Məhkəmə qərarları › İş №2(103)-7291/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7291/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7291/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışinski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 oktyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı ASC-nin buna səlahiyyətli olan nümayəndəsi cavabdehə qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, subroqasiya qaydasında 700 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzini - 30 manat məbləğində pulun cavabdehdən iddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, PİM/16/1200/0005 saylı xx.xx.2017-ci il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsi ilə sığortalı olan şəxsin - Rəsulzadə Müzəffər Məzahir oğlunun mülkiyyətində olan və Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, bina 76-da yerləşən 11 saylı mənzilə ASC tərəfindən sığorta təminatı verilmişdir. Cavabdehə məxsus olan və həmin ünvanda yerləşən 14 saylı mənzildən sığortalı olan şəxsin mənzilinə xx.xx.2019-cu il tarixdə su axıdılmışdır. Bunun nəticəsində sığortalı olan şəxsə 700 manat məbləğində maddi zərər dəymişdir. Bu fakt binaya xidmət göstərən 83 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşlarının xx.xx.2019-cu il tarixdə tərtib etdikləri akt ilə qeydə alınmış və təsdiq olunmuşdur. Baş vermiş hadisə ilə bağlı ASC tərəfindən sığortalı olan şəxsə 700 manat məbləğində sığorta ödənişi edilmişdir. İş üzrə cavabdeh həmin məbləği subroqasiya qaydasında ASC-yə ödəməli olduğu halda bunu etməmişdir. Bu səbəbdən də, ASC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə sadələşdirilmiş icraat qaydasında baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsini 936.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1099.1, 1108.1 və 1114.1-ci maddəlrinin tələblərinə istinad edərək qeyd etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı ASC ilə cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, cavabdeh iddiaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməlidir. c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, subasma hadisəsi xx.xx.2019cu il tarixdə baş vermişdir. Həmin hadisənin baş verdiyi 14 saylı mənzil isə cavabdeh tərəfindən xx.xx.2021-ciil tarixində alınmışdır. Yəni hadisə baş verən zaman cavabdeh həmin mənzilin mülkiyyətçisi və istifadəçisi olmamışdır. Mənzil hadisədən 2 il sonra cavabdehin mülkiyyətinə keçmişdir. d) Mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

7. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

8. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan işin mübahisəsiz halı kimi müəyyən edilir ki, PİM/16/1200/0005 saylı, xx.xx.2017-ci il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsi ilə (hazırki iş üzrə tərəf olmayan və) iddia ərizəsində adı qeyd edilmiş şəxsin mülkiyyətində olan mənzilə ASC tərəfində sığorta təminatı verilmişdir. Cavabdehə məxsus olan və həmin ünvanda yerləşən mənzildən sığortalı olan şəxsin mənzilinə xx.xx.2019-cu il tarixdə su axıdılmışdır. Bununla bağlı 83 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə akt tərtib edilmişdir. ASC-nin mütəxəssisləri tərəfindən müəyyən edilmişdir ki, qeyd edilən susızma ilə əlaqədar olaraq sığortalı olan şəxsə 700 manat məbləğində maddi zərər dəymişdir və ASC, həmin məbləği sığortalı olan şəxsə ödəmişdir.

9. İddiaçı ASC hesab edir ki, ödənilmiş sığorta məbləğinin əvəzi subroqasiya qaydasında cavabdehdən tutulmalıdır.

10. Apellyasiya şikayətində isə cavabdeh bildirir ki, hadisə baş verən zaman mənzilin mülkiyyətçisi o olmadığı üçün tələb mənzilin həmin vaxt mülkiyyətçisi olan şəxsə qarşı qaldırıla bilər.

11. Cavabdeh apellyasiya şikayətinə mənzili hadisə baş verdikdən sonra aldığını təsdiq edən sənədləri əlavə etmişdir.

12. Məhkəmə ilk əvvəl Rayon Məhkəməsinə təqdim edilməmiş həmin sübutların apellyasiya instansiyasında qəbul edilməsinin mümkünlüyü məsələsinə qiymət verərək bildirir ki, işə baxılmasının sadələşdirilmiş qaydasına əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir (MPM; maddə 284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (maddə 284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (maddə 284-5.3.).

13. Lakin iş materiallarından görünür ki, cavabdeh işə baxılması barədə Rayon Məhkəməsi tərəfindən lazımi qaydada məlumatlandırılmamışdır.

14. MPM-nin 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

15. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş yeni sübutlar qəbul edilərək digər sübutlarla birgə qiymətləndirilməlidir.

16. Satıcı kimi Piriyev Söhbət Həmid oğlu ilə alıcı kimi isə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsindən” görünür ki, susızma baş verdikdən təxminən 2 il sonra cavabdeh, yuxarıda qeyd edilən 14 saylı mənzili satın almışdır

17. Həmin müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestrinə” müvafiq qeydiyyat aparılmış və mənzil xx.xx.2021-ci il tarixdə cavabdehin mülkiyyətinə keçmişdir.

18. Belə olan halda, mənzili almazdan əvvəl mənzildən susızma nəticəsində dəymiş ziyana görə edilmiş sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tələb edilməsi əsassızdır.

19. Rayon Məhkəməsi iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. f) apellyasiya baxışının nəticəsi

20. Belə olan halda apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır və formal mülahizə xarakteri daşımır.

21. MPM-nin 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

22. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 oktyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar