Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-729/2022 23.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2929/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2020-ci ilin oktyabr ayı üçün 3.435.41 manat, 2020-ci ilin noyabr ayı üçün 3.263.63 manat olmaqla cəmi 6.699.04 (altı min altı yüz doxsan doqquz manat, dörd qəpik) manat məbləğində əmək haqqının, 27 noyabr 2020-ci il tarixədək istifadə edilməmiş 60 günlük əsas əmək məzuniyyətinə görə 6,780.41 (altı min yeddi yüz səksən manat, qırx bir qəpik) manat pul əvəzinin, vəkilə ödənilmiş 3,750.00 (üç min yeddi yüz əlli) manatın, işlədiyi müddətdə ərzində cavabdeh tərəfindən əmək haqqımın ödənilməsində onun təqsiri üzündən gecikmələrin baş verməsinə görə Əmək Məcəlləsinin 172-ci maddəsinə (imperativ norma) əsasən hesblanmış günlük 1%, cəmi 10,373.70 (on min üç yüz yetmiş üç manat, 70 qəpik) manat ödəncin, 09 noyabr 2020-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 3,435.41 manat məbləğində əmək haqqının (Oktyabr 2020-ci il üçün əmək haqqı) 1%-i məbbğində (günlük 34.35 manat) ödəncin, 27 noyabr 2020-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 3.263.63 manat məbləğində əmək haqqının (noyabr 2020-ci il üçün əmək haqqı) 1%-i (günlük 32.63 manat) məbləğində ödəncin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2929/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək cavabdeh "xxxx" ASC-dən 2020-ci ilin oktyabr ayı üçün 3.435.41 manat və 2020-ci ilin noyabr ayı üçün 3.263.63 manat olmaqla cəmi 6.699.04 (altı min altı yüz doxsan doqquz manat, dörd qəpik) manat məbləğində əmək haqqının tutularaq İddiaçı ödənilməsi; cavabdeh "xxxx" ASC-dən 27 noyabr 2020-ci il tarixədək istifadə edilməmiş 60 günlük əsas əmək məzuniyyətinə görə pul əvəzinin hesablanaraq İddiaçı ödənilməsi; hüquqi yardıma görə ödənilmiş 3,750.00 (üç min yeddi yüz əlli) manatın cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi; cavabdeh "xxxx" ASC-dən əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə cəmi 7076,70 manat (yeddi min yetmiş altı manat, yetmiş qəpik) manat ödəncin tutularaq İddiaçı ödənilməsi; cavabdeh "xxxx" ASC-dən 09 noyabr 2020-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3,435.41 manat məbləğində əmək haqqının 1%-i məbləğində, günlük 34.35 manat ödəncin, 27 noyabr 2020-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3.263.63 manat məbləğində əmək haqqının 1%-i məbləğində, günlük 32.63 manat məbləğində ödəncin tutularaq İddiaçı ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi; cavabdeh "xxxx" ASC-dən 30 manat dövlət rüsumunun tutulub Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddiaçıya oktyabr və noyabr aylarına görə ödənilməmiş əmək haqqının ödənilməsi və gecikdirilmələrə görə ödənişin verilməsi barədə qənaəti tam əsassız və qanunsuzdur. Belə ki, iddiaçı "xxxx" ASC-nin layihə rəhbəri vəzifəsində çalışıb və əmək haqlarının vaxtı-vaxtında verilməməsinə və gecikdirilməsinə görə birbaşa cavabdeh şəxsdir. Ona görə də məhkəmənin əmək haqqının ödənilməsi və gecikdirilməsinə görə ödənişin verilməsi barədə gəldiyi nəticə tam əsassızdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 12, 35-ci maddələrinə; Əmək Məcəlləsinin 154.1, 157.1, 157.3, 172, 296.4, 301, 110, 113-cü maddələrinə; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 220.5, 121.1-ci maddələrinə istinad edərək qənaətini belə əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı hesabına sonuncu dəfə 03.12.2020-ci il tarixdə əmək haqqı ödənilmişdir. İddiaçı ona oktyabr və noyabr ayları üzrə əmək haqqının ödənilmədiyini, mart, aprel, may, iyun, iyul, avqust və sentyabr ayları üzrə isə əmək haqqının gecikmələrlə ödənildiyini iddia edir. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki iş materiallarından göründüyü kimi iddiaçının oktyabr və noyabr ayları üzrə əmək haqqının ödənilməməsi, mart, aprel, may, iyun, iyul, avqust və sentyabr ayları üzrə isə əmək haqqının gecikmələrlə ödənilməsi iddiasına qarşı cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyil, iddiaçıya müvafiq qaydada əmək haqqı hesablanaraq ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Qanunun tələbindən göründüyü kimi, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi, bu halın fərdi əmək mübahisəsi yaratmaması ilə şərtləndirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsi hissəsində iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli və cavabdehdən 7076,7 manat məbləğində ödənc tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı 2021-ci ilin may ayında məhkəməyə müraciət etmiş və mart və aprel ayları üzrə 1 illik iddia müddəti ötürüldüyündən, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməməlidir. Əlavə olaraq məhkəmə onu da qeyd edir ki, iddia tələbi 09 noyabr 2020-ci il və 27 noyabr 2020-ci il tarixindən ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün müvafiq olaraq günlük 34,35 manat və 32,63 manat məbləğində ödəncin tutulması hissəsində də əsaslıdır. Deyilənlərlə yanaşı məhkəmə işin hallarını və bank hesabından çıxarışı əsas götürərək hesab edir ki, iddia tələbi oktyabr ayı və noyabr ayları üçün cəmi 6699,04 manat ödənilməmiş əmək haqqının tutulması hissəsində də əsaslıdır. Məhkəmə iddia tələbinin istifadə olunmamış məzuniyyət pulunun ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Bu səbəbdən də məhkəmə iddia tələbinin "istifadə olunmamış 60 günlük əsas məzuniyyətə görə 6780,41 manat" hissəsinə münasibətdə iddia tələbini qismən əsaslı hesab edərək, məhkəmənin məzuniyyət haqqının hesablanması üzrə ixtisaslı vərdişləri (vasitələri) olmadığından, habelə hesablamalarla əlaqədar digər sübutlar təqdim edilmədiyindən, məhkəmə sadəcə 60 günlük müddət üçün məzuniyyətə görə ödənilməli pulun hesablanaraq tutulması ilə kifayətlənir. Tətbiq edilməsi nəzərdə tutulan maddi hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin qanunvericilikdə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 135-ci maddəsini 2-ci hissəsinə və 144-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Həmin Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsinə görə əmək haqqının tərkibinə aylıq tarif(vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından, istifadə edilməmiş əmək məzuniyyətinə görə ödənilməli məbləğin müəyyən edilməməsi, eləcə də hüquqi yardıma görə tutulmuş pul əvəzinin məbləği hissəsi istisna olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar mübahisələndirilən hissədə Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinin, 83-cü maddəsinin 2-ci, 135-ci maddəsinin 2-ci, 144-cü maddəsinin 2-ci, 154-cü maddəsinin 1-ci, 172-ci maddəsinin 4-cü hissələrinin və 195-ci maddəsinin “d” bəndinin dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti yarandığından məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmalı və ekspert qarşısında cavab verilməsi tələb olunan suallar qoyulmalı, bununla əlaqədar, Bakı Apellyasiya Məhkəməsi 06 dekabr 2021-ci il tarixli, 2(103)-11414/2021 nömrəli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın 31 yanvar 2022-ci il tarixli 9/9494 nömrəli rəyi məhkəməyə daxil olmuşdur. Həmin rəydə qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, hazırki tədqiqat nəticəsində İddiaçı cavabdeh "xxxx" ASC-də layihə rəhbəri vəzifəsində işlədiyi müddətdə 2020-ci ilin oktyabr və noyabr ayları üçün ödənilməli olan əmək haqqının məbləğinin ümumilikdə 6.707,23 manat olduğu; 2020-ci ilin oktyabr və noyabr ayları üçün ödənilməli olan əmək haqqının gecikdirilməsinə görə 2020-ci ilin oktyabr ayı üzrə 09.11.2020-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün həmin məbləğin gündəlik 1 faizinin 34,35 manat olduğu, 2020-ci ilin noyabr ayı üzrə 27.11.2020-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün həmin məbləğin gündəlik 1 faizinin 32.71 manat olduğu; "xxxx" ASC tərəfindən İddiaçı istifadə edilməmiş əmək məzuniyyətinə görə 27 noyabr 2020-ci il tarixədək ödənilməli olan məzuniyyət haqqının 7684,46 manat məbləğində olduğu; İddiaçı "xxxx" ASC-də layihə rəhbəri vəzifəsində işlədiyi müddətdə 2020-ci ilin mart ayından həmin ilin sentyabr ayınadək ola dövrdə ödənilmiş əmək haqqının gecikdirilməsinə görə gecikmə günlərinin sayı nəzərə alınmaqla, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən 1% ödəncin məbləğinin ümumilikdə 10.203,13 manat olduğu müəyyən edildi. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10414/2021 saylı, 06 dekabr 2021-ci il tarixli sorğusu ilə cavabdehdən İddiaçı cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də layihə rəhbəri vəzifəsində işlədiyi müddətdə əmək müqaviləsinin 4.1-ci bəndində nəzərdə tutulan əmək haqqından hər ay tutulan vergilər və digər məcburi ödənclər çıxıldıqdan sonra 2020-ci ilin oktyabr və noyabr ayı üçün ayrı-ayrılıqda əmək haqqının nə qədər olduğu, iddiaçının layihə rəhbəri vəzifəsində işlədiyi müddətdə 27 noyabr 2020-ci il tarixədək istifadə edilməmiş əmək məzuniyyəti neçə gün olması və bu müddət üçün yəni istifadə edilməmiş məzuniyyətə görə ona hansı məbləğdə pul əvəzi ödənilməli olduğu, 2020-ci ilin mart ayından həmin ilin sentyabr ayınadək olan dövrdə hər ay üzrə əmək haqqının verilməsinin gecikmə günlərinin sayı neçə olması barədə,o cümlədən ekspert vəsatətinə əsasən məlumat və sənədlər istənilmişdir. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 03-01/129 saylı, 24 fevral 2022-ci il tarixli məktubda qeyd olunur ki, “X2 Korporasiyası” ASC-yə ünvanlanmış 17.01.2022-ci il tarixli 2(103)-729/2022 nömrəli sorğunuza cavab olaraq bildirirlər ki:
1. İddiaçı "xxxx" ASC-də layihə rəhbəri vəzifəsində işlədiyi müddətdə əmək müqavilsəi üzrə əmək haqqıdan hər ay tutulan vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra , onun əmək haqqı məbləği 2020-ci ilin oktyabr ayı üzrə 3435.41 manat, noyabr ayı üzrə isə 3093.27 manat olmuşdur.
2. İddiaçı "xxxx" ASC-də layihə rəhbəri vəzifəsində işlədiyi müddətdə 27 noyabr 2020ci il tarixədək istifadə edilməmiş əmək məzuniyyəti 60 (altmış) gün olmuş və bu müddətə görə istiadə edilməmiş əmək məzuniyyəti üzrə ödənilməli pul əvəzi 6766.73 manat təşkil edir;
3. İddiaçı "xxxx" ASC-də layihə rəhbəri vəzifəsində işlədiyi müddətdə 2020-ci ilin mart ayından həmin ilin sentyabr ayınadək olan dövrdə hər ay üzrə əmək haqqının verilməsinin gecikmə günləri aşağıda qeyd edilən cədvəldə əks olunmuşdur:
№ Aylar Verilmə tarixi Gecikmə günlərinin sayı
1 Yanvar 03.04.2020 93 2 Fevral 15.05.2020 75 3 Mart 15.05.2020 45 4 Aprel 08.07.2020 68 5 May 08.07.2020 38 6 İyun 07.09.2020 67 7 İyul 07.09.2020 37 8 Avqust 12.10.2020 42 9 Sentyabr 03.12.2020 63 Qeyd: Əmək haqqı ödənişinin gecikmə səbəbi “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin təqsiri ucbatından deyil, dünyada elan olunmuş Covid-19 pandemiyası ilə əlaqədar yaranmış maliyyə çətinliyi olmuşdur. Cavabdeh tərəfindən sorğuya yuxarıda göstərilən cavab 28 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olduğundan, ekspertiza keçirilərkən qeyd olunan məlumatların həqiqi olub-olmaması, eləcə də həmin məlumatlar əsasında hesablama aparılması mümkün olmamışdır. Belə ki, cavabdehin göndərdiyi məlumatlarda 2020-ci ilin noyabr ayı üzrə əmək haqqının 3093,27 manat olduğu, 27 noyabr 2020-ci ilədək istifadə edilməmiş əmək məzuniyyətinin 60(altmış) gün olduğu və ödənilməli məbləğin 6766.73 manat təşkil etdiyi, 2020-ci ilin mart ayından, həmin ilin sentyabr ayınadək olan dövrdə hər ay üzrə əmək haqqının verilməsinin gecikmə günlərinin iddia ərizəsində göstərilənlərdən fərqli olduğu(əslində iddiaçının göstərdiyindən daha artıq olduğu görünür) göstərilmişdir. Buna görə də cavabdehin məlumatlarında göstərilənlərlə ekspert rəyində göstərilənlər arasında uyğunsuzluq olduğundan əlavə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi üçün əsas yaranmış və əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 9/2028 saylı, 04.04.2022-ci il tarixli rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı cavabdeh "xxxx" ASC-də layihə rəhbəri vəzifəsində işlədiyi müddətdə 2020-ci ilin oktyabr ayı üzrə 3435,41 manat və noyabr ayı üzrə 3271,82 manat olmaqla, ödənilməli olan əmək haqqının məbləğinin ümumilikdə 6.707,23 manat olduğu; 2020-ci ilin oktyabr və noyabr ayları üçün ödənilməli olan əmək haqqının gecikdirilməsinə görə 2020-ci ilin oktyabr ayı üzrə 09.11.2020-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün həmin məbləğin gündəlik 1 faizinin 34,35 manat olduğu, 2020-ci ilin noyabr ayı üzrə 27.11.2020-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün həmin məbləğin gündəlik 1 faizinin 32,71 manat olduğu; "xxxx" ASC tərəfindən İddiaçı istifadə edilməmiş əmək məzuniyyətinə görə 27 noyabr 2020-ci il tarixədək ödənilməli olan məzuniyyət haqqının 6780,41 mant məbləğində olduğu; İddiaçı "xxxx" ASC-də layihə rəhbəri işlədiyi müddətdə 2020-ci ilin yanvar ayından həmin ayın sentyabr ayınadək olan dövrdə ödənilmiş əmək haqqının gecikdirilməsinə görə gecikmə günlərinin sayı nəzərə alınmaqla, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən 1% ödəncin məbləğinin ümumilikdə 14.325,62 manat olduğu müəyyən edildi. Bildirilir ki, ilkin verilmiş ekspert rəyi ilə hazırki rəyin arasında yaranmış fərq cavabdeh tərəfindən verilmiş 24 fevral 2022-ci il tarixli 03-01/129 nömrəli məhkəmə sorğusunda cavabında göstərilən məlumatlar ilə əlaqəlidir. Göründüyü kimi, cavabdehin şikayətində göstərdiyi, yəni məhkəmənin iddiaçıya oktyabr və noyabr aylarına görə ödənilməmiş əmək haqqının ödənilməsi və gecikdirilmələrə görə ödənişin verilməsi barədə qənaətinin tam əsassız və qanunsuz olması barədə dəlillərin özü yalnız şikayət xatirinə istifadə olunan ziddiyyətli fikirlərdir. Çünki, iddiaçıya 2020-ci ilin oktyabr və noyabr ayı üzrə əmək haqqını ödəmədiyini cavabdeh özü məhkəmə sorğusuna cavabında etiraf edir, ancaq əmək haqqı ödənişinin gecikmə səbəbəini cavabdehin təqsiri ucbatından deyil, dünyada elan olunmuş Covid-19 pandemiyası ilə əlaqədar yaranmış maliyyə çətinliyi ilə bağlı olduğunu göstərir. Buna baxmayaraq, iş üzrə keçirilmiş ilkin və əlavə məhkəmə mühasibatlıq ekspertizalarının rəyi ilə də cavabdehin iddiaçıya 2020-ci ilin oktyabr ayı üzrə 3435,41 manat, noyabr ayı üzrə 3271,82 manat, cəmi 6707,23 manat əmək haqqını ödəməməsi öz təsdiqini tapır, baxmayaraq ki, iddiaçı noyabr ayı üzrə əmək haqqını daha az- 3263,63 manat tələb etmişdir. Bundan başqa, cavabdehin qənaətinə görə məhkəmə iddia tələbini həm də ona görə rədd etməli idi ki, iddiaçı "xxxx" ASC-nin layihə rəhbəri vəzifəsində çalışmış və əmək haqlarının vaxtıvaxtında verilməməsinə və gecikdirilməsinə görə birbaşa cavabdeh şəxs olmuş, ona görə də məhkəmənin əmək haqqının ödənilməsi və gecikdirilməsinə görə ödənişin verilməsi barədə gəldiyi nəticə tam əsassızdır. Ancaq iddiaçının layihə rəhbəri vəzifəsində çalışması o demək deyil ki, məhz bu vəzifədə işləməsi iddianın əsassızlığına dəlalət etməlidir. İddiaçının əmək funksiyasının qeyd olunanlardan ibarət olması cavabdeh tərəfə iddianın əsassız olmasını sübuta yetirməkdə heç bir maneə yaratmırdı. Əksinə, iddiaçının gətirdiyi dəlillər işin hallarına uyğundur və iddianın əsaslı olmasını daha da təsdiq etmiş olur. Bundan əlavə, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, qeyd olunan maddəyə əsasən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi hissəsində məhkəmənin gəldiyi qənaət düzgün olmuşdur. Çünki, əmək haqqının gecikdirilməsi tərəflər arasında fərdi əmək mübahisəsi yaratmamışdır. Başqa sözlə, cavabdeh bu gecikdirməni özünün təqsiri ucbatından deyil, dünyada elan olunmuş Covid-19 pandemiyası ilə əlaqədar yaranmış maliyyə çətinliyi ilə bağlı olması ilə əlaqələndirmişdir. Bu cür vəziyyətdə məhkəmənin iddiaçıya Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsini təmin etməsi tam əsaslı olmuşdur. Göstərilənlərdən başqa, iddiaçı cavabdeh "xxxx" ASC-dən 27 noyabr 2020-ci il tarixədək istifadə edilməmiş 60 günlük əsas əmək məzuniyyətinə görə 6780.41 manat pul əvəzinin hesablanaraq ona ödənilməsini tələb etməsinə baxmayaraq birinci instansiya məhkəməsi iddianın bu hissəsini təmin etsə də ödənilməli olan məbləği göstərməmişdir. Cavabdeh bu məbləğin 6766,73 manat təşkil etdiyini göstərsə də, ilkin ekspertizanın rəyində bu məbləğ 7684,46 manat, əlavə məhkəmə mühasibatlıq ekspertizasının rəyində bu məbləğin 6780,41 manat olduğu təsdiq olunmuşdur. Ona görə də, iddiaçının tələb etdiyi bu məbləğ cavabdehin və əlavə məhkəmə mühasibatlıq ekspertizasının rəyinə uyğun olduğundan əsas götürülməlidir. Göstərilənlərdən əlavə, iddiaçı hüquqi yardıma görə ödənilmiş 3,750.00 (üç min yeddi yüz əlli) manatın cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsini tələb etmiş, məhkəmə də bu məbləği tam təmin etmişdir. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır(MPM.m.121.1). Apellyasiya instansiyası məhkəməsi vəkilin hazırki iş üzrə göstərdiyi hüquqi yardıma görə tələb etdiyi xərcin işin halları və həcmi baxımından ağlabatan məbləğ hesab etmir və bunun tam təmin edilməsini əsaslı hesab etmir. Çünki, cavabdehin də əmlak mənafeləri nəzərə alınmalı və onun həddindən artıq maliyyə məsuliyyətinə cəlb olunması da yolverilməzdir. Buna görə hüquqi yardıma görə xərcin əvəzinin 1000(min) manatadək azaldılması mümkün hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2929/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsi qismən, yəni istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi miqdarının müəyyən edilməməsi və hüquqi yardıma görə tutulmuş pul əvəzinin məbləği hissəsində dəyişdirilməli, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin məbləği 6780,41 (altı min yeddi yüz səksən manat qırx bir qəpik) manat, hüquqi yardıma görə ödənilməli məbləğ isə 1000 (min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2929/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsi qismən, yəni istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi miqdarının müəyyən edilməməsi və hüquqi yardıma görə tutulmuş pul əvəzinin məbləği hissəsində dəyişdirilsin, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin məbləği 6780,41 (altı min yeddi yüz səksən manat qırx bir qəpik) manat, hüquqi yardıma görə ödənilməli məbləğ isə 1000 (min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 290(iki yüz doxsan) manat cavabdeh "xxxx" ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.