Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7293/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 iştirakı ilə İddiaçı Cavabdeh1 Tariyel oğluna, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5nə və X2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Tariyel oğluna, Cavabdeh2 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin 73 344 ədəd səhminin bağışlanmasına dair 24 sentyabr 2013-cü il tarixli 3M-1/346 reyestr nömrəli bağışlama müqaviləsinin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsindəki icraat dövründə Cavabdeh4 və Cavabdeh5 də iddia tələbləri üzrə cavabdehlər qismində prosesə cəlb olunmuşlar. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, “Şəki Məişət" ASC-nə məxsus 73 344 ədəd səhm X3 tərəfindən onunla nikah dövründə əldə edilmiş, 25 mart 1998-ci il tarixdə qeydiyyata alınmış ASC-nin səhmlərinin təxminən 70%-ni təşkil edən 51 340 ədədi Urfat İbrahimov tərəfindən özəlləşdirilmiş, 30%-lik hissəsi olan 22 004 ədədi isə onun tərəfindən açıq hərracdan alınmışdır. 2012-ci ilin dekabr ayında səhhətində yaranan problemlərlə əlaqədar Azərbaycan Respublikasını tərk etmiş və müalicə olunmaq üçün xarici ölkəyə getmiş, həmin vaxtdan ölkəyə geri qayıtmamışdır. Bir-neçə ay əvvəl ona məlum olmuşdur ki, 24 sentyabr 2013-cü il tarixdə ASC-nin səhmləri müxtəlif yollarla özgəninkiləşdirilmiş və Cavabdeh2 əlində cəmlənmişdir. Hüquqlarının müdafiəsini və onu təmsil etmək səlahiyyətini vəkilə həvalə etmiş, bundan sonra öyrənmişdir ki, səhmlərin özgəninkiləşdirilməsi ilə əlaqədar X3 tərəfindən “əqdin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, həmin məhkəmə mübahisəsi zamanı ASCyə məxsus 73 344 ədəd səhmin 24 sentyabr 2013-cü il tarixli “Qiymətli kağızların bağışlama müqaviləsi" əsasında Cavabdeh4 tərəfindən Cavabdeh2 bağışlandığı, müqavilənin X1 Bakı İstintaq təcridxanasında Cavabdeh1 verdiyi etibarnamə əsasında sonuncunun Cavabdeh4 adına ötürdüyü 05 noyabr 2012-ci il tarixli 7E-9/14888 reyestr nömrəli etibarnamə əsasında rəsmiləşdirildiyi müəyyənləşmişdir. Maraqlıdır ki, bağışlama müqaviləsi rəsmiləşdirilərkən birgə nikah dövründə əldə edilən səhmlərin özgəninkiləşdirilməsinə etiraz etməməsi barədə onun adından ərizə də hazırlanmış və 03.10.2012-ci il tarixli 7E-10/14940 reyestr nömrəli ərizə ilə guya buna razılıq vermişdir. Həmin ərizə 03.10.2012-ci il tarixdə notarial təsdiq edilsə də, ərizəni özü şəxsən deyil, etibarnamə üzrə nümayəndə Cavabdeh4 imzalamış, lakin adı çəkilən şəxsə etibarnamə ərizədən 32 gün sonra verilmişdir. Bundan əlavə, hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-1976/2021 saylı işin materiallarından görünür ki, 05 noyabr 2012-ci il tarixli 7E- /14888 reyestr nömrəli və 05 noyabr 2012-ci il tarixli 7E-9/14887 reyestr nömrəli etibarnamələr naməlum şəraitdə dəyişdirilmiş, Şəki şəhəri 1 saylı DNK-nun notariusu İsrail Məmmədovun imzası ilə təsdiqlənmişdir. Hətta həmin etibarnamələrin hansı tarixlərdə, yəni noyabr ayının 5-də və ya 6-da verildiyi də mübahisəlidir. O, Cavabdeh4 heç bir etibarnamə verməmişdir. Bundan əlavə, bağlanan müqavilənin alqısatqı deyil, bağışlama müqaviləsi olması, bağışlama ilə varlanan Cavabdeh2 onunla heç bir qohumluq əlaqələrinin olmaması müqaviləyə şübhələri artırır və əqdin yalan əqd olmasına əsaslı şübhələr yaradır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyi, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, iddia tələbinə müddəti tətbiq etməklə səhvə yol verdiyi arqumentləri ilə əsaslandırmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, Cavabdeh3 da şikayətlə razılaşdığını, məhkəmənin heç bir araşdırma aparmadan qanunsuz qərar çıxardığını bildirmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəməyə ərizə (vəsatət) ünvanlayaraq iddianın tam əsassız olduğunun qanuni qüvvədə olan məhkəmə aktları ilə təsbit olunduğunu bildirmiş, Cavabdeh5 notariusu məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, Cavabdeh1 Tariyel oğlu isə səbəbini bildirmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini və Cavabdeh3 dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən olunmuş hallarına görə, "xxxx" ASC-də mövcud olan 73 344 ədəd adi adlı səhmdən (hər birinin nominal dəyəri 2 manat) 51 340 ədədi Cavabdeh3, 22 004 ədədi isə onun arvadı İddiaçı məxsus olmuş, Cavabdeh3 Bakı İstintaq Təcridxanasının rəisi tərəfindən təsdiqlənmiş 18.10.2012-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını, o cümlədən ünvan 1 ünvanında yerləşən 190,1 m2 qeyri-yaşayış sahəsini və Şəki şəhəri, Nuxa kəndində yerləşən Dərzi sexini idarə etməyi, onun üzərində sərəncam verməyi və sair hərəkətləri etməyi 1 il müddətinə (qüvvədə olma tarixi 18.10.2013-cü il) etibar etmiş, Cavabdeh1 isə Şəki şəhər 1 saylı dövlət notariat kontorunda 7E-14888 reyestr nömrəsi ilə qeydə alınmış 05.11.2012-ci il tarixli (etibarnamənin tarixi sözlərlə beş noyabr iki min on ikinci il kimi yazılmışdır) etibarnaməyə əsasən həmin etibarnamədə göstərilən səlahiyyətləri Cavabdeh4 etibar etmişdir. İşin müəyyən edilmiş digər halına görə isə, İddiaçı Bakı şəhəri 41 saylı notariat kontorunda təsdiq edilmiş 24.10.2012-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və sair hərəkətləri etməyi 5 il müddətinə (qüvvədə olma tarixi 24.10.2017-ci il) etibar etmiş, Cavabdeh1 Şəki şəhər 1 saylı dövlət notariat kontorunda 7E-14887 reyestr nömrəsi ilə qeydə alınmış 05.11.2012-ci il tarixli (etibarnamənin tarixi sözlərlə beş noyabr iki min on ikinci il kimi yazılmışdır) etibarnaməyə əsasən həmin etibarnamədə göstərilən səlahiyyətləri Cavabdeh4 etibar etmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh3 və İddiaçı adından müvafiq olaraq 7E- 14888 və 7E-14887 reyestr nömrəli 05.11.2012-ci il tarixli etibarnamələr əsasında hərəkət edən Cavabdeh4 Şəki 1 saylı notariat kontorunda təsdiq edilmiş 24.09.2013-cü il tarixli 3M-1/346 reyestr nömrəli “Qiymətli kağızların bağışlanma müqaviləsi”nə əsasən "xxxx" ASC-nin hər birinin nominal dəyəri 2 manat olan 73 344 ədəd qiymətli kağızını (adi adlı səhm) Cavabdeh2 əvəzsiz olaraq bağışlamışdır. İddiaçının iddiasına görə o, səhmlərinin bağışlanmasına dair heç kimə etibarnamə verməmiş, sözügedən müqavilənin bağlanmasından yeni xəbər tutmuş, həmin müqavilə yalan əqd mahiyyətində olmuşdur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi bağışlama müqaviləsinin bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olduğu mübahisə mövzusu deyildir; onun lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmadığı, habelə onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, hazırda mübahisələndirilən bağışlama müqaviləsinin etibarsız sayılması ilə əlaqədar əvvəllər də məhkəmə çəkişmələri olmuş, Cavabdeh3 Cavabdeh2, Cavabdeh1 Tarıyel oğluna, Cavabdeh4, İddiaçı və Şəki şəhəri 1 saylı Dövlət notariat kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbi Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin işə baxılarkən bağışlama müqaviləsinin tərəflərin tam sərbəst iradələri əsasında bağlandığı və etibarnamələrin qanuni əsaslarla verildiyi müəyyənləşdirilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Kollegiya həmçinin hesab edir ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Kollegiya Mülki Məcəllənin 354.2-ci maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar həm də onu qeyd edir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Maddənin mənasına görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1721/2021 saylı iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7293/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7293/2021
29.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver