Məhkəmə qərarları › İş №2(103)-7290/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7290/2022

12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7290/2022 12.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “sığorta ödənişinin verilməsi” hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddaçı, onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X7, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3083/2022 saylı işi üzrə 14 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə İddiaçı məxsus 5 illik pul təminatı məbləğində sığorta ödənişinin həyata keçirilməsinə dair vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etmədiyini bildirmiş, iddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3083/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş,qətnamədə "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1, 8.1; Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1, 3, 4, 6; Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.2, 20.11; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 897.2, 897.3, 907.1, 907.2; Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir, icbari sığorta müqaviləsinin qanunla müəyyən edilmiş şəkildə bağlanmaması qanunvericiliklə sığortaçının deyil, sığorta etdirənin məsuliyyətinə aid məsələdir. Hazırki iş üzrə isə sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı sığorta təminatı sığorta müqaviləsi ilə müəyyən edildiyindən və həmin müqavilələr əsasında sığortaçı sığorta olunanı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunla nəzərdə tutulmuş sığorta ödənişi həddində sığortalamaması birbaşa olaraq sığortaçını sığorta olunan qarşısında məsuliyyətdən azad edir. İddiaçı "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulan təminatın verilməsi mümkün deyildir.

4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Region” X2 xx.xx.2018-ci il tarixli 663 saylı arayışına əsasən həmin Mərkəzin hərbi qulluqçusu mayor İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq nömrəli əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektidir. Xəstəliyi ilə əlaqədar olaraq 2015-ci ildən etibarən Silahlı Qüvvələrin Mərkəzi Hərbi Kiliniki Hospitalında bir neçə dəfə stasionar müalicə almışdır. Xəstəliyi hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır; - Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında xx.xx.2019-cu il tarixli müqaviləyə əasən sığortalı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həmin müqaviləni bağlamışlar; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Region” X2 xx.xx.2019-cu il tarixli 383 saylı arayışına əsasən həmin Mərkəzin hərbi qulluqçusu mayor İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq nömrəli əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektidir; - Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklikinasının hərbi həkim komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 5282 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən “Xəstəliklər cədvəli”nin 52b maddəsinin fərdi qiymətləndirilməni nəzərdə tutması və İddiaçı ehtiyata buraxılması nəzərə alınaraq, şəhadətləndirilərkən hərbi xidmətə yararlılığı “C” kateqoriyası üzrə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarının çıxarılmasına əsas vermişdir; - “Region” X6 rəisinin 28 sentyabr 2019-cu il tarixli 238 №-li əmrindən çıxarışda qeyd olunmuşdur: “Mayor İddiaçı “Region” X2 1-ci şöbənin istiqamətinin bölgə müxbiri, Azərbaycan Respublikası Müdafiə nazirinin 16 sentyabr 2019-cu il tarixli 0699 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 28 sentyabr 2019-cu il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Yasamal Rayon İdarəsinə göndərilsin. Mayor İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017- ci il tarixli 22 nömrəli əmrinə əsasən 2019-cu ilin yanvar-avqust ayları üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını 50% həcmdə almağa layiqdir. 2019-cu ilin növbəti məzuniyyətindən tam istifadə edib, 2019-cu il üçün nəzərdə tutulmuş məzuniyyət pulu ödənilib, 2019-cu il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib. Mayor İddiaçı xəstəliyə görə ehtiyata buraxılması ilə əlaqədar 5 aylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilsin”; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsinin xx.xx.2019-cu il tarixli 338 nömrəli arayışına əsasən 1984-cü il təvəllüdlü mayor İddiaçı həqiqətən xx.xx.2001-ci ildən xx.xx.2019-cu ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və AR MN-nin 0699 №-li xx.xx.2019-cu il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata tərxis olunub. Azərbaycan Respublikasının Müdafiə nazirinin müvafiq nömrəli əmrinə əsasən, kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektidir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsində hərbi qeydiyyatdadır; - “Region” X6 tərəfindən verilmiş xidməti xasiyyətnaməyə əsasən mayor İddiaçı “Region” X3 çalışdığı müddətdə özünü nizam-intizamlı, bacarıqlı və işgüzar bir zabit kimi göstərmişdir. Vəzifə borclarına məsuliyyətlə yanaşır. Bilik və bacarığından istifadə edərək çalışdığı şöbənin işinə dəstək olur. Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməyə çalışır. Çalışdığı şöbədə işi qənaətbəxşdir və rəhbərlik tərəfindən bir neçə dəfə həvəsləndirilmişdir. Özünə qarşı tələbkardır. Mənəviyyatca təmizdir. Səliqəlidir. Kollektivdə yoldaşları arasında hörmət qazanmışdır. Vətənpərvərdir. Azərbaycan dövlətinə və xalqına sadiqdir. Dövlət sirrini qorumağı bacarır. Mayor İddiaçı həqiqi hərbi xidmət dövründə bir neçə dəfə səhhəti ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklikinasına müraciət etmiş və Silahlı Qüvvələrin Baş Kiliniki Hospitalında bir neçə dəfə müalicə almışdır; - Tibbi Sosial-Ekspertiza müayinəsindən çıxarışa əsasən xx.xx.2019-cu il tarixli təkrar müayinəyə əsasən İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. Əmək zəmanəti barədə qeyd hissəsindən görünür ki, yüngül işlərdə işləyə bilər; -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzinin xx.xx.2020-ci il tarixli 20030446 nömrəli arayışına əsasən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup müharibə əlilliyinə görə 230 manat Prezident təqaüdü alır;- Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli xx-xx-0048 nömrəli cavab məktubuna əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin elektron informasiya bazasının məlumatına əsasən 13 yanvar 2020-ci il tarixdə 6600 manat sığorta məbləği İddiaçı bank hesabına köçürülmüşdür. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının icbari sığortası Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən aparılır və bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Şirkət arasında müqavilə bağlanılır. AR Müdafiə Nazirliyi ilə Dövlət Sığorta Kommersiya Şirkəti arasında imzalanmış müqaviləyə görə Müdafiə Nazirliyinin hərbi qulluqçularının icbari sığortası, yalnız “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Qanunla tənzimlənir və bu Qanun sığorta ödənişlərinin qayda və şərtlərini müəyyən edir. Buna görə də İddiaçı əlavə sığorta ödənişinin verilməsi qeyri-mümkündür; -Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2022- ci il tarixli 8/2875 nömrəli cavab məktubuna əsasən Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçular “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq sığortalanırlar. Müdafiə Nazirliyi tərəfindən başqa əsaslarla sığorta müqaviləsi bağlanmamışdır. Əlavə olaraq bildirilmişdir ki, “Kəşfiyyat və əks- kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində sığortaedən tərəfindən ödənilən sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişdir. Bu səbəbdən kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları da göstərilən qanunun tələbləri ilə deyil, digər hərbi qulluqçular kimi ümumi əsaslarla sığortalanırlar. Eyni zamanda bildirilmişdir ki, Müdafiə Nazirliyi tərəfindən İddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli müvafiq qərarına uyğun olaraq 3 illik pul təminatı miqdarında kompensasiya ödənilmişdir (iş səh.8, 11, 12, 13, 25, 26, 27, 28, 53, 54, 58-59, 77-80, 91). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. İddiaçı apellyasiya şikayəti verərək, Nəsimi rayon Məhkəməsinin 2(006)-3083/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “Kəşfiyyat və əks- kəşfiyyat fəaliyyəti haqqında” AR Qanununun 14.3, 20.1-ci 20.11, 20.12; Normativ hüquqi aktlar haqqında AR Konstitusiya Qanununun 10.3, 10.5; “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1.1 , 3, 4, 6; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddələrinə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.4, 20.5 və 20.15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, iddiaçı X1 və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən subyekt olması işin mübahisələndirilməyən halıdır. İddiaçıya münasibətdə Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında AR-nın Qanunu tətbiq edilə bilməzdi. Belə ki, adıçəkilən Qanunun 1997-ci ildə qəbul olunsa da, Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında AR Qanunu 2004-cü ildə qüvvəyə minmişdir. Göründüyü kimi bu Qanun yeni qəbul olunuğundan daha üstün hüquqi qüvvəyə malikdir və hazırkı mübahisəyə də bu Qanunun müddəaları tətbiq olunmalıdır. Eyni zamanda bu Qanun iddiaçıya münasibətdə daha çox sahəvi xarakter daşıdığından yenə də bu Qanunun müddəları tətbiq olunmalı idi. Lakin Məhkəmə bir növ Müdafiə Nazirliyi ilə cavabdeh arasında belə növ sığorta müqaviləsinin olmamasını əsas gətirərək, iddianı təmin etməmişdir. Halbuki iddiaçının 5 illik pul təminatı məbləğində sığortalanmış olması qanunla təsbit edilmişdir. Yəni belə bir müqavilənin olmamasına görə iddiaçı günahladırıla bilməz, cavabdeh isə həmin Qanun normasına uyğun olaraq sığorta ödənişini ödəmək məsuliyyətindən azad edilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, prokurorluq orqanlarının hərbi prokurorluq işçilərinin dövlət icbari şəxsi sığortası “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunla tənzimlənməlidir. Həmin Qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulmuş “hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla” ifadəsi hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi hesab olunmayan hərbi qulluqçuları ehtiva edir ki, onların dövlət icbari şəxsi sığortası sahəsində yaranan münasibətlər isə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunla tənzimlənir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu oxşar münasibətlər üzrə qərar qəbul etmiş və bu zaman xidmət edən şəxslərin üstün mənafeyini nəzər almışdır. Bu zaman belə bir nəticəyə gəlmək olar ki, Məhkəmə qətnamə qəbul edərkən kəşfiyyat subyektinin sosial təminat məsələlərini düzgün şəkildə anlamamış və mahiyyətdən kənar bir qətnamə qəbul etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək,apellyasiya şikayətini müdafiə etdiklərini, iddiaçı X1 və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən subyekt olduğunu, iddiaçıya münasibətdə “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” AR Qanununun tətbiq edilməməli olduğunu, ona münasibətdə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” AR Qanununun tətbiq edilməli olduğunu, Qanunun 20.11-ci maddəsinə əsasən Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilməli olduğunu bildirmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddaçı İddiaçı apellyasiya şikayətini müdafiə etməklə, ikinci qrup müharibə əlili, kəşfiyyat subyektinin əməkdaşı olduğunu nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsi X10 şikayətin əsassız olduğunu, buna görə təmin edilməməsini xahiş edərək, şəxsin siğortalanması üçün siğorta müqaviləsinin olması zəruriliyini, Müdafiə Nazirliyi ilə siğorta şirkəti arasında yalnız bir müqavilə bağlandığını, hərbi qulluqçuların 11000 manat məbləğində həmin müqaviləyə əsasən siğorta olunduqlarını, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” AR Qanununun 20.11-ci maddəsinə uyğun şəxsə siğorta ödənişinin edilməsi üçün həmin maddəyə müvafiq, siğorta şirkəti ilə Müdafiə Nazirliyi arasında müqavilə bağlanmalı olduğunu, həmin müqaviləyə uyğun şirkətə siğorta haqqı ödənilməli olduğunu, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” AR Qanununun “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” AR Qanundan sonra qəbul edilsə də, siğortalanma ilə bağlı məsələnin “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” AR Qanunu ilə tənzimləndiyini bildirmişdir. Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə və əsasən: təqdim olunmuş sübutlar əsasında məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsi adlanan 20-ci maddəsinə görə: 20.1.Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi "Hərbi qulluqçuların statusu haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. 20.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir.

11. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına Əsasən iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etməsi və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır.

12. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. 4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Maddə 6.1. Sığortaolunanların dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti hesabına aparılır. 6.2. Sığortalılar sığortaolunanların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün sığorta haqlarının məbləğini hər il rüblər üzrə bu Qanunun 4-4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığortaçıya ödəyir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən : Maddə 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 897.2. Xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxs sığortalanmadığını bildikdə onu sığorta etdirmək vəzifəsi olan şəxsdən sığorta etdirilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. 897.3. İcbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. 897.4. İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 907.1. İcbari sığorta qanunları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulan şəxs müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçını sərbəst seçmək hüququndan istifadə etməklə müvafiq icbari sığorta müqaviləsini bağlamağa borcludur. 907.2. İcbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Maddə 911.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Maddə 916.1. Sığorta qaydalarında aşağıdakılar müəyyən edilməlidir: 916.1.1. müvafiq sığorta növünün aid olduğu və ya bu növdə birləşdirilmiş sığorta sinifləri; 916.1.2. sığorta predmetlərinin – sığorta olunanların, sığortalanan əşyaların və ya halların konkret kateqoriyası; 916.1.3. sığorta məbləğlərinin müəyyən edilməsi qaydası; 916.1.4. sığorta riskləri; 916.1.5. sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər; 916.1.6. sığorta müqaviləsinin bağlanması, həmçinin ona əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası; 916.1.7. tərəflərin hüquqları və vəzifələri; 916.1.8. sığorta hadisəsi baş verdikdə sığortalının vəzifələri; 916.1.9. sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri, sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin konkret siyahısı; 916.1.10. sığorta ödənişinin verilməsindən imtinanın əsasları; 916.1.11. sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarın qəbul edilməsi müddəti; 916.1.12. sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti; 916.1.13. mübahisələrin həlli qaydası; 916.1.14. sığorta tarifləri və onların iqtisadi əsaslandırılması. 916.1-1. Bu Məcəllənin 916.1-ci maddəsində nəzərdə tutulmuş məsələlərdən əlavə olaraq aqrar sığortaya aid sığorta qaydalarında “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş digər məsələlər də müəyyən edilir. 916.2.Bu Məcəllənin 916.1.5-ci maddəsində nəzərdə tutulmuş istisnalar və məhdudiyyətlər sığorta müqaviləsində razılaşdırılmaqla sığorta təminatına daxil edilə bilər. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Maddə 935.2. Bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını «Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2, 13, 27; Mülki Məcəllənin 7.1, 897, 922– 926, 933, 935; Mülki Prosesual Məcəlləsinin 76, 77, 216-220, 227, 233, 358-360, 362, 385- 390; ‘Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli qərarına və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır,apellyasiya şikayətinin dəlilləri cavabdehə münasibətdə formal mülahizə xarakteri daşıdığından əsassızdır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin hüquq tətbiqetməyə dair ümumi dəllərinə münasibətdə qeyd edilməlidir ki, Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Hərbi qulluqçuların statusu haqqında Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.

15. Siğorta ödənişinin həyata keçirilməsi ilə bağlı sığorta təminatı sığorta qaydası və sığorta müqaviləsi ilə müəyyən edildiyindən və həmin müqavilələr əsasında “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunla nəzərdə tutulmuş sığorta ödənişi həddində sığortalamaması, iddiaçıya iddia edilən Qanunda nəzərdə tutulan təminatın verilməsini mümkünsüz edir. Belə ki, nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olması sübuta yetirilmədiyindən onun mülki məsuliyyəti müəyyən edilmir. Bundan əlavə, mülki qanunvericilik məhz qanunun tələblərinə cavab verməli olan sığorta qaydaları əsasında sığorta münasibətlərin tənzimlənməsini ehtiva etdiyindən, iddiaçının iddia etdiyi oxşar qanunlara (analogiya) və qanunvericiliyin iyeraxiyasına istinadən "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən 5 illik pul təminatı məbləğində sığorta ödənişinin həyata keçirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi dürüst müəyyən edilməli olan qaydaların mövcud olmaması səbəbindən də mümkün deyildir.

16. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatının və sağlamlığının dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilməsi müvafiq qanunda göstərilsə də, sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığorta qanunları ilə müəyyən edilməmişdir. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməmişdir. 17.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3083/2022 saylı işi üzrə 14 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar