Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7296/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2566/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh xx.xx.2021-ciil tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-dən müvafiq əşya(lar) (mallar) almış, lakin, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 2019.73 manat məbləğində borcun və 40.2 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən ona 18 ay müddətinə ümumi qiyməti 2538.73 manat dəyərində olan Skuter Moon ZX50QT-7 Blue satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601 maddəsinə və alqı-satqı müqaviləsinin 3.4cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin ödəniş 400 manat etməklə,hər ay üçün 118.82 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 519 manat ödəniş etmiş, qalan 2019.73 manat əsas borcu indiyədək ödəməmiş, bununlada alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir. Dəfələrlə ona edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə iddiaçının biznes fəaliyyətinə ciddi ziyan vurmuşdur. Aralarında bağlanmış alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat: ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 (bir) gün üçün 1% cərimə ödəməlidir, lakin mən borclunun maddi vəziyyətini nəzərə alaraq cərimə borcunu tələb etmədən, yalnız aramızda bağlanmış müqavilə üzrə bu günə olan əsas borcun alınmasını tələb edirəm. Alqısatqı müqaviləsinin 8.2-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətini nəzərdə tutulan müddətdə ödəmədikdə və gecikdirilmış məbləğ əşyanın qiymətinin 50%-dən artlq olduqda “Satıcı” öz mülahizəsinə əsasən əşyanın qiymətinin vaxtından əvvəl ödənilməsini tələb edə bilər.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2566/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim X3) iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2021ciil tarixli müqavilə üzrə 2019,73 manat əsas borc, 0 manat cərimə borcu olmaqla, ümumilikdə 2019,73 manat borc və ödənilmiş 40,20 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2566/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, işə cavabdeh kimi cəlb edilməyinə baxmayaraq birimci instansiya məhkəməsində iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan baxılmışdır. Hətta bu barədə də məhkəmə qətnaməsində də qeyd edilməmişdir. O, Nizami rayon məhkəməsinin qətnaməsinin mövcudluğundan poçt məktubu gələn zaman xəərdar olmuşdur. Qətnamə qəbul edilən zaman mülki qanunvericiliyin məhkəmə çəkişməsi prinsipi də gözlənilməmişdir. İddiaçı ilə arasında bağlanmış məlum alqı-satqı müqaviləsi üzrə o, ilkin olaraq 118 manat ödənişi etmiş, daha sonra motosikletdə nasazlıqlar yaranmağa başlamışdır. Dəfələrlə bununla bağlı iddiaçıya xəbərdarlıq etmiş və köməklik göstərmələrini xahiş etmişdir. Müqavilə şərtlərinə görə vaxtında xəbərdarlıq etdiyinə görə yaranmış nasazlıqları aradan qaldırmaq iddiaçının üzərinə düşürdü. Lakin dəfələrlərlə xəbərdarlıq etməyinə baxmayaraq iddiaçı ona əhəmiyyət verməmişdir. Belə olduğu halda işləyə bilməmiş və aylıq ödənişləri ödəyə bilməmişdir. Sonda əlacsız qalaraq yaxın tanışı olan ustaya müraciət etmiş və usta motosikletə baxış keçirən zaman məlum olmuşdur ki, bu motosiklet əvvəlcədən nasaz vəziyyətdə olub. İddiaçının laqeyd münasibətinin səbəbi elə əvvəlcədən məlum olmuşdur. Əgər mütəxəssislər tərəfindən motosikletə baxış keçirilsə onda olan nasazlığın zavod istehsalı dövründən olduğu aşkar olunar. Bucür qüsurlu mallari insanlara kor-koranə satmaqla iddiaçı tərəf etimaddan sui-istifadə edib dələduzluq yolu ilə pul qazanmağa və insanları yükləməyə çalışırlar. Məhkəmədən bu işin nəticəsinə təsir edəcək bu halın araşdırılması əhəmiyyət kəsb edir. O, birinci insatansiya mərhələsində iştirak edə bilmədiyi üçün hazırda məhkəmədən iş üzrə ekspetiza keçirilməsini və malın keyfiyyəti barədə iş üzrə müvafiq rəyin təqdim edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. İşdə iştirak edən şəxslərə apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Lakin şikayətlə bağlı hər hansı sənəd, etiraz, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 394-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər; 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir; 394-1.4-cü maddəsinə əsasən iş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
10. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir.
Apellyasiya baxışının hədləri
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
13. Cavabdeh tərəfindən qətnamə tamamilə mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli, ******* nömrəli hissəhissə ödənilməsi şərti ilə alqı-satqı müqaviləsi bağlanılmış və hər iki tərəf həmin müqaviləni imza ilə təsdiq etmişdir. Sonradan Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir.
16. Cavabdeh apellyasiya şikayətinin dəlilləri qismində aldığı Moon ZX50QT-7 Blue markalı skuterdə qüsurların olduğunu göstərsə də, iş materillarında olan xx.xx.2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əlavə kimi təqdim edilmiş “Satılmış əşyaların təhvil verilməsi haqqında” aktdan onun malı təhvil alan zaman xarici görünüşündə qüsur olmadığı təsdiq olunur. Həmin aktı təhvil alan və təhvil verən şəxslər öz imzaları ilə təsdiq etmişdirlər. Cavabdehin apellyasiya şikayətinin bu dəlili formal xarakter daşıyır.
17. Bundan əlavə olaraq cavabdehin apellyasiya şikayətində əsaslandığı digər bir dəlil olan məhkəmədə iştirakının təmin olunmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxıldığından qanunvericiliyə uyğun olaraq tərəflərin iştirakı olmadan baxılmışdır. İş materiallarında olan bildirişdən də görünür ki, tərəfə qanunla müəyyən edilmiş qaydada xəbər verilimiş və cavabdeh tərəfindən iddia ərizəsinə hər hansı bir etiraz daxil olmamışdır.
18. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə öhdəlikləri cavabdeh tərəfindən lazımi qaydadca icra edilmədiyindın birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbini təmin etmiş və cavabdehdən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gəlmişdir.
19. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə dügün nəticəyə gəldiyindən apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Həmçinin, kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin.
21. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti 2019.73 manat təşkil etdiyindən, yəni məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2566/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.