Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7309/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçı, onun vəkili X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququna xitam verilmə və çıxarılma» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(002)-1265/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququna xitam verilmə və çıxarılma» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək (sonradan iddia tələbini dəqiqləşdirməklə), mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 47 saylı mənzilə cavabdeh Sürayyə İbrahimovanın istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması, digər Cavabdeh2 istifadə hüququna isə 6000 manat kompensasiya verilməklə xitam verilməsi və onun mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzil üç otaqdan ibarətdir və xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdehlər onun məhrum qaynının övladlarıdır. Qaynının öz evi olduğundan mübahisəli mənzil alınarkən onun adı mənzilin orderinə ailə üzvü kimi daxil edilməmişdir. Lakin sonradan qaynı özünə məxsus evi satmış və bu səbəbdən də uşaqları hazırda iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata düşmüşlər. Cavabdehlərdən Surayyə İbrahimova 2017-ci i tarixdə rəsmi qaydada ailə quraraq, mənzildən daimi olaraq köçüb getmiş və hazırda da əri ilə birlikdə başqa ünvanda yaşayır. Lakin iddiaçı hazırkı iddianı qaldırıldıqdan sonra mənzilə zorla daxil olaraq iddiaçıya xəsarət yetirmiş və o, bu barədə polisə mürcaiət etmişdir. S.İbrahimovanın məqsədi mənzildə yaşamaq görüntüsü yararatmaqdan ibarətdir. Cavabdeh2 isə, hazırda sözügedən mənzildə yaşayır. Mübahisəli mənzil üç otaqdan (cəmi 37 kv.m.) ibarətdir, mənzildə o, iki oğlu, iki qızı, gəlini və iki nəvəsi yaşayır. Cavabdeh2 onlarla birlidə yaşaması narahatlıq yaradır. Mənzilin yerləşdiyi ərazidə mənzillərin orta aylıq kirayə haqqı hazırkı tarixə yerləşdiyi ərazidən, kommunal imkanlarından, təmirliliyindən və məişət avadanlıqları ilə təchizatından asılı olaraq 100-150 manat, həmin ünvanda üç otaqlı mənzilin orta satış qiyməti isə 40000 manat təşkil edir. Odur ki, 6000 manat kompensasiya verməklə Cavabdeh2 mənzillə bağlı istifadə hüququna xitam verilməsini təklif edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(002)- 1265/2021 saylı qətnaməsi ilə (hakim Gülnar Əhmədova) iddia rədd olunmuşdur. İddiaçı, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini, iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmaqla, əlavə olaraq göstərmişdir ki, mübahisə predmeti olan mənzil orada yaşayanların razılığı ilə onun adına özəlləşdirilmişdir. Cavabdehlər mənzildən çıxmaq üçün bir otaqlı ev tələb etsələr də, qanunverici istifadə hüququ sahibinə ev almaqla onun istifadə hüququna xitam verilməsini deyil, oxşar şəraitli mənzillə müvəqqəti təmin olunmasını nəzərdə tutmuşdur. Buna görə də, cavabdehlərdən Cavabdeh2 oxşar şəraitli mənzilin müvəqqəti kirayəsinə uyğun kompensasiya məbləği təklif olunmuşdur. Digər cavabdeh Surəyya İbrahimova münasibətdə isə, məhkəmə onun mənzili tərk etməsi barədə sübut təqdim olunmadığını bildirsə də, nəzərə almamışdır ki, 2018-ci ildə ailə quraraq, daimi olaraq ərinin evinə köçməsi işin mübahisəsiz halıdır. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili, apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdikləri izahatlara uyğun eyniməzmunlu izahat vermiş, əlavə olaraq bildirmişlər ki, Surəyya İbrahimovanın 2018-ci ildə ailə quraraq, mənzildən köçməsi işin mübahisəsiz halıdır. Hazırda Qobu qəsəbəsində əri ilə birlikdə ona məxsus evdə yaşayırlar. Lakin, bununla bağlı məhkəməyə sübut təqdim edə bilmirlər. Bundan başqa, məhkəməyə yazılı ərizə təqdim edərək Cavabdeh2 8000 manat kompensasiya təklif edirlər. Odur ki, bu hal nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, apellyasiya şikyətinə etiraz edərək, həmçinin bildirmişdir ki, hazırda bacısı ilə birlikdə yeganə yaşayış yerləri həmin mənzildir. İddiaçının təklif etdiyi kompensasiya həddindən artıq azdır, həmin məbləğ onların mənzilə olan ehtiyacını ödəmək üçün kifayət etmir. Bacısı üçün də kompensasiya nəzərdə tutulmaqla cəmi 14000 manat təklif olunarsa, bu təkliflə razılaşa bilərlər. Bacısı daim mübahisəli məzildə yaşamış, 2018-ci ildə ailə qursa da, evləri olmamışdır, hazırda əri ilə boşanma ərəfəsindədir, yaşamağa başqa yeri yoxdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən digər cavabdeh X4, apellyasiya şikayətinə etiraz edərək, eyni zamanda bildirmişdir ki, əri ilə faktiki olaraq ayrı yaşayırlar və boşanma barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ayrılmalarının səbəbi ərinin evinin olmaması və onun uşaqları ilə birlikdə kirayədə yaşamasıdır. Ona görə də, hazırda mübahisə predmeti olan mənzildən başqa yaşamağa yeri yoxdur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdehlərin vəkili də, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun eyniməzmunlu izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, mübahisə predmeti olan mənzilin (Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 3a, mənzil 47) iddiaçının xüsusi mülkiyyətində olması, cavabdehlərin hər ikisinin mənzilə istifadə hüquqlarının yaranması və iddiaçının hazırda ailə üzvləri və Cavabdeh2la birlikdə həmin mənzildə yaşaması işin mübahisələndirilməyən hallarıdır. İşin mübahisəli halları isə cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi əsası və qaydası ilə bağlıdır. Birinci instansiya məhkəməsi, hər iki cavabdehə münasibətdə iddianı rədd edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı Cavabdeh1 münasibətdə iddiaçının istinad etdiyi başqa yaşayış sahəsinə malik olması, həmin mənzili daimi tərk etməsi, oraya ehtiyacının olmaması müəyyən edilməmişdir. Qeyd edilən cavabdehin yaşayış sahəsinə istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi yalnız həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Hazırkı halda isə həmin hal müəyyən edilmədiyindən həmin cavabdehin mübahisə predmeti olan yaşayış sahəsinə dair istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi mümkün deyildir. Digər Cavabdeh2 münasibətdə isə, məhkəmə hesab etmişdir ki, indiki halda iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləği məhz müddət baxımından onun uzun müddət, davamlı olaraq oxşar şəraitli mənzillə təmin edilməsi üçün yetərli hesab edilə bilməz. Məhkəmə kollegiyası, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, cavabdehlərə münasibətlərdə apellyasiya şikayətinin dəlilləri ilə bağlı ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir. Hazırda iddiaçı, cavabdeh Surəyya Əmirovaya münasibətdə bildirir ki, onun mənzilə istifadə hüququ yaranmış olsa da, sonradan ailə quraraq mənzildən daimi köçməsi ilə əlaqədər bu hüquq itirilmişdir. Ona görə də, onun mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməlidir. Kollegiya, cavabdehin sözügedən mənzildə 2000-ci ildən də əvvəl daimi yaşamasını və həmin vaxtdan etibarən istifadə hüququnun yaranmasının mübahisəsiz olduğunu nəzərə alaraq, həmin hüququn mövcudluğu, yəni cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı məsələ üzrə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu da Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsinə dair 12 mart 1999-cu il tarixli qərarında vurğulamışdır ki, ...Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Konstitusiya Məhkəməsi bu hüquqi mövqeyini 29 mart 2016-cı il tarixli Qərarında da ifadə edərək vurğulamışdır ki, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun qalxdığı hallara aiddir. Baxılan işdə olan sənədlərdən və tərəflərin izahatlarından görünür ki, Cavabdeh1 1988-ci ildən etibarən mübahisə predmeti olan mənzildə yaşamış, 2018-ci ildə ailə quraraq bir müddət əri ilə birlikdə yaşamış, lakin daimi yaşayış yerləri olmadığından ailə münasibətləri pozulmuş və cavabdeh başqa yaşayış yeri olmadığından sözügedən mənzilə qayıtmışdır. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, ümumi sözlərdə cavabdehin əri ilə birlikdə sonuncuya məxsus evdə yaşamasını qeyd etməklə kifayətlənmişdir. Halbuki, MPM-in 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Əksinə, işdən görünür ki, iddiaçı ilk dəfə məhkəməyə müraciət etdiyi vaxt həmin cavabdehə münasibətdə yalnız onun mənzildən istifadə hüququna xitam verilməsi tələbini irəli sürsə də, məhkəmə prosesi gedişində (19 may 2021-ci il) tələbini dəqiqləşdirərək, həm də mənzildən çıxarılması tələbini qoymaqla bu faktı (cavabdehin faktiki olaraq mübahisəli yaşayış sahəsindən istifadə etməsi və s.) qəbul etmişdir. Görünüyü kimi, hazırkı işin halları baxımından Cavabdeh1 kompensasiya ödənilmədən mənzildən istifadə hüququna xitam verilməsi üçün qanunvericilikdə göstərilən əsaslar müəyyən edilmir. Onun ailə quraraq bir müddət başqa yerdə yaşaması isə müvəqqəti xarakterli olmaqla daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi kimi qiymətləndirilə bilməz. Belə olan halda, Cavabdeh1 istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi, Kollegiyanın bu məsələ ilə bağlı aşağıda ifadə edəcəyi hüquqi mövqelər baxımından qanunsuz və əsassızıdır. Cavabdeh2 münasibətdə isə, məhkəmə kollegiyası, qeyd edir ki, onun mübahisəli mənzilə istifadə hüququnun olması işin mübahisəsiz halıdır. Ona görə də bu xüsusat üzrə əlavə araşdırma aparılmadan mənzilə istifadə hüququnun xitamı üçün ona təklif edilən kompensasiyanın yetərli olub-olmaması aydınlaşdırılmalıdır. Qeyd olunmalıdır ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ məhdud əşya hüququdur (şəxsi servitutdur). Başqa sözlə, yaşayış sahəsindən istifadə hüququ, vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi konstitusion prinsiplərdən irəli gəldiyi üçün mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasının əsaslarından biri kimi qəbul edilmişdir. Bununla belə, qanunverici, həmin hüquqa xitam verilməsi imkanını nəzərdə tutmaqla, onu müəyyən şərtlərdən aslı etmişdir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Bu qaydanın nəzərdə tutulması tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Göründüyü kimi, qanunverici, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna adi əsasla deyil, məhz müvafiq kompensasiya ödənilməklə xitam verilməsi qaydasını müəyyən etmişdir. Bu zaman nəzərə alınmalıdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin (Konstitusiya Məhkəməsinin Plenumunun R.Ağalarovun şikayəti üzrə 26.09.2007-ci il tarixli qərarı). Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı). Odur ki, Mülki Məcəllənin 158.4-cü maddəsində nəzərdə tutulmuş, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqlarının istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə etməsi imkanı nəzərə alınmaqla, şəxslərin ev şəraitində yaşama ehtiyacının ödənilməsinə yönəlmiş kompensasiya verilmədən və ya az məbləğdə verməklə, yaxud birdəfəlik deyil, hissə-hissə kompensasiya ödəməklə həmin hüquqa xitam verilməsi yolverilməzdir. Ümumiyyətlə isə, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Mülkiyyətçi, istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı). İddiaçı tərəfindən təqdim olunmuş ev alqı-satqısı sahəsində fərdi qaydada fəaliyyət göstərən şəxs tərəfindən verilmiş 29.03.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən bina evlərində beşmərtəbəli binanın birinci mərtəbəsində orta təmirli üç otaqlı məznilin aylıq kirayə haqqı 100-150 manat, orta bazar qiyməti isə təxminən 40000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan arayış cavabdehə təklif olunan kompensasiyanın məbləğinin ədalətli olub-olmamasının müəyyən edilməsi baxımından mötəbər hesab edilə bilməz. Ona görə ki, bu, müəyyənləşdirilməsi xüsusi bilik tələb edən hallara aid olmaqla, yalnız qanunla müəyyən edilmiş qaydada fəaliyyət göstərən tərəfsiz ekspert və ya mütəxəssis rəyləri ilə müəyyən oluna bilər. Həmin şəxsin isə, bu sahədə xüsusi biliyə malik olub-olmadığı, eyni zmanada iddiaçının sifarişi ilə onun leyhinə hərəkət edib-etmədiyi məchuldur. Bununla yanaşı, iddiaçı cavabdeh tərəfin tələb etdiyi və məhkəmə kollegiyasının da təklif etdiyi kompensisiya məbləğini (14000 manat) ödəməkdən imtina etmişdir. Odur ki, Kollegiya, yuxarıda göstərilənləri birlikdə qiymətləndirərək, bu qənaətə gəlir ki, iddiaçının mənzildən istifadə hüququnun xitamı müqabilində cavabdehə təklif etdiyi məbləğ, bu hüquq münasibəti iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etmir. Ona görə də, iddia bu hissədə də rədd olunmalıdır. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi əsas ola bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququna xitam verilmə və çıxarılma» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(002)-1265/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(002)- 1265/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7309/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7309/2021
14.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver