardaşına məxsus olmadığı görünür. Bundan əlavə daim ağır ağrıkəsicilər qəbul edən mərhum qardaşının psixoloji durumu buna imkan vermirdi. Hesab edir ki, həmin vəsiyyətnamə onun tərəfindən tərtib edilməmişdir və onun iradə ifadəsini əks etdirmir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, müqavilə, etibarnamə və vəsiyyətnamə etibarsız hesab edilməlidir. Həmin vəsiyyətnamə yuxarıda göstərilən əsaslarla etibarsız hesab edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 611/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı Abdullayeva Fəridə Faiq qızı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən üçüncü şəxs, həmçinin onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək izahatlarında bildirmişlər ki, Maya Rzaxanova mərhum Əliyev Fuad Faiq oğlu ilə 2014-cü ildən tanış olmuşdur. 2017-ci ilin yay aylarında isə ailə üzvləri ilə birlikdə gəlib onu ailəsindən istəyiblər. Rəsmi nikahları olmayıb. Mütəmadi olaraq ailə kimi bir yerdə yaşamışlar. Həmişə mərhumun qulluğunda o durmuşdur. 2019-cu ilin iyul ayında Fuad həkim qeydiyyatına gedən zaman onkoloji xəstə olduğunu öyrənib. Bir neçə gün xəstəxanada yatmişdı. Ev şəraitində yeməyini dərmanlarını o verib, qulluğunda olmuşdur. İddiaçının iddia tələbi tam əsassızdır. İddiaçı bacı kimi qardaşı ilə maraqlanmayıb, həmişə soyuq münasibətləri olub. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu Zərgərov Oqtay Əziz oğlu tərəfindən 03 mart 2019-cu il tarixidə təsdiq edilmiş həmin vəsiyyətnaməyə əsasən mərhum bütün əmlakını, o cümlədən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon, 6 nömrəli evin 66 nömrəli mənzili və “xxxx” Açıq Səhmdar Cəmiyyətində olan seyfdə olan pulunu ona vəsiyyət edib. Həmin vəsiyyətnaməni rəsmiləşdirməyə özü tək gedib, özü öz dəsti xətti ilə yazıb. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər; işin halları və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinin tələbi nəzərə alınmaqla işə həmin proses iştirakçılarının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi Konikova Yuliya Vitalyevna ifadəsində bildirmişdir ki, o, Rzaxanova Maya Muradəli qızı ilə eyni binada qalır. Təxminən 2 ildir ki, qonşudurlar və hər gün işdən evə gələndə mərhum Əliyev Fuad Faiq oğlu ilə bir evdə yaşayırdılar. Mərhumun evinə başqa qohumların gəlib-getdiyini görməmişdir. Mərhum Əliyev Fuad Faiq oğlunun hansı səbəbdən rəhmətə getdiyindən məlumatı yoxdur. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi Şahbazov Vüqar Yavər oğlu öz ifadəsində bildirdi ki, o, mərhum Əliyev Fuad Faiq oğlunu və həyat yoldaşı Rzaxanova Maya Muradəli qızını tanıyır. Ayrı-ayrı binalarda yaşayırlar, lakin onları tez-tez binanın həyətində görürdü. Uşağı xəstə olduğundan ərizə yazmaq formasını başa salması üçün mərhumun evinə 2 dəfə getmişdir. Rayonda olduğundan dəfn və yas mərasimində iştirak edə bilməmişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi Əhmədova Nariyə Ağaməhəmməd qızı ifadəsində bildirmişdir ki, Rzaxanova Maya Muradəli qızının qonşusudur. Aptekdə qeyri-rəsmi işləyir və mərhum tez-tez aptekə gəlib-gedirdi. Bir-iki dəfə evlərində olub. Dəfn və yas mərasimi xərclərini Maya çəkib, hətta ondan dəfn xərclərinə görə Maya 1000 manat borc alımışdır. Mərhum Fuad Əliyev ona Maya Rzaxanova ilə ailəli olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi Həsənov Elçin Şahəddin oğlu ifadəsində bildirmişdir ki, Maya onun xalasıdır və mərhum Fuad Əliyev ilə ər-arvad kimi 2017-ci ildən bir yerdə yaşayırlar. Rəsmi nikahlarının olmadığından xəbəri olmayıb. Arada evlərinə gedib-gəlirdi və dəfn mərasimində özü, xalası Maya və dayıları iştirak etmişdirlər. Dəfn mərasiminin bütün xərclərinixalası Maya çəkmişdir. Mərhumun bacısı və yoldaşını xəstəxanada 1 dəfə görmüşdür. Xəstəxanda hətta mərhum Fuad Əliyevə qan vermişdir. Mərhumun bacısı və yoldaşı dəfn mərasimində yad insan kimi kənarda oturmuşdurlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Zərgərov Oqtay Əziz oğlu tərəfindən təsdiq edilmiş 03 mart 2019-cu il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Əliyev Fuad Faiq oğlu harada yeləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək özünə məxsus olan əmlakları ünvan 1 ünvanında yaşayan Rzaxanova Maya Muradəli qızına vəsiyyət etmişdir. 27 oktyabr 2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Əliyev Fuad Faiq oğlu 26 oktyabr 2019-cu il tarixdə dəqiqləşdirilməmiş ürək çatışmazlığından vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 oktyabr 2019-cu il tarixdə 1362 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Əliyev Fuad Faiq oğlunun ******* №-li xəstəlik tarixindən çıxarış epikrizinindən görünür ki, xəstənin obyektiv statusu vəziyyəti ağır, huşu aydın, halı aktiv, bədən quruluşu normostenik tipli qeyd edilmişdir. Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu Kərimov Üzeyir Feyruz oğlu tərəfindən imzaların həqiqiliyi təsdiq edilən, Nağıyev Şahin Hüseynağa oğlu və Konikova Yuliya Vitalyevna tərəfindən tərtib edilmiş **********524 saylı ərizədən görünür ki, Rzaxanova Maya Muradəli qızı 2017-ci il tarixdən Əliyev Fuad Faiq oğlu ilə ünvan 2 ünvanında yaşamışdırlar və Əliyev Fuad Faiq oğlu 2019-cu ilin oktyabr ayınd avəfat edəndən sonra Rzaxanova Maya Muradəli qızı onun dəfn və yas mərasimi xərclərini ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2020-ci il tarixli 4373 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, “Əliyev Fuad Faiq oğlunun adından olan 3 mart 2019-cu il tarixli vəsiyyətnamənin əlyazma mətni və “Fuad Əliyev” sözlərinin önündəki imza- Əliyev Fuad Faiq oğlu tərəfindən icra olunmuşdur; Aparılmış ekspertiza tədqiqatının dəyəri 127 manat təşkil edir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq ilk növbədə qeyd edir ki, hazırkı iddia tələbi vəsiyyətnamənin etibarsızlığı ilə bağlı olduğundan ümumilikdə əqdlərin etibarsızlığı ilə əlaqədar qanunvericilik müddəalarının təhlilinin aparılması və bu konteksdə mübahisələndirilən vəsiyyətnaməyə hüquqi qiymətin verilməsi zəruridir; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225-ci maddəsinə əsasən, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən vəsiyyətnamənin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Apellyasiya baxışı zamanı iddia tələbinin dəlillərini yoxlamaq məqsədilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin etmiş və ekspert qarşısında “Əliyev Fuad Faiq oğlunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində müalicə aldığı zaman (2017-2019-cu illər) qəbul etdiyi dərman preparatları (stasionar tibbi karta və fərdi tibb kitabçasında qeyd edilənlər nəzərə alnmaqla) onun psixi vəziyyətinə təsir edə bilərdimi? - Əgər təsir edə bilərdisə bu Əliyev Fuad Faiq oğlunun psixi vəziyyətində hansı əlamətlərlə özünü göstərə bilərdi və ya həmin dərman preparatlarının qəbulu nəticəsində o, 03 mart 2019-cuı il tarixdə öz hərəkətlərinin mənasını başa düşmək və idarə etmək iqtidarında olmaya bilərdimi?” sualları qoyulmuşdur. Həmin təyinat əsasında verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin 25.01.2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş F.F.Əliyevin adına tərtib edilmiş tibbi sənədlərdə onun psixi vəziyyətinə mənfi təsir göstərə bilən xəstəliklər olması qeyd edilməmişdir. Vətəndaş F.F.Əliyevin düçar olduğu xəstəliklərin (2017-2019-cu illərdə) müalicəsi zamanı təyin edilən dərman preparatları onun öz hərəkətlərinin mənasını başa düşməsinə və idarə etməsinə mənfi təsir edə bilməzdi. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının iddiasının faktiki əsası kimi irəli sürdüyü hallar, yəni Fuad Əliyevin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə vəsiyyətnamə tərtib etməsi öz təsdiqini tapmamışdır. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, həmin vəsiyyətnamənin forma və məzmunu da qanunvericiliyin tələblərinə uyğundur. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-611/2020 saylı 03 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar