Məhkəmə qərarları › İş №2(103)-7295/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7295/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7295/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(007)-751/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddaçı İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə 0774 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən icraçı Cavabdeh MMC “My Home” yaşayış kompleksində yerləşən blok D.13.5 saylı mənzilin tikintisi başa çatdırıldıqdan sonra sifarişçi İddiaçı təhvil verməli, sifarişçi isə bunun qarşılığında icraçıya 1 kv.m üçün 1100 manat olmaqla, cəmi 89980 manat pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən sifarişçi müqavilə qiymətinin 80848 manat hissəsini şəxsi vəsaiti hesabına, qalan 9132 manat hissəsini isə 12 (on iki) ay müddətinə 08 yanvar 2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş müqaviləyə əlavədə ödəmə qrafiki göstərilmişdir. Lakin iddiaçı 80848 manatı şəxsi vəsaiti cavabdehin hesabına ödəsə də, qalan 9132 manat məbləğdən 12 ay müddətində 761 manat ödəniş etməli olduğu halda, yalnız 761 manat ödəniş etmişdir. Hazırda iddiaçı mənzilin dəyiri kimi ödənilmiş ümumilikdə 81609 manat pulun ona qaytarılmasını xahiş etmiş, cavabdeh tərəf isə qeyd edilən məbləğin cəmiyyət tərəfindən ödəniləcəyini, lakin məbləğin geri qaytarılması üçün onlara vaxt verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli 0774 saylı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki "My Home" yaşayış kompleksində yerləşən D.13.5 saylı mənzilin alqı-satqı müqaviləsi ilə bağlı ödədiyi 81609 manat pulun, 1 il kirayədə qaldığı üçün ödədiyi 4200 manat kirayə haqqının və məhkəmədə hüquqlarını müdafiə etmək məqsədilə vəkillə müqavilə bağlayaraq Beynəlxalq banka ödədiyi 3000 manatın, cəmi 88809 manatın tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-nin direktoru X4 ilə xx.xx.2021-ci il tarixli 0774 saylı müqavilə bağlayaraq "My Home" yaşayış kompleksindən blok D, 13-cü mərtəbədə yerləşən 2 otaqlı, ümumi sahəsi 81,8 kv.metr olan D.13.5 saylı mənzili almışdır. Həmin mənzilin 1 kv.metrinin qiyməti 1100 manat olmaqla, ümumilikdə mənzilin qiyməti 89980 manat olmuşdur. Müqavilə qiymətinin 80848 manatını ilkin olaraq ödəmiş, qalan 9132 manatını isə 12 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixinədək ödəyəcəyi barədə razılaşmışlar. Ödəməli olduğu 9132 manat məbləğlə bağlı ona ödəmə qrafiki tərtib edilmiş və xx.xx.2021-ci il tarixində ona verilmişdir. O, həmin məbləğdən, yəni 9132 manatdan 671 manat ödəmiş, 8371 manat isə qalmışdır. "Vesta Construction” MMC tərəfindən xx.xx.2022-ci il tarixində 96 saylı məktubla ona bildirilmişdir ki, "xxxx" MMC ilə xx.xx.2021ci il tarixli 0774 saylı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki "My Home” yaşayış kompleksində yerləşən D.13.5 saylı mənzilin alqı-satqı müqaviləsinə "Vesta Construction” MMC tərəfindən birtərəfli xitam verilmişdir". Həmin məktubda göstərilmişdir ki, "Bağlanmış alqı-satqı müqaviləsinin 10.2-ci bəndində qeyd edilmişdir ki, müqavilənin 10.1-ci bəndində nəzərdə tutulmuş şəkildə, "icraçı” tərəfindən birtərəfli qaydada ləğv edilməsi halında "sifarişçi” tərəfindən "icraçıya ödənilmiş vəsait, müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və "icraçı"ya dəymiş ziyan çıxıldıqdan sonra, həmin mənzil 3-cü şəxslərə müqavilə üzrə satıldıqdan və ödəniş qəbul olunduqdan sonrakı 7 (yeddi) iş günü ərzində "sifarişçi’yə qaytarılacaqdır". Artıq 2 ay yarımdır ki, dəfələrlə "xxxx" MMC-nin rəhbərliyinə müraciət etməyinə baxmayaraq ödədiyi 81609 manat ona qaytarılmır, nə də ki, ev satılmır, müxtəlif bəhanələrlə ödədiyi məbləğin ona qaytarılması uzadılır. O, cavabdehə pretenziya qaydasında da müraciət etmişdir. Cavabdeh "xxxx" MMC xx.xx.2023-cü il tarixli arayışla ona cavab vermişdir ki, "Sizinlə "xxxx" MMC arasında olan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə xitam verilməsi barədə müraciətinizə baxılmışdır. Nəzərə alınmalıdır ki, ilin sonundakı maliyyə hesabatlarının tərtibi ilə bağlı Sizə müqavilənin ləğv edilməsinə görə ödəniş olunmamışdır. 2023-cü ilin yanvar ayının 15-dən sonra aramızda olan razılaşmaya əsasən ödəniş ediləcəkdir". O, cavabdehin məktubda qeyd etdiyi kimi alqı-satqı müqaviləsinə xitam verilməsi barədə müraciət etməmişdir. Xitamı cavabdeh vermişdir. O, ödədiyi 81609 manat pulun geri qaytarılmasını tələb etmişdir. Onu da qeyd edir ki, cavabdeh tərəfindən aldığı xx.xx.2022-ci il tarixli 96 saylı məktubda qeyd edilmişdir ki, aralarındakı alqı-satqı müqaviləsinə xitam verilmişdir. Cavabdeh aralarındakı alqı-satqı müqaviləsinə birtərəfli xitam vermişdir. Xitamın dəqiq hansı tarixdə verilməsi göstərilməmişdir, hətta xx.xx.2022-ci il tarixində xitam verilsə də, bu ilin axırı deyildir və onun ödədiyi pulun geri qaytarılmaması üçün bəhanədir. Artıq o xeyli müddətdir ki, kirayədə yaşayır, kirayə haqqı 350 manatdır, indiyədək cəmi 4200 manat kirayə haqqı vermişdir. Digər tərəfdən məhkəmədə hüquqlarını müdafiə etmək məqsədilə vəkillə müqavilə bağlamış və Beynəlxalq banka 3000 manat pul keçirmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, kirayə haqqı ilə bağlı 4200 manat pulun tutulması ilə bağlı iddiasını geri götürür. Qalan hissədə iddia ərizəsinə baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəf məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının tələbi əsassız və qanunsuzdur. Belə ki, iddaçı İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə 0774 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən icraçı (Cavabdeh MMC) “My Home” yaşayış kompleksində yerləşən blok D.13.5 saylı mənzilin tikintisi başa çatdırıldıqdan sonra sifarişçiyə (İddiaçı) təhvil verməli, sifarişçi isə bunun qarşılığında icraçıya 89980 AZN pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən sifarişçi müqavilə qiymətinin 80848 manat hissəsini şəxsi vəsaiti hesabına, qalan 9132 manat hissəsini isə 12 (on iki) ay müddətinə 08 yanvar 2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş müqaviləyə əlavədə ödəmə qrafiki göstərilmişdir. Lakin iddiaçı 80848 manatı şəxsi vəsaiti hesabına ödəsə də, qalan 9132 manat məbləğdən 12 ay müddətində yalnız 671 manat ödəyərək müqavilə üzrə öhdəliyini pozmuşdur. xx.xx.2022-ci il tarixdən iddiaçının Cavabdeh MMC-yə 8371 manat borcu qalmışdır. İddiaçı borcu ödəməyərək müqavilə üzrə öhdəliyini pozmuşdur. Alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinin tələblərinə əsasən müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində, tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzi) görə, mülki hüquqi məsuliyyət daşıyırlar. Müqavilənin 6.2-ci maddəsinə əsasən müqavilə şərtlərinin kobud pozulması hallarına görə, sifarişçi müqavilə qiymətinin 10% həcmində cərimə ödəyəcək. Həmçinin alqı-satqı müqaviləsinin 10.1-ci maddəsinə əsasən sifarişçi tərəfindən müqavilə şərtləri pozularsa icraçının müqaviləni birtərəfli,qaydada ləğv etmək və üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Bütün bunları nəzərə alaraq, xx.xx.2022-ci il tarixdə sifarişçinin müqavilə üzrə 0774 nömrəli müqavilənin 2.1, 3.2 bəndlərini kobud şəkildə pozduğuna görə icraçı tərəfindən müqaviləyə birtərəfli olaraq xitam verilmişdir. Müqaviləyə əsasən müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və icraçıya dəymiş ziyan çıxıldıqdan sonra həmin mənzil üçüncü şəxslərə müqavilə üzrə satıldıqdan və ödəniş qəbul olunduqdan sonrakı 7 iş günü ərzində sifarişçiyə qaytarılmalıdır. Birtərəfli xitamdan sonra, İddiaçı Cavabdeh MMC-yə pretenziya yollamış və ödədiyi 81609 manatın geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü ildə yazılmış cavab məktubunda isə maliyyə hesabatlarının tərtibi ilə bağlı ödəniş olunmadığı və 2023-cü il yanvar ayının 15-dən sonra razılaşmaya əsasən İddiaçı ödəniş ediləcəyi bildirilmişdir. Bütün bunlardan sonra İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia qaldırmışdır. Lakin nəzərə çatdırır ki, İddiaçı öz öhdəliklərinə biganə yanaşaraq hüquqi gözləntiləri, tərəflərin qanuni maraqlarını, mülki dövriyyənin sabitliyini pozmuşdur. Bu azmış kimi Cavabdeh MMC-yə qarşı öhdəliklərini yerinə yetirməməsi ilə bağlı iddia qaldırmışdır. Qeyd etdiyi kimi tərəflərin arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.2-ci maddəsinə əsasən müqavilə şərtlərinin kobud pozulması hallarına görə, sifarişçi müqavilə qiymətinin 10% həcmində cərimə ödəməlidir. Beləliklə, sifarişçi kobud pozuntuya görə 89980 AZN pul vəsaitindən 10% həcmində dəbbə pulucərimə ödəməlidir. Bütün bu öhdəliklərinə pozduğuna baxmayaraq icraçı sifarişçinin maddi cəhətdən pis vəziyyətə düşməməsi üçün heç bir tələb irəli sürməmiş və onun etdiyi 81609 AZN ödənişin müqaviləyə uyğun olaraq ev 3-cü şəxslərə satıldıqdan və ödəniş qəbul olunduqdan sonrakı 7 iş günü ərzində sifarişçiyə qaytarılacağı razılığına gəlmişdir. Daha sonra sifarişçi icraçıya pretenziya ünvanlamış və ödədiyi 81609 AZN pulun xx.xx.2023-cü il tarixdə ona qaytarılmasını xahiş etmişdir. Pretenziyaya cavabda bildirilmişdir ki, ilin sonunda maliyyə hesabatlarının tərtibi ilə bağlı ödəniş olunmamışdır və yanvar ayının 15dən sonra ödəniş ediləcəkdir. Beləliklə icraçı tərəf sifarişçinin bütün öhdəliklərini pozduğundan rəğmən, 81609 manatı yanvar ayının 15-dən sonra ödəməyi öz üzərinə götürmüşdür və sifarişçiyə qarşı heç bir tələb irəli sürməmişdir. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, aralarında olan alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilsə belə bu ilin axırı deyildir və ödədiyi pulun geri qaytarılması üçün bəhanədir. Müqaviləyə xitam verildikdən sonra evin satılması və ödənişin alınması üçün 2 aydan bir az çox müddət keçmişdir. Üstəlik müqaviləyə əsasən müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və icraçıya dəymiş ziyan çıxıldıqdan sonra bütün digər əməliyyatlar yerinə yetirilir. Lakin icraçı bunların hamısını sifarişçiyə güzəştə getmişdir. Həmçinin 2 ay müddət sadalanan məsələlərin həll edilməsi üçün böyük bir zaman deyildir və bu səbəbdən cavabdehin gecikdirməyə yol verdiyindən söhbət belə gedə bilməz. İddiaçının digər ağlasığmaz tələbi isə onun 1 ildir ki, kirayədə qalması ilə bağlı ona ödənişin edilməsi tələbidir. İlk növbədə qeyd edilir ki, tərəflərin aralarındakı alqısatqı müqaviləsinə sifarişçinin öhdəliyini pozduğu nəticəsində xx.xx.2022-ci ildə xitam verilmişdir. Səbəb sifarişçinin 2022-ci il yanvar ayına qədər ödəməli olduğu borcu ödəməməsi olmuşdur. Sifarişçi isə 2022-ci ilin yanvarında bəri qaldığı evin kirayə haqqını icraçıdan tələb edir. Öz öhdəliyini pozduğu üçün müqaviləyə xitam verilən sifarişçinin kirayə haqqının icraçıya nə aidiyyəti olduğu sual doğurur. Həmçinin, sifarişçi müqaviləyə oktyabr ayından xitam verilməsinə baxmayaraq, yanvardan bəri ödədiyi kirayə haqqı icraçıdan tələb edir. Belə bir absurd iddia qəbul edilməz və məntiqsizdir. Üstəlik bütün absurd iddialara görə məhkəmədə “hüquqlarını” müdafiə etmək məqsədilə müqavilə bağladığı vəkilin pulunu da cavabdehdən istəməsi heç bir məntiqə sığmır. Öz öhdəliklərini pozan, icranı gecikdirməklə əməl etməyən, bütün bunlara görə icraçı Cavabdeh MMC tərəfindən heç bir cərimə tətbiq olunmadığı sifarişçi İddiaçı Cavabdeh MMS-yə qarşı absurd tələblər irəli sürmüş və məhkəmədə bununla bağlı iddia qaldırmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(007)- 751/2023 saylı qətnaməsinə əsasən iddianın təmin edilməsi, Cavabdehndən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki "My Home" yaşayış kompleksində yerləşən D.13.5 saylı mənzil üçün ödənilmiş 81609 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 389.1, 390.1, 399.1, 1096.1, 1097.1 və 1115-ci maddələri ilə əsaslandıraraq, belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilə ilə müqavilənin cəmiyyət tərəfindən göstərilən halla bağlı xitamı halında mənzil üzrə edilmiş ödənişinin qaytarılması qaydası tənzimlənmişdir. Bu zaman mənzil üzrə edilmiş ödənişin qaytarılması mənzilin üçüncü şəxslərə satılması və ödənişin qəbul edilməsi ilə şərtləndirilmişdir. Həmçinin, iş materiallarında olan və cəmiyyət tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixi məktubdan görünür ki, ilin sonunda maliyyə hesabatlarının tərtibi ilə bağlı müqaviləni ləğv edilməsinə görə iddiaçıya ödəniş olunmamışdır, cəmiyyət xx.xx.2023-cü il tarixdən razılaşmaya əsasən ödəniş edəcəkdir. Məhkəmə iclasında adıçəkilən mənzilin satılıbsatılmaması ilə bağlı cavabdeh tərəfə ünvanlanmış suallar konkret cavablandırılmamış, məhkəməyə bununla bağlı rəsmi məlumat təqdim edilməmişdir. Həmçinin, cavabdeh tərəf məhkəməyə təqdim etdiyi etirazında və məhkəmə iclasında iddiaçı tərəfindən mənzil üçün cəmi 81609 manat ödəniş edildiyini qəbul etmiş, cəmiyyətin həmin pulu ödəməyə hazır olduğunu, ödəniş ediləcəyini, onlara ödəniş edilməsi üçün vaxt verilməsini xahiş etmiş, məhkəmə baxışı iclasında isə 10 günlük müddət verilməsini xahiş etmişlər. Belə olan halda, cəmiyyətin ödəniş etmək niyyəti artıq mənzilin müqavilədə göstərilən qaydada başqa şəxsə satılması halını istisna etmir. Bununla belə artıq bir ilə yaxın müddətdir ki, tərəflər arasında bağlanmış müqaviləyə xitam verilmiş, lakin müqavilə üzrə iddiaçı tərəfindən edilmiş ödəniş geri qaytarılmamışdır. Göründüyü kimi iddaçı İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə 0774 saylı müqavilənin ləğv edilməsinə və cavabdeh cəmiyyət ödəniş etməklə bağlı vədlər verilməsinə baxmayaraq, müqavilənin predmeti olan mənzil üçün ödənilmiş 81609 manat məbləğində pul iddiaçıya qaytarılmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, “MY HOME” Yaşayış Kompleksi, Nizami rayonu, D blok, 13-cü mərtəbə, D.13.5 saylı 2 otaqlı mənzil üçün iddiaçı tərəfindən ödənilmiş 81609 manat məbləğində pul iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı “məhkəmədə hüquqlarını müdafiə etmək məqsədilə vəkillə müqavilə bağlayaraq Beynəlxalq banka ödədiyi 3000 manatın, ona verilməsi”ni xahiş etsə də, hüquqi yardım üçün edilmiş ödənişə və hüquqi yardım göstərilməsinə dair müqaviləni məhkəməyə təqdim etməmişdir. Belə olan halda, çəkildiyi iddia edilən hüquqi yardım üçün göstərilən xidmət haqqı iddiaçının özünə aid edilməlidir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsini hüquqi cəhətdən düzgün əsaslandırmamış, işin faktiki hallarını nəzərə almamış, maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etmişdir. İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətl iCəmiyyəti arasında xx.xx.2021-ci il tarixdə 0774 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən icraçı (CavabdehMMC) “My Home” yaşayış kompleksində yerləşən blok D.13.5 saylı mənzilin tikintisi başa çatdırıldıqdan sonra sifarişçiyə (İddiaçı) təhvil verməli, sifarişçi isə bunun qarşılığında icraçıya 89980 AZN pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən sifarişçi müqavilə qiymətinin 80848 manat hissəsini şəxsi vəsaiti hesabına, qalan 9132 manat hissəsini isə 12 (on iki) ay müddətinə 08 yanvar 2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş müqaviləyə əlavədə ödəmə qrafiki göstərilmişdir. Lakin iddiaçı 80848 manatı şəxsi vəsaiti hesabına ödəsə də, qalan 9132 manat məbləğdən 12 ay müddətində yalnız 671 manat ödəyərək müqavilə üzrə öhdəliyini pozmuşdur. xx.xx.2022-ci il tarixdən iddiaçının Cavabdeh MMC-yə 8371 manat borcu qalmışdır. Bütün bunları nəzərə alaraq, xx.xx.2022-ci il tarixdə sifarişçinin müqavilə üzrə 0774 nömrəli müqavilənin 2.1, 3.2 bəndlərini kobud şəkildə pozduğuna görə icraçı tərəfindən müqaviləyə birtərəfli olaraq xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikasının mülk iqanunvericiliyinə və tərəflər arasında bağlanılmış müqaviləyə əsasən, İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət müqavilədən və qanunvericilikdən irəli gələn öhdəliklərini vicdanlılıq çərçivəsində həyata keçirtməli idilər. Tərəflər öhdəlik üzrə sırf öz üzərlərinə düşən vəzifələrin icrası ilə kifayətlənməməli, bütövlükdə müqavilənin yerinə yetirilməsinə zəmin yaratmalı, müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Lakin işin hallarından da aydındır ki, İddiaçı öz öhdəliklərinə biganə yanaşaraq hüquqi gözləntiləri, tərəflərin qanuni maraqlarını, mülki dövriyyənin sabitliyini pozmuşdur. Bakı şəhəri Nizami Rayon məhkəməsi isə iş üzrə əhəmiyyət kəsb edən faktları nəzərdən qaçırmışdır. Buna görə də Nizami Rayon Məhkəməsinin də bu əsasla çıxardığı qətnamə qanunsuz və ədalətsizdir. Tərəflər arasında bağlanılan xx.xx.2022-ci il tarixdə sifarişçinin müqavilə üzrə 0774 nömrəli alqısatqı müqaviləsinin 6.1-ci maddəsinin tələblərinə əsasən müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində, tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzi) görə, mülki hüquqi məsuliyyət daşıyırlar. İşin hallarından aydındır ki, İddiaçı 80848 manatı şəxsi vəsaiti hesabına ödəsə də, qalan 9132 manat məbləğdən 12 ay müddətində yalnız 671 manat ödəyərək müqavilə üzrə öhdəliyini pozmuşdur. xx.xx.2022-ci il tarixdən iddiaçının Cavabdeh MMC-yə 8371 manat borcu qalmışdır. Beləliklə, sifarişçi kobud pozuntuya görə 89980AZN pul vəsaitindən 10% həcmində dəbbə pulu-cərimə ödəməlidir. İddiaçı borcu ödəməyərək müqavilə üzrə öhdəliyini pozmuşdur. Alqı-satqı müqaviləsinin 6.2-ci maddəsinə əsasən,müqavilə şərtlərinin kobud pozulması hallarına görə, sifarişçi müqavilə qiymətinin 10 % həcmində cərimə ödəməlidir. Həmçinin alqı-satqı müqaviləsinin 10.1-ci maddəsinə əsasən sifarişçi tərəfindən müqavilə şərtləri pozularsa icraçının müqaviləni birtərəfli qaydada ləğv etmək və üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Bütün bunları nəzərə alaraq, xx.xx.2022-ci iltarixdə sifarişçinin müqavilə üzrə 0774 nömrəli müqavilənin 2.1, 3.2 bəndlərini kobud şəkildə pozduğuna görə icraçı tərəfindən müqaviləyə birtərəfli olaraq xitam verilmişdir. Müqaviləyə əsasən müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və icraçıya dəymiş ziyan çıxıldıqdan sonra həmin mənzil üçüncü şəxslərə müqavilə üzrə satıldıqdan və ödəniş qəbul olunduqdan sonrakı 7 iş günü ərzində sifarişçiyə qaytarılmalıdır. Birtərəfli xitamdan sonra, İddiaçı Cavabdeh MMC-yə pretenziya yollamış və ödədiyi 81.609 manatın geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü ildə yazılmış cavab məktubunda isə maliyyə hesabatlarının tərtibi ilə bağlı ödəniş olunmadığı və 2023-cü il yanvar ayının 15-dən sonra razılaşmaya əsasən İddiaçı ödəniş ediləcəyi bildirilmişdir. Bütün bu öhdəliklərinə pozduğuna baxmayaraq icraçı sifarişçinin maddi cəhətdən pis vəziyyətə düşməməsi üçün heç bir tələb irəli sürməmiş və onun etdiyi 81609 AZN ödənişin müqaviləyə uyğun olaraq ev 3-cü şəxslərə satıldıqdan və ödəniş qəbul olunduqdan sonrakı 7iş günü ərzində sifarişçiyə qaytarılacağı razılığına gəlmişdir. Daha sonra sifarişçi icraçıya pretenziya ünvanlamış və ödədiyi 81609 AZN pulun xx.xx.2023-cü il tarixdə ona qaytarılmasını xahiş etmişdir. Pretenziyaya cavabda bildirilmişdir ki, ilin sonunda maliyyə hesabatlarının tərtibi ilə bağlı ödəniş olunmamışdır və yanvar ayının 15dən sonra ödəniş ediləcəkdir. Beləliklə icraçı tərəf sifarişçinin bütün öhdəliklərini pozduğundan rəğmən, 81609 manatı yanvar ayının 15-dən sonra ödəməyi öz üzərinə götürmüşdür və sifarişçiyə qarşı heç bir tələb irəli sürməmişdir. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, aralarında olan alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilsə belə bu, ilin axırı deyildir və ödədiyi pulun geri qaytarılması üçün bəhanədir. Müqaviləyə xitam verildikdən sonra evin satılması və ödənişin alınması üçün 2 aydan bir az çox müddət keçmişdir. Üstəlik müqaviləyə əsasən müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və icraçıya dəymiş ziyan çıxıldıqdan sonra bütün digər əməliyyatlar yerinə yetirilir. Həmçinin 2 ay müddət sadalanan məsələlərin həll edilməsi üçün böyük bir zaman deyildir və bu səbəbdən cavabdehin gecikdirməyə yol verdiyindən söhbət belə gedə bilməz. Beləliklə bir daha aydındır ki, İddiaçı öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün mütləq məsuliyyət daşıyır. Öhdəliyin lazımınca icra edilməməsi nəticəsində cavabdeh Vesta Construction MMC-yə vurulan zərər qanunla nəzərdə tutulduğu qaydada ödənilməli idi. Cavabdeh qanunvericilikdən və tərəflər arasında bağlanılan müqavilədə nəzərdə tutulan müddəalara əsasən müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində, vurulan zərərin ödənilməsini iddiaçıya güzəştə getmişdir. İddiaçı isə cavabdehin humanizmindən suiistifadə etmiş, zərərin əvəzini ödəmədiyi azmış kimi, Cavabdeh MMC-yə qarşı öhdəliklərini yerinə yetirməməsi ilə bağlı iddia qaldırmışdır. Yuxarıdakı qeyd edilənlərdən bir daha sübut olunur ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsi faktiki məsələlərə diqqət yetirməyərək yalnız iddiaçıya məxsus sübutlara əsaslanaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Qətnamədə işə aid edilən və təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarını təhrif edir. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iddiaçının müqavilə üzrə 0774 nömrəli müqavilənin 2.1, 3.2 bəndlərini kobud şəkildə pozduğunu nəzərə almamışdır. Məhkəmə yalnız öz fərziyyələrinə, iddiaçının təqdim etdiyi əsassız məlumatlara əsaslanmaqla qətnamə qəbul etmişdir. Mülki qanunvericilikdə də nəzərdə tutulduğu kimi borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin Cavabdeh MMC qanunvericilikdən irəli gələn zərərin əvəzini tələb etmək hüququnu iddiaçıya münasibətdə güzəştə getmişdir. İddiaçı isə sui istifadə hallarına yol verərək Cavabdeh MMC-yə qarşı öhdəliklərini yerinə yetirməməsi ilə bağlı iddia qaldırmışdır. Məhkəmə bu faktlara diqqət yetirməmişdir, göründüyü kimi məhkəmə cavabdehin hüquqlarının qorunmasını təmin etməmişdir. Nizami Rayon Məhkəməsi obyektivliyi təmin etmədən, qətnamə qəbul etmişdir. Məhkəmənin obyektivliyi təmin etmədən çıxartdığı qətnamə ilə cavabdehin qanunvericilikdən və tərəflər arasında bağlanılan müqavilədən irəli gələn hüquqları pozulmuşdur. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və cavabdehin hüquqları pozulmuşdur. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi sübutlara əsaslanaraq əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Müqavilə öhdəliklərinin iddiaçı tərəfindən kobud şəkildə pozulmasını, bunun nəticəsində isə cavabdehə zərər dəydiyini nəzərə almamışdır. İddiaçının nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, apellyasiya şikayəti əsassızdır, sadəcə iddiaçıya qaytarılacaq pulun vaxtının uzadılması məqsədilə verilmişdir. İddiaçı çox ağır maddi vəziyyətdə yaşayır, himayəsində övladları var, özü kirayədə yaşayır və işləmir. Cavabdeh isə onu daha ağır vəziyyətə salır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamə təmin olunmuş hissədə yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan İcraçı Cavabdeh MMC ilə payçı Sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0774 saylı müqavilədən görünür ki, icraçı “MY HOME” Yaşayış Kompleksi, Nizami rayonu, D blok, 13-cü mərtəbə, D.13.5 saylı 2 otaqlı mənzili sifarişçiyə təhvil verməyi, sifarişçi ilə bunun qarşılığında icraçıya razılaşdırılmış 1 kv.m üçün 1100 manat olmaqla, cəmi 89980 manat məbləğində pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetriməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə qiymətinin 80848 manat hissəsi sifarişçinin şəxsi vəsaiti hesabına, qalan 9132 manat hissəsi isə 12 ay müddətində xx.xx.2022-ci il tarixinədək ödəniləcək. xx.xx.2021-ci il tarixli 0774 saylı müqaviləyə xx.xx.2021-ci il tarixli 1 saylı əlavədən görünür ki, xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək hər ay 761 manat ödəniş edilməlidir. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 821946 saylı kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən D.13.5 saylı mənzil üçün 761 manat aylıq ödəniş edilmişdir. Cavabdeh MMC tərəfindən X1 ünvanlanmış məktubdan görünür ki, ilin sonunda maliyyə hesabatlarının tərtibi ilə bağlı ona müqavilənin ləğv edilməsinə görə ödəniş olunmamışdır. 2023-cü ilin yanvar ayının 15-sonra aralarında olan razılaşmaya əsasən ona ödəniş ediləcəkdir. Beləliklə də, işin mübahisəsiz hallarından görünür ki, iddaçı İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə 0774 saylı müqaviləyə əsasən “MY HOME” Yaşayış Kompleksi, Nizami rayonu, D blok, 13-cü mərtəbə, D.13.5 saylı 2 otaqlı mənzilin dəyərindən 80848 manatı şəxsi vəsaiti cavabdehin hesabına ödəsə də, qalan 9132 manat məbləğdən yalnız 761 manat ödəniş etmiş, qalan 8371 manatı isə vaxtında ödənilmədiyindən müqavilənin 2.1-ci bəndinə uyğun olaraq müqaviləyə cəmiyyət tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Hazırda iddiaçı mənzilin dəyiri kimi ödənilmiş ümumilikdə 81609 manat pulun ona qaytarılmasını xahiş etmiş, cavabdeh tərəf isə iddianın əsassız olması ilə iddianı qəbul etmədyini göstərsə də,sonradan qeyd edilən məbləğin cəmiyyət tərəfindən ödəniləcəyini, lakin məbləğin geri qaytarılması üçün onlara vaxt verilməsini xahiş etmişdir. Lakin buna baxmayaraq apellyasiya şikayətində cavabdeh tərəf birinci instansiya məhkəməsindəki iddianın əsassız olması ilə bağlı mövqeyində qalmış, əlavə olaraq məhkəmənin obyektivliyi təmin etmədən çıxartdığı qətnamə ilə cavabdehin qanunvericilikdən və tərəflər arasında bağlanılan müqavilədən irəli gələn hüquqlarının, bununla da tərəflərin hüquq bərabərliyini prinsipi və cavabdehin hüquqları pozulmasını qeyd etmişdir. Sözügedən müqavilənin 10.1 və 10.2-ci bəndlərinə əsasən müqavilənin ləğvi, hüquqların ötürülməsi və hüquqi nəticələri Sifarişçi tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa İcraçının müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzili üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Sifarişçi bununla əlaqədar icraçıya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Müqavilənin 10.1-ci bəndində nəzərdə tutulmuş şəkildə, İcraçı tərəfindən birtərəfli qaydada ləğv edilməsi halında, sifarişçi tərəfindən icraçıya ödənilmiş vəsait, müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və icraçıya dəymiş ziyan çıxıldıqdan sonra, həmin mənzil üçünçü şəxslərə müqavilə üzrə satıldıqdan və ödəniş qəbul olunduqdan sonrakı 7 iş günü ərzində sifarişçiyə qaytarılacaqdır. Müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə ilə müqavilənin cəmiyyət tərəfindən göstərilən halla bağlı xitamı halında mənzil üzrə edilmiş ödənişinin qaytarılması qaydası tənzimlənmişdir. Bu zaman mənzil üzrə edilmiş ödənişin qaytarılması mənzilin üçüncü şəxslərə satılması və ödənişin qəbul edilməsi ilə şərtləndirilmişdir. Lakin işin materiallarından görünür ki, dəfələrlə vaxt istənilməsinə baxmayaraq artıq uzun müddətdir ki, iddaçı İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə 0774 saylı müqavilənin ləğv edilməsinə və cavabdeh cəmiyyət ödəniş etməklə bağlı vədlər verilməsinə baxmayaraq, müqavilənin predmeti olan mənzil üçün ödənilmiş 81609 manat məbləğində pul iddiaçıya qaytarılmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək bu dəlilləri süni vaxt uzadılması məqsədi ilə verilmiş dəlillər kimi qiymətləndirir və apellyator istər etirazında, istərsə də şikayətində iddiaçıya güzəşt edərək ondan müqavilədə nəzərdə tutulmuş cəriməni tələb etməməsini göstərsə də, bu mövqeyini onun hüququ olması baxımından dəfələrlə sərgiləməsini əhəmiyyətsiz sayır. Həmçinin kollegiya hesab edir ki, cavabdeh müqavilə şərtləri ilə yanaşı, həm də iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixi məktubda müqaviləni ləğv edilməsinə görə iddiaçıya xx.xx.2023-cü il tarixdən razılaşmaya əsasən ödəniş etməsinə dair vədini də əsassız olaraq yerinə yetirməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi çıxartdığı qətnamə ilə obyektivliyi təmin edərək cavabdehin qanunvericilikdən və tərəflər arasında bağlanılan müqavilədən irəli gələn hüquqlarının, eləcə də tərəflərin hüquq bərabərliyini prinsipinin pozulması hallarına yol verməsi öz təsdiqini tapmamışdır. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(007)- 751/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar