Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7309/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X1 qarşı iş üzrə (Açar sözlər: ərazi aidiyyəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), İddiaçı cavabdeh X1 qarşı “əşyaların mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-2210/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh X1 qarşı “əşyaların mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir.
2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 2210/2023 nömrəli qərardadı (hakim İ.Ş.Rüstəmli) ilə iddia ərizəsi geri qaytarılmışdır.
3. Qərardad belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən əşyaların çıxarılması tələb olunan daşınmaz əmlak ünvan 1 ünvanında olmaqla Bakı şəhəri Nəsimi rayonunun inzibati ərazisinə aiddir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
4. İddiaçı qərardaddan şikayət verərək onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi üzrə tələb cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olan iddiadır. Həmin tələblə daha əvvəl MPM-in 39.1-ci maddəsinə əsaslanaraq Nəsimi Rayon Məhkəməsinə tərəflərindən müraciət edilmiş, lakin həmin məhkəmə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə həmin qərardadda qeyd etmişdir ki, “hazırkı tələb, yəni əşyaların mənzildən çıxarılması prosessual qanunvericiliklə müəyyən edilmiş müstəsna aidiyyət qaydalarına daxil olan iddialar sırasına daxil edilməmişdir.”
6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı: Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, iddiaçı Nəsimi rayonunda yerləşən mülkiyyətində olan mənzildən cavabdehə məxsus əşyaların çıxarılmasını xahiş edir.
13. Göründüyü kimi, iddia tələbi mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlıdır.
14. Mülki-prosessual qanunvericiliyin imperativ tələblərindən göründüyü kimi, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
15. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-2210/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: