Məhkəmə qərarları › İş №2(103)-7301/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7301/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7301/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Şərur MTK”-ya qarşı “pul tələbinə dair” 2(004)-946/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-MMC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 30.000 (otuz min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə vəsatətlə müraciət edərək Cavabdeh MMC-nin qoşulma müqaviləsi əsasında "xxxx" MTK-ya qoşulmasını əsas gətirərək "xxxx" MTK-nın iş üzrə cavabdeh qismində cəld edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh-MMC-nin hüquqi varisi qismində "xxxx" MTK cavabdeh qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı 2020-ci il tarixdə "xxxx" MMC ilə ev alqı-satqısı üçün müqavilə bağlamışdır. Sonradan "xxxx" şirkəti öz vəzifələrini yerinə yetirmədiyi üçün İddiaçı 30000 manatın ödənilməsi üçün iddia tələbi irəli sürmüşdür. 2014cü il tarixdə iddia tələbi təmin edilmişdir. Lakin şirkətdə müəyyən problemlər yarandığı üçün qətnamə icra olunmamışdır. Onlar müəyyən ediblər ki, müqavilə bağlanan zaman "xxxx" şirkəti ilə "xxxx" şirkəti arasında birgə təsərrüfat müqaviləsi olmuşdur. Hal-hazırda da tikinti “Şərur MTK” tərəfindən davam etdirilir. Həmin binalar “Şərur MTK”-nın torpağında sakinlərdən toplanmış vəsait hesabına “Oimpus-Az” şirkəti tərəfindən tikilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki "xxxx" MMC (hazırki hüquqi varisi - "xxxx" MTK) ilə "xxxx" MMC arasında bağlanmış Birgə təsərrüfat fəaliyyəti haqqında 17 aprel 2007-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən birinci tərəf ("xxxx" MMC) Bakı şəhəri İcra Hakimiyyəti Başçısının sərəncamı ilə ona yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsini bu müqavilənin şərtlərinə uyğun olaraq tikinti işlərinin aparılması üçün ikinci tərəfə ("xxxx" MMC) həvalə etmişdir. İİ Tərəf ("xxxx" MMC) isə yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz vəsaiti hesabına tam yerinə yetirilməsini, tikiləcək yaşayış binasının layihəsinin hazırlanması və ya dəyişdirilməsi ilə bağlı xərclərin ödənilməsini, yaşayış binasının tikintisi ilə əlaqədar tikintiyə cari idarəçiliyi təşkil etməyi, müvafiq təsərrüfat-maliyyə fəaliyyətini həyata keçirməyi, fəhlələrin əmək haqqını və ondan tutmaları ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin “Birgə təsərrüfat haqqında” Müqavilənin 2.2.1-ci və 2.2.5-ci yarımbəndlərində qeyd edilir ki, “İİ Tərəf ("xxxx" MMC) "xxxx" MMC-dən torpaq sahəsini qəbul edir və həmin sahədə iki 18, iki 19, bir 20 mərtəbəli, ümumilikdə 5 bloklu yaşayış binasını öz şəxsi vəsaiti və öz payına düşən mənzillərin satışından əldə olunan vəsait hesabına inşa edir, yaşayış binasının tikintisini 2009-cu ilin oktyabr ayınadək (30 ay müddətində) tam başa çatdırıb, "xxxx" MMC ilə birlikdə Dövlət Qəbulu Komissiyasına təqdim edir”. yəni yaşayış binasının layihəsinin hazırlanması və ya dəyişdirilməsi ilə bağlı xərcləri, qeyri-yaşayış hissəsinin 2 mərtəbəsinin tikilməsi, fəhlələrin əmək haqqını və ondan tutmaları "xxxx" MMC tərəfindən ödənilsə də, “Şərur MTK”nin onlara necə sahib çıxdığı sualı yaradır ki, məhkəmə bu halları araşdırmamış və qiymət verməmişdir. Göründüyü kimi “Şərur MTK” hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş (payçıların vəsaiti hesabına ödənilmiş/tikilmiş qeyri-yaşayış hissəsinin 2 mərtəbəsi, yaşayış binasının layihəsini, fəhlələrin əmək haqqı və s.) və sonradan həmin əmlakın tikintisini (yuxarı mərtəbələrin tikintisi) davam etdirmişdir. Amma Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(004)- 946/2021 saylı qətnaməsindən görünür ki, məhkəmə iddia əsaslandırılmasının bir çox dəlillərinə hüquqi qiymət verməmiş, yalnız cavabdeh təşkilatın formal mülahizələrə əsaslanan mövqeyindən çıxış edərək qiymət vermiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və digər qanunlarının müddəalarını pozmuşdur. Apellyasiya baxışı zamanı iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda təmsil edilməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki qətnamə tam hissədə yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, 10 yanvar 2008-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin surətinə əsasən müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanılmış müqavilə üzrə cəmiyyət inşa ediləcək binanın 01-ci giriş, 14-cü mərtəbə, 1281 saylı, 1 otaqlı, ümumi sahəsi 58 kv metr olan mənzili İddiaçı (payçıya) verməyi öhdəsinə götürür, payçı isə müqavilə bağlanan gün razılaşdırılmış məbləği tam şəkildə ödəyir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2014-cü il tarixli, 2(004)-2552/2014 saylı qətnaməsinin surətinə əsasən müəyyən olunur ki, qeyd edilən mülki iş üzrə İddiaçı ilə cavabdeh “Olimpus-Az MMC arasında 10 yanvar 2008-ci il tarixdə bağlanılmış mənzil tikintisi haqqında müqavilə üzrə ödənilmiş 30000 (otuz min) manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 31 mart 2021-ci il tarixli sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, Qlobal-Azəri MMC (ləğv olunub) (VÖEN **********) 14.02.2020-ci il tarixdə ləğv olunaraq "xxxx" Mənzil- Tikinti Koorperativinə (VÖEN**********) qoşulmuş və "xxxx" MTK Cavabdeh MMC-nin hüquqi varisidir. İddiaçı iddia ərizəsində 30000 manat məbləğində pulun "xxxx" MTK-dan əsassız varlandığına görə tutularaq ona ödənilməsi haqında qətnamə qəbul edilməsini xahiş etsə də, cavabdehin əsassız varlanması hallarını məhkəmədə sübut edə bilməmişdir. Həmçinin, iddiaçı öhdəliyin əsasını təşkil edən müqaviləni "xxxx" MMC ilə bağlamış və müqavilə öhdəliyi yerinə yetirilmədiyi üçün Yasamal Rayon Məhkəməsinə dəymiş ziyanla bağlı müraciət etmiş və iddiası qismən təmin edilmiş, qətnamə icraya yönəlmişdir. Məhkəmə hesab edir ki cavabdeh "xxxx" MTK-nın əsassız varlanmasna dair hallar iş materialları ilə müəyyən edilmir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, İddiaçı cavabdeh "xxxx" MTK tərəfindən ona münasibətdə əsassız varlanmaya yol verildiyinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, iddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış mənzil tikintisi haqqında müqavilə üzrə ödənilmiş 30000 (otuz min) manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Həmin qətnamənin icra edilməməsinin "xxxx" MTK ilə hər hansı bağlılığının olması iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(004)-946/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar