Məhkəmə qərarları › İş №2(103)-7297/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7297/2022

14.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7297/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: istehlakçı hüquqlarının bərpası, qeyri-qanuni hesablanmış borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “istehlakçı hüquqlarının bərpası, qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(010)-1412/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 14 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar tərtib edilmiş və sözügedən aktlar onunla əsaslandırılmışdır ki, istehlakçı İddiaçı məxsus mənzildə baxış zamanı qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir.

2. Həmin aktlar əsasında ümumilikdə 1641.60 manat məbləğində dəymiş zərər hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq yazılmış 1641 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allaverdiyev küçəsində yerləşən 43/1OA saylı mənzili sürüşmə zonasında olduğu üçün 2021-ci ilin avqust ayında Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yeni salınmış məhləyə köçürülmüşdür. Onlar köçəndə həmin vaxt qaz xətti yox idi. 2021-ci ilin dekabr ayından artıq onların yaşadığı məhləyə qaz xətti çəkilmişdir. Həmin vaxdan əvvəl onların mənzildə kənardan heç bir qaz xəttindən istifadə olunmamışdır. Onlardan iki il əvvəl həmin əraziyə köçürülmüş sakinlərin qaz xəttinə müdaxilə etməsi nəticəsində onlara cərimə yazılmış və onlarda yeni köçürülməsinə baxmayaraq ümumi küçə ilə birlikdə, heç bir əsas olmadan və heç bir xəbərdarlıq etmədən ümumilikdə 1641 manat məbləğində cərimə yazılmışdır. Qanunsuz qaz xəttinin çəkilmiş olması fikri isə əsassızdır. Çünki qaz xəttinin qanunsuz çəkildiyi halda bu ortaya çıxan kimi tədbir görülməli və qaz xətti kəsilməli idi. Hal-hazırda da onların mənzilində qaz xəttindən istifadə olunmur və onlar balon qazından istifadə edirlər. Sayğac quraşdırılıb və kod verilmişdir. Lakin borc olduğu üçün hələ də onlara smart kart verilmir. Məhkəməyə müraciət etməkdə məqsədi onların mənzildə qazdan istifadə olunmadığı halda əsassız olaraq yazılmış 1641 manat məbləğində cərimənin silinməsi və təbii qazdan istifadə üçün lazım olan smart kartın verilməsidir. Yaranmış borcun silinməsi üçün Cavabdehnə müraciət etsə də heç bir nəticəsi olmamışdır.

5. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdehin nümayəndəsi X3 AZEMİS vasitəsi ilə iddia tələbinə etiraza dair ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. İstehlakçı akta imza etməkdən imtina etmişdir. Aktlar əsasında 1641.60 manat məbləğində itirilmiş qazın sərflyyatı hesablanmışdır. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazm dəyərinin bərpasının hesablanması Qaydalarına əsasən müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində həmin ünvanda 2021-ci ilin dekabr ayına qədər küçə qaz xəttinin olmamasını əsas gətirərək qeyri-qanuni qoşulmanın mümkün olmamasını iddia etmişdir. Lakin iş üzrə əlavə edilən aktlar, fotoşəkillər, kəsim aktları və saldo kimi sübutlar bunun əksini sübut edir. Odur ki, məhkəmədən İddiaçı iddia tələbinin əsassız və qanunsuz olduğu üçün rədd edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdehin vəsatəti ilə qeyri-qanuni qoşulma faktının olub-olmamasının müəyyən edilməsi məqsədilə mühəndis-texniki ekspertizası təyin edilmişdir və ekspert rəyi ilə Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşuİma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlərin (borucuq, qaynaq və s.) aşkar edilmədiyi müəyyən edilmişdir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(010)- 1412/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ünvanına (abonent kodu **********05638) xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar əsasən hesablanmış 1641 (bir min altı yüz qırx bir) manat məbləğində borcun Cavabdeh tərəfindən silinməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən cavabdehin vəsatəti ilə qeyri-qanuni qoşulma faktının olub-olmamasının müəyyən edilməsi məqsədilə mühəndis-texniki ekspertizası təyin edilmişdir və ekspert rəyi ilə Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşuİma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlərin (borucuq, qaynaq və s.) aşkar edilmədiyi müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, “Qaz təchizatı haqqında” qanunun 3.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Lakin, iş materiallarında olan müvafiq aktlar istehlakçıya təqdim edilməmiş, istehlakçı həmin aktla tanış edilməmiş və akt tərtib olunarkən onun iştirakı təmin olunmamışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsində təbii qazdan qanunsuz istifadə və talanması ilə əlaqədar vətəndaşların və vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulmuş olmasına baxmayaraq, sözügedən aktlar əsasında müəyyən olunmuş kənar (qanunsuz) qoşulmalar nəticəsində qanunsuz qazdan istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə - hansı səbəblərə görə edilməməsi, edilmişdirsə - həmin şikayətin nəticəsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sənəd (sübut) təqdim olunmamışdır. Odur ki, məhkəmə ekspertizanın rəyini mötəbər sübut kimi qəbul edərək və qanunvericiliyin istinad edilən normalarını və qeyd edilənləri rəhbər tutaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməli və İddiaçı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ünvanına (abonent kodu **********05638) xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar əsasən hesablanmış 1641 (bir min altı yüz qırx bir) manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 385.1-ci, 425.1-ci, 442-ci, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci, 4.8-ci, 6.5-ci, 6.7-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü, eləcə də “Qaz təchizatı haqqında” qanunun 3.4-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

11. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iddiaçının heç bir sübuta əsaslanmayan izahatına və ekspert rəyinə əsaslanaraq iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul etmişdir. Proses zamanı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş aktlar, abonentin saldosu, fotoşəkillər araşdırılmamış, fotoşəkildə əks edilmiş yaşayış evi ilə iddiaçının yaşayış evinin eyniyyət təşkil etibetməməsi faktı yerli baxşla və ya müvafiq yerli və özünüidarə orqanlarından sorğu edilməsi yolu ilə dəqiqləşdirilməmişdir. İddiaçının özünün də etiraf etdiyi kimi yaşayış evinə 2021-ci ilin avqust ayında köçmüşdür. Həmin ilin noyabr ayının 30-da tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktda isə əlavə edilmiş fotoşəkildən də aydın şəkildə görünür ki, evdə kombi aparatı quraşdırılmış, həmin aparata qaz xətti çəkilmişdir. Kombi aparatından istehlakçı qənaətli su qızdırıcı və ya evi isitmək üçün istilik sisteminin bir elementi kimi istifadə etmişdir. Hər iki halda bu aparat yalnız qaz və elektrikin birgə istifadəsi zamanı işlək vəziyyətdə ola bilər. 2021-ci ilin noyabr ayında çəkilmiş şəkildən də aydın görünür ki, aparata həm elektrik, həm də qaz xətti çəkilmiş, üstəlik qaz xəttinə tənzimləyici də quraşdırılmışdır. Halbuki həmin dövrdə iddiaçı ilə Cavabdeh İB arasında nə təbii qazın alqı-satqısına dair müqavilə olmuş, nə də ünvanında sayğac quraşdırılmışdır. Həmin ünvanda iddiaçıya dair ilk sayğac ( Smart G-4 X6 markalı **********7 nömrəli sayğac) xx.xx.2022-ci il tarixdə quraşdırılmış və “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib edilmiş, həmin akt istehlakçının özü tərəfindən də imzalanmışdır. Daha sonra tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı aktlardan da göründüyü kimi hər dəfə qeyri-qanuni küçə qaz xəttinə qoşulma halı aşkar edilmiş, daha sonra kəsim aktı tərtib edilməklə qanunsuz xətt qaynaq vasitəsi ilə ləğv edilmişdir. Lakin, iddiaçı eyni üsulla yenidən qanunsuz olaraq küçə qaz xəttinə qoşulmuşdur. Məhkəmə qətnaməsində qeyri-qanuni qoşulmanın izlərinin aşkar edilməməsi barədə rəyinə mötəbər sübut qismində istinad edərkən həmin rəydə əks olunan yeganə fotoşəklə lazımi qiymət verməmiş, yalnız rəyin nəticə hissəsi ilə razılaşmaqla kifayətlənmişdir. Halbu ki, aktlarda qeyri-qanuni qoşulmanın həyata keçirildiyi hissələrdə izlər axtarılmalı və izin mövcud olubolmamsı barədə rəy verilərkən məhz həmin yerin hazırki fotoşəkli çəkilərək rəyə əlavə edilməli idi. Lakin məlum olmayan səbəbdən aktlara əlavə edilmiş şəkillərədə əksini tapmış xəttin hissələrinin şəkli çəkilərək işə əlavə edilməmişdir. Bu isə ekspert rəyinin mötəbərliyini şübhə altına alan başlıca haldır. Məhkəmə həmçinin qeyd etmişdir ki, “Qaz təchizatı haqqında” qanunun 3.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Bununla bağlı bildirmək istərdik ki, “Qaz təchizatı haqqında” qanunun 3.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri dedikdə, Fövqaladə Hallar Nazirliyi nəzərdə tutulur, qeyd edilən hərəkətlərin həyata keçirilməsi cavabdehin səlahiyyəti xaricindədir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Lakin, iş materiallarında olan müvafiq aktlar istehlakçıya təqdim edilməmiş, istehlakçı həmin aktla tanış edilməmiş və akt tərtib olunarkən onun iştirakı təmin olunmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, barəsində akt tərtib edilmiş şəxsin onu imza etməkdən imtina etməsi istehlakçının məsuliyyətini istisna edən hal deyildir. İşdə olan digər sübutlar aktın doğruluğuna dəlalət eləyir. Həmçinin mübahisə predmeti olan borc məbləğinın yaranma əsası heç bir halda sayğacın qüsuru ilə bağlı bağlı olmamışdır. Şəbəkəyə qanunsuz qoşulma halları aşkar edən qazpaylayıcının dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etmək hüququ pozulmuşdur. Göründüyü kimi ekspertin rəyi məhkəmədə tədqiq olunmalı olduğu və digər sübutlarla yanaşı qiymətləndirilməli olduğu halda, fotoşəkillər, saldo, müqavilənin bağlanma tarixi və sayğacın ilk dəfə quraşdırılması tarixi nəzərə alınmamışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı qaz paylayıcısı ilə müqavilə bağlamadan özünün və kənar şəxslərin həyat və sağlamlığı üçün təhlükəli üsulla küçə qaz xəttinə qeyri-qanuni qoşulma həyata keçirmiş olsa da təbii qazdan qanunsuz istifadə etmiş olsa da məhkəmə əsassız olaraq borcun silinməsi olması qənaətinə gəlmişdir. Bundan başqa birinci instansiya məhkəməsi iş materiallarında olan akta əlavə edilmiş fotoşəkilləri, abonentə dair saldoda yer almış və rəqəmlərlə təsdiqlənən faktları araşdırmamışdır.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq, izahatında əlavə olaraq bildirdi ki, hazırda yaşadıqları evə köçən zaman həmin həyətdə qaz xətti olmamışdır və qaz xətti çəkilənə qədər hər hansı qansuz qoşulma etməmişlər. Cavabdeh tərəfin əməkdaşları isə əsassız olaraq onlara cərimə hesablamışlar, hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

21. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

22. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

23. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

24. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

25. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Apelyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılmalıdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar tərtib edilmiş və sözügedən aktlar onunla əsaslandırılmışdır ki, istehlakçı İddiaçıə məxsus mənzildə baxış zamanı qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin aktlar əsasında ümumilikdə 1641.60 manat məbləğində dəymiş zərər hesablanmışdır.

31. Apellyasiya şikayətində cavabdeh iddiaçının qaz paylayıcısı ilə müqavilə bağlamadan özünün və kənar şəxslərin həyat və sağlamlığı üçün təhlükəli üsulla küçə qaz xəttinə qeyriqanuni qoşulma həyata keçirdiyini qeyd etməklə, sözügedən ünvanda cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş akt və fotoşəkillər təqdim edilmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş aktlardan eləcə də fotoşəkillərdən qeyri-qanuni xəttin hansı xəttə birləşdirilməsini müəyyən etmək olmur. Bununla yanaşı, mübahisəli aktı tərtib edənlər bilavasitə Cavabdeh əməkdaşları olduqları, iddiaçı və ya kənar şəxslər tərəfindən imzalanmadığı və iddiaçının akta imza etməkdən imtina etməsinə dair qeyd aktın etibarlılığını şübhə altına qoyur.

33. Bu baxımdan birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə mühəndistexniki ekspertizası təyin edilmişdir.

34. Təqdim edilmiş ekspert rəyi ilə Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşuİma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlərin (borucuq, qaynaq və s.) aşkar edilmədiyi müəyyən edilmişdir.

35. Göründüyü kimi təqdim edilmiş sübutların ekspert rəyi ilə müqayisəli tədqiqi nəticəsində iddiaçının “kənar xətt”dən istifadə edərək, sayğaca qeyri-qanuni müdaxilə etməsi öz təsdiqini tapmamışdır.

36. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin qeyd olunan halları ilə iddiaçıya məxsus ünvana dair sayğaca qeyri-qanuni müdaxilə hallarının olması müəyyən edilməmiş, cavabdeh tərəfindən təqdim edilmiş sübutlar isə ekspert rəyi ilə təkzib edilmişdir. Eləcə də həmin rəyin şübhə altına alınması eyni zamanda sübut kimi qiymətləndirilməməsi üçün əsaslar olmamışdır.

37. Bundan başqa birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati- Xətalar Məcəlləsində təbii qazdan qanunsuz istifadə və talanması ilə əlaqədar vətəndaşların və vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulmuş olmasına baxmayaraq, sözügedən aktlar əsasında müəyyən olunmuş kənar (qanunsuz) qoşulmalar nəticəsində qanunsuz qazdan istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilibedilməməsi, edilməmişdirsə - hansı səbəblərə görə edilməməsi, edilmişdirsə - həmin şikayətin nəticəsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sənəd (sübut) təqdim olunmamışdır.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya 1641 (bir min altı yüz qırx bir) manat məbləğində borcun əsassız hesablandığı tam təsdiq olunduğundan, həmin vəsaitin silinməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

40. Göründüyü kimi apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.

41. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.

42. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

46. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

48. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə də iddianın qiyməti 1641 (bir min altı yüz qırx bir) manat olmaqla beş min manatdan az olduğundan istinad edilən normanın tələbləri baxımından həmin qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, bir sözlə apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(010)- 1412/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar